Xırdalanda təhlükəli tikinti - Transformatorun düz yanında yaşayış binası ucaldılır - VİDEO


Abşeron rayonunda torpaq sahələrindən istifadə və tikinti işlərinin aparılması ilə bağlı müəyyən edilmiş qaydaların nə dərəcədə qorunduğu ciddi suallar doğurur. İllərdir mərhələli şəkildə davam edən sistemsiz tikinti prosesinin son dövrlərdə daha da genişləndiyi, bəzi ərazilərdə isə insanların təhlükəsizliyi baxımından riskli vəziyyət yarandığı bildirilir.

Bizizmesr.media bildirir ki, Abşeron rayonu paytaxt ətrafında tikinti bumu ən sürətlə genişlənən ərazilərdən biridir. Lakin sürətli tikinti prosesinin şəhərsalma tələbləri, təhlükəsizlik normaları və əhalinin maraqları ilə nə dərəcədə uzlaşdığı barədə suallar açıq olaraq qalır.

Mütəxəssislər müxtəlif vaxtlarda plansız və sistemsiz tikintilərin yaratdığı risklərə diqqət çəkirlər. Xüsusilə yaşayış binalarının mühəndis-kommunikasiya xətlərinə, yüksək gərginlikli elektrik qurğularına və digər təhlükəli obyektlərə yaxın ərazilərdə inşa edilməsi ciddi narahatlıq doğuran faktlar kimi qeyd olunur.

Bəs Abşeron Rayon İcra Hakimiyyəti bu prosesə necə nəzarət edir?

Biziməsr.media-nın redaksiyasına daxil olan məlumata görə, Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində aparılan tikinti işləri ilə bağlı ciddi suallar yaranıb. Məlumata əsasən, sözügedən ərazidə yaşayış binasının inşasına başlanılıb. Redaksiyaya təqdim edilən məlumat və görüntülərdə tikinti sahəsinin yüksək gərginlikli transformatorun yerləşdiyi əraziyə yaxın olduğu bildirilir.

Burada ilk növbədə tikinti sahəsinin elektrik təhlükəsizliyi baxımından hansı məsafədə yerləşdiyi və müvafiq təhlükəsizlik normalarına əməl olunub-olunmadığı araşdırılmalıdır. Çünki söhbət sadəcə şəhərin görünüşündən deyil, birbaşa insanların həyat və sağlamlığı üçün potensial risk yarada biləcək elektrik infrastrukturundan gedir.

Digər mühüm məsələ isə tikintiyə hansı hüquqi əsasla başlanılmasıdır.

Tikinti üçün müvafiq icazə və ya şəhərsalma sənədləri mövcuddurmu? Layihə ekspertizadan keçibmi? Ərazi üzrə tikintinin aparılmasına razılıq verilibmi? Tikinti layihəsi reyestrdə qeydiyyatdadırmı?

Bu sualların hər birinə aidiyyəti dövlət qurumları tərəfindən aydınlıq gətirilməlidir.

“Rafiq” kimdir?

Məlumata görə, Abşeron rayonunda müxtəlif tikinti məsələlərinin həllində “Rafiq” adlı şəxsin xüsusi rolu var. Bildirilir ki, onun hər hansı rəsmi dövlət vəzifəsi olmamasına baxmayaraq, qanunsuz və ya problemli tikinti aparmaq istəyən şəxslər onunla razılaşdırma aparmağa və ondan “kömək” istəməyə məcbur qalırlar.

Əgər Rafiq adlı şəxsin tikinti proseslərinə müdaxilə etmək üçün hər hansı rəsmi səlahiyyəti yoxdursa, o zaman sual yaranır - onun adı niyə tikinti məsələləri ilə bağlı hallanır? Əgər səlahiyyəti varsa, bu səlahiyyət hansı dövlət qurumu tərəfindən verilib?

İcra hakimiyyəti niyə susur?

Abşeron rayonunda tikinti ilə bağlı müxtəlif məsələlər zaman-zaman ictimai müzakirələrə çıxarılıb. Belə vəziyyətdə rayon rəhbərliyinin əsas vəzifələrindən biri ərazidə qanunvericiliyin və şəhərsalma tələblərinin icrasına nəzarətin təmin olunmasıdır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərliyi dövründə rayon ərazisində tikinti prosesinin sürətlə genişlənməsi fonunda nəzarət mexanizmlərinin effektivliyi ilə bağlı suallar da artır. Əgər konkret tikinti obyektində təhlükəsizlik normalarının pozulması barədə məlumat daxil olursa, aidiyyəti qurumların həmin əraziyə baxış keçirməsi və ictimaiyyətə nəticə barədə məlumat verməsi vacibdir.

Xüsusilə söhbət yaşayış binasının yüksək gərginlikli elektrik avadanlığına yaxın ərazidə inşa edilməsindən gedirsə, məsələyə “adi tikinti” kimi yanaşmaq mümkün deyil. Burada əsas məsələ sahibkarın kommersiya marağı yox, gələcəkdə həmin binada yaşayacaq insanların təhlükəsizliyidir.

Sual çox sadədir

Xırdalan şəhəri, H.Z. Tağıyev küçəsində aparılan tikintinin hüquqi əsası varmı?

Ərazi üzrə tikintiyə icazə verilibmi?

Layihə və tikinti sənədləri mövcuddurmu?

Tikinti layihəsi müvafiq ekspertizadan keçibmi?

Yüksək gərginlikli transformatorun yerləşdiyi ərazi ilə tikinti obyekti arasında tələb olunan təhlükəsizlik məsafəsinə əməl olunurmu?

Və nəhayət, bu tikintiyə hansı dövlət qurumu tərəfindən nəzarət edilir?

Biziməsr.media olaraq hesab edirik ki, bu suallar cavabsız qalmamalıdır.

Əgər tikinti qanunidir və bütün tələblərə cavab verirsə, aidiyyəti qurumlar bunu sənədlərlə açıqlamalıdır. Əgər pozuntu varsa, o zaman məsul şəxslərin kim olduğu və qanunsuz tikintinin hansı səbəbdən dayandırılmadığı araşdırılmalıdır.

