Binəqədi rəsmən SAHİBSİZ QALIB... - NARAZILIQ VAR...


Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması fonda, Binəqədi rayonunda icra olunan şəhərsalma "layihələri" özünəməxsusluğu ilə seçilir. Son illər rayondakı müxtəlif obyektlərdə aparılan qanunsuz artırma və yenidənqurma işləri artıq adi hal alıb. Mövcud tikililərin üzərinə əlavə konstruksiyaların quraşdırılması, obyekt sahələrinin faktiki genişləndirilməsi və yaşıl zonaların obyektlərə çevrilməsi Binəqədi mənzərəsinin ayrılmaz tərkib hissəsidir.
​Bu günlərdə çəkilən son görüntülər də dediklərimizə əyani sübutdur.
​Məmməd Səid Ordubadi küçəsində nə baş verir?
​Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən böyük bir qeyri-yaşayış obyektinin damında iri metal konstruksiyalardan ibarət yeni tikinti işləri aparılır. Görüntülərdən bəlli olur ki, konstruksiya kifayət qədər böyük sahəni əhatə edir.
​Təbii ki, ortaya məntiqi sual çıxır: Bu nədir – adi təmir, yoxsa obyektin faktiki genişləndirilməsi?
​İkinci ehtimal reallığa daha yaxın olsa da, görünür, rayon rəhbərliyi bunu “vətəndaş məmnuniyyəti” kimi qələmə almağa üstünlük verir. Ümumiyyətlə, Binəqədi rayonunda bu cür özbaşına artırmalarla bağlı müzakirələr və videoçəkilişlər yeni deyil, lokal icra hakimiyyəti isə prosesi sadəcə seyr etməklə kifayətlənir.
​Bəs Binəqədidə qanunsuz tikinti aparmaq niyə bu kadar asanlaşıb? “Vətəndaş məmnuniyyəti” anlayışı məmurlar üçün şəhərsalma məcəlləsindən və qanunlardan üstündürmü, yoxsa bu, shibkarları cəlb etməyin xüsusi “biznes modelidir”?
​Kadr dəyişikliyi və dəyişməyən "ənənə"
​Xatırladaq ki, Elxan Allahverdiyev 2018-ci ilin iyunundan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindədir. Hacıbaba Babayev isə 2022-ci ildə RİH başçısının müavini təyin edilib.
​İddialara görə, RİH-dəki kadr dəyişikliklərindən sonra rayonun müxtəlif ərazilərində tikinti və artırma işlərini "razılaşdırmaq" daha da asanlaşıb. Qəbul günlərində sıravi vətəndaşlar növbələrdə gözlədildiyi halda, imkanlı şəxslər və obyekt sahibləri üçün qapılar hər zaman açıqdır. Çünki sıravi vətəndaş problem, sosial qayğı və şikayət deməkdir; sahibkar isə "xeyir verməyə", binaların üzərində obyekt ucaltmağa, ağacları kəsdirməyə və bu kimi "layihələri" reallaşdırmağa gəlir.
​Görünür, rayon rəhbərliyi üçün şəhərsalma normasından daha vacib prinsip var: “Alan razı, satan razı”.
​Mövcud binanın üzərinə əlavə konstruksiya quraşdırılırsa, obyektin həcm-fəza həlli və fasadı köklü şəkildə dəyişirsə, burada sənəd, memar layihəsi, Dövlət Şəhərsalma və Memarlıq Komitəsinin rəyi nəyə lazımdır ki? Belə çıxır ki, rəsmi icazələr, çıxarışlar və çertyojlar yalnız fərdi ev tikmək istəyən imkansız vətəndaşlar üçündür. Böyük obyekti olan biznesmen üçün isə qanunlar görünür arxa plana keçir...
​Binəqədi şəhərin ən böyük və sıx məskunlaşmış rayonlarından biridir. Belə bir ərazidə hər bir qanunsuz artırma, mərtəbə ucaldılması və ya fasad dəyişikliyi ümumi şəhərsalma mühitinə, eləcə də binanın təhlükəsizliyinə ciddi zərbə vurur.
​Əgər hər bir sahibkar öz obyektinin üstündə istədiyi konstruksiyanı ucalda biləcəksə, o zaman Şəhərsalma və Tikinti Məcəlləsi nəyə lazımdır? Suallar çoxdur, amma Binəqədi Rayon İcra Hakimiyyətindən adətən olduğu kimi bu suallara cavab verən tapılmayacaq.

