FHN Kəmaləddin Heydərovun oğlunun 3 mərtəbəli obyektinin istismarına icazə verdi - AY MAŞALLAH...


Fövqəladə Hallar Nazirliyi (FHN) Heydərov Tale Kəmaləddin oğlunun sifarişi əsasında Göygöl rayonu, Yeni Zod kəndində inşa olunan obyektin istismarına icazə verib.
Yeniavaz.com xəbər verir ki, ümumi sahəsi 5 028,96 kvadratmetr olan bina 3 mərtəbədən və zirzəmidən ibarətdir.
Qeyd edək ki, FHN qeyri-yaşayış binasına 26 avqust 2026-cı il tarixli 14 283 nömrəli istismara hazırlıq rəyi verib.
Məlumat üçün bildirək ki, obyektin sifarişçisi olan Tale Heydərov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun böyük oğludur.
Onu da bildirək ki, FHN 2 fevral 2026-cı il tarixində Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovun sifarişi əsasında Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan 1 144,92 kvadratmetr olan 3 mərtəbədən ibarət binanın da istismarına icazə verib.
Bundan başqa, FHN 26 yanvar 2026-cı il tarixində Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərovun sifarişi əsasında Göygöl rayonu, Quşqara kəndində inşa olunan 726,64 kvadratmetr obyektin istismarına icazə verib. FHN həmçinin, ötən ilin iyun ayında Nicat Heydərovun Qəbələ şəhəri, Heydər Əliyev prospektində inşa olunan daha bir obyektinin istismarına icazə verib.
Eyni zamanda, ötən ilin may ayında FHN Tale Heydərovun sifarişi əsasında Qəbələ rayonu, Qəbələ–İsmayıllı yolunun 1,8 kilometrliyində inşa olunan obyektin də istismarına icazə verib.
Bu ilin yanvar ayında isə FHN Nicat Heydərovun sifarişi əsasında Bakı şəhəri, Nərimanov rayonu, Böyük İpək yolu küçəsi, giriş 72 ünvanında inşa olunan, ümumi sahəsi 3 405 kvadratmetr olan 2 mərtəbəli (mansardalı) binadan ibarət obyektin istismarına icazə verib.

Tanınmış cərrah İcbari Tibbi Sığortanı yerdən-yerə vurdu - "Rüşvət alaq, yoxsa ölkədən gedək?"


Tanınmış həkim-cərrah Xəyal Aşurəliyev Azərbaycanın tibb sektoru və İcbari Tibbi Sığortanın vəziyyəti ilə bağlı maraqlı paylaşım edib.

"Cebheinfo.az" xəbər verir ki, həkim hazırkı vəziyyəti belə təsvir edib:

"İstəyirəm ki, İcbari Tibbi Sığortanı məhkəməyə verim…

Məhkəmədə hakim desə ki, bala, sənin dərdin nədir?!

Deyəcəyəm ki, sayın hakim bəy!! Elə düşünün ki, qüsurlu bir övladınız və ya nəvəniz dünyaya gəlib… Axtarıb, araşdırmısız ki, Xəyal bu əməliyyatı edə bilir.. Gəlmisiz yanıma… Məndən soruşursunuz ki, ay bala, işlər necə gedir? Mən də deyirəm ki, sayın hakim bəy, sənin 3 aylıq qüsurlu övıadını 3 saat ümumi narkoz altında əməliyyat edəcəyəm, icbari sığorta bu əməliyyata görə mənə 80 manat pul verəcək.

Sual verəcəyəm ki, hörmətli hakim bəy, əlini qoy vicdanına, lütfən vicdanın ilə cavab ver. Əl boyda qüsurlu bir körpənin 3 saatlıq əməliyyatından 80 manat alacağımı bilə-bilə, bu stresi yaşamaq mənə rəvamıdır?! Mən bu əziyyəti, bu stressi 80 manata görə çəkməliyəmmi? Bu 3 saatlıq stressdən ötrü aneztezioloq 20 manat alacaq. Vicdanına and verirəm hakim dayı, anestezioloq 20 manatdan ötrü bu əziyyəti, bu öhdəliyi, bu cavadehliyi götürməlidirmi? Bu uşağın başına bir iş gəlsə, bizim aqibətimiz necə olacaq?"

