Sabiq deputat Əsabil Qasımovun tikinti şirkətinin inanılmaz fırıldaqları


Hakimlər keçmiş deputatın saxta məktubları ilə necə qanunsuz məhkəmə aktları «istehsal» ediblər?
(Əvvəli ötən yazıda)
«Təzadlar»ın Araşdırma Qrupu sabiq deputata məxsus tikinti şirkəti ilə bağlı inanılmaz faktları üzə çıxarıb. Təsəvvür edirsinizmi, “Azər-Tikinti-şirkəti» MMC-nin İH-nin sədri Mətin Əmiraslanov (keçmiş deputat Əsabil Qarakişi oğlu Qasımov cəmi 27-28 yaşı olan bu şəxsi özünün ən etibarlı adamı kimi yalnız sənədləri imzalamaq üçün istifadə edir) 21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinin şərtlərini kobud şəkildə pozaraq Dövlətin Sahibkarlıq Fondundan götürülmüş 2 (iki) milyon manat kreditinin təminatı üçün ipotekada yüklü olan 170m2 və 226m2 əmlakları girov saxlayanın- Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) və mülkiyyətçilərin razılığı olmadan 3-cü şəxslərə özbaşına satmışdır.
Bundan əlavə, “Azər-Tikinti şirkəti» MMC-nin rəhbəri, sabiq deputat Əsabil Qasımov  21.12.2018-ci il tarixli “Razılaşma” müqaviləsinə əsasən, 170m2 və 226m2– -cəmi 396m2 sahə üçün, müqavilə bağlamadan isə özbaşına uçurduqları 85 m2 obyektlə birlikdə yekun, cəmi: 481 m2 sahəni mənimsəmiş, bir sözlə, mülkiyyətçi, “Tovuz-Konyak” Evinin rəhbəri, ölkədə tanınmış iş adamı Naiq Məmmədhəsənovun əmlak hüquqlarını dolayı yollarla ələ keçirmiş, rəhbəri olduğu şirkətin fəaliyyətini iflic vəziyyətə salmışdır.
Ələ keçirilmiş əmlakların də\yərinə gəlincə, konkret olaraq Bakının ”28 May” ərazisində 1 m2 obyekt sahəsinin qiyməti bu gün əmlak bazarında ən azından 10 (on) min manatdan 17 min manatadək və daha çox qiymətləndirilir.
Əsabil Qasımovun Ramiləsi və saxta vədlər…
“Azər-Tikinti- şirkəti» MMC-nin rəhbərliyi  Nəsimi rayonu Azadlıq prospekti-42 ünvanındakı zirzəmi mərtəbəsindəki  85 m2 obyekti özbaşına uçurduğu üçün Nəsimi rayon Polis İdarəsində tədqiqat işləri başladıqdan sonra əl-ayağa düşən MMC rəhbərliyi başqa fəndə əl atır: mülkiyyətçiləri MMC-nın hüquqşunası Bağırova Ramilə Ramiz qızı iş saatından sonra satış ofisinə dəvət edir. Bu zaman o, mülkiyyətçilərə sülh təklif edir, yaranmış mübahisənin öz aralarında, yəni məhkəmədən kənar həll edilməsini bildirir. Əsabil Qasımovun qanunsuz hərəkətlərindən bezən qarşı tərəflər Ramilə Bağırovanın yağlı dilinə inanır(sonra məlum olacaq ki, aldanır), (170+2202+85 m2)=481m2 obyektin 1m2-nı ən aşağı qiymətə- 10 min manata alqı- satqı edilməsinə (481kvm. x 10 min)=4 milyon 810 min manata razılaşırlar. MMC-nın hüquqşunası Ramilə Bağırova fürsəti əldən vermir, mülkiyyətçiləri inandırır və söz verir ki, onlara həmin axşam 1 milyon 55 min manat avans veriləcək, qalan 4 milyon 810 min manat (4.810.000-1.055.000 azn =3.755.000 manat) pul isə səhər Bakıdakı 54 saylı notariusda alqı-satqı zamanı veriləcək!
Beləliklə, MMC-nın rəsmi nümayəndəsi Ramilə Bağırova bu dəfə yeni bir uydurmanı ortaya atır: səhər ödəniləcək məbləğin kassadan götürülməsi üçün mülkiyyətçiləri aldadaraq bildirir ki, götürülmüş vəsaitin qəbulu ilə bağlı bir neçə məzmunda ərizə və 17 ay MMC-nin mülkiyətçilərə ödəmədiyi kirayə haqqından imtinaya dair ərizə versinlər. Binəva mülkiyyətçilər Əsabil Qasımovun bu səlahiyyətlisinin yağlı dilinə və felinə yenə də inanır, 1.055.000 manat avans aldıqları və digər borclarla bağlı razılığa gəlirlər, 4.810.000-1.055.000=3.755.000 azn və avans verilən zaman sayılarkən əksik gəlmiş 50.000 azn=3.805.000 azn vəsaiti də səhər 12 aprel 2025-ci il tarixində 54 saylı notariusda, əmlakların sənədləşməsi zamanı təhvil alacaqlarını zənn edirlər.
Sən saydığını say, gör Əsabil Qasımov notariusda nə sayır…
Beləcə, atalar demiş, sən saydığını say, gör Əsabil Qasımov bu dəfə nə sayır: səhəri gün mülkiyyətçilər sevinc içində 54 saylı notariusda olurlar. Xeyli gözləyirlər, amma MMC-nın nə satış direktoru, nə də hüquqşünası Ramilə Bağırova gözə dəymir. Beləliklə, onlar vədlərinə xilaf çıxaraq notariusa gəlmirlər. Yenə də aldatma, kələk gəlmə!
***
…Mülkiyyətçilər MMC-nin nümayəndəsi Ramilə Bağırovaya zəng edirlər, qarşı tərəf yenə də aldatmaya üstünlük verir, bildirir ki, notariusa mütləq nümayəndə göndəriləcək, sadəcə, onun adına dediyi məzmunda ərizə yazılması, notariusda qeydiyyatdan keçirilməsi, sonra da razılaşmış məbləği dünənki qaydada ofisdən gəlib götürmələri lazımdır.
Necə deyərlər, yalançını son mənzilinə kimi! Mülkiyyətçilər qarşı tərəfin səmimiliyinə yenə də inanır, onların dedikləri məzmunda tərtib edilmiş ərizəni göndərdikləri nümayəndənin adına notariusda təsdiq etdirir, sonra isə dərhal “Azər-Tikinti” MMC-nın ofisinə-Əsabil Qasımovun hüzuruna gəlirlər.
Heç bilirsiz nə baş verir: o boyda sabiq deputat, ağsaqqal adam, sahibkar… gizlənir, yoxa çıxır. Bəs bir saat əvvəl verilən vəd, and, inam və etibar???
Mülkiyətçilər ofisdə heç kəsi- nə satış müdini, nə də nümayəndə Ramilə Bağırovanı orada görmürlər, edilən telefon zənginə də cavab verilmir, dəmir qapı onların üzünə bağlanır!
***
…Mubahisənin məhkəmədən kənar razılaşdırılmış şərtlərlə icrasının heç cürə mümkün olmadığını görən mülkiyyətçilər aldadıldıqlarına əmin olduqdan sonra 54 saylı notariusa verdikləri ərizələrin ləğvi ilə bağlı yazılı məktub təqdim edirlər. Həmçinin 51 min manat və 17 ay ödənilməyən kirayə haqqının da ödənilməsi, əmlakların təhvil verilməsi ilə bağlı yenidən məhkəməyə şikayət verirlər.
Kirayə haqqı ilə bağlı işə baxan Nəsimi rayon Məhkəməsinin hakimi Musayeva Vüsalə Vahid qızı İş№16(006)489-2025, 24.10.2025-ci il tarixli qərardadla ”Azər-Tikinti” MMC-nın 17 ay ödəmədiyi 51.000 manat kirayə haqqının ödənişi ilə bağlı MTT qərardadını qəbul edir. Qərardad icraya göndərilir…
Əsabil Qasımovun bank hesabına məhkəmə qərarı ilə həbs qoyulur…
Nəticədə, MMC-nin bank hesablarına 51 min manat kirayə haqqının ödənilməsi ilə bağlı həbs qoyulur. Bundan sonra «Azər-Tikinti» MTK həmin qərardan apellyasiya şikayəti verir. Bakı Apellyasiya Məhkəməsi keçmiş deputatın fırıldaqlarından xəbərdar olur və ədalətli qərar verir, 02.12.2025-ci il tarixli 16(103)-849/2025 saylı məhkəmə aktını qüvvədə saxlayır. Hansı ki, bu qərardaddan şikayət verilə bilməz.
***
Daha bir məhkəmə mübahisəsi: mülkiyyətçilərin şikayəti ilə əmlakların qaytarılması, dəymiş zərərin ödənilməsi ilə bağlı bu epizodla işə baxan Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyeva “Azər-Tikinti” MTK-ya mövcud vəziyyətlə bağlı sorğu göndərir. MTK-nın sədri Mətin Əmiraslanov da Əsabil Qasımovun yalanlarından dərs aldığı üçün yeni taktika seçir, o da keçir yalanlara və aldadılmalara. Onun imzası ilə məhkəmənin sorğusuna 14 avqust 2024-cü il tarixli məktub ilə yalandan cavab verir ki, guya təqdim edilən (eləcə də girov saxlayan Əmanətin Sıgortalanması Fonduna yazdığı rəsmi cavab məktubunda) və ipotekada olan mülklərin (170 2+226 m2 ) guya 21.12.2018-ci il tarixli “Azər-Tikinti” MTK-ilə bağlanmış “Razılaşma” müqaviləsinə görə götürülmüş öhdəlik tam icra edilib, müqavilədə göstərilən əmlakların 170 m2 qeyri- yaşayış, 226 m2 isə iki mənzilin hamsının tam təmirli olaraq mülkiyyətçilərə təhvil verilib(məktublar əlavə edilir).