Bizimesr.media

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/xirdalanda-tehlukeli-tikinti---transformatorun-duz-yaninda-yasayis-binasi-ucaldilir---video-22983

"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...


"Sizə məlum edirik ki, Sizin dəfələrlə Azərbaycan Dövlət Aqrar Universitetində olaraq qayğı ilə yaratdıqlarınız maddi-texniki baza və işlək canlı laboratoriyalar tamamilə məhv olub gedir. Hansı ki, Qafqazda aqrar sahə üzrə nümunəvi təhsil ocağı olan, 100-ə yaxın yaşı olan, aqrar sahədə görkəmli mütəxəssislər və korifeylər yetişdirən bu qocaman təhsil ocağından əsər-əlamət qalmayıbdır..." "Dia-az" xəbər verir ki, bu sözlər Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup müəllimi adından ölkə rəhbərliyinə ünvanlanmış müraciətində yer alıb.

Müraciətdə daha sonra deyilir: "Bunlarla yanaşı Sizə vacib məsələləri fakt kimi bildirmək istəyirik. Bu Universitetə aqrar sahədən bixəbər heç neft sahəsini də bilməyən və bir dəfə də normal dərs deməyən, kiminsə qohumu kimi çalışan rektor Zəfər Qurbanov və onun prorektoru olan, ixtisasca o da aqrar sahədən bixəbər olub, qardaşının pul yığanı kimi vaxtilə çalışan Əhməd Məlikov Azərbaycan Dövlət Aqrar Universitetinin başına istədikləri bəlanı açırlar. Əvvəla məlumunuz olsun ki, Zəfər Qurbanov Universitetdə qiyabi rektor kimi çalışır. Universitetdə olan məsələləri məsafədən idarə edir. Adətən Gəncəyə həftədə 2-ci gün gəlib, 4 və 5-ci gün günortaya kimi olur. Bəzən də həftələrlə işdə olmur. Bütün məsələləri prorektor Əhməd Məlikova həvalə edib.

Universitetdə bir çox işlərin üzəri ört-basdır olsun deyə bəzi şöbə və laboratoriyalar bağlanmışdır. Zəfər Qurbanovun Sizin imzaladığınız Dövlət proqramları haqqında Fərman və Qanunlardan belə xəbəri yoxdur. Bu günə kimi onlara da heç bir münasibət bildirməyib. Gəldiyi gündən canlı laboratoriya kimi Vivariumu bağladı, iqtisadiyyat fakültəsində bir fakültəni bağladı, fermada olan heyvanları satıb dağıtdı, hovuzda olan ağbalıqları şəxsi maraqları üçün satdı, baytalıq elmi üçün vacib olan anatomiya muzeyindəki maketləri, skletləri məhv etdi. Fakültə və kafedraları dağıtdı. İqtisadiyyat fakültəsində kafedraları süni olaraq bağladı. Fakültəmizdə bəzi professor-müəllimin adı var, özü yoxdur. Saxtakarlıq baş alıb gedir. Əvvəlcə Şəlalə Zeynalova adlı bir dekan gətirdi. O sözünə baxmayıb Əhməd Məlikovun şəxsi bazarına qarışdığı üçün onu il yarımdan sonra ərizəsini alıb vəzifədən uzaqlaşdırdı. Ora Əhməd Məlikov özünün katibəsi olan elmi adı, dərəcəsi və baytarlıq təhsili olmayan Rüstəmova Ayişəni müavin gətirdi və bütün maliyyə məsələlərini ona həvalə etdi. Universitetdə bütün kollektiv Ayişə Rüstəmovaya "Əhmədin pulyığanı" deyirlər. Şəlalə Zeynalova gedəndən sonra fakültəyə dekanlığı professor Mirzə Əlievə həvalə etdi. Bir müddətdən sonra Mirzə Əliyev fakültədə nizam-intizam yaradaraq korrupsiyanın kökünü kəsmək istədi. Lakin əvvəlcə Əhməd Məlikov və sonra Zəfər Qurbanov Mirzə Əliyevə müəyyən işlərə qarışmamağını tapşırdı. Lakin razılaşmayan Mirzə Əliyev 3 aydan sonra kənarlaşdırıldı. Ona görə ki, istehsalat təcrübəsi keçməli olan Əczaçılıq fakültəsinin Türkiyə vətəndaşları olan tələbələrdən təcrübə şöbəsinin rəhbəri ilə birlikdə 2000-2500 manat pul almışdılar. Hansı ki, həmin tələbələr pulu verib özləri Türkiyəyə getmişdilər. Bunu interpol vasitəsilədə yoxlamaq olar. Mirzə Əliyev bunu qəbul etmədi və özü də bu məsuliyyətdən uzaqlaşdı. Bir faktı da bildirmək istəyirik ki, rektor sanki şəxsi müəssisəsi kimi hər bir məsələni Əhməd Məlikova həvalə edib. Yəni nə mütəxəssis, nə kafedra, nə də ixtisas sahibləri nəzərə alınmır. Harda pullu məsələlər var, məsələn praktikanın gündəliyinə baxsanız ixtisasçı olmayan Əhməd Məlikov vəzifəsindən istifadə edərək sədr, müavin də ixtisasçı olmayan, Azərbaycan Texnologiya Universitetinin məzunu, təcrübə şöbəsinin müdiri Gülnaz Əsgərovadır. Dekanlığı professor Mirzə Əlievdən sonra dosent Dursun Adıgözəlovaya həvalə etdilər. Sonra da hərraca çıxarıb dekan seçmək üçün adam axtardılar. Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..."(Dia-az)
Ardı var

 Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO


Milli Park, yoxsa iribuynuzlu mal-qara örüşü və yaxud yatağı ?

Bioloji Müxtəlifliyin qorunması Xidməti çıxıb ictimaiyyətə bu barədə açıqlama verməlidir.