Həkim bildirib ki, insanlara İcbari Tibbi Sığortanın həkimlərə verdiyini, həkimləri istismar etdiyini anlada bilmirlər:

"İnsanlar deyirlər ki, bizə dəxli yoxdur, maaşımızdan tutulur. Müayinə talonuna 25 AZN yazılır, xəstə elə bilir ki, onu müayinə edən həkim 25 manat alır. Sayın hakim bəy, o talonda yazılan 25 manatın 1 manat 80 qəpiyi həkimə çatır və hamı da bizi daş-qalaq edir".

Həkim başına gəlmiş hadisəni danışıb:

"Bir dəfə TƏBİB nümayəndəsi zəng elədi, dedi ki, doktor, bir qüsurlu körpə var, Ombudsman tapşırıb ki, əməliyyat olunsun. Dedim ki, Ombudsmana deyin, əgər uşağın başına bir iş gəlsə, mənimlə prokurorun yanına girəcəksə, götürüb əməliyyat edim. Sonra xəbər çıxmadı.

Artıq həkimlər risk qrupu daşıyan xəstələri götürmür, hakim bəy! Çünki qəpik-quruşdan ötrü heç kim başının ağrımasını istəmir. Xəstəyə bir şey olsa, o həkimi doğulduğuna, həkim olmağına peşman edirlər.

Hörmətli hakim! Bir dəfə gecə saat 11-də doqquz aylıq uşağı xahiş-minnət, yalvar -yaxardan sonra əməliyyata aldım, bəlkə səhərə saxlasam, başımdan etsəm, səhərə sağ çıxmazdı. Doqquz aylıq 400 CRP, 29 leykositlə, 40 qızdırma ilə gətirilən körpə. Təsəvvür edə bilirsiniz? Uşağı gecə saat 11-də əməliyyat etdim, sonra 15 gün hər gün sarğı etdim, hər gün irinini təmizlədim. İcbari tibbi Sığorta o uşağa çəkdiyim, gecəmi- gündüzümə qatdığım əziyyətimə görə mənə 32 manat pul verdi.

İndi siz deyin, hakim bəy, Biz necə davranmalıyıq, başımızı aşağı salıb işimizimi görməliyik, rüşvətmi almalıyıq, rayondan gələn meyvəli, çolpalı “korobka”yamı göz dikməliyik, yoxsa ölkədənmi getməliyik?

Ya da siz onlara deyin, hakim bəy!! Deyin ki, bu gün xalqın övladı xəstədirsə, sabah o xəstə sizin də evinizdə olacaq və o ağır xəstənizi əməliyyat edəcək həkim tapmayacaqsınız".

Xəstələr yollarda qalıb: Yeni Klinikada MRT və KT işləmir... - NARAZILIQ VAR...


Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların xəstəxanalarda üzləşdiyi daha bir problem geniş müzakirə olunur.

Belə ki, poliklinikalara müraciət edən xəstələrin Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarından keçməsi üçün onlara göndəriş verilməlidir.

Poliklinikada isə göndərişlər əsasən, ölkənin ən böyük və müasir xəstəxanası olan Yeni Klinikaya verilir. Çünki Kontrastlı KT əksər xəstəxanalarda yoxdur. Olanlarda isə xəstə növbədə əsasən bir neçə ay gözləməlidir ki, bu müddət xəstənin səhhətinin daha da ağırlaşması deməkdir.

Hazırda da Yeni Klinikada bu cihaz işləmədiyinə görə, poliklinikadan bu xəstəxanaya da göndəriş verilmir. Bundan başqa, rayonlardan göndəriş alan xəstələr Bakıya gəldikdən sonra burada cihazın işləmədiyini görür və yenidən geri qayıtmalı olur.

Qeyd edək ki, sosial şəbəkə tanınmış kardioloq Üzeyir Rəhimov özəl xəstəxanalarda icbari sığortanın olmamasından narazılıq edib:

“Bəli, özəl xəstəxanalara sığorta haqqı verilmir. Nəticədə, sizin vətəndaşlıq haqlarınızı pozurlar, həkim seçmə haqqınızı əlinizdən alırlar, məcbur edirlər ki, başqa dövlət xəstəxanasına gedəsiniz. Dövlət xəstəxanasında isə yaxşı həkimlər olur. Sadəcə orada ən böyük problem alqı-satqı, ləvəzimat əskikliyidir, bu da çox ciddi defektdir.

Ağır işlədiyi üçün xəstəxanalar malla təmin edilə bilmir, bir çox aparatlar işlək deyil. Buna baxmayaraq, xəstələri özələ yox, başqa xəstəxanalara yönləndirirlər. Özəl xəstəxanada bir avadanlıq sıradan çıxanda yerində həll oluna bilir, amma dövlətdə belə deyil, proses uzanır”.