Hakim də Əsabil Qasımovun yalanlarından «bəhrələndi» və…
Atalar deyib: «Sənə güvəndiyim dağlar, sənə də…» yalan yağarmış… Beləliklə, hakim Həbibə Miriyeva “Azər-Tikinti” MTK-nın bu məktublarını və 4.810.000 manata razılaşılmış mülklərin dəyərindən verilən cəmi 1.055.000 azn ödəniş aktını gözdən keçirir, sonra yerli baxış təyin edir, videoçəkiliş olunur və s. Bütün həngamə də bundan sonra baş verir: hakim 19 avqust 2024-cü ildə iş № e-2(006)-3149/2024-saylı yerli baxış aktı tərtib edir. Bu aktda yazılır ki, guya açarlar  mülkiyyətçilərə təhvil verilib, ardınca da hakim yerində baxışla bağlı audio-video baxış aktı əsasında iclas protokolu yazır. Təsəvvür edirsinizmi, sonradan məlum olur ki, iş protokolunda hakim Həbibə Miriyeva yerli baxış zamanı aparılmış video çəkiliş diskini dəyişdirib, yerinə heç bir görüntü olmayan boş disk qoyub.
Bu xanım hakimə yaraşan bir iş idimi? Qatığa necə qara demək olardı axı?!
Beləliklə, hakim heç bir araşdırma aparmadan:
–ikitərəflı qəbul-təmir aktı olmadan;
 -mənzillərin açarlarının daimi təhvil məqsədi ilə verildiyini təsdiq edən sənəd olmadan;
-əgər mənzillər MTK-nın məhkəməyə və girov saxlayan Əmanətlərin Sığortalanması Fonduna göndərdiyi rəsmi məktublarda göstərildiyi kimi mülkiyyətçilərə obyektlərin (170m2 və 226m2 ) tam təmirli təhvil verilmişdirsə, məhkəmə qərarları ilə 10.04.2023-cü il tarixli, №2(103)-423 saylı icra vərəqəsi ilə 170m2 qeyri-yaşayış üçün 14400 azn, 226m2 sahə üçün 9600 azn, cəmi- 24000 azn, 14.05.2024-cü il üçün № e-2(006)-2052/2024 saylı icra vərəqi ilə 170m2 və 226m2 obyektlər üçün 66.000 manat 24.10.2025-ci il tarixli № e-16(006)-489/2025 saylı icra vərəqəsi ilə 170m2 qeyri-yaşayış, 226 m2 mənzillər üçün cəmi 51.000 manat kirayə haqqı məcburi qaydada məhkəmə qərarları ilə nəyə görə məcburi tutularaq verildiyini də araşdırmadan;
-həmin əmlakları MTK-nın ilk gündən 3-cü şəxsə satıldğını araşdırmadan;
-hakimin özünün qərardadı ilə keçirilən ekspertiza rəylərinə qiymət verilmədən;
-məhkəmə iclas protokollarına düzəliş edilmədən;
-dövlətin güzəştli kreditinin təminatı kimi ipotekada olan əmlakları 170 m2 və 226 m2 girov saxlayanın yazılı razılığını və yüklülüyün ləğvi sənədi olmadan;
-hətta mülkiyyətçinin razılığı olmadan üçüncü şəxsə necə satıldığını araşdırmadan;
-MTK-nın sonradan istinad etdiyi təhvil-təslim aktı, açarların verilməsi və faktiki qəbul sübutları araşdırılmadan;
-MTK-nın müxtəlif tarixli bəyanatları dövlət reyestrləri ilə faktiki təhvil sənədləri ilə üzləşdirilmədən;
-61 ayda mülkiyyətçilərə dəymiş ziyanla bağlı verilən vəsatətləri araşdırmadan;
-işdə cinayət halı olması ilə bağlı AR. MPM-nın 265.4 maddəsi ilə bağlı mülkiyyətçinin verdiyi vəsatəti təmin etmədən;
-yerli baxış aktının audio-video kasetlərinin yerinə boş diskin qoyulmasının səbəbini izah etmədən;
-ödənilmiş dövlət rüsumunun doğruluğunu müəyyən etmədən- necə natamam, ziddiyətli, qərəzli qətnamə qəbul edə bilərdi??? Və edir də! Hakim mülkiyyətçilərin və girovsaxlayan Əmanətin Sığortalanması Fondunun iddialarını, verilmiş bütün vəsatətləri necə rədd edilə bilərdi??? Amma o, edir… Və ədalətsiz, qanunsuz qətnamə qəbul edir!


Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın şəxsi maraq zəminində çıxardığı qanunsuz qətnaməsi…
…Mülkiyyətçilər Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın şəxsi maraq zəmnində çıxardığı məlum natamam -alayarımçıq qətnaməsindən Bakı Apelliyasiya Məhkəməsinə şikayət göndərir və yuxarıda göstərilən bəndlər üzrə heç bir araşdırma aparılmayan halların araşdırılıb, Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın çıxardığı natamam qətnaməsinin bütövlükdə ləğv edilməsini xahiş edirlər.
Bakı Apelliyasiya Məhkəməsində işə baxan hakim Günay Axundova keçirdiyi elə birinci hazırlıq iclasında həmkarından geri qalmır, heç bir araşdırma aparmadan, beş dəqiqəlik müşavirə otağında dayanır, öz-özünə söhbət edir, mülkiyyətçilərin üzünə gülür, təbəssümlə onları seyr edir, sonra da məruzəçi hakim olaraq əvvəlcədən 2 saata hazırlanmalı şübhəli və natamam qətnamə layihəsini «məruzə edərək» (hansı ki, qətnamənin bu məruzəsini ən azı iki saata belə yazmaq mümkün deyildi, deməli, əvvəldən hazır imiş) mülkiyyətçilərin və Əmanətin Sığortalanması Fondunun şikayətlərini rədd edir.
Sözün bitdiyi yer: buna görədir ki, bəzən məhkəmələrimizi 8 KM kolxoz bazarına bənzədirlər!
Maraqlı haldır ki, hakim Günay Axundovanın çıxardığı qətnamədə göstərdiyi abzastlar üzrə bütün faktlar bir-biri ilə ziddiyyət yaradır, şikayətdə göstərilən faktların araşdırılmasına toxunulmur, hətta çıxardığı qərəzli və natamam qətnaməsinin 34-cü səhifəsinin 81-ci abzasında göstərir ki, «Qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin(hakim Fuad Talışınski) 2(103)-425-2023 saylı, 1-04.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilmiş alqı-satqı zamanı(zirzəmi mərtəbəsindəki 85 kvm. sahənin) mülkiyyətçisi məhz bu zirzəminin bir hissəsinin satıcıya təhvil verilməsi, daşınmaz əmlakın satış anına məhz qiymətinin iddia edilən dəyərdə olması sübuta yetirilməmiş, əksinə, əmlakın vahid əmlak olması, yəni 155,7 kvm. olması və qiymətlərin bu nisbətindən məhz vahid əmlak kimi satılaraq əmlakın satıcının sahibinə verilməsi təsdiqini tapmışdır».

Bildirək ki, Nəsimi rayon Prokurorluğunun 85 kvm. sahə ilə bağlı apardığı cinayət işinin dəqiqləşdirilməsinə dair müstəntiq 85 kvm. sahənin yenidən qiymətləndirlməsi ilə əlaqədar  yenidən ekspertizə təyin etmiş, həmin 85 kvm. sahənin 1 kvm.-nin 2025-ci il tarixinə əmlak bazarında orta minimum qiymətinin 9500-15000 manat olması ilə bağlı ekspert rəyini əldə etmiş, həmçinin 2016-cı ildə Ali Məhkəmədə hüquqi qüvvəsini almış 10 dekabr 2016-cı il tarixli (iş №2(102)-5909/16) saylı qərarında belə sözü gedən 85 kvm. sahənin 1 kvm.-sinin 5186,25 manat olması ekspert rəyi ilə təsdiqlənmişdir. Buna baxmayaraq necə ola bilər ki, 6 il sonra hakim F.Talışinskinin 12 oktyabr 2022-ci il tarixində təkrar qiymətləndirmə aparılması ilə bağlı qanunsuz qəbul etdiyi qərardadla həmin sahənin -85 kvm.-nin 1 kvm.-lik sahə üçün 1 vərəqlik rəylə də deyil, adicə arayışla 1600 manat olduğu göstərilmişdir???
Bütün bunlardan əlavə, maraqlıdır, bəs onda iş materillarında olan- 11.04.2025-ci il tarixli zirzəmidə yerləşən 170 kvm qeyri-yaşayış sahəsi üzrə mülkiyyətçiyə verilmiş 1 miylon 55 min manat nə məqsədlə verilmişdir ki, 11.04.2025-ci il tarixdə 1 kvm. zirzəmi sahəsinin dəyəri 1 milyon 55000:170kvm.= 6205 manat edir ki, bu da 2016-cı ildə Ali Məhkəmənin 10 dekabr tarixi qərarı ilə 85 kvm. üçün qiymətləndirilmiş qiymətlə tam eynilik təşkil edir. 2026-cı ildə isə 85 kvm sahənin özbaşına uçurulması ilə bağlı Nəsimi rayon Polis İdarəsində və Nəsimi rayon Prokurorluğunda qaldırılmış cinayət işi ilə bağlı həmin sahəyə baxış keçirilmiş, baxışdan əvvəl sabiq deputat Əsabil Qasımova məxsus «Azərtikinti» MTK-nın nümayəndəsi Ramilə Bağırova baxışdan əvvəl həmin sahənin 170 kvm. qeyri-yaşayış sahəsi olduğunu bildirmiş, yalandan bu sahənin satıldığını, mülkiyyətçinin artıq başqa bir şəxsin olduğunu bildirmişdir. Lakin ərazi sahə rəisinin, Nəsimi Pİ İstintaq şöbəsi müstəntiqinin və mülkiyyətçilərin iştirakı ilə qapının açılması zamanı həmin sahənin 85 kvm. olduğu, təmir işi aparılmadığı təsdiqlənmiş, protokol tərtib edilmişdir.
Yaxşı olardı ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova hazırlıq iclasında şəxsi marağı zəminində tələsik qərar çıxarmazdı və bu ziddiyyətlərə hüquqi qiymət verərdi. O, bununla da 1-ci instansiya məhkəməsinin araşdırmadığı nöqsanları görməzdən gələrək, qanunsuz qətnamə çıxardığı üçün, eləcə də mülkiyyətçilərin ödədiyi dövlət rüsumunu belə düzgün hesablayıb dəqiqləşdirmədiyindən mülkiyyətçilərin onun bu alayarımçıq qətnaməsindən verdiyi kassasiya şikayəti məhz dövlət rüsumunun düzgün hesablanmamasına görə də geri qaytarılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundova indi də zərərçəkmiş mülkiyyətçilərlə intriqa aparır!
…Ali Məhkəmənin haqlı göstərişlərinin bərpa edilməsinə, Dövlət rüsumunun qalan hissəsinin də tam ödənilməsinə baxmayaraq isə hakim Günay Axundova kassasiya şikayətini hələ də məlum olmayan səbəbdən Ali Məhkəməyə göndərməyib. Niyə? Bu nə özbaşınalıqdır? Hakim bununla nə demək istəyir???
***
Hesab edirik ki, Ali Məhkəmə həmişə olduğu kimi, Ədalət mühakiməsinin bərqərar olmasını təmin edəcək, aşağı instansiya məhkəmə hakimlərinin qanunsuz hərəkətlərinə isə Məhkəmə-Hüquq Şurası tərəfindən hüquqi qiymət veriləcək.

