“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa…


Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 14 ədəd subartezian quyularının əsaslı təmiri üzrə “Koordinat Construction” MMC ilə 490.000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 06.08.2026-cı ildə dərc edilib. Portalda müqavilənin icrasının başlanma tarixi 10.06.2025-ci il, bitmə tarixi 30.12.2025-ci il göstərilir.
Qeyd edək ki, Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 14 ədəd subartezian quyularının iş rejiminin bərpası (yeni quyu kolonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğacının quraşdırılması və abadlıq işləri) işləri üzrə “Koordinat Construction” MMC ilə bir müqavilə də 17.10.2024-cü ildə bağlayıb. Bu müqavilə də bir mənbədən satınalma metodu ilə bağlanılıb və dəyəri 489.983,2 manat təşkil edib. Məlumat satınalmaların portalında 17.10.2024-cü ildə dərc edilib. Portalda müqavilənin icrasının başlanma tarixi 20.09.2024-cü il, bitmə tarixi 31.12.2024-cü il göstərilib.
Göründüyü kimi Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi son iki ilə yaxın müddət ərzində 14 ədəd subartezian quyularının əsaslı təmiri üzrə ümumi dəyəri 979 983 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə bir mənbədən satınalma metodu satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Qeyd edək ki, “Koordinat Construction” qısa müddət əvvəl yaradılmış, xüsusi hüquqlara malik olmayan, analoji işlərdə təcrübəsi olmayan, bir MMC-dir. Amma buna baxmayaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli başqa qurumlar da “Koordinat Construction” MMC eyni tipli müqavilələr bağlayıb.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 20 ədəd subartezian quyusunun əsaslı təmiri (2025-ci il üzrə) ilə əlaqədaq bir mənbədən satınalma metodu tətbiq etməklə “Koordinat Construction” MMC ilə 660.000 manat dəyərində satınalma müqavilə bağlayıb. Məlumat satınalmaların portalında 18.02.2026-cı ildə dərc edilib.
Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi “Hacallı 08/768, Həsənqaya 08/727, Alaçadırlı 08/521, İmamqulubəyli 08/594, Dəymədağlı 08/25, 08/878, Şərəfli 08/888, Əmirli 08/773, 08/406, 08/336, 08/235, Piyadalar 08/P2, Qazaxlar 08/383, Soğanverdilər 08/533, 08/792, Şahvəlilər 08/456, 08/360, Xanərəb, 08/X-1, 08/979, 08/601 (cəmi 20 ədəd) subartezian quyularının əsaslı təmiri” işlərinin satın alınması üzrə bir müqavilə də 29.10.2024-cü ildə bağlanılıb. “Koordinat Construction” MMC ilə bağlanan bu müqavilənin dəyəri 659.999,96 manat təşkil edib.
Göründüyü kimi Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi də bir bir neçə ay ərzində 20 ədəd subartezian quyusunun əsaslı təmiri üzrə “Koordinat Construction” MMC ilə ümumi dəyəri 1 319 999 manat olan iki satınalma müqaviləsi bağlayıb.
Qeyd edək ki, Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli adı çəkilən qurumlarının subartezian quyularının əsaslı təmiri üzrə bağladıqları bu müqavilələrdə təmir olunacaq subartezian quyularının harada yerləşdiyi açıqlanmır. Yalnız Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 29.10.2024-cü ildə bağladığı müqavilədə subartezian quyularının yerləşdiyi ərazi açıqlanıb. İndi kim zəmanət verə bilər ki, Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin 18.02.2026-cı ildə bağladığı müqavilə də eyni subartezian quyularının təmiri üzrədir.
Burada bir subartezian quyusunun təmirinə ayrılmış dövlət vəsaiti də şübhə doğurur. Belə ki, Bərdədə bir subartezian quyusunun təmirinə orta hesabla 32 999 manat, Şəmkirdə isə orta hesabla 34 998 manat hesablanıb. Bu da qiymətlərin süni şəkildə şişirdildiyini açıq aşkar göstərir. Bunu mütəxəsislər yerində araşdırsa daha da ciddi qanun pozuntuları aşkarlaya bilər.
Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli qurumlardan yalnız subartezian quyusunun təmiri üzrə son vaxtlar milyonlarla manatlıq tender qazanan “Koordinat Construction” MMC-yə gəlincə.
Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KOORDİNAT CONSTRUKTİON” (VÖEN: 2907216011) Məhdud Məsuliyyətli Cəmiyyətinin 07.09.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2o manat olan MMC-nin hüquqi ünvanının, SUMQAYIT ŞƏHƏRİ, MƏH 19, ev 136/A, m. 20, qanuni təmsilçisi kimi isə Abasov Şənlik Fəxrəddin oğlu qeyd olunub.
MMC-nin qanuni təmsilçisi Abasov Şənlik Fəxrəddin oğlu kimdir? Dövlət Gömrük Komitəsinin mətbuat xidmətin hələ 2017-ci ilin fevral ayında yaydığı məlumatlarda ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması hallarının müəyyən edildiyi bildirilib. Həmin məlumatda dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər siyahısı açıqlanıb. Sözügedən siyahıda fiziki şəxs Abasov Şənlik Fəxrəddin oğlunun da adı keçir. O, 52003,80 manat vəsaiti gömrük orqanlarından gizlətməyə çalışıb. Dövlət Gömrük Komitəsinin həmin ilin 21 fevralında açıqladığı məlumatda isə Abasov Şənlik Fəxrəddin oğlunun 30064 ABŞ dollarını gömrük orqanlarından gizlətməyə çalışdığı bildirilir.
“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 08.05.2025-ci ildə verilib.
Yəni bu o deməkdir ki, “Koordinat Construction” MMC Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri tərəfindən keçirilmiş əvvəlki satınalmalada lisenziyası olmadan qatılıb və ümüumi dəyəri 1 149 982 manat olan iki tender verilib.
Qeyd edək ki, Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri Regional Su Meliorasiya Xidmətinə tabedir. Regional Su Meliorasiya Xidmətinin rəisi isə uzun illər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş Zakir Quliyevdir. O, bu vəzifəyə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmri ilə 26.06.2024-cü ildə təyin edilib.
Göründüyü kimi “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə tabeli Bərdə və Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarələri son iki ilə yaxın müddət ərzində yalnız bir neçə subartezian quyularının əsaslı təmirinə ümumi olaraq iki milyon manatdan çox dövlət vəsaiti ayırıb. Amma bu gün sosial şəbəkələrdə və mediada yerlərdən fermerlərin suvarma suyunun çatışmamasından əziyyət çəkmələri barədə yüzlərlə şikayətlərinə rast gəlmək mümkündür. Dövlət külli miqdarda vəsait ayırırsa rayonlarda əhali suvarma suyunun olmamasından niyə şikayətçi olurlar. Ayrılan bu dövlət vəsaitləri hara gedir, yelərdə subartezian quyularının əsaslı təmirinə, yoxsa “Koordinat Construction” MMC vasitəsi ilə ciblərə…
Aktualinfo.net