Ölkənin ən böyük klinikası olan Yeni Klinikada KT və MRT, USM həftələrdir işləmir.

Səbəbi nə ilə bağlıdır və həmin cihazların təmiri ilə məşğul olacaq texniki işçi tapılmırmı?

Məsələ ilə bağlı Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Cebheinfo.az”-a bildirilib ki, Yeni Klinikanın Poliklinika şöbəsində 7 ultrasəs müayinəsi (USM) kabineti fəaliyyət göstərir:

“Hazırda USM cihazlarında hər hansı texniki nasazlıq qeydə alınmayıb və müayinələr davam etdirilir.

Kompüter Tomoqrafiyası (KT) və Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazlarında yaranmış texniki nasazlıq səbəbindən isə müvafiq xidmətlərin göstərilməsində müvəqqəti fasilə yaranıb.

Nasazlığın aradan qaldırılması və KT və MRT xidmətlərinin qısa müddətdə bərpa olunması istiqamətində zəruri tədbirlər görülür”.

“Bu şirkətin bütün işçiləri rəsmi əmək müqaviləsi olmadan çalışırlar...” - Prezident Administrasiyasına MÜRACİƏT


Tanınmış jurnalist-publisist Elman Eldaroğlu Moderator.az redaksiyasına müraciət edərək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna və digər qurumlara ünvanladığı açıq şikayət məktubunun ictimailəşdirilməsini xahiş edib.

Məktubu olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyinə, Fövqəladə Hallar Nazirliyinə

Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143 A ünvanında yaşayan Elman Eldar oğlu Mustafayev tərəfindən

AÇIQ ŞİKAYƏT MƏKTUBU

Hörmətli, Cənablar! Bu məktubumla Sizə bildirirəm ki, yuxarıda adıçəkilən binanı 29 mart 2024-cü ildə dövlət qeydiyyatından keçən “Binəqədi-38” Mənzil-Məişət Mülkiyyətçiləri Cəmiyyəti(MMMC) idarə edir. Dəfələrlə müvafiq dövlət strukturlarna şikayət etsəm də, "Binəqədi-38" MMMC-də baş verən qanuna zid hərəkətlərlə bağlı heç bir ölçü götürülmür. Belə ki, burada çalışan işçilər, yəni komendant, inzibati işçi, xadimə və s. rəsmi əmək müqaviləsi olmadan çalışırlar. Hətta aralarında heç bir iş izni olmayan Gürcüstan vətəndaşı da var...

Bundan əlavə "Binəqədi-38" MMMC-nin sədri Eldar Səfərov heç bir rəsmi əmək müqaviləsi olmayan komendant Şamil Ağa oğlu Əliyevi imzalayıb möhürlədiyi saxta protokolla binanın yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxs təyin edib. Bu isə məni çox narahat edir. Sabah binamızda yanğın baş verərsə, tələf olan insanların necə deyərlər, qanları batacaq...

Həmin 001/3-2-2026 nömrəli protokol FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci Ərazi Dövlət Yanğın İdarəsinə təqdim edilib və onların dəftərxanasında özüm görmüşəm. Bu isə qanunvericiliyin ciddi şəkildə pozulması olsa da Eldar Səfərov adıçəkilən binanın yanğın təhlükəsizliyinin bərbad halda olduğunun məsuliyyətindən yayına bilib. Saxta protokol imzalamaqla MMMC sədri faktiki olaraq əmək müqaviləsi olmadan çalışan komendant Şamil Ağa oğlu Əliyevlə aralarında əmək münasibətlərinin olduğunu rəsmən etiraf etmiş olur və bu sənəd yoxlama zamanı əsas sübut rolu oynaya bilər...

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (elektron sistemdə qeydiyyatdan keçmədən) fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə "Binəqədi-38" MMMC-nin sədrini fiziki şəxs kimi inzibati cərimə gözlədiyi halda ona “gözün üstə qaşın var” deyən də yoxdur...

Eyni zamanda, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, MMMC-nin sədrinə işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi yolu ilə gəlirlərin gizlədilməsinə şərait yaradıldığı üçün maliyyə sanksiyası kəsilməlidir. Amma nə olsun, necə deyərlər, sədr öz işindədir, heç kimi də saya saymır, heç kimlə hesablaşmaq da istəmir...