Sonda: «Təzadlar»da olan şikayətçi-mülkiyyətçilər Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova müraciətlərində həm də yazırlar:
-Biz gözləyirik ki, bütün bu qanunsuzluqlara son veriləcək və sabiq deputat Əsabil Qasımovun rəhbəri olduğu “Azər-Tikint” MTK-nın fəaliyyəti ciddi araşdırılacaq, araşdırma isə sənədlərin mövcud mülki mübahisənin təkrarı kimi deyil, görünən mümkün cinayət əməlləri kimi Azərbaycan Respublikasının Baş Prokrorluğunda araşdırılacaq, xüsusi nəzarətdə saxlanılacaq. Çünki sabiq deputatın əməlləri ictimai təhlükəlidir, ona görə ki, bu əməllər vətəndaşların etirazını körükləyir, ictimai narazılıqları artırır, düşmən dəyirmanına su tökür!
Biz inanırıq ki:
-Nəsimi rayon Məhkəməsinin hakimi Həbibə Miriyevanın, eləcə də Bakı Apellyasiya Məhkəməsinin hakimi Günay Axundovanın Ali Məhkəmənin plenumunda Azərbaycan bayragı qarşısında hakim andı içərkən, ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına tam uygun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakim ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına hörmət ruhunda davranacağına and içdiyi bir halda, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və kobud sürətdə pozduqlarına, hakimin yüksək adını şəxsi marağına qurban verdiklərinə, hakim adını ləkələyən davranışlara yol verdiklərinə, eləcə də Azərbaycan Respublikası Prezdentinin məhkəmə-hüquq sistemində son vaxtlar apardığı taleyüklü islahatların uğurlarına öz davranışları ilə kölgə saldıqlarına görə barələrində intizam icraatının başlanması mütləqdir!
(Davamı var)
«Təzadlar»ın Araşdırma Qrupu

AYNA-nın korrupsiya fəaliyyəti - İTTİHAM VAR...


Fakt: AYNA rəhbərliyi 280 nəfərlik xarici qonaqların hər birinə büdcədən aldığı 137 min manat puldan qiyməti 489 manat olmaqla babat bir quzu yedizdirib ki, bu da bazar qiymətlərinin ən yuxarı həddindədir…
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işçilərinin sürücülərin başına açdıqları oyunları, daha doğrusu, “dinmə- ver” prinsipi ilə aparılan soyğunçuluğu, Bakıda yaradılan parklama şəbəkəsi və s. hamını boğaza yığıb. Az qala insanların yaşadığı həyətə, bloka da “P” işarəsini qoyublar. Yazıq sürücülər heç bir aptekdən maşını bir dəqiqə saxlayıb dərman, mağazadan çörək ala bilmirlər. Dərhal telefona cərimə gəlir. Sistemi də elə qurublar ki, bir sürücü belə bu cərimə prosesindən yayına bilməz. Bu, birmənalı olaraq mümkün deyil. Çünkü maşın sahiblərinin rahatlığına yox, ancaq cərəmələnməsinə hesablanmış sistem “əla” işləyir.


***


Biz elə bilirdik AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev özünə yazdırdığı 30 min manat aylıq əmək haqqı bu cərimələrdən yığılan pulların hesabınadır. Sən demə, bu, belə deyilmiş. Təzəlikcə AYNA-da baş verən milyonlarla manat korrupsiya hüquqpozmaları haqqında «Təzadlar»a göndərilmiş sənədlər və faktlarla tanışlıqdan sonra məlum oldu ki, Anar müəllimi heç də xırdaçı adam saymaq olmaz. Ona görə də aldığı 30 min manat əmək haqqı cərimələrdən yığılan xırda-para puldan deyilmiş. Adamın başının üstündə Allah var, Anar müəllim belə xırdaçılığa gedən deyil… İndi məlum olur ki, Anar müəllimin qazancı, sürücülərin ah-naləsi hesabına basıb yığdıqları puldan deyil… Bəs Anar müəllim, Prezident İlham Əliyevin əmək haqqından iki dəfə çox olan 30 min manat maaşı, bahalı villanı, maşınları digər milyonlarla ölçülən sərvətləri necə qazanır?


Həə… Onda bir az yaxın oturun və qulağınızı bəri tutun…


***


…İndi AYNA-nın yol verdiyi milyonlarla manat korrupsiya faktları barədə redaksiyamıza daxil olmuş sənədlərlə sizləri də tanış edirik.


Zəruri qeyd: Bu korrupsiya faktları barədə «Media haqqında» Qanuna uyğun olaraq, əks tərəfin mövqeyini öyrənmək məqsədi ilə “141” çağrı mərkəzinə zəng edərək, sorğu təqdim edilib, məsələni operator xanıma izah etmişik. Ondan sonra materialı təqdim edib mövqe öyrənmək məqsədilə oradan veriləni 077 100 01 41 nömrəli mobil telefonun vatsapına göndərdik. Bir həftə vaxt keçməsinə baxmayaraq, hələ də heç bir rəsmi mövqe bildirilməyib. Belə olan surətdə AYNA barədə təqdim olunan korrupsiya faktları barədə materialları dərc etmək qərarına gəldik. Yazının dərcindən sonra AYNA rəsmilərinin hər hansı mövqeyi olarsa, onu da dərc etməyə hazırıq.


EPİZOD 1: “STP-Btech” MMC-yə 52,9 Milyon Manatlıq Tendersiz Sifarişlərin Verilməsi! Nə vaxt, harada, hansı layihədə?


Qeyd edək ki, 2024-cü ilin sentyabr-2025-ci ilin iyun ayı: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA); ölkə ərazisində yol nişanlanması və xətlənmə işləri.


-İştirak edən şəxslər:


-Hüquqi şəxs: AYNA (VÖEN: 1506095421) – sifarişçi;


-“STP-Btech” MMC (VÖEN: 2907446991, nizamnamə kapitalı 2,4 milyon manat, qeydiyyat: 14.03.2024) – podratçı.


– Fiziki şəxslər: Emre Yalçın (icraçı direktor), Ələkbər Abbaslı (İdarə Heyətinin sədri, həmçinin Sumqayıt Texnologiyalar Parkının baş direktoru), Ahmet Haytaoğlu və Ahmet Erhan Arıkkan (Direktorlar Şurasının üzvləri).


Pulsilmənin anatomiyası necə yazılıb?


Beləliklə, 2024-cü ilin martında qeydiyyata alınan “STP-Btech” MMC yarandığı gündən etibarən müstəsna olaraq yalnız AYNA-nın satınalmalarında qalib gəlmişdir. 2024-cü ilin sentyabrında- şirkətin yaranmasından cəmi 6 ay sonra AYNA rəqabətli tender keçirilmədən, “Bir mənbədən satınalma” üsulu ilə şirkətə 3,67 milyon manatlıq və 16,92 milyon manatlıq iki iri sifariş vermişdir.


2025-ci ilin may və iyun aylarında isə eyni üsulla daha 17,6 milyon manatlıq və 14,69 milyon manatlıq müqavilələr bağlanmışdır. Ümumilikdə, bir ildən az müddətdə eyni tipli işlər üçün AYNA “STP-Btech” MMC-yə “52,9 milyon manatlıq tendersiz sifariş” vermişdir. Niyə? Bu hansı qanunda yazılıb???


Qanun pozuntusu: “Dövlət satınalmaları haqqında” Qanuna əsasən, bir mənbədən satınalma yalnız müstəsna hallarda (təbii inhisar, fövqəladə hallar, alternativ təchizatçının olmaması) tətbiq olunmalıdır.