Redaksiyamıza Lənkəran sakini Yazgül Bayramovanın verdiyi məlumata görə, Hirkan Milli Parkında vəziyyət çox acınacaqlıdır.
Beləki, heç bir diplomu olmayan oranın yigeri, material alverçisi Taleh Abbasovu gətirib sahə rəisi qoyublar.
Onu ora qoymaqda məqsəd Milli Parkda material alverinə əlverişli münbit şərait yaratmaqdır.

Şikayətçinin sözlərinə görə, Milli Parkın ərazisində olan Xanbulan gölünün ətrafı iribuynuzlu mal-qaranın yatağ və örüşünə çevrilib.
Şikayətçinin sözlərinə görə, o meşə mafiyası tərəfindən şikayət etdiyi üçün hədələnir.

Redaksiyamıza daxil olan çox saylı məlumatlara əsasən cənubdakı sexləri əsasən meşə məhsulu ilə Hirkan Milli Parkı təmin edir.

Parka gələn yoxlamalarda oranın rəisi Şakir Quliyevin köməkliyi ilə nəyinsə müqabilində ört-basdır edilir.

Araşdırmamız davam edir.

NYUS.az

"Kardiologiya"da qalmaqal: Həkimlər direktoru məhkəməyə verdi - 80 yaşlı kardioloqa alkoqol ittihamı?


Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda bir sıra elmi işçi və həkimlərin yaşla əlaqədar təqaüdə göndərilməsi ciddi narazılıqlara səbəb olub.
İşdən qanunsuz azad edilmə və idarəçilik ittihamları

Kontekst.az -a daxil olan məlumata görə, bir müddət əvvəl İnstitutun elmi işçiləri Elmira Həsənova və Dürdanə Zamanova yaşla əlaqədar təqaüdə göndəriliblər. Lakin adı çəkilən şəxslər yaş senzinin elmi işçilər üçün keçərli olmadığını bildirib və direktorun qərarına etiraz ediblər. Hər iki şəxs hüquqlarının bərpası üçün məhkəməyə üz tutub. Artıq ilkin məhkəmə instansiyalarının onların işə bərpası ilə bağlı qərar verdiyi bildirilir.

Məsələ ilə bağlı Kontekst.az -a danışan İnstitutun reabilitasiya şöbəsinin elmi işçisi Dürdanə Zamanova məlumatı təsdiqlədi. O, ilkin məhkəmə instansiyalarının onun işə bərpası ilə bağlı qərar verdiyini bildirdi:

"Lakin İnstitut rəhbərliyi bu qərardan Ali Məhkəməyə şikayət verib. Noyabrda Ali Məhkəmə məsələ ilə bağlı son qərarını verəcək".

Təqaüdə göndərilən digər elmi işçi Elmira Həsənova ilə əlaqə saxlamaq cəhdlərimiz isə faydasız oldu.

80 yaşlı kardioloqdan şok iddia: "Məni yaşa görə çıxara bilməyib alkoqol damğası vurdular"

Ən ağır maddə ilə işdən çıxarılan həkim isə ömrünün böyük hissəsini Kardiologiya İnstitutuna həsr edən, bu sahədə geniş təcrübəsi olan kardioloq Səidə Rəcəblidir. İddialara görə, direktorun onu öz xoşu ilə təqaüdə göndərmək istəyi baş tutmayıb. Buna görə də 80 yaşlı təcrübəli həkim Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən Səidə xanım Kontekst.az -a açıqlamasında bunları dedi:

"Mən orta məktəbi medalla, institutu fərqlənmə diplomu ilə bitirmişəm. İnstitutdan sonra məni rayona göndərmədilər, Cahangir Abdullayevin yanında saxladılar, ordinaturaya. Hansı ki, bu institutu indi Cahangir müəllimin adını daşıyır. Onunla bərabər nə qədər məqalələrim var. Yəni, məni İnstitutda hamı tanıyır. Məni o maddə ilə işdən çıxarmaq, o adı mənə qoymaq... Bu, mənim üçün ölümdən də betərdir. Necə yəni narkotik, alkoqol? Mən ancaq sizə bunu deyirəm. Başqa heç nə deməyəcəm. Mən özüm haqqında sizə qısa məlumat verdim. İnstitutda hamıdan soruşun.

Hər gün səhər, günorta, axşam namaz qılan, oruc tutan, Həcc ziyarətində olan adamı alkoqol maddə ilə işdən çıxarmaq nə deməkdir? Məndən qabaq iki nəfəri yaşa görə işdən çıxardı. Onlar məhkəməyə verib işə qayıtdılar. Görəndə ki, yaş məsələsi keçmir, o "möhürü" mənim alnıma vurmaq Allahdan qorxmamaqdır. Allah özü görür. Bir çıxış yolu tapmayanda bu cür üsullara əl atırlar. İnstituta gedin, soruşun, deyin, Səidə doktoru necə tanıyırsınız? Alkoqol heç mənim dilimə də dəyməyib ki, deyim, onun dadı-tamı nədir. Nə bilim, Allahı bilsin, özü bilsin. Məhkəmədə Quran gətizdirib and içəcəyəm. Mən orada şöbə müdiri işləmişəm, ömrü boyu xəstələrə baxmışam. Mənim deyəcəklərim bu qədər. Haqqımda kimdən soruşursunuzsa, soruşun".

S.Rəcəbli İnstitutun direktoru Gülnaz Dadaşovanı tibbi personalı qanunsuz və saxta sənədlərə imza atmağa məcbur etdiyini də vurğulayıb:

"İnstitutda həkimlər nəyəsə etiraz edəndə onların əleyhinə akt tərtib edir, "sanitarka"nı tutub deyir, bura qol çək. Belə iş olar?"

S.Rəcəbli də hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib.