Nyus.Az

Nazirlik “Bravo”dan 58 min manata 3 ədəd stend icarəyə götürəcək - DETALLAR


İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi “Bravo” supermarketlərinin sahibi olan “Azərbaycan Supermarket” MMC (VÖEN - 1403051411) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, nazirlik “Bravo”nun 3 ədəd satış nöqtəsində stend icarəyə götürəcək və qarşılığında 57 min 600 manat 33 qəpik ödəyəcək. İcarə müddəti 24 iyul – 21 dekabr tarixlərini əhatə edəcək.

Məhkəmə-Tibbi Ekspertizada “kreslo savaşı”: Cavid Cahangirov Ədalət Həsənovun postuna göz dikib?


Dövlət qurumlarında daxili çəkişmələr, vəzifə uğrunda gizli mübarizələr, təəssüf ki, təzə xəbər deyil. Lakin məsələ Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi kimi həssas bir qurumdan gedirsə, buradakı hər bir silkələnmə sıradan bir inzibati narazılıq çərçivəsindən çıxır, doğrudan da hüquq və ədalət sisteminə birbaşa təhlükəyə çevrilir.

Faktum.az-ın sosial mediadan əldə etdiyi məlumatlar Səhiyyə Nazirliyinin bu strateji qurumunda rəhbərlik postu uğrunda daxili mübarizənin artıq açıq müstəviyə keçdiyini göstərir. Birliyin baş direktoru, professor Ədalət Həsənov ilə Komisyon Ekspertizalar şöbəsinin rəisi Cavid Cahangirov arasında münasibətlərin kəskinləşdiyi, hətta C.Cahangirovun baş direktor kreslosuna oturmaq üçün müəyyən rıçaqlarını, qeyri-rəsmi imkanlarını və təsir rıçaqlarını işə saldığı iddia edilir.

Məhkəmə-tibbi ekspertiza elə bir sahədir ki, burada verilən tək bir rəy insanın taleyini həll edir — kimisə illərlə dəmir barmaqlıqlar arxasına göndərir, kiməsə isə bəraət qazandırır. İnsan həyatı, cinayət və mülki işlərin məğzi birbaşa bu divarlar arasında hazırlanan sənədlərdən asılıdır. Məhz buna görə də belə bir qurumun rəhbərliyi şəxsi ambisiyaların, qeyri-rəsmi lobbiçiliyin, “dayı-dayı” oyunlarının poliqonuna çevrilə bilməz.

Əgər bir dövlət strukturunda təyinatlar peşəkarlıq, obyektivlik və idarəçilik bacarığı ilə deyil, pərdəarxası əlaqələrlə müəyyən edilməyə çalışılırsa, orada ədalətli ekspertizadan danışmaq absurd olar. Vəzifəyə gəlmək üçün “əlindəki imkanları” işə salan kadr, sabah o vəzifədə oturduqdan sonra həmin imkanların hesabını necə ödəyəcək?

Bu gün Səhiyyə Nazirliyi susmamalı, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ətrafında dolaşan bu iddialara aydınlıq gətirməlidir.

Adı çəkilən tərəflərin və Səhiyyə Nazirliyinin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Faktum.az

Rusiyalı turistlərin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda MACƏRASI - "ÇYORT POBERİ"