İlhamə Quliyevanın oğlu haqda ŞOK FAKTI açıqladı: - “İki ildir axtarırıq, son dəfə danışanda deyib ki...”


“İlhamə Quliyevanın həm ad günündə, həm anım, həm də sıradan günlərdə məzarını ziyarət edirik. Heç ad günlərini gözləmirik. Mənim qaynım, İlhamə xanımın dayısıoğlu Eldar müəllim də bizimlə gedir. Tükəzban İsmayılova yoldaşımın bibisidir. Onun da, Həbib müəllimin də məzarına baş çəkirik. Mənim nəvəm İbrahim də İlhamə xanımla bir gündə doğulub. Onu da hər zaman öz doğum günlərinə çağırırdı, birlikdə qeyd edirdik”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Əli Mirəliyev deyib.
O daha sonra əlavə edib:
“İlahmənin qılıncının altından keçənlər, sağ ikən onun əlini öpənlərin heç biri onu bu gün yad etmir. Bu həyatın işidir də. İlhamə yaxşı müğənni və sənətkar idi. Amma bəzən insanları da acılayırdı, qışqırırdı, söyürdü. Bəzilərini elə yerində söyürdü. İlhamə gözəl oxuyurdu. Nə öz dövründə, nə də indi tayı-bənzəri yoxdur. İstəyirdi ki, musiqimiz yerli-yerində olsun. Mən də illərdir bunun mübarizəsini aparıram. Sadəcə olaraq İlhamə xanım bir az sərt deyirdi, faktlarla danışırdı. İlhamə mənim yanımda toya getməli idi, mən özüm də qalmallıyam”.
Əli Mirəliyev İlhamə Quliyevanın oğlu Orxan Nadirovdan da danışıb:
“Orxan həyatda yoxdur. Dünyasını dəyişib yoxsa yox dəqiq deyə bilmərəm. Bircə onu bilirəm ki, itib, yoxdur. Ya da itirilib. Nə ölüsündən xəbər var, nə də dirisindən. Orxanın anası Lalə xanım iki ildir müraciət etmədiyi instansiya qalmayıb. Yazıq Lalə iki ildir oğlunu axtarır. Sonuncu dəfə Moskvada olub. Ukraynaya yaxud da Türkiyəyə uçurmuş. Nə olubsa orada aeroportda olub. Zəng edib Laləyə deyib ki, “mama, mənim burada dalımca düşmüşdülər, deyəsən onları azdırdım”. Bu son sözü olub. Ondan sonra telefonu söndürülüb. İlhamə xanımın nəvəsi var. Qız da övladını götürüb gedib. Uşaqla yaxud da anası ilə heç bir əlaqəmiz yoxdur.

Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..