Xatırlatma: Yol nişanlanması və xətlənməsi kimi rəqabətli bazara malik adi xidmətlər bu qəbildən deyildir.


DÖVLƏTƏ DƏYƏN ZİYANIN ÖLÇÜ VAHİDİ…


Birbaşa maliyyə itkisi: 52,9 milyon manat: (tendersiz bağlanmış 4 müqavilə üzrə). Bu, rəqabət mühitinin süni şəkildə məhdudlaşdırılması, bazar iştirakçılarının tenderlərdə iştirak hüququnun pozulmasıdır!


EPİZOD 2:


…29,8 milyon manatlıq tenderdə vaxt məhdudiyyəti ilə rəqabətin boğulması (Time Squeeze)! NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ?


1 may-12 may 2026-cı il. AYNA. Respublika ərazisində yollarda nişanlanma işlərinin satın alınması.


İŞTİRAK EDƏN ŞƏXSLƏR:


-Hüquqi şəxslər: AYNA (tenderi elan edən) və “STP-Btech” MMC (qalib).


-Fiziki şəxslər: Tender komissiyasının üzvləri (adları açıqlanmamışdır).


“Maxinasiya”nın təsviri: iz hara gedib çıxır?


Diqqət edin, AYNA 29,8 milyon manat ehtimal olunan qiymətə malik nişanlanma işləri barədə tenderi 1 may 2026-cı il, saat 19:00-da, yəni iş gününün bitməsindən sonra elan etmişdir. Təkliflərin qəbulu üçün son tarix 12 may saat 12:00 müəyyən edilmişdir. 11 təqvim günü aralığına 2 həftəsonu daxil olduğu üçün iddiaçılara cəmi 7 iş günü vaxt verilmişdir.


Müqayisə üçün, AYNA bundan 2 ay əvvəl ehtimal qiyməti 10 dəfə az olan sərnişin dayanacaq pavilyonları barədə tenderdə iddiaçılara 1 aya yaxın vaxt vermişdi. Təcili hallarla əlaqəli olmayan 30 milyon manatlıq tenderə isə cəmi 7 iş günü ayrılması beynəlxalq təcrübədə “Müddətin Sıxılması” (Time Squeeze) və “Şərtlərin Uyğunlaşdırılması” (Bid Tailoring) kimi təsvir edilir. Tenderin qalibi “STP-Btech” MMC olmuşdur.


DÖVLƏTƏ DƏYƏN ZİYAN:


Rəqabət mühitinin süni şəkildə məhdudlaşdırılması nəticəsində dövlət ən azı 29,42 milyon manat vəsaiti real bazar qiymətlərindən yüksək məbləğdə xərcləmə riski ilə uzlaşmışdır. Potensial təchizatçıların tenderdə iştirak hüququ pozulmuşdur.


EPİZOD 3:


“STP-Btech” MMC-yə ümumi 110,4 milyon manatlıq müqavilə portfelinin verilməsi:


NƏ VAXT, HARADA, HANSI LAYİHƏDƏ:


-2024–2026-cı illər; AYNA; yol nişanlanması, xətlənmə və digər infrastruktur işləri.


İŞTİRAK EDƏN ŞƏXSLƏR: Eyni epizod birincidəkilərdir.


“Maxinasiya”nın təsviri bu dəfə necədir?


“STP-Btech” MMC 2024-cü ilin martında yarandıqdan sonra AYNA ilə ümumi dəyəri 110,4 milyon manat təşkil edən müqavilələr bağlamışdır. Bura 4 tendersiz müqavilə (52,9 milyon manat), 29,42 milyon manatlıq açıq tender, həmçinin 2025-ci ilin oktyabrında bağlanmış 11,465 milyon manatlıq və 33,549 milyon manatlıq əlavə müqavilələr daxildir. Bu vəsaitin 52,9 milyon manatı heç bir rəqabətli tender keçirilmədən ötürülmüşdür.


Ali Məhkəmənin qərarına əsasən, qanunsuz qaydada bağlanmış belə müqavilələr hüquqi cəhətdən qüvvədən düşmüş hesab edilir.


DÖVLƏTƏ DƏYƏN ZİYAN:


Bunlar Dövlət büdcəsindən 110,4 milyon manat vəsaitin bazarda heç bir tarixçəsi olmayan tək bir şirkətə yönəldilməsi, süni monopoliyanın yaradılmasıdır!


(Davamı var)


«Təzadlar»

Şirvan məktəbində direktor dərsi kabinetində keçir: "Lövhə belə yoxdur" - İDDİA


Şirvanda məktəb direktorunun dərsi öz kabinetində keçdiyi ilə bağlı iddialar yayılıb.

Lent.az xəbər verir ki, valideynlərdən birinin sözlərinə görə, Şivan şəhər 13 saylı tam orta məktəbin direktoru Azərbaycan dili və ədəbiyyat fənni üzrə dərsləri öz kabinetində keçir.

Valideyn qeyd edir ki, əsas problem kabinetdə lövhənin olmaması və şagirdlərin dərsləri qavraya bilməməsidir.

"Direktora bu məsələ ilə bağlı narazılığımızı bildirdikdə "yaxşı edirəm", deyir. 10A 10B və 11P sinfindəkı şagirdlərin taleyi bizi çox narahat edir", - deyə, valideyn bildirir.

Ölümünü gözləyən xəstələr... - TƏBİB və Səhiyyə Nazirliyi ötür-ötür oynayır...


Səhiyyə sistemində müalicəyə ehtiyacı olan vətəndaşın qarşılaşdığı əsas problemlərdən biri yalnız xəstəliyin özü deyil, həmin xəstəliyin müalicəsi üçün hansı dövlət qurumuna müraciət etməli olmasıdır.

Bizimesr.info redaksiyasına daxil olan müraciətlərdə vətəndaşlar TƏBİB və Səhiyyə Nazirliyinə müraciət etdikdən sonra "yox" cavabı alaraq, ölümlərini gözləyirlər.

Müraciətlərdə xüsusilə dövlət tibb müəssisələrində müalicəsi və ya əməliyyatı mümkün olmayan xəstəliklərlə bağlı vəziyyət diqqət çəkir.

“Bu müalicə bizim səlahiyyətimizdə deyil”

Vətəndaşların bildirdiyinə görə, bəzi hallarda TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edən xəstələrə xəstəliyin müalicəsi və ya əməliyyatının mövcud imkanlar və müvafiq xidmət kodları çərçivəsində həyata keçirilməsinin mümkün olmadığı bildirilir. Belə vəziyyətdə xəstənin qarşısında ciddi problem yaranır.

Xüsusilə müalicə özəl klinikalarda və ya xarici ölkələrdə mümkündürsə, lakin xəstənin həmin xərcləri qarşılamağa maddi imkanı yoxdursa, vətəndaş faktiki olaraq çıxılmaz vəziyyətdə qalır. Məsələ daha da həssas xarakter alırsa, söhbət azyaşlı uşağın, gəncin və ya təxirəsalınmaz müalicəyə ehtiyacı olan şəxsin sağlamlığından gedirsə, bu daha həssasdır..

9103-ə zəng edən vətəndaş nə ilə qarşılaşır?