Bakıya tətilə gələn Katya və Amid Xan bloqer cütlüyün istirahəti xoşagəlməz hadisə ilə başa çatıb.
Qadının iddiasına görə, onlar İçərişəhərdə gəzərkən ehtiyatsızlıq nəticəsində ayağı çuxura düşüb və o, yıxı!ıb. Gəzintisini davam etdirən qadının bir neçə saat sonra ayağında ş!ddətli ş!şkinlik və dözülməz ağr!lar yaranıb.
Bundan sonra cütlük Bakı şəhəri, Abbas Səhhət küçəsi 30 ünvanında yerləşən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib. Bloqerin sözlərinə görə, onu həkim Tariyel Əlibəyli qəbul edib.
Bloqer xəstəxanada yaşadıqlarını belə ifadə edib:
“Ayağım ş!şmişdi, hər addımım dözülməz ağrı ilə müşayiət olunurdu. Buna baxmayaraq, rentgen üçün məni küçədən keçərək qonşu binaya piyada getməyə məcbur etdilər. Nə əl arabası, nə əsa, nə də hərəkət etmək üçün hər hansı yardım təklif olundu. Sınmış ayaqla piyada addımlamaq məcburiyyətində qaldım.
Daha bir şok yaradan məqam rentgen otağında baş verdi. Mən Azərbaycan dilini bilmirəm, işçi isə mənə ayağımı necə qoymalı olduğumu izah etməyə çalışırdı. Tərcümə edə biləcək həyat yoldaşımı içəri buraxmadılar. Nə tələb olunduğunu sadəcə anlamırdım. Sakitcə göstərmək və ya jestlərlə izah etmək əvəzinə, s!nmış ayağımı tutub kobudcasına dartır və çevirirdilər”.
Bloqerin iddiasına əsasən, ona ödənişli tibbi xidmət göstərilib və müayinədən sonra ciddi problemin olmadığı, sadəcə zədələnmə və əz!lmə baş verdiyi bildirilib.
Onun sözlərinə görə, ayağına sarğı qoyulub, ağr!kəsici təyin edilib və evə buraxılıb. Bloqer bildirib ki, həkimlərin rəyinə güvənərək ayağına basıb hərəkət etməyə davam edib. Daha sonra hava limanına gedərək təyyarə ilə Rusiyaya qayıdıb. Onun iddiasına görə, uçuşdan əvvəlki gecə ş!ddətli ağr!lar səbəbindən ağlayıb və demək olar ki, yata bilməyib.
“Səhvlərin hər yerdə ola biləcəyini və bir hadisəyə əsasən ölkənin bütün səhiyyəsi haqqında mühakimə yürütməyin doğru olmadığını anlayıram. Lakin turist güclü ağrı və ş!şkin ayaqla gələndə rentgen edib "sönıq yoxdur" deyirlərsə, Rusiyada isə yerdəyişmə ilə müşayiət olunan s!nıq diaqnozu qoyulursa...
Biz tibbi yardım üçün ödəniş etdik və oradan bunun sıradan bir zədə olduğuna əminliklə ayrıldıq. Evə isə mən s!nıq ayaqla qayıtdım. Bu səbəbdən Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (Abbas Səhhət küçəsi, 30) müraciətimlə bağlı şəxsi təcrübəm, təəssüf ki, məhz belə oldu.
Özünüzü qoruyun!” - rusiyalı turist bildirib.
Baku Plyus. Az

Azərbaycanda Anım Günüdür

Azərbaycanda Anım Günüdür


Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 6 il ötür.

Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb.

Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib.

Həmvətənlərimizin bir çoxu şəhid olub, itkin düşüb, yaralanaraq sağlamlığını itirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər itkin düşmüş sayılır.

Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib.

Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir (Su Elektrik Stansiyası) və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonları ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub.

2020-ci il sentyabrın 27-də Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yerləşən, kənd sakini Qurbanov Elbrus İsa oğlunun evinə top mərmisinin düşməsi nəticəsində bir ailə - 5 nəfər tamamilə məhv olub.

Oktyabrın 4, 5, 8, 11 və 17-də raket və ağır artilleriya hücumları nəticəsində Gəncə şəhərində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Ermənistan silahlı qüvvələrinin raket və ağır artilleriya hücumları nəticəsində Bərdə rayonunda 29 nəfər həlak olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektləri, nəqliyyat vasitələri külli miqdarda ziyan görüb.

Ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

2020-ci ilin 27 sentyabr - 10 noyabr müddətində Ermənistan həm döyüş meydanında, həm də münaqişə zonasından kənarda yerləşən Tərtər, Ağcabədi və Goranboy rayonlarını qadağan edilmiş və son dərəcə təhlükəli olan fosfor bombalarından 5 dəfə istifadə etməklə müxtəlif vaxtlarda atəşə tutub.