Son günlər hüquq müdafiəçisi Çingiz Qənizadənin ittihamları ilə gündəmə gələn David Selivestrov (Əvvəlki adı Kazım Abbasov-red.) haqqında sensasion iddialar ortaya çıxmaqdadır.
Bu barədə yazılan iddialarda Kazım Abbasovun ad-soyadını dəyişdirməsindən tutmuş, dəfələrlə dələduzluq əməllərinə yol verməsi və sair cinayətlər törətməsi barədə fikirlər səsləndirilir.
Gununsesi.info hazırda ölkə xaricinə qaçdığı deyilən David Selivestrovdan bu ittihamlara münsibət öyrənib.
–Sizə necə müraciət edək: Kazım Abbasov, yoxsa David Selivestrov?
– Mənim adım David, soyadım isə Selivestovdur.
– Ad-soyadınızı niyə dəyişmisiniz? Əvvəllər dələduzluq cinayətlərində ittiham olunmağınızın burada rolu var?
– David Seliverstov illərdir ictimai fəaliyyətdə tanındığım addır. Seliverstov anamın rəsmi soyadıdır. Uşaqlıqdan ana tərəfimdə məni bu ad və soyadla çağırıblar. Mən bu addan heç vaxt kiminsə şəxsiyyətini mənimsəmək, dövlət orqanlarını aldatmaq və ya qanunsuz maddi mənfəət əldə etmək məqsədilə istifadə etməmişəm. Rəsmi münasibətlərdə qanunvericiliyin tələb etdiyi şəxsiyyət məlumatlarımı təqdim etmişəm. Dələduzluqla bağlı yayılan iddialara gəlincə, bu qədər ağır ittihamlar ümumi ifadələrlə deyil, konkret sübutlarla əsaslandırılmalıdır. Kimi aldatmışam? Kimdən, nə zaman və hansı yolla pul almışam? Bunu təsdiq edən şikayət, müqavilə, qəbz, bank əməliyyatı və ya qanuni qüvvəyə minmiş məhkəmə hökmü varmı? Xüsusilə səsləndirilən 90 min dollar iddiasına aydınlıq gətirilməlidir. Həmin pulu guya kim verib? Harada və nə vaxt verib? Hansı məqsədlə verib? Bu iddianı təsdiqləyən bank köçürməsi, qəbz, müqavilə və ya başqa mötəbər sübut varmı? Belə sübutlar mövcuddursa, ictimaiyyətə və hüquq-mühafizə orqanlarına təqdim edilsin. Yoxdursa, insanı mediada dələduz kimi təqdim etmək həm hüquqa, həm də jurnalist etikasına ziddir. Dələduzluq niyyətinin əsasını, adətən, qanunsuz maddi mənfəət əldə etmək və şəxsi varlanma məqsədi təşkil edir. Belə niyyətdə olan insan yalnız öz qazancını və daha çox pul əldə etməyi düşünür. Mənim son dörd ildə həyata keçirdiyim və sənədlərlə təsdiq oluna bilən fəaliyyət isə tamam fərqli məqsədlərə xidmət edib. Bu müddətdə Azərbaycan–İsrail dostluğu, Qafqaz xalqları arasında həmrəylik, xeyriyyə tədbirləri və sosial məsuliyyət layihələri üçün şəxsi imkanlarımdan vəsait sərf etmişəm.
Haqqımda səsləndirilən 90 min dollar iddiasındakı məbləğdən də artıq vəsait müxtəlif xeyriyyə aksiyalarına, sosial layihələrə və ictimai təşəbbüslərə yönəldilib. Bunlar gizli fəaliyyət olmayıb. Keçirilmiş tədbirlər, edilmiş yardımlar, maliyyə sənədləri, köçürmələr, foto və videomateriallar vasitəsilə həmin fəaliyyətin yoxlanılması mümkündür. Əlbəttə, xeyriyyə fəaliyyəti öz-özlüyündə hər hansı hüquqi ittihamı avtomatik olaraq aradan qaldırmır. Lakin şəxsin niyyəti, həyat tərzi və fəaliyyətinin ümumi istiqaməti qiymətləndirilərkən bu faktlar da nəzərə alınmalıdır. Əgər mənim məqsədim qanunsuz yolla varlanmaq olsaydı, illər ərzində şəxsi vəsaitimi sosial, humanitar və xeyriyyə təşəbbüslərinə sərf etməyimin məntiqi izahı olmazdı. Mən öz fəaliyyətimi yoxlamaqdan yayınmıram. Xeyriyyə və sosial layihələrim araşdırıla bildiyi kimi, mənə qarşı səsləndirilən 90 min dollar iddiası da eyni ciddiliklə araşdırılmalıdır. Mən öz fəaliyyətimlə bağlı sənədləri təqdim etməyə hazıram. İttiham irəli sürən tərəf də öz sözlərini sənədlərlə və konkret faktlarla sübut etməlidir.
-Keçmişdə mühakimə olunmağınız faktı var…
-İnsanın keçmişi haqqında məlumatların yayılması onu bu gün yeni cinayət törətmiş şəxs kimi təqdim etməyə əsas vermir. Məhkumluq qanunla ödənilib və ya məhkəmə qərarı ilə götürülübsə, bu hüquqi vəziyyət də dürüst şəkildə göstərilməlidir. Heç kəs qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan təqsirli elan edilə bilməz.
– Heç bir cinayət törətmədinizi bəyan edirsiniz. Elə isə Azərbaycanı niyə tərk etmisiniz?