Redaksiyaya daxil olan müraciətlərdən birində vətəndaşın Səhiyyə Nazirliyinin 9103 qaynar xəttinə müraciət etdiyi bildirilir. İddialara görə, qaynar xəttdə vətəndaşdan problemin mahiyyəti barədə məlumat alındıqdan sonra sənədlərlə birlikdə nazirliyə müraciət etməsi istənilir. Vətəndaş da bunun əsasında bölgədən Bakıya gəlir, yol və digər xərclər çəkir, Səhiyyə Nazirliyinə müraciət edir.

Lakin müraciətdən sonra ona yenidən TƏBİB-ə müraciət etməsi tövsiyə olunur.

Əgər vətəndaş artıq TƏBİB-ə müraciət edib və rəsmi olaraq müalicə və ya əməliyyatın TƏBİB-in imkanları çərçivəsində mümkün olmadığı barədə cavab alıbsa, Səhioyyə Nazirliyi həmin vətəndaşə niyə yenidən TƏBİB-ə göndərilir?

TƏBİB “mümkün deyil” deyirsə, növbəti mərhələ nədir?

Səhiyyə sistemində vətəndaşın bir quruma müraciət edib “bu xidmət bizdə mümkün deyil” cavabı alması son mərhələ olmamalıdır. Əsas məsələ bundan sonra dövlətin hansı mexanizmi işə salmasıdır. Müalicə dövlət tibb müəssisəsində mümkün deyilsə, xəstəyə alternativ dövlət mexanizmi təqdim edilirmi? Müalicə özəl tibb müəssisəsində mümkündürsə, dövlət tərəfindən bunun maliyyələşdirilməsi üçün hansı prosedur mövcuddur? Xəstənin xaricdə müalicəyə ehtiyacı varsa, bununla bağlı hansı dövlət mexanizmi tətbiq olunur?

Və ən əsası, vətəndaş bütün bu sualların cavabını haradan almalıdır?
Səhiyyə Nazirliyinin rolu nədən ibarətdir?

Burada Səhiyyə Nazirliyi ilə TƏBİB arasındakı səlahiyyət bölgüsü məsələsi də ortaya çıxır. Vətəndaş üçün isə bu bölgünün texniki tərəfi ikinci dərəcəlidir. Xəstə üçün əsas məsələ müalicə almaqdır. Əgər bir qurum vətəndaşa “bizdə mümkün deyil” deyirsə, digər qurum isə onu yenidən həmin quruma yönləndirirsə, vətəndaşın qarşısında real həll mexanizmi yalnız "ölmək" qalır.

Bu vəziyyət xüsusilə maddi imkanı olmayan xəstələr üçün daha ağır nəticələr yaradır.

Qanun nə deyir?

Azərbaycan qanunvericiliyində vətəndaşların tibbi yardım almaq hüququ, dövlət tərəfindən göstərilən tibbi xidmətlərin çərçivəsi və icbari tibbi sığorta mexanizmləri müəyyən edilib.

Əgər xəstənin ehtiyacı olan müalicə dövlət tibb müəssisəsində göstərilmirsə və vətəndaşın həmin müalicəni öz hesabına ödəməyə imkanı yoxdursa, dövlətin qarşısında hansı hüquqi və institusional mexanizm dayanır?

Bu suala sadəcə “TƏBİB-ə müraciət edin” cavabı kifayət etmirmi? Əgər vətəndaş artıq TƏBİB-dən rəsmi cavab alıbsa, Səhiyyə Nazirliyinin qaynar xəttindən ona real həll mexanizmi təqdim olunmalıdırmı? Bu sualların cavabı həm xəstələr, həm də onların yaxınları üçün həyati əhəmiyyət daşıyır.

Problem qurumlar arasında qalanda xəstə nə etməlidir?

Səhiyyə sistemində səlahiyyət bölgüsünün vətəndaş üçün anlaşılmaz olması ayrı məsələdir. Lakin nəticədə xəstə bir qurumdan digərinə göndərilir, vaxt itirir, əlavə xərc çəkir və müalicənin gecikməsi riski ilə üzləşir.

Bizimesr.info olaraq bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinin və TƏBİB-in mövqeyini öyrənməyə və konkret suallara cavab almağa hazırıq.

Bizimesr.info

“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR


Azərbaycanda mənzil sahibi olmaq istəyənlər üçün ipotekanın şərtləri heç də bütün hallarda eyni deyil.
Dövlət xətti ilə təqdim olunan ipoteka kreditlərində faiz dərəcələri müəyyən çərçivədə saxlanıldığı halda, özəl şirkətlərin “daxili kredit” adı ilə təklif etdiyi mənzil satışlarında alıcının üzərinə düşən maliyyə yükü daha yüksək ola bilir.
Qeyd edək ki, hazırda Azərbaycanda dövlət ipoteka proqramı çərçivəsində güzəştli ipoteka kreditləri illik 4 faiz, adi ipoteka kreditləri isə illik 7-8 faiz dərəcəsi ilə təqdim olunur. Lakin mənzil almağın alternativ yollarından biri olan şirkətlərin “daxili kredit”lə satışlarında faiz və yekun ödəniş məbləği fərqli hesablanır. Bu isə ilkin baxışda bank ipotekasına bənzəyən şərtlərin əslində alıcı üçün daha baha başa gəlməsinə səbəb ola bilər.
Məsələn, ölkənin aparıcı şirkətlərindən biri olan “Kristal” şirkətinin “daxili kredit” adı ilə təklif etdiyi satış şərtləridə mənzil üçün ödəniləcək yekun məbləğ onun ümumi dəyərindən dəfələrlə çox olur.
Hazırda “Kristal” şirkətinin Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən “Park Əcəmi” yaşayış kompleksində satılan 66 kvadrat metr sahəsi olan 2 otaqlı mənzilin ümumi dəyəri 207 min 239 manat təşkil edir. Əgər bu mənzili 30% ilkin ödənişlə (62 172 manat) və 20 il (240 ay) müddətinə “daxili kredit” şərtləri ilə satın alsaq yekunda ödəyəcəyimiz məbləğ 470 min 172 manat olacaq. Göründüyü kimi, “daxili kredit” şərtilə satın alınan mənzil üçün ödənilən məbləğ dəyərindən təxminən 2,3 dəfə çox olacaq.

Eyni mənzili dövlət tərəfindən verilən ipoteka krediti ilə alsaq, mənzil üçün ödəyəcəyimiz yekun məbləğ 335 min manat olacaq.
Onu da bildirək ki, eyni göstəricilərə malik mənzilləri qeyd olunan ərazidə daha ucuz qiymətə satın almaq mümkündür. Məsələn, hazırda Memar Əcəmi metro stansiyası yaxınlığında yerləşən və yeni tikilən yaşayış binalarında satılan 55-65 kvadrat metr sahələri olan 2 otaqlı mənzillər 150-180 min manata təklif olunurlar.

Yeniavaz

Bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu çıxdı


Abşeron Rayon Mərkəzi Xəstəxanasında bıçaqlanma hadisəsi baş verib.

Bıçaqlanan şəxs Abşeron rayon Mərkəzi Xəstəxanasının İnzibati Məsələlər üzrə direktor müavini Orxan Ənvərlidir (Qubranov).