Oktyabrın 8-i, noyabrın 3, 4 və 8-də Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində, habelə Ermənistan Respublikasının ərazisində yerləşən hərbi birləşmələrinə rəhbərlik edən şəxslər və onların yaratdığı cinayətkar birliklər “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq genişmiqyaslı dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə etməklə mülki əhalinin və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərin sıx yaşadıqları Füzuli, Tərtər rayonları ərazilərində yerləşən yaşayış məntəqələrinə, habelə BMT-nin “Bioloji müxtəliflik haqqında” Konvensiyasının əsas təməl prinsiplərini pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq, insanları qəsdən öldürmək məqsədilə Füzuli rayonunun Arayatlı, Alxanlı, Tərtər rayonunun Səhləbad kəndinə və Şuşa şəhərinin ərazisində yerləşən Azərbaycan Respublikasının təbii sərvəti hesab edilən qiymətli və çoxillik ağacları olan meşələrə hər birinin içərisində 3,6 kiloqram P-4 kimyəvi tərkibli (ağ fosfor) olan D-4 tipli 122 millimetrlik ən azı 6 top mərmiləri ilə atəş açaraq həmin ərazilərdə yerləşən təbii sərvətləri qəsdən yandırmaqla xüsusilə külli miqdarda ziyan vurub, Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə planlaşdırılıb və aparılıb, habelə terrorçuluq cinayəti törədilib.

Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub.

Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi unikal əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib.

Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib.

Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilib.

Bəyanata əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 il idi.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradılıb.

Üçtərəfli Bəyanatda Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması da əksini tapıb.

Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Azərbaycan bu üç rayonların işğaldan azad edilməsinə heç bir itki vermədən nail olub.

Bundan başqa, 2022-ci ilin avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb.

Eyni zamanda, 2023-cü ilin aprelin 23-də ərazi bütövlüyümüz tam bərpa edilib. Belə ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd buraxılış məntəqəsi yaradılıb. 2023-cü il sentyabrın 20-də isə Azərbaycan öz suverenliyini tam bərpa edib. 24 saatdan da az müddətdə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim olub, Azərbaycanın şərtlərini qəbul edib və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Antiterror tədbirlərinin məntiqi nəticəsi olaraq Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memoranduma əsasən, Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi 2024-cü il aprelin 26-dan etibarən fəaliyyətini dayandırıb. Rusiya Sülhməramlı Kontingenti isə Azərbaycanı tam tərk edib.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Anım Günü kimi qeyd edilir.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.

“Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar


"Liv Bona Dea" və Mərkəzi Klinikanın tanınmış həkimləri Elbəyi Daşdəmirli və Yasin Haxverdiyev "Sabah"ın baş məşqçisi Valdas Dambrauskası ələ salıb.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu litvalı mütəxəssisin müayinə üçün "Liv Bona Dea"ya müraciət etməsindən sonra baş verib.

Belə ki, həmin özəl klinikada çalışan Elbəyi Daşdəmirli məşqçi ilə şəkil çəkdirib və onu öz sosial şəbəkə hesabında paylaşıb.

Bu zaman həmin fotoya Yasin Haxverdiyev "Noyabrda məşhur alman uroloqu Hans Flick Bakıda prostat müayinəsi icra edəcəkmiş bu müəllimi deyirlər..." şərhini yazıb.

Mərkəzi Klinika həkiminin "Barselona"nın baş məşqçisini və Bakıda Kataloniya klubu ilə oyuna işarə etdiyi şərhə Dambrauskasın həkimi Elbəyi Daşdəmirli belə cavab verib:

"Elə həmin oyuna hazırlayıram".

Tanınmış həkimlərin pasiyenti bu formada müzakirə etməsi birmənalı qarşılanmayıb və bu, etik hesab olunmayıb.

Bakıda direktora etiraz edən şagirdlər dərsə getmədi - TƏFƏRRÜAT


Bakının Xətai rayonunda yerləşən 48 saylı tam orta məktəbin 5-ci sinif şagirdləri etiraz əlaməti olaraq bu gün dərsə getməyiblər.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna direktor Aynurə Bağırovanın qərarı səbəb olub.

Belə ki, direktor 5A sinfinin riyaziyyat müəllimi Araz Quliyevi başqa bir müəllimlə əvəz edib. Şagirdlər isə onların müəlliminin əvəzlənməsinə bu formada etiraz ediblər.

Məlumata görə, valideynlərin direktorla bugünkü söhbəti, əvvəlki müəllimin geri qaytarılması ilə bağlı xahişi nəticəsiz qalıb.

Qeyd edək ki, adıçəkilən direktor 2022-ci ildə şiddətli töhmət alması ilə gündəmə gəlmişdi. Buna səbəb sinif otağında şagirdlərin pomidor-yumurta bişirmələrini özündə əks etdirən videogörüntülərin yayılması idi.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56