-Mən Azərbaycanı qaçaraq tərk etməmişəm. Səfərim əvvəlcədən planlaşdırılıb və daxil olduğum birlik tərəfindən göndərilən rəsmi dəvət əsasında baş tutub. Həmin dəvət 20 iyul 2026-cı il tarixində göndərilib. Mənə qarşı mediada qarayaxma kampaniyası isə avqustun 5-dən sonra başlayıb. Tarixlərin özü göstərir ki, səfərimin sonradan yayılan ittihamlardan qaçmaq və ya hər hansı məsuliyyətdən yayınmaq məqsədilə həyata keçirildiyini söyləmək həqiqətə uyğun deyil.
Zərurət yaranarsa, rəsmi dəvəti və səfərimin əsaslarını təsdiq edən sənədləri təqdim etməyə hazıram. Mənim mövqeyim əvvəldən aydın olub: Müdafiə Nazirliyinin büdcəsindən mənimsənildiyi məhkəmə hökmləri ilə müəyyən edilmiş vəsaitlər son qəpiyinədək dövlətə qaytarılmalıdır. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə ordunun təminatı üçün ayrılmış vəsait adi pul deyil. Bu, əsgərimizin təminatı, şəhid ailələrinin haqqı və xalqın dövlətə olan etimadıdır. Bu mövqeyimi ifadə etdikdən sonra haqqımda kampaniyanın başlanması xronoloji faktdır. Ancaq mən sübut olmadan konkret şəxsləri bu kampaniyanı təşkil etməkdə ittiham etmirəm. Belə bir əlaqə varsa, onu yalnız obyektiv araşdırma və mötəbər sübutlar müəyyən edə bilər.
– Bəzi təqdimatlarda özünüzü həm də hüquq müdafiəçisi kimi təqdim etmisiniz. Hüquq müdafiəçisi olaraq, bugün Avropa Şurasının, yaxud da beynəlxalq hüquq müdafiə təşkilatlarının siyahısında olan həbsdəki hansısa jurnalistin, yaxud da ictimai fəalların hüquqlarının qorunmasında iştirak etmisiniz?
– Mən özümə titul verməmişəm. Qafqaz Yəhudi Birliyi tərəfindən hüquq müdafiəçisi seçilmişəm. Fəaliyyətimi Azərbaycan–İsrail münasibətləri, Qafqazda xalqlar və dinlər arasında həmrəylik, xeyriyyəçilik, insan ləyaqətinin qorunması və dövlətimizin qanuni maraqlarının müdafiəsi istiqamətində qurmuşam. Hüquq müdafiəçisi olmaq yalnız Avropa Şurasının və ya hansısa beynəlxalq təşkilatın siyahısında olan şəxsləri müdafiə etməklə ölçülmür. Mən etmədiyim işi özümə aid edə bilmərəm. Həmin siyahılarda adı olan konkret şəxsləri müdafiə etməmişəmsə, bunu açıq şəkildə deyirəm. Mənim fəaliyyətimin öz istiqaməti, mövqeyi və real nəticələri var. Son dörd ildə fərdi müraciətlərə hüquqi və ictimai dəstək göstərmiş, xeyriyyə aksiyalarında iştirak etmiş, Azərbaycan–İsrail dostluğunun və Qafqazda xalqlararası həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən təşəbbüslər irəli sürmüşəm. Dövlətimizə qarşı əsassız kampaniyalar aparıldıqda ictimai və hüquqi mövqe bildirmişəm. Bütün bunları görüşlər, tədbirlər, müraciətlər, paylaşımlar, foto və videomateriallar vasitəsilə təsdiqləmək mümkündür. Dövlətimizə qarşı qərəzli mövqe tutan və insan hüquqlarını siyasi təzyiq vasitəsinə çevirən beynəlxalq təşkilatlara inamım yoxdur. İnsan hüquqlarının müdafiəsi adı altında Azərbaycan əleyhinə birtərəfli təbliğat aparılmasını qəbul etmirəm. Mənim belə təşkilatlara nə müraciət etmək, nə onlardan müdafiə istəmək, nə də onlara sığınmaq fikrim var. Öz hüquqlarımı Azərbaycan Respublikasının qanunları çərçivəsində, ölkəmin məhkəmələri və səlahiyyətli dövlət qurumları vasitəsilə müdafiə edəcəyəm. Mən siyasətçi deyiləm. Mən hüquq müdafiəçisi, xeyriyyəçi və iş adamıyam. Mənim fəaliyyətim dövlətimə qarşı deyil. Mən qanunun aliliyini, insan ləyaqətini, Azərbaycanın dövlət maraqlarını və Azərbaycan–İsrail dostluğunu müdafiə edirəm. Heç kimdən məni tənqid etməməyi istəmirəm. Sual verilsin, araşdırma aparılsın və sənədlər yoxlanılsın. Amma iddia fakt, şübhə isə hökm kimi təqdim edilməsin. Hüquqi dövlətdə insanın təqsiri media başlığı və ya kiminsə şəxsi mülahizəsi ilə deyil, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunur.
– Azərbaycana nə zaman qayıdırsınız?
-Əlbəttə ki, ölkəmə qayıtmağı planlaşdırıram. Azərbaycan mənim ölkəm, doğma Vətənimdir və başımı dik tutaraq, qanuni və açıq şəkildə Azərbaycana qayıdacağam.