Məlumata görə, tibb müəssisəsinin direktor müavini Orxan Ənvərli əvvəllər orada çalışmış və işdən azad edilmiş əməkdaşın hücumuna məruz qalıb. Nəticədə vəzifəli şəxs bıçaq xəsarəti alıb.

Hadisə ilə bağlı xəstəxanaya polis əməkdaşları cəlb olunub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Elçin Balayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Onu da bildirək ki, Orxan Ənvərli 2026-cı ilin yayında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsindən azad edilib və Abşeron rayon Xəstəxanasının inzibati məsələlər üzrə direktorun müavini təyin olunub. KİV-də Orxan Ənvərlinin TƏBİB-in sabiq sədri Vüqar Qurbanovun yaxın qohumu olduğu yazılıb. O, həmçinin Bakı şəhəri 14 saylı Vəkil Bürosunda da vəkil kimi çalışır.

Bizimesr.info

Bəlkə Zülfəli İsmayılovun da həbsini tələb edəsiniz..? - ÇAĞIRIŞ


Neçə müddətdir ki, paytaxt Bakıda BayırŞəhər ərazisində məmur özbaşınalığı, sakinlərə divan tutulması, ən primitiv haqq və hüquqların belə pozulması adi hala çevrilib. "Dia-az"  xatırladır ki, Bayır şəhər ərazisində dövlət adından söküntü işlərinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılov özünün şəxsi mənfi xüsusiyyətləri ilə diqqət cəlb etməkdədir.
Belə ki, sakinlərin evlərini onların razılığı olmadan sökən və bu zaman xüsusi amansızlıq nümayiş etdirən Zülfəli İsmayılov yenə də iş başındadır.

Sorağı bu dəfə Zərgərpalan 46 ünvanından gəlir.

Yuxarıdakı fotonu təqdim edən sakinlər yazır: "Tarixi abidəni Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Tikinti şöbəsinin müdiri Zülfəli İsmayılov qəzalı vəziyyətə salınması üçün buldozerlə vurduraraq zədələyib.
Nizami mərkəzində divara yazı yazan gənc tələbə qızlara ən ağır cəza tələb edib həbs etdirənlər.... hardasınız? Niyə susmusunuz? Bəlkə Zülfəli İsmayılovun da təcili həbsini tələb edək?
Bu birinci deyil, sonuncu də olmayacaq.
4 tarixi abidə buldozerlə zədələnib, biri yarıya kimi sökülüb, biri isə qəsdən yandırılaraq məhv edilib..."

Məsələ diqqətimizdədir...

"Dia-az" 

Tanınmış bankir yarım milyon manat borcu olan BOKT-da direktor təyin olundu - BUNDAN SONRA...


"Merkuri" ASC bank olmayan kredit təşkilatının (BOKT) Mərkəzi Filialının direktoru Emil Bədəlbəyli vəzifəsindən ayrılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, "İnternational" BOKT ASC-nin Sumqayıt Filialının Direktoru təyin olunub.
E.Bədəlbəyli 2020-2022-ci illərdə Kredit Evi QSC-nin Baş Ofisinin direktoru, 2017-2020-ci illərdə "Azərbaycan Mikro Kredit" Kredit departamentinin direktoru, ondan əvvəl 2015-2017-ci illərdə "Parabok"da Mərdəkan/Nərimanov Filiallarının direktoru vəzifəsində, daha əvvəl 2006-2014-cü illərdə isə "AtaBank"-da çalışıb.
Qeyd edək ki, Emil Bədəlbəylinin direktor təyin olunduğu "International" BOKT 2013-cü ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan BOKT-un yeganə səhmdarı Rifat Həsənovdur, direktoru isə Nicat Həsənovdur. İllik 34-36% faiz dərəcəsi ilə ölkədə ən bahalı kredit verən BOKT-lardan olan "İnternational"ın hazırda dövlət qarşısında vergi borcunun miqdarı 475 min manat təşkil edir.

“KƏNDAHAR” MMC-yə dövlət büdcəsindən şübhəli yollarla gəlir əldə etməyə şəraiti kimlər yaradır


Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə olan Obyektlərin Birləşmiş Müdriyyəti Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpası üzrə 11.08.2026-cı ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 397.236,17 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 05.10.2026-cı ildə dərc edilib.

İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “KƏNDAHAR” MMC barəsində heç bir məlumat əldə edə bilmədik. Şirkətin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KƏNDAHAR” (VÖEN: 2007800261) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.01.2023-cü il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 50 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, QOBU QƏSƏBƏSİ, QOBU QƏSƏBƏSİ, ev.42, m.25, qanuni təmsilçisi kimi isə Paşayeva Mətanət Əlhəmpaşa qızı olduğu qeyd olunub.

“Lisenziyalar və İcazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 maddəsinə uygun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən aparılan lisenziyaların və icazələrin vahid reyestrində yerləşdirilmiş məlumatlara görə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya 05.05.2025-ci ildə verilib.

Göründüyü kimi MMC dövlət qeydiyyatına alındıqdan cəmi 5 ay sonra müvafiq lisenziya alıb.

Nazirlər Kabinetinin 21.12.2018-ci il tarixli 556 saylı qərarı ilə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müəyyən edilib. Bu bölgüyə əsasən mikro sahibkarlara 1 – 10 nəfər işçisi olub, illik gəliri 200 min manata qədər olan müəssisələr aid edilirlər. Bölgüyə görə 11 – 50 nəfər işçisi olub, illik gəliri 200 min manatdan 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektinə aid edilirlər. Qərara görə 51 – 250 nəfər işçisi olub, illik gəliri 3 milyon manatdan 30 mln. manatadək olan müəssisələr orta sahibkarlıq subyektinə aiddirlər.

“KƏNDAHAR” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aiddir. Yəni MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan 11 – 50 nəfər işçisi var.

Maraqlıdır, bu işçi qüvvəsi ilə Hacıqabul rayonu, Nəvahi qəsəbəsində 17 ədəd fərdi yaşayış evlərinin bərpasını nə vaxta həyata keçirəcək?

Qeyd edək ki, MMC bundan əvvəl Ağdam rayon İcra Hakimiyyəti ilə rayon ərazisində subartezian quyularının əsaslı təmiri işləri üzrə 190.000,06 manat dəyərində, rayon ərazisində abadlıq işlərinin görülməsi üzrə 220.494,8 manat dəyərində, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdriyyəti ilə Bakı şəhəri ərazisində məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işlərinin satınalınması üzrə 430.610,91 manat dəyərində, sözügedən dövlət qurumunun Mənzil İstismar Departamenti ilə Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə 799.054,11 manat dəyərində satınalma müqavilələri bağlayıb.

Buradan suallar yaranır. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC belə iri həcmli dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı?

MMC-nin belə iri həcmdə işləri həyata keçirmək üçün hansı maddi-texniki bazaya və işçi potensialına malik olduğu isə əlavə suallar yaradır. Belə satınalmaların qalibi seçilərkən sifarişçi dövlət qurumları MMC-nin texniki imkanlarının və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi ilə çalışan profesional işçi qüvvəsini və Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 494 nömrəli Qərarı ilə müəyyən edilmiş uyğunluğun qiymətləndirilməsinin digər meyarlarını necə müəyyən edirlər.