Cənablar, sizdən xahiş edirəm ki, binamızda hökm sürən bu özbaşınalığa- rəsmi əmək müqaviləsi olmadan ölkə və xarici vətəndaşların işləməsinə, sənədlərin saxtalaşdırılmasına, o cümlədən "Binəqədi-38" MMMC-nin rəhbərliyi tərəfindən törədilən bütün qanun pozuntularına qanuna müvafiq münasibət bildirəsiniz...

5 oktyabr 2026-cı il

Hörmətlə, Elman Eldar oğlu Mustafayev,
Jurnalist, publisist
Əlaqə nömrəsi: 055-215 -33- 65”

Redaksiyadan:

Araşdırmamızdan bəlli oldu ki, “Binəqədi-38” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Bakı şəhərinin Binəqədi rayonunda çoxmənzilli yaşayış binalarının idarə olunması və saxlanılması ilə bağlı fəaliyyət göstərən qurumlardan biridir.

Açıq mənbələrdə MMMC-nin fəaliyyət ünvanı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 143A kimi göstərilir.

Açıq mənbələrdə yayılan məlumatlara görə, cəmiyyətə Eldar Fərhad oğlu Səfərov rəhbərlik edir.

Hüquqi məlumat...

Açıq mənbələrdə “Binəqədi-38” MMMC-nin VÖEN-i 1009734441 kimi göstərilir. Bu məlumatın Dövlət Vergi Xidmətinin mənbələrində yayılıb.

MMMC-nin konkret hüquqi statusu, təsisçiləri, idarəetmə orqanlarının tərkibi və nizamnamə məlumatlarının ayrıca rəsmi reyestr məlumatları əsasında dəqiqləşdirilməsi məqsədəuyğundur.

Rəhbərlik

Rəhbər: Eldar Fərhad oğlu Səfərov.

Onun MMMC rəhbəri kimi fəaliyyət göstərməsi barədə məlumat müxtəlif açıq internet materiallarında yer alır. Rəhbərin vəzifəyə təyin edilməsinin tarixi və səlahiyyət müddəti barədə açıq mənbələrdə kifayət qədər dəqiq məlumat aşkarlanmayıb.

Təəssüf ki, “Binəqədi-38” MMMC-nin təsdiqlənmiş rəsmi telefon nömrəsini müəyyən edə bilmədiyimizdən şirkətin rəhbərliyi ilə əlaqə yarada bilmədik.
Odur ki, şikayət edilən tərəf kimi MMMC-nin rəhbərliyinin də şərhini dinləyib dərc etməyə hazırıq.

Eyni zamanda Binəqədi Rayon İcra Hakimiyyəti, aidiyyəti kommunal qurumlar və zərurət olarsa, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən də rəsmi məlumat almağa çalışacağıq.

Araşdırmamız üçün diqqət çəkən digər məqamlar da üzə çıxdı:

Açıq mənbələrdə “Binəqədi-38” MMMC ilə bağlı müxtəlif şikayət və müraciətlərə rast gəlinir. Bu materialların bir hissəsində MMMC-nin fəaliyyəti, sakinlərlə münasibətlər, mənzil-kommunal xidmətlər və idarəetmə məsələləri ilə bağlı digər şikayət və iddialar səsləndirilir.

Xüsusilə aşağıdakı məsələlərin araşdırılması məqsədəuyğundur:

MMMC-nin hüquqi statusu və fəaliyyətinin qanunauyğunluğu;

MMMC-nin hansı binalara və mənzillərə xidmət göstərməsi;

sakinlərdən toplanan aylıq və digər ödənişlərin məbləği;

toplanan vəsaitlərin hansı işlərə xərclənməsi;

idarəetmə və maliyyə hesabatlarının sakinlərə təqdim edilib-edilməməsi;

MMMC rəhbərinin seçilməsi və ya təyin olunması qaydası;

sakinlərin ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi;

binanın təmiri, lift, istilik, su, kanalizasiya, təmizlik və digər xidmətlərlə bağlı vəziyyət;

sakinlərin yazılı şikayətlərinə MMMC tərəfindən verilən cavablar;

dövlət qurumlarına edilmiş müraciətlər və həmin müraciətlər üzrə verilmiş rəsmi cavablar.
Və s.

“Azəriqaz” əhaliyə qaz yerinə mavi hava satır – Fakt


Yeni Yasamal sakinləri qazın təzyiqinin olduqca aşağı olmasından şikayətlənirlər.

Tribuna.az xəbər verir ki, bu barədə sakin Müşfiq Abdulla sosial şəbəkə hesabında paylaşım edib. O, ərazidə qazın normal istifadə üçün yararsız vəziyyətdə olduğunu bildirib.