Gununsesi.info

“Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL


Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yaşayan İlkin Hümmətov binanın zirzəmisində aparıldığı iddia edilən işlərdən şikayətçidir.

Bununla bağlı Manset.az-a müraciət edən şikayətçi bildirir ki, 6 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən mənzilinin birbaşa altındakı zirzəmi hazırda qanunsuz işlər görülür. Onun sözlərinə görə, hündürlüyü təxminən 60-70 santimetr olan həmin sahənin hazırda obyektə çevrilməsinə cəhd edilir.

İlkin Hümmətovun iddiasına görə, MTK və Hakim adlı şəxs birləşərək zirzəmini qanunsuz şəkildə kommersiya obyektinə çevirmək üçün binanın alt hissəsində qazıntı işləri aparıb, hətta giriş-çıxış qapısı da qoyublar.

Sakin bildirir ki, qazıntı zamanı onun mənzilinə aid kommunal xətlərə böyük ziyan dəyib. Onun sözlərinə görə, aparılan işlər nəticəsində binanın konstruksiyasının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaranıb.

Şikayətçi hesab edir ki, görülən işlər yalnız onun mənzilinə deyil, bütövlükdə binada yaşayan sakinlərə təhlükə yarada bilər.

“Binada yüzlərlə sakin yaşayır. Binanın altının qazılması nəticəsində mənzilimin uçma təhlükəsi yaranıb. Burada söhbət təkcə mənim əmlakımdan getmir, yüzlərlə insanın həyatından gedir”, – deyə İlkin Hümmətov bildirib.(Manset.az)

Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Bu gün Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları əməkdaşlarının peşə bayramıdır.

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür.

Hazırda milli sərhəd mühafizəsi ənənələrini qoruyaraq inkişaf etdirən Dövlət Sərhəd Xidməti (DSX) keçmişinə hörmətlə yanaşır, əldə etdiyi nailiyyətlərlə qürur duyur və gələcəyə böyük inamla addımlayır.

Azərbaycan Sərhəd Mühafizəsi 1919-cu il avqustun 18-də yaradılıb. Həmin tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin "Sərhədlərin mühafizəsi haqqında" Qanunu qəbul etməsi milli sərhəd mühafizəsinin hüquqi əsasını formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncama əsasən, hər il avqustun 18-i sərhədçilərin peşə bayramı kimi qeyd olunur.

Sovet İttifaqı dövründə Sərhəd Xidməti Dövlət Təhlükəsizlik Komitəsinin tərkibində fəaliyyət göstərib. Müstəqilliyin bərpasından sonra isə Azərbaycan sərhədlərinin mühafizəsinin yenidən qurulması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Üçrəngli Azərbaycan Bayrağının Silahlı Qüvvələrdə ilk dəfə 1992-ci il avqustun 22-də Naxçıvan Sərhəd Dəstəsində qaldırılması da milli sərhəd mühafizəsinin tarixində mühüm hadisələrdən biri olub.

Sərhədlərdə ilkin zəruri infrastrukturun yaradılmasından tutmuş DSX-nin təşkilinə qədər mühüm proseslər müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. 2002-ci ildə DSX-nin yaradılması dövlət sərhədlərinin etibarlı mühafizəsinin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət daşıdığını bir daha nümayiş etdirib.

Sonrakı illərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində DSX-nin maddi-texniki imkanları əhəmiyyətli dərəcədə gücləndirilib. Yeni sərhəd dəstələri və zastavalar yaradılıb, ölkənin hava, quru və su sərhədlərinin etibarlı mühafizəsi təmin edilib.