Kardiologiya İnstitutunun rəsmi cavabı

Səsləndirilən ittihamlarla bağlı Kontekst.az-ın sorğusuna cavab olaraq, Kardiologiya İnstitutundan bildirdilər ki, Səidə Qasım qızı Rəcəblinin əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə nəzərdə tutulan əsaslar çərçivəsində xitam verilib:

"Qeyd olunan xitamın sərxoş vəziyyətdə işə gəlmə və ya iş yerində alkoqol, narkotik vasitələr və digər bu qəbildən olan maddələrdən istifadə ilə bağlı olduğu barədə məlumat doğru deyil. Əməkdaşın 82 yaşı var, iş qabiliyyəti məhdudlaşıb, elmi adı və elmi dərəcəsi yoxdur. İşlədiyi müddət ərzində elmi katib və elmi işlər üzrə müavinin verdiyi tapşırıqları vaxtında və lazımi səviyyədə yerinə yetirə bilməyib. Bununla bağlı bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilib.

Elmira Həsənova və Dürdanə Zamanova yaş həddi ilə bağlı işdən azad ediliblər. Onların da elmi adları və elmi dərəcələri yoxdur. Qeyd edək ki, Elmira Həsənova həkimlərin sertifikasiya imtahanından iki dəfə ardıcıl olaraq keçə bilməyib.

Hazırda bununla bağlı məhkəmə araşdırmaları davam edir, yekun hüquqi qiymət məhz məhkəmə tərəfindən veriləcək. Məhkəmənin səlahiyyətinə hörmətlə yanaşaraq, prosesin sonunu gözləməyi tövsiyə edirik.

Bir daha qeyd edirik ki, hər üç əməkdaşla bağlı əmək münasibətlərinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələbləri və mövcud əmək münasibətləri çərçivəsində həyata keçirilib".

Mətbuatda yayılan digər iddialar

Qeyd edək ki, son illər Kardiologiya İnstitutu rəhbərliyinin adı müxtəlif qalmaqal və neqativ hallarda çəkilib. Belə ki, mətbuatda Gülnaz Dadaşovanın bir sıra işçiləri işdən qanunsuz azad etdiyi, institutda bu vəzifəyə təyin olunmasının 5 illiyini təntənəli şəkildə qeyd etdiyi, İnstitutun yaradılmasının 44 illiyində onun 45 illik yubileyini keçirdiyi, kollektivdə intriqalar yaratdığı, işçilərə yerli-yersiz izahatlar yazdırdığı və onunla hesablaşmayan nüfuzlu alim və həkimləri işdən uzaqlaşdırdığı, qanunsuz attestasiyaya cəhd etdiyi və s. məsələlərlə bağlı yazılar dərc olunub.(Kontekst.az)




Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem


Azərbaycan müstəqillik qazanandan sonra xalqımızın əməksevər kəsiminin hər ay məvacibindən Həmkarlar İttifaqının nəfinə müəyyən faiz pul tutulmağa başlandı. Xub, bəs həmkar həmkara nə gündə lazımdır.

Dedik pulumuzu tuturlar, yəqin bizim də barmağımız sınanda bunlar bizim sınıq barmağımıza zad eləyərlər, yəni kömək. Amma, biz saydığımızı saydıq, 30 il Səttar Mehbalıyev də bizim pullarımızı saydı-öz bildiyi kimi, kefindən keçən kimi. Dedi ki, fəhlə, özünü sən də bir insanmı sanırsan, pulsuz kişi, dincəlməyi asanmı sanırsan? Yəni qısacası bu Həmkarlar İttifaqı deyilən təşkilat həmkarlardan başqa hamının işinə yaradı-varlının da qadasını aldı, vəzifəlinin də. Təkcə haqqı olan yazıq həmkarlar bunun qara qəpik xeyrini görmədi.

Ay döndü, il dolandı bir gün xəbər tutduq ki, AHİK ( adı da ah-naləylə başlayır) sədri vəzifəsinə çox hörmətli MİKAYIL CABBAROVUN təqdimatı ilə qət-təzə bir kadr gətirirlər. Gəncdir, müasir dünyagörüşünə malikdir. Yazıq həmkarlar Möhbalıyevdən o qədər çəkmişdilər ki, Sahib Məmmədovun qəfildən gəlişinə sidq-ürəkdən necə sevindilərsə özündən gedən də oldu. Ancaq neyləməli, bizim bəxtimiz olsaydı anadan sitəmkar, zülümkar və nəhayət həmkar doğulmazdıq ki. Cənab Məmmədov vəzifə kreslosuna sahiblənən kimi dedi ki, darıxmayın, mən Möhbalıyev kimi zalım deyiləm. O sizin hər iki gözünüzü ağladaraq həmkar yox, HƏMKOR etmişdi. Mən insaflıyam, gözünüzün birini ağlatmaqda davam edəcəyəm, amma o birisini hərdənbir güldürəcəyəm. Dedik SAHİBİ- HƏMİKARDIR, yəqin bir bildiyi var yəqin. Ancaq bu bizim bir gözümüzü elə ağlatdı ki, o birisi nəinki gülməyə, heç qımışmağa da macal tapmadı..

Başlayaq cənab Məmmədovun həmkarların bir gözünü necə güldürməsindən. Bildirildi ki, dəxi bundan sonra bütün yollayışlar olacaq elektron formada, şəffaf, obyektiv. Əməksevər xalqımız elektron formada istədiyi sanatoriyanı, kurortu seçib gedib özüyçün şellənəcək. Pah, bu sevincə gözmü dözər, qəlbmi dayanar. Elə təzəcə “uraaaaa” qışqırıb papağımızı göyə atmaq istəyirdik ki, Sahib müəllim nə fikirləşdisə o biri gözümüzü elə ağlatdı ki, bu səfər papaqdan əlimizi üzüb ətəyimizlə gözümüzü silməyə girişdik. Gecələrin birində hamıdan xəlvət, nə dilin, nə də dişin xəbəri olmadan qərar verdilər ki, bundan sonra göndəriş yalnız işləyənlərin özünə veriləcək.Yəni şəxsin ailə üzvlərinə heç bir güzəşt tətbiq olunmayacaq.
Bu yerdə yadıma köhnə bir lətifə düşdü. Birisi dostuna deyir ki, gedirəm kurorta dincəlməyə. Dostu soruşur ki, arvad-uşağıdamı aparırsan özünlə?
Bu birisi hirslənir ki, başın xarab olub, deyirəm kurorta dincəlməyə gedirəm, nə arvad-uşaq.