“Yeni Yasamalda qaz yoxdur! Yoxdur deyəndə ki, əhaliyə mavi rəngdə hava satırlar. Bir çaydan suyun qaynaması 1 saat çəkir. Hamamlara isti su getmir”, – deyə Müşfiq Abdulla qeyd edib.

Onun paylaşımına şərh yazan digər şəxslər də oxşar problemlə üzləşdiklərini bildiriblər.

Şərhlərdən görünür ki, qazın təzyiqinin aşağı olması ilə bağlı narazılıqlar yalnız Yeni Yasamalla məhdudlaşmır. Müxtəlif ərazilərdə yaşayan bəzi sakinlər də qazın ya zəif, ya da mavi rəngdə, amma hava formasında gəlməsindən şikayətləniblər.

Sakinlərin sözlərinə görə, qazın təzyiqinin aşağı olması gündəlik məişət işlərini çətinləşdirir, xüsusilə su qızdırmaq və isti sudan istifadə ilə bağlı problem yaradır.

İntiqam Cümşüdovun Xətai rayonunda obyektləri artır -Başçının adamına "dur" deyən yoxdu


Rafiq Quliyevlə İntiqam Cümşüdov cütlüyünün Xətai rayonunda qanunsuz tikililəri...
Paytaxın Xətai rayonun qanunsuz tikintilərin çoxluğu ilə seçilən ərazilərdəndir. Məhz Rafiq Quliyev icra başçısı təyin edildikdən sonra Xətai rayonunda qanunsuz tikintilər sürətlə artmağa başladı və bu işdə başçının "makleri" rolunda Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini İntiqam Cümşüdov çıxış edib və hələ də öz rolunu davam etdirməkdəir.
Qeyd edək ki, hər həftə Xətaidə qanunsuz tikililərlə bağlı çoxlu sayda videogörüntü yayılır və bu videogörüntülərdə Xətaidə baş alıb gedən özbaşınalığın, eyni zamanda şəhərin ümumi arxitekturasının necə çirkinləşdirildiyini görürük.
Bu barədə bizə danışan mənbə bildirir ki, bütün bu qanunsuz tikililərin arxasında duran şəxs İntiqam Cümşüdovdur. Daha doğrusu işbazlarla icra başçısı arasında vasitəçi olan şəxsdir. İş o yerə çatıb ki, İntiqam Cümşüdov təhlükəsizlik qaydalarını belə nəzərə almadan bəzi işbazlara binaların üzərində əlavə mərtəbələr tikməyə razılıq verir.
Məlumata görə, İntiqam Cümşüdov özü son beş ildə Xətai rayon ərazisində onlarla obyekt tikdirib və bu obyektlərin böyük hissəsi sənədsizdir. Rafiq Quliyevin ona verdiyi səlahiyyətdən istifadə edən İntiqam Cümşüdov Xətai rayonunda obyektlərinin sayını gündən-günə artırmaqdadır. Yəni bizim hər həftə Xətaidən izlədiyimiz qanunsuz tikililərlə bağlı vidogörüntülərdəki obyektlərin bəziləri elə İntiqam Cümşüdova aiddir. Həmçinin İntiqam Cümşüdovun Biləcəri qəsəbəsində də obyektlərinin olduğu bildirilir.
Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyən İntiqam Cümşüdov Xətai rayonunda ən imkanlı məmurlardan biri kimi tanınır. İntiqam Cümşüdov Xətai rayonu Gəncə prospektində çoxsaylı obyektlərə sahibdir. Həmin obyektlərin bu günki bazar qiymət milyonlarla ölçülür.
Xatırladaq ki, İntiqam Cümşüdov bundan əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə ərazi icra nümayəndəsi vəzifəsində işləyib və Rafiq Quliyevlə dostluq münasibətlərinə sahibdir. Rafiq Quliyev Xətaiyə başçı keçdikdən sonra dostunu yanına alaraq, onu Xətai üzrə baş "makler" təyin edib.(azfakt.com)

Xəstəxana direktoru yeni TƏBİB şefinə etiraz olaraq İŞİNDƏN AYRILDI - FOTO


Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb.

Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha sonra direktor müavini və baş həkim vəzifələrində çalışıb.

Ülfət Qurbanovun vəzifədən ayrılması TƏBİB-də son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib.