Müasir texniki vasitələrin tətbiqi genişləndirilib, dəniz sərhədlərinin mühafizəsi sistemi və sərhəd aviasiyasının təşkili başa çatdırılıb.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, xidməti-döyüş imkanlarının artırılması, peşə hazırlığının yüksəldilməsi, yeni silah, texnika və avadanlıqlarla təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin DSX-nin Akademiyasının yaradılması haqqında Sərəncam imzalaması sərhədçi kadrların hazırlanması və sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından mühüm addım olub.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili və qonşu dövlətlərlə sərhədlərin delimitasiyası dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli sərhəd strategiyası sərhəd siyasətinin əsas prinsiplərini müəyyənləşdirib. Buna nümunə kimi 2018-ci ildə Qusar rayonunun Zuxul kəndi ərazisində, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasını göstərmək olar.

Son illərdə DSX-nin idarəetmə sistemi də müasir tələblərə uyğun şəkildə təkmilləşdirilib. Müasir radiorabitə və telekommunikasiya sistemlərindən istifadə genişləndirilib, sərhəd-buraxılış məntəqələrində nəzarətin təşkili beynəlxalq standartlara uyğunlaşdırılıb. Şəxsi heyət sərhəddən keçən şəxslər və nəqliyyat vasitələri üzərində etibarlı nəzarətin həyata keçirilməsi üçün müasir texniki vasitələrlə təmin edilib. Bütün sərhəd-keçid məntəqələrinin avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulması miqrasiya proseslərinə nəzarəti daha da gücləndirib.

DSX-nin şəxsi heyəti Vətən müharibəsində də böyük fədakarlıq və qəhrəmanlıq göstərib. 44 günlük müharibə zamanı qurumun qarşısında qoyulan döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün bütün qüvvə və vasitələr səfərbər edilib. DSX-nin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında xüsusi şücaət göstəriblər.

Müharibənin ilk günlərindən etibarən Azərbaycan sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək geniş ərazilərin azad olunmasında iştirak ediblər. Onlar 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücum həyata keçirərək düşmənə ciddi zərbələr endiriblər. Xudafərin körpüsündə və dövlət sərhədimiz boyunca Azərbaycan Bayrağı ucaldılıb, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər azad edilib.

DSX tərəfindən "Harop", "Quzğun" və "Hermes" pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hərbi texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri və digər vasitələri sıradan çıxarılıb, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib. Ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

Vətən müharibəsində 47 sərhədçi şəhid olub, 197 nəfər yaralanıb. Döyüşlər zamanı şəxsi igidlik və qəhrəmanlıq nümayiş etdirən 12 sərhədçi, onlardan 4-ü ölümündən sonra, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Bununla yanaşı, yüzlərlə sərhədçi müxtəlif orden və medallarla təltif olunub.

Vətən müharibəsindən sonrakı dövrdə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı da Azərbaycan sərhədçiləri düşmənə layiqli cavab verərək, ayıq-sayıqlıq və yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Ölkəmizin ərazi bütövlüyü təmin olunduqdan və Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra həmin ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturu yaradılıb, yeni hərbi hissələr fəaliyyətə başlayıb.

Ötən il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda DSX-nin 2 kolondan ibarət parad heyəti "Vətən Müharibəsi Qəhrəmanı" general-leytenant İlham Mehdiyevin rəhbərliyi ilə mətin addımlarla tribunanın önündən keçiblər. DSX-nin Sahil Mühafizəsinin döyüş gəmiləri və katerləri Hərbi parad üçün Xəzər dənizinin sahil sularında yüksək döyüş hazırlığı nümayiş etdirib, daha sonra hərbi texnikaların keçidində iştirak edib.

Bu gün Azərbaycan Sərhəd Mühafizəsi şəxsi heyətinin peşəkarlığı, müasir silah və hərbi texnika ilə təchizatı, eləcə də xidməti-döyüş fəaliyyəti göstəricilərinə görə yalnız regionda deyil, Avropa miqyasında da aparıcı mövqelərdən birini tutur.

Bütün bunlar göstərir ki, Azərbaycan dövləti sərhədlərinin etibarlı mühafizəsini təmin etmək üçün güclü və peşəkar sərhəd mühafizə sisteminə malikdir. Azərbaycan sərhədçiləri isə Vətənin sərhədlərini qorumaq kimi şərəfli və məsuliyyətli vəzifəni layiqincə yerinə yetirirlər.

Qazax-Bakı qatarında təhlükəli anlar: Pəncərə çatlayıb - VİDEO


Qazaxdan Bakıya hərəkət edən sürət qatarında sərnişinlər qorxu dolu anlar yaşayıblar.
Hadisə şahidlərinin 32gun.az-a verdiyi məlumata görə, 3-cü vaqonda hərəkət zamanı pəncərənin şüşəsinin çat olduğu diqqət çəkib.