Məsələn, Azərbaycan Memarlıq və İnşaat Universiteti 28.08.2026-cı ildə “KƏNDAHAR” MMC ilə 2026-cı ildə Universiteti bitirmiş tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə 85.963 manat dəyərində müqavilə bağlayıb.

Sual yaranır. Təmir-tikinti işləri üzrə ixtisaslaşmış bir şirkətin tələbələrin xüsusi tədbirinin keçirilməsi üzrə tenderdə iştirakına necə yol verilib?

Göründüyü kimi, “KƏNDAHAR” MMC yalnız 2026-cı ildə ümumi dəyəri milyon manatdan çox olan bir neçə tenderin qalibi seçilib ki, hamısı şübhəli məqamlarla doludur. Sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına görə kiçik sahibkarlıq kateqoriyasına aid olan bu MMC-yə belə iri həcmli dövlət sifarişlərininin qalibi olmağa kimlər şərait yaradır?

MMC-nin fəaliyyəti, işçi heyəti, texniki imkanları və həyata keçirdiyi layihələr barədə ictimaiyyətə açıq geniş məlumatların olmaması MMC-nin podratçı şirkətlərlə işlədiyini deməyə əsaslar verir. Yəni dövlət qurumlarının keçirdiyi tenderlərdə qalib çıxdıqdan sonra MMC işə başqa ixtisaslaşmış şirkətləri cəlb edir və onlarla subpodrat müqavilələr bağlayır. Nəticədə heç bir iş görmədən dövlət büdcəsindən kifayət qədər ciddi məbləğlərdə gəlirlər əldə edir. Təbii ki, MMC -yə yaradılan bu şəraitin arxasında gizli qüvvələrin olması istisna deyil.

Aktualinfo.net

İmamverdi İsmayılovun biznes imperiyası:Millət vəkilinin şirkətlərini kim idarə edir?


Milli Məclisin uzunmüddətli deputatı İmamverdi İsmayılovun ailə üzvləri ilə əlaqələndirilən şirkətlər illərdir media araşdırmalarının diqqətindədir. Bu şirkətlərdən biri dövlət tenderinin qalibi olub, digəri isə bankla məhkəmə mübahisəsində adı hallanan şirkətlər sırasındadır.
İmamverdi İbiş oğlu İsmayılov uzun illərdir Azərbaycan parlamentində təmsil olunur. O, hazırda 125 saylı Zəngilan–Qubadlı seçki dairəsinin deputatıdır, İnsan hüquqları komitəsinin üzvü və Azərbaycan–Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Amma İmamverdi İsmayılov ən susqun millət vəkillərindən biri hesab edilir. Mütamadi olaraq Zəngilana qayıdan insanlar öz problemlərini qabartsada nədənsə bu problemləri İmamverdi İsmayılov Milli Məclisin tribunasından dilə gətirməyə çəkinir. Daha bir maraqlı məqam isə sosial şəbəkələrdə İmamverdi İsmayılovun topdağıtmaz əmlakları ilə bağlı olan informasiyalardır. Millət vəkili parlamaentdə susqun olsa da, biznes yolunda böyük addımlar taraq sərvət qazanmağa nail olub.


İmamverdi İsmayılova bağlı olan ən böyük şirkətlərdən biri “MİR HOLDİNQ” MMC-dir. Şirkət 2009-cu ildə qeydiyyatdan keçib. Şirkətin təsisçisi və qanuni təmsilçisi kimi deputatın oğlu İlmir İsmayılov göstərilib.


Digər şirkət – “MİR GROUP HOLDİNQ” MMC – 2017-ci ildə qeydiyyata alınıb və onun da təsisçisi və qanuni təmsilçisi kimi İlmir İsmayılovun adı çəkilib.


Deputatın həyat yoldaşı Bağdagül İsmayılova “İKO” MMC ilə, gəlini Pərvanə İsmayılova isə “SUPER KİDS KLUB” MMC şirkətlərinin sahibidir. “MİR GLOBAL LOGİSTİCS” MMC-nin qanuni təmsilçisi kimi isə Fuad Qibləli oğlu Bünyadov göstərilir.


Ailə ilə əlaqələndirilən şirkətlərdən “MİR GROUP HOLDİNQ” MMC-nin adı 2021-ci ildə dövlət tenderi ilə bağlı gündəmə gəlib.


Bakı Turizm İnformasiya Mərkəzinin “Baku City Tour” ikimərtəbəli avtobus turu üçün xidmətlərin göstərilməsi ilə bağlı keçirdiyi tenderin qalibi “MİR GROUP HOLDİNQ” MMC olub.


Xəbərdə tenderin məbləği 128 865 manat göstərilib. Həmin vaxt şirkətin qanuni təmsilçisi kimi İlmir İsmayılovun adı qeyd olunub.


Tender çərçivəsində yeni xətt üçün mətnlərin hazırlanması, mövcud xətlər üzrə mətnlərin yenilənməsi, yeni marşrutların hazırlanması, materialların 12 dilə tərcüməsi və səsləndirilməsi kimi xidmətlər nəzərdə tutulub.


Digər diqqətçəkən məsələ “MİR HOLDİNQ” MMC ilə bağlıdır.


2020-ci ildə yayılan məlumatda “Bank Standard”ın ləğvetmə prosesində olduğu dövrdə İlmir İsmayılov və Pərvanə İsmayılovla bağlı məhkəmə mübahisəsi medianın gündəmindən düşmürdü.


Məlumata görə, bank “MİR HOLDİNQ” MMC-dən kredit öhdəliyinin qaytarılmasını tələb edib və məsələ məhkəmə instansiyalarına qədər gedib.


Daha yeni məlumatlarda isə “MİR HOLDİNQ” MMC-nin qanuni təmsilçisinin dəyişdiyi bildirilir.


2025-ci ilin noyabrında yayılan media məlumatına görə, şirkətin qanuni təmsilçisi İlmir İsmayılovun yerinə Cəfər Şərbətov təyin edilib. Həmin xəbərdə Cəfər Şərbətovun da İmamverdi İsmayılovun oğlu olduğu qeyd olunur.


Eyni materialda “MİR GROUP HOLDİNQ” MMC-nin qanuni təmsilçisinin isə İlmir İsmayılov olaraq qaldığı bildirilir.


Bu dəyişiklik şirkətlərin hazırkı hüquqi və maliyyə vəziyyətinin ayrıca araşdırılmasını zəruri edir.


“MİR HOLDİNQ” və “MİR GROUP HOLDİNQ” MMC-lərin hazırkı təsisçiləri kimlərdir?


Şirkətlərin son illərdəki nizamnamə kapitalı və maliyyə göstəriciləri necə dəyişib?


Bu şirkətlər dövlət satınalmalarında neçə dəfə iştirak edib və ümumi neçə manatlıq müqavilə əldə edib?


2021-ci ildəki 128 865 manatlıq tenderdən başqa hansı dövlət qurumları ilə müqavilələr bağlanıb?


Şirkətlərin hazırda hansı daşınar və daşınmaz əmlakları var?


Ailə üzvlərinin digər şirkətlərdə payları mövcuddurmu?


“MİR HOLDİNQ”in bankla məhkəmə mübahisəsinin yekun nəticəsi necə olub?


2025-ci ildə şirkətin qanuni təmsilçisinin dəyişdirilməsinin səbəbi nədir?


Suallar çox, cavab isə yoxdur…("Korrekt")


Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56