Bax, yüz faiz Sahib müəllim də bu lətifəni bilir, özü də uruscasın. Ona görə də zəhmətkeşlərimizin tam istirahətini təmin etmək üçün göndərişləri yalnız bir nəfərə verməyi qərara aldı ki, gedib əməlli-başlı dincəlsin.
Yox, kim ki, ailəvi dincəlmək istəyir, o zaman zəhmət çəkib ailə üzvləri üçün tam ödəniş etməlidir. Əvvəllər uşaqlar üçün 18 yaşa kimi güzəşt nəzərdə tutulurdu. Sahib müəllim qərar verib ki, uşağın 12 yaşı tamam olubsa, Tik-Toka baxırsa onun da yerinə tam ödəniş edilməlidir. Yəni heç kim cənab Məmmədovla uşaq-muşaq söhbəti edə bilməz, nədən ki, bu yerin tək SAHİBİ odur !


Odur ki, yazıq həmkarlar, indi bilmirlər ağlasınlar, yoxsa gülsünlər. Bu lap Əzrayılın bala paylamağına döndü. Birinə deyirlər ki, Əzrayıl bala paylayır, cavab verir ki, balama dəyməsin, verdiyini istəmirəm. Vallah, bilmirsən neyləyəsən. Özü də bu AHİK-i bir balaca tənqid eləyən kimi adama elə yerlərdən hədə-qorxu gəlirlər, zəng eləyirlər ki, yazdığına peşiman olursan.Sahib əfəndi, əvvəlcə ,, vəzirindən, vəkilindən’ bir soruş bizim sizə ünvanladığımız sorğular niyə cavablandırılmır və yaxud da qeyri rəsmi olsa da daha yuxarılardan cavablandırılır. Niyə məhz sizə etimad göstərən cənab Mikayıl Cabbarovun etimadına kölgə salırsınız? Məgər AHİK toxunulmazlıq statusunamı malikdir, yaxud kimsə bunların qərarlarını sorğulaya bilməzmi? Hər ay maaşından faiz ödəyən zəhmətkeşlərin heçmi haqqı-hüququ yoxdur, elə “töyüc, naloq, dinməverdirmi”? Ölkədə qanun, ona nəzarət edən qurum yoxdurmu? Elə hamı dəlləkliyi bu yazıq qara camaatın başındamı öyrənməlidir?

Bizim də ümidimiz Allahdan sonra , SAHİBİN , SAHİBİN , SAHİBİNƏ Cənab Prezidentə, Mehriban xanımadır. Kim bilməsə də bu xalqın halını, istəyini onlardan yaxşı bilən yoxdur. Cənab prezident nə yaxşı ki varsınız ..Bu ölkənin tək SAHİBİ göydə Allah, yerdə SİZLƏRSİNİZ…. Başqası SAHİBLƏNMƏK eşqinə düşməsin !

Nicat Mahmudov

Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu


“Fair Group Construction” MMC-nin rəhbərinin ölkədən çıxışı qadağa qoyulub.


Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna şirkətin vergi borcu səbəb olub.


Belə ki, “Fair Group Construction” MMC-nin hazırda dövlət büdcəsinə 103 521 manat vergi borcu var. Şirkətə vergi borcunun ödənilməsi ilə bağlı bildiriş göndərilsə də, qarşı tərəf öhdəliyini yerinə yetirməyib.


Bu səbəbdən Bakı Kommersiya Məhkəməsi vergi borcunu ödəyənə qədər şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyub. Şirkətin qanuni təmsilçisi Məmmədov Etibar Hüseyn oğludur.


Xatırladaq ki, “Fair Group Construction” MMC 2004-ci ilə yaradılıb və tikinti sahəsi üzrə fəaliyyət göstərir.

Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal


K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimatologiya üzrə elmi şöbənin müdiri A.Qasımova məhkəməyə üz tutub.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, şöbə müdiri müəssisənin rəhbəri Aynur Poluxovanı qanunsuz əməllərdə ittiham edib.

Belə ki, A.Qasımova işəgötürən tərəfindən keçirilmiş attestasiyanın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi irəli sürüb.

Şöbə müdiri ərizəsində A.Poluxovanı qanunsuz hərəkətlərdə ittiham edərək bildirib ki, o, vəzifədə ola-ola onun vəzifəsinə vakansiya elan edilib. Ərizəçi qeyd edib ki, bu vakansiya onun vəzifədə çalışdığı, müqaviləsi mövcud olduğu halda elan olunub.

Bundan başqa, A.Qasımova qeyd edib ki, A.Poluxova onu nüfuzdan salmaq üçün bir sıra işçilərinə qanunsuz akt tərtib etdirərək Azərbaycan Tibb Universitetinə göndərib.

Aktda şöbə müdirinin ona tapşırılan rezidentlərə nəzarət işini yerinə yetirmədiyi qeyd olunub. A.Qasımova bildirib ki, aktı imza edən 4 nəfərdən 2-si, yəni Ə.Cəfərova və N.Məmmədova tibb bacısı vəzifəsində çalışırlar. O sual edib ki, tibb bacısı hansı əsasla, hansı savadla elmi dərəcəli yüksək ixtisaslı mütəxəssisin fəaliyyətini qiymətləndirə bilər?

Şöbə müdiri onu da əlavə edib ki, akta qol çəkən 4 nəfər işlərini itirməmək qorxusuna görə müəssisə rəhbəri A.Poluxovanın göstərişini icra ediblər.

A.Qasımova Poluxovanın göstərişi ilə Elmi Şuranın iclaslarına buraxılmadığını da bildirib.

Şöbə müdiri belə qənaətə gəlib ki, qeyd edilənlər artıq attestasiya komissiyasının onun barəsində nə qərar çıxaracağını təxmin etməyə imkan verir. O, bu səbəbdən attestasiyaya cəlb ediləcəyi təqdirdə attestasiya komissiyasının qəbul etdiyi qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılanadək və qərarın qanuniliyi öz təsdiqini tapanadək həmin müəssisəyə ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam vermək qadağan edilmələsini xahiş edib.