Görüntülərdən də aydın görünür ki, çat bir nöqtədən kənara doğru yayılaraq ciddi risk yaradır. Sərnişinlərin sözlərinə görə, vəziyyətə baxmayaraq şüşə dəyişdirilməyib və qatar bu şəkildə yoluna davam edib.
Bu vəziyyət vaqondakı sərnişinlər üçün narahatlıq yaradıb.(32gun.az)

“Pilgrim Edu” abituriyentləri aldadır? — Xaricdə təhsil vədi, ödənişlər və saxta sənəd iddiaları


7NEWS.az xəbər verir ki, sosial şəbəkələrdə "Pilgrim Edu” adlı şirkətlə bağlı ciddi iddialar səsləndirilib.
Paylaşımda bildirilir ki, şirkət tələbələrə xaricdə təhsil almaq vədi verərək onlardan ödənişlər alıb. Lakin iddia olunur ki, ödənişlərdən sonra tələbələrin işləri ilə bağlı heç bir irəliləyiş və nəticə əldə olunmayıb.
Şikayət müəllifi həmçinin saxta sənədlər təqdim edilməklə tələbələrin vaxtının uzadıldığını və ödənişlərin mənimsənildiyini iddia edir.
Paylaşımda qeyd olunur ki, məsələ ilə bağlı hələlik hər hansı tədbir görülməyib və hüquq-mühafizə orqanlarının məsələyə müdaxilə edərək tələbələrə köməklik göstərəcəyi gözlənilir.
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Video BURADA: baxmaq üçün tıklayın... https://www.instagram.com/reels/DcJQPRKMUS6/
7NEWS.az

“Universal Hospital”da sertifikatsız həkim - yeni faktlar


Son zamanlar ölkəmizdə qanunsuz fəaliyyət göstərən həkimlərin sayı durmadan artır. Bakıda göbələk kimi artan klinikalarda qanunsuz fəaliyyət göstərən “həkim”lərin qurbanları da günbə-gün artır. Hər gün hansısa klinikada həkim səhlənkarlığının qurbanı barədə məlumat yayılıb. Son illər ərzində bu sahəyə diqqətin bir qədər artırılması müəyyən mənada həkim səhlənkarlığının azalmasına səbəb olub. Amma yenə qanunsuz fəaliyyət göstərən həkimlər var və onların qurbanları da sözsüz olur.

Vətəninfo.az xəbər saytının 07.08.2026-cı il tarixdə yayımladığı “Qanunsuz cərrahiyyə təhlükəsi: ‘Universal Hospital’da sertifikatsız həkim” başlıqlı tənqidi yazısından sonra redaksiya ölkədə estetik cərrahiyyə sahəsində hökm sürən qanunsuzluqları araşdırmaq qərarına gəlib. Aparılan ilkin araşdırmalar zamanı çoxsaylı qanun pozuntuları ortaya çıxıb.

Əldə edilən məlumatlara əsasən, əvvəllər “Laser Beauty Clinic”də fəaliyyət göstərən, hal hazırda isə “Universal Hospital”-da estetik cərrah kimi çalışan Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsinin qanuna zidd olduğu aşkar olunub.

Qanuna görə Natavan Əmirovanın estetik cərrah kimi fəaliyyət göstərməsi qanunla cinayətdir. Həmçinin onun estetik cərrah kimi açlışması, pasiyent qəbul etməsi birbaşa qanunvericiliyin pozulmasıdır.

Məsələnin rəsmi tərəfini dəqiqləşdirmək məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) ilə əlaqə saxladıq. Qurumdan Vətəninfo.az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səhiyyə Nazirliyinin rəsmi saytında estetik əməliyyatların keçirilməsi üçün müvafiq sertifikasiyadan keçmiş həkimlərin siyahısı açıq şəkildə yerləşdirilib: “Əgər həmin şəxsin adı rəsmi siyahıda yoxdursa, deməli, onun hər hansı tibb müəssisəsində, o cümlədən ‘Universal Hospital’da bu istiqamətdə fəaliyyəti tamamilə qanunsuzdur”.

Məqalə işıq üzü görəndən sonra müxtəlif mənbələrdən redaksiyaya daxil olan məlumatlarda iddia edilir ki, yayılan bu tənqidi xəbərlərdən ciddi şəkildə təşvişə düşən Natavan Əmirova media qurumunun rəhbərliyini hədəfə alıb və nəyin bahasına olursa-olsun yazını yayan redaksiyanı cəzalandırmağa çalışır.

Məsələ ilə bağlı Vətəninfo.az saytının baş redaktoru Nahid Canbaxışlı açıqlama verərək bildirib ki, qarşı tərəfə yaxın şəxslər vasitəsilə ona qarşı açıq təhdidlər səsləndirilib: “Birbaşa mənə hələ ki, zəng edən olmayıb, lakin yaxından tanıdığım bir şəxsə çıxaraq məni öldürəcəklərini bildirib və hədə-qorxu gəliblər. Biz KİV haqqında qanuna istinadən cəmiyyəti maraqlandıran, ictimai təhlükə doğuran məlumat yaymışıq. Əgər Natavan xanım estetik və plastik cərrahlıqla qanunsuz şəkildə məşğuldursa, bu, bizim yox, qanunları pozanların günahıdır. Buna görə də geri çəkilməyəcək, məsələni sonuna qədər araşdıracağıq”.