Yasamal Rayon Məhkəməsi belə qənaətə gəlib ki, sözügedən müvəqqəti təminat tədbiri barədə ərizədə irəli sürülmüş tələb özü-özlüyündə müvəqqəti təminat tədbirinin mahiyyətinə ziddir. Belə ki, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Müvəqqəti təminat tədbiri barədə ərizədə qeyd edilənlərin təmin edilməsi halında, iddiaçı və cavabdeh arasındakı mübahisənin qabaqcadan maraqlı şəxsin hüquqları pozulmaqla həll edilməsi deməkdir. Çünki hazırda iddiaçı attestasiyaya cəlb edildikdən sonra attestasiya komissiyasının qəbul etdiyi qərarın qanuniliyi məhkəmə qaydasında yoxlanılanadək və qərarın qanuniliyi öz təsdiqini tapanadək cavabdeh müəssisəyə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsinin qadağan edilməsini tələb edir. İddiaçının attestasiyanın keçirilməsi və iddiaçının attestasiyaya cəlb edilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş qərarın qanunsuz hesab edilməsi və attestasiyanın keçirilməsi barədə qərarın ləğv olunması məsələsi isə məhkəmə araşdırmasının predmetidir. Bununla da məhkəmə hesab edir ki, iddiaçının tətbiq olunmasını tələb etdiyi müvəqqəti təminat tədbiri, onun tərəfindən verilmiş iddia tələbinə mütənasib deyildir və ərizədə qeyd edilən müvəqqəti təminat tədbirinin tətbiq edilməsi əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnəcək.

Bu səbəbdən A.Qasımovanın ərizəsi təmin edilməyib.

Xitab24.az

Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR


Qarabağ Universitetinin tabeliyində fəaliyyət göstərən Qarabağ Universitetinin Klinikası Türkiyə vətəndaşı Tanyer Deniz Dursun qızı ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, Tanyer Deniz tibb bacılığı xidmətinin təşkili üzrə təlim xidmətləri göstərəcək və qarşılığında 11 min 78 manat 89 qəpik alacaq. Müqavilənin icra müddəti 01.09.2026-cı il tarixində başlayacaq, 27.11.2026-cı il tarixində başa çatacaq.

Məlumat üçün bildirək ki, Tanyer Deniz Türkiyənin Səlcuq Universitetinin professorudur.

Səbuhi Əhmədov “Qaçqınkom”da şübhəli satınalmalarını davam etdirir – Bu dəfə “Ağa-EE İnşaat” MMC ilə


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Şəki şəhəri, Biləsuvar, Sabirabad, Saatlı, Ağcabədi və Balakən rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə 01.07.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “AĞA-EE İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 423.055,71 manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 12.08.2026-cı ildə dərc edilib.
Qeyd edək ki, bu “AĞA-EE İNŞAAT” MMC ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tabeli qurumlar arasında bağlanan ilk müqavilə deyil.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 27.09.2024-cü ildə “AĞA-EE İNŞAAT” MMC ilə Cəbrayıl rayonunun 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 48 fərdi yaşayış evinin tikintisi üzrə 7.664.193,62 manat dəyərində müqavilə bağlayıb.
Sözügedən Fond “AĞA-EE İNŞAAT” MMC ilə 3.096.254,75 manat dəyərində bir müqavilə də Abşeron rayonu ərazisində 1890 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 9 mərtəbəli 54 mənzilli 45 №-li yaşayış binasının tikintisi üzrə 13.03.2020-ci ildə bağlayıb.
Məlum olduğu kimi hər il Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır. Bu işlər Komitənin Mənzil İstismar Departamenti tərəfindən keçirilən satınalmalar yolu ilə həyata keçirilir. başqa sözlə desək tenderlər Komitə rəhbərlərinə yaxın şirkətlərə verilir.
Burada maraqlı bir məqamı xüsusi ilə vurğulamaq istərdik. Ayrı-ayrı rayonlarında olan məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri niyə bir şirkətə verilir? Eyni zamanda beş rayonda yerləşən köçkün qəsəbələrindəki fərdi yaşayış evlərinin təmiri niyə bir şirkətə həvale olunur?
Məsələn Biləsuvar, Sabirabad, Saatlıdakı məcburi köçkün qəsəbələri niyə ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilir. Hər rayonda olan məcburi köçkün qəsəbələrində təmirə ehtiyacı olan evlarin layihə smetasını tutub, həmin yer üzrə ayrı tender keçirmək mümkün deyilmi?
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti yalnız 2026-ci ilin son 8 ayı ərzində rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin və mənzillərin təmiri üzrə onlarla müqavilələr bağlayıb.
Bakı və Sumqayıt şəhərləri, Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 341.801,7 manat dəyərində müqavilə “STAR CONSTRUCTION GROUP” MMC ilə 23.01.2026-cı ildə bağlanılıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində müqavilə “KƏNDAHAR” MMC ilə 23.01.2026-cı ildə bağlanılıb.
Bakı, Sumqayıt şəhərləri və Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində yerləşən fərdi yaşayış evlərinin, mənzillərin və pilləkən qəfəslərinin təmiri üzrə 979.111,02 manat dəyərində müqavilə “RESİNG CONSTRUCTİON GROUP” MMC ilə 27.02.2026-cı ildə bağlanılıb.
Bakı, Sumqayıt, Mingəçevir şəhərilərində və Biləsuvar, Bərdə rayonlarında salınmış məcburi köçkün qəsəbəsində fərdi yaşayış evlərinin və mənzillərinin təmiri üzrə 447.667,61 manat dəyərində müqavilə “İS TƏMİR TİKİNTİ” MMC ilə 27.04.2026-cı ildə bağlanılıb.
Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 454.937,49 manat dəyərində müqavilə “REAL-İNŞAAT” MMC ilə 27.04.2026-cı ildə bağlanılıb.
Göründüyü kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ayrı-ayrı rayonlarda məcburi köçkün qəsəbələrində təmir işlərini ayrı-ayrı şirkətlərə verib.
Bəs bu şirkətin eyni zamanda ayrı-ayrı rayonlarda dövlət sifarişlərini yerinə yetirməyə maddi texniki bazası varmı?
Götürək elə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin son müqavilə bağladığı “AĞA-EE İNŞAAT” MMC-ni.
Medianın 13.03.2026-cı ildə yaydığı məlumata görə “Ağa-EE İnşaat” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. Buna səbəb şirkətdə aparılan yoxlama zamanı Vasif və Asəf Şabanov qardaşlarının Şükürbəyli kəndi ərazisində aparılan işlərə əmək müqaviləsi bağlanmadan usta kimi cəlb edilməsi faktı aşkarlanıb.
Baş Prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsi tərəfindən “Ağa-EE İnşaat” MMC barəsində 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məlum olub ki, işçilər MMC-ni faktiki olaraq idarə edən Vurğun Abbasov tərəfindən işə götürülsə də, onların bəziləri ilə əmək müqaviləsi bağlanmayıb. (Dövlət Vergi Xidmətinin məlumatlarında isə nizamnamə kapitalı 10 manat olan “Ağa-EE İnşaat” MMC-nin qanuni təmsilçisi Ağalı Natali Qaçay qızı olduğu göstərilir) Onlara MMC-də topoqraf vəzifəsində işləyən Faiq Hüseynli nəzarət edib. Məhkəmənin hökmü ilə “Ağa-EE İnşaat” MMC-nin rəhbərliyi barəsində 20.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Göründüyü kimi “Ağa-EE İnşaat” MMC 2026-cı ilin martında əmək müqaviləsi olmadan işçi çalışdırdığına görə inzibati məsuliyyətə cəlb edilib. Bəs bu MMC-nin dörd ay keçdikdən sonra dövlət satınalmalarında iştirakı nə dərəcədə qanunidir?
“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23 maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş aşağıdakı halların mövcud olmaması:
Son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi;
Göründüyü kimi “Ağa-EE İnşaat” MMC Mənzil İstismar Departamentinin tender prosedurunda iştirakla bağlı müraciətindən cəmi 4 ay əvvəl inzibati məsuliyyətə cəlb edilib və cərimə tətbiq olunub.
Qeyd edək ki, belə hallara Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müqavilə bağladığı bütün şirkətlərin də fəaliyyətində rast gəlmək mümkündür. Çünki maddi texniki bazası şübhə doğuran bu şirkətlərin heç biri eyni zamanda ayrı ayrı rayonlarda təmir işləri aparmaq iqtidarında deyillər. Bu şirkətlər yerlərdə heç bir müqavilə bağlamadan fəhlələrə günəmuzd 10-15 manat verib əmək haqqı adı altında külli miqdarda dövlət vəsatini talan edirlər.
Qeyd edək ki, Dövlət Komitəsində Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovdur. O, bu vəzifəyə 2019-cu ilin martında Dövlət Komitəsinin sədri Rövşən Rzayev tərəfindən təyin edilib. 2003-2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, daha sonra “Balaxanıneft” NQÇ-nin rəisi vəzifəsində çalışıb. Mediada məcburi köçkün ailələri tərəfindən Səbuhi Əhmədovun xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlayaraq vətəndaşların pulunu ələ keçirməsi və digər qanunsuz əməlləri ilə bağlı geniş məlumatlar var.

Aktualinfo.net

“Kafe O”da adı “O”, xidmət “0”mı? — 27 manatlıq samovar, soyuq çay və müəmmalı hesab


Masallı şəhərində, Viləş çayının kənarında, Heydər Əliyev prospektində yerləşən “Kafe O” ilə bağlı müştəri narazılığı ciddi suallar doğurur. Məsələ restoranın yerləşdiyi məkan deyil. Söhbət müştəriyə təqdim olunan xidmətin keyfiyyətindən, hesabın necə formalaşdırılmasından və əlavə ödənişlərlə bağlı yaranan suallardan gedir.

“Kafe O”nun adındakı “O” hərfi bir qədər ironik şəkildə “0” kimi də oxuna bilər. Əgər müştərinin qarşılaşdığı xidmət səviyyəsi də həmin “0”a yaxınlaşırsa, onda obyektin adı ilə xidmət arasında qəribə bir uyğunluq yaranır.

Məsələ isə 27 manatlıq samovar və mürəbbə hesabından başlayır.

Müştərinin təqdim etdiyi məlumata görə, menyuda samovarın qiyməti 12 manat göstərilir. İki mürəbbənin ümumi qiyməti isə 10 manatdır. Sadə hesabla samovar və iki mürəbbənin qiyməti 22 manat edir. Lakin müştərinin qarşısına 27 manatlıq hesab gətirildiyi bildirilir.

Belə olan halda sual tam məntiqlidir: əlavə 5 manat nəyə görə hesablanıb?

Əgər həmin 5 manat servis haqqıdırsa, bu ödəniş müştəriyə əvvəlcədən bildirilibmi? Menyuda göstərilibmi? Müştəri sifariş verərkən bu barədə məlumatlandırılıbmı? Yoxsa hesabın sonunda əlavə məbləğlə qarşılaşmaq restoran xidmətinin adi qaydasına çevrilib?

Məsələ bununla da bitmir.

Müştərinin iddiasına görə, 27 manatlıq samovar və mürəbbə xidməti faktiki olaraq gözlənilən formada təqdim edilməyib. Masaya gətirilən samovarın içindəki su isti olmayıb. İddia olunur ki, su əvvəlcədən başqa yerdə qaynadılır, daha sonra samovara doldurulur və içinə bir neçə kömür atılaraq masaya gətirilir. Yəni müştəriyə hazır, qaynar samovar təqdim etmək əvəzinə, suyun masada kömürün hesabına sonradan isinməsi gözlənilir.

Əgər bu deyilənlər həqiqəti əks etdirirsə, onda müştərinin ödədiyi pulun qarşılığında hansı xidmət aldığı ciddi sual doğurur.