Ən təəssüf doğuran məqamlardan biri odur ki, qaldırılan ciddi ittihamlara baxmayaraq, Natavan Əmirova bu gün də “Universal Hospital”da fəaliyyətini davam etdirir. Hospital rəhbərliyinin hansı səbəblərdən və hansı maraqlardan irəli gələrək bu qanunsuzluğa göz yumması hələ də sual altındadır.

Redaksiya olaraq məsələyə aydınlıq gətirmək üçün yenidən “Universal Hospital” ilə əlaqə saxlasaq da, qarşı tərəfdən yalnız Natavan Əmirovanın köməkçisinin nömrəsi təqdim olunub və qəbula düşmək, yaxud növbəyə yazılmaq üçün məhz həmin şəxslə əlaqə saxlanılması tövsiyə edilib. Bu isə xəstəxana rəhbərliyinin ictimaiyyəti haqlı olaraq narahat edən suallardan yayındığını açıq şəkildə göstərir.

Vətəninfo.az olaraq vətəndaşların sağlamlığını təhlükəyə atan qanunsuz estetik fəaliyyətləri nəzarətdə saxlayacaq və müvafiq dövlət qurumlarının bu məsələyə hüquqi qiymət verməsi üçün təhqiqatları davam etdirəcəyik.(Vətəninfo.az )


Səfalı MTK ilə bağlı növbəti qalmaqal: Bu binada sakinlər qorxu içindədir -ŞİKAYƏT


Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina sakinlərinin narazılığına səbəb olub.
Yenixeberorg.com: Şikayətçilərin bildirdiyinə görə, sözügedən obyekt “Bazarstore” mağazasına məxsusdur.
Sakinlər deyirlər ki, mağazanın yaşayış binalarının düz ortasında yerləşməsi fövqəladə hadisə zamanı ciddi təhlükə yarada bilər. Onların sözlərinə görə, yanğın baş verəcəyi təqdirdə yanğınsöndürmə və digər xüsusi texnikanın əraziyə daxil olması mümkünsüzləşəcək.
Onlar aidiyyəti qurumlardan problemin araşdırılmasını istəyiblər.
Məsələ ilə bağlı “Səfalı Ticarət Mərkəzi” ASC ilə əlaqə saxlamaq mümkün olmadı. ASC-nin internetdə rəsmi saytı və əlaqə nömrəsi yoxdur.
“Bazarstore” isə məsələyə münasibət bildirməkdən imtina etdi.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ qurumun səlahiyyətlərinə aid deyil.
Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən “Bakupost”a bildirildi ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına uyğun olaraq 30 dekabr 2019-cu il tarixində “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən inşa olunmuş 4 girişli 12 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə aktı rəsmiləşdirilib:
FHN-dən həmçinin qeyd olunub ki, sözügedən ünvanda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sonuncu dəfə 2026-cı ilin aprel ayında keçirilən yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktları aşkarlanıb.
“Qeyd olunan pozuntularla bağlı binanın yanğın təhlükəsizliyinə cavabdeh şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub”, - deyə Nazirlikdən bildirilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə bildirilib ki, sözügedən yaşayış kompleksi üzrə layihə sənədləri Komitə tərəfindən razılaşdırılmayıb.
Qurumun açıqlamasında qeyd olunub ki, yaşayış kompleksinin tikintisi Komitəyə layihə sənədlərinin razılaşdırılması və tikintiyə icazələrin verilməsi ilə bağlı səlahiyyətlər həvalə edilməzdən əvvəl həyata keçirilib:
“Qeyd olunan səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.
Bu səbəbdən sorğunuzda qeyd olunan layihə sənədlərinin razılaşdırılması, tikintiyə icazənin verilməsi, habelə obyektin tikintisi dövründə qüvvədə olmuş normativ tələblərə uyğunluğu ilə bağlı həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirmiş aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməyiniz məqsədəuyğundur”.
Qeyd edək ki, “Səfalı” MTK ilə bağlı müxtəlif vaxtlarda mediada bir sıra iddialar dərc olunub. Həmin materiallarda tikinti qaydalarına əməl edilməməsi, işçilərin əmək hüquqlarının pozulması, əmək müqaviləsi olmadan işə cəlb edilmə və vergi pozuntuları ilə bağlı iddialar yer alıb.
Bu ilin fevral ayında isə “Səfalı” MTK-dan mənzil alan sakinlərin binanın idarə olunması ilə bağlı problemlərdən şikayət etdiyi barədə məlumatlar yayılıb.
Lalə Novruz,
BakuPost

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56