Müştəri dəfələrlə samovarın soyuq olduğunu bildirdiyini, buna baxmayaraq problemin dərhal həll edilmədiyini deyir. Məsələyə administrator müdaxilə etdikdən sonra isə samovara yenidən kömür atıldığı və suyun müştərinin yanında isinməsinin gözlənildiyi bildirilib.

Burada sadə bir sual ortaya çıxır: müştəri restorana çay içməyə gedir, yoxsa samovarın isinməsini gözləməyə?

Samovarın masaya qoyulması hələ keyfiyyətli xidmət demək deyil. Müştəri pul ödəyirsə, qarşılığında konkret və əvvəlcədən elan edilmiş xidmət almalıdır. Müştəriyə “samovar” adı altında soyuq su gətirilir və sonra suyun isinməsi gözlənilirsə, bunun xidmət standartlarına nə dərəcədə uyğun olduğu aidiyyəti qurumların araşdırmalı olduğu məsələdir.

Üstəlik, burada daha bir məqam diqqət çəkir. Müştərilər tərəfindən restoranlarda uzun müddət ərzində servis haqqı adı ilə əlavə ödənişlərin tutulması ilə bağlı narazılıqlar zaman-zaman səslənir. Əgər “Kafe O”da da servis haqqı hesabın üzərinə əlavə edilirsə, bu məbləğin hansı xidmətin qarşılığı olduğu, müştəriyə əvvəlcədən bildirilib-bildirilmədiyi və hesabda ayrıca göstərilib-göstərilmədiyi aydınlaşdırılmalıdır.

Çünki müştərinin hesabına sonradan əlavə edilən hər məbləğin izahı olmalıdır. “Servis haqqıdır” deməklə məsələ bitmir. Müştəri bilməlidir ki, nə üçün pul ödəyir.

Qab-qacaq və servis məsələsi də ayrıca sual doğurur. Əgər müştərilərdən qab-qacağın sınması, istifadəsi və ya digər səbəblərlə əlavə ödəniş tələb olunması halları varsa, bunun hansı qayda və əsasla həyata keçirildiyi də açıqlanmalıdır. Müştəri restorana daxil olarkən yalnız menyudakı qiymətlərlə deyil, sonradan ortaya çıxan əlavə ödənişlərlə də üzləşirsə, bu artıq istehlakçı üçün ciddi narahatlıq yaradan məsələdir.

Ən maraqlısı isə odur ki, 12 manatlıq samovar və 10 manatlıq iki mürəbbənin hesabı 22 manat olduğu halda, müştərinin qarşısına 27 manatlıq hesab çıxırsa, həmin 5 manatın cavabı mütləq olmalıdır.

Beş manat kiçik məbləğ kimi görünə bilər. Amma söhbət hər müştərinin hesabına əlavə edilən məbləğlərdən gedirsə, məsələ artıq beş manat məsələsi deyil. Məsələ şəffaf hesablaşma və müştərinin məlumatlandırılması məsələsidir.

Atalar demişkən, “damcı-damcı göl olar”. Hər müştəridən kiçik məbləğlər adı altında əlavə ödəniş alınırsa, bunun ümumi dövriyyədə nə qədər rəqəmə çevrildiyini təsəvvür etmək çətin deyil.

İndi əsas suallar aidiyyəti qurumlara ünvanlanır: “Kafe O” restoranında sonuncu yoxlama nə vaxt keçirilib? Obyekt ümumiyyətlə təftiş edilibmi? Edilibsə, sonuncu yoxlama zamanı hansı nöqsanlar müəyyən olunub? İctimai iaşə obyektində sanitar və qida təhlükəsizliyi tələblərinə əməl olunması necə qiymətləndirilib? Müştəridən əlavə servis haqqının alınması qaydaları yoxlanılıbmı? Hesabların menyuda göstərilən qiymətlərlə uyğunluğu araşdırılıbmı?

Daha bir mühüm məsələ də budur: restoranın təqdim etdiyi samovar xidməti faktiki olaraq necə hazırlanır? Su masaya gətirilməzdən əvvəl qaynadılır, yoxsa müştəriyə samovarın içində sonradan qızdırılması gözlənilən su təqdim edilir?

Bu sualların cavabı yalnız bir müştərinin narazılığını deyil, həmin obyektin xidmət standartlarının necə qurulduğunu da ortaya çıxara bilər.

BNTV.az xəbər verir ki, “Kafe O” rəhbərliyinin də mövqeyi maraqlıdır. Restoran 12 manatlıq samovara görə müştəriyə konkret olaraq hansı xidməti göstərir? İki mürəbbə 10 manatdırsa, 27 manatlıq hesabda əlavə 5 manat nəyə görə tutulur? Bu məbləğ servis haqqıdırsa, müştəri sifariş zamanı məlumatlandırılırmı? Soyuq samovar barədə şikayət daxil olduqda niyə sadəcə əlavə kömür atılaraq suyun isinməsi gözlənilir?

Məsələni yalnız “bir müştərinin narazılığı” kimi təqdim edib kənara qoymaq asandır. Amma müştəri ödədiyi pulun qarşılığında xidmət tələb edir. Restoran biznesində isə əsas prinsip sadədir: qiymət nədirsə, xidmət də ona uyğun olmalıdır.

Masallıda Viləş çayının kənarında yerləşən “Kafe O”nun adı bəlkə də təsadüfən belə seçilib. Amma müştərinin qarşılaşdığı xidmət həqiqətən də “0” səviyyəsindədirsə, bu artıq sadəcə söz oyunu deyil.

12 manatlıq samovar, 10 manatlıq iki mürəbbə, 22 manatlıq sadə hesab və 27 manatlıq yekun məbləğ...

Ortada isə bircə sual qalır: müştəridən alınan əlavə 5 manatın hesabı haradadır?

İndi cavab vermək növbəsi “Kafe O” rəhbərliyində və aidiyyəti nəzarət qurumlarındadır. Çünki müştərinin cibindən çıxan hər manatın qarşılığında real xidmət olmalıdır. Samovar isə ən azı adından göründüyü kimi isti olmalıdır.(BnTv.az)

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56