20 manatlıq "Asiamed"ə 1.1 milyonluq tender verildi: ATU-nun seçimi... - TƏFƏRRÜAT


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası tərəfindən implantasiya olunan ürək ritm cihazlarının satın alınması məqsədilə həyata keçirilən külli miqdarda satınalma yekunlaşıb.

32gun.az-ın verdiyi məlumata görə, ümumi məbləği 1 115 100 AZN təşkil edən tender "Asiamed" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub.

Nərimanov rayonu, Mustafa Kamal Atatürk prospektində qeydiyyatda olan, qanuni təmsilçisi Zaur Rəhimov Qureyiş oğlu olan və cəmi 20 manat nizamnamə kapitalına malik bu şirkətin həyata keçirəcəyi satınalma çərçivəsində klinika üçün müxtəlif növ kardiostimulyatorlar, defibrilyatorlar, resinxronizasiya və ablasiya sistemləri əldə ediləcək.

322 nömrəli məktəbdə 128 840 manatlıq yığım - ŞOK FAKTLAR


Bakı şəhəri Xəzər rayonu, Albalılıq yaşayış massivində yerləşən 322 nömrəli tam orta ümumtəhsil məktəbində qanunsuz pul yığılması, işə qəbul zamanı pul tələb edilməsi və məsələni ictimailəşdirən vətəndaşa təzyiq göstərilməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Redaksiyaya müraciət edən Nicat Fərzəliyev bildirir ki, məktəbdə müxtəlif bayramlar ərəfəsində valideynlərdən mütəmadi şəkildə pul yığılır. Onun təqdim etdiyi yazışmalarda ayrı-ayrı şagirdlərin adlarının qarşısında 10 manat məbləğinin qeyd edildiyi görünür.

Nicat Fərzəliyevin iddiasına görə, 8 Mart ərəfəsində şagirdlərdən 10 manatlıq yığım həyata keçirilib. 5 oktyabr - Müəllimlər Günü ərəfəsində isə hər şagird üçün artıq 30 manat tələb olunduğu bildirilir.

Məsələnin miqyasını anlamaq üçün rəqəmləri hesablamaq kifayətdir.

Məktəblə bağlı təqdim edilən məlumatda şagird sayı 3221 nəfər göstərilir. Əgər Nicat Fərzəliyevin iddia etdiyi 10 manatlıq yığım bütün 3221 şagirdə şamil olunubsa:

3221 × 10 manat = 32 210 manat.

Müəllimlər Günü ilə bağlı iddia olunan 30 manatlıq yığım da bütün şagirdlər üzrə həyata keçirilibsə:

3221 × 30 manat = 96 630 manat.

Beləliklə, yalnız iki bayram — 8 Mart və Müəllimlər Günü üzrə iddia edilən ümumi məbləğ:

32 210 + 96 630 = 128 840 manat edir.

128 min 840 manat heç bir halda kiçik məbləğ hesab edilə bilməz.

Üstəlik, Nicat Fərzəliyev məktəbdə hazırda faktiki olaraq 4 mindən artıq şagirdin təhsil aldığını iddia edir. Əgər bu göstərici təsdiqlənərsə, 4 min şagird üzrə 10 manatlıq yığım 40 min manat, 30 manatlıq yığım isə 120 min manat edir. Bu halda yalnız iki bayram üzrə söhbət minimum 160 min manatlıq ehtimal olunan vəsaitdən gedir.

Burada xüsusi qeyd olunmalıdır ki, təqdim edilən yazışmalar bütün 3221 və ya 4 mindən artıq şagirdin hər birindən pulun faktiki alınmasını özlüyündə sübut etmir. 128 840 və 160 min manat rəqəmləri şikayətçinin “yığım bütün məktəb üzrə aparılıb” iddiası doğru olduğu halda ortaya çıxan riyazi hesablamadır. Məhz buna görə məsələ hərtərəfli və sənədlərlə araşdırılmalıdır.

Nicat Fərzəliyev pul yığımında iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını da açıq şəkildə çəkir. Onun sözlərinə görə, vəsaitlərin toplanmasında Nuranə Abbasovanın vasitəçi olduğu, müəyyən pulların isə məktəbdə qapıçı işlədiyi bildirilən Mehriban xanımın əli ilə yığıldığı iddia edilir.

Şikayətçi məktəbin direktoru Taleh Şahbaxovun rəhbərliyi dövründə baş verdiyini bildirdiyi bu halların təsadüfi olmadığını, müxtəlif vaxtlarda təkrarlandığını iddia edir.

İddiaların daha ağır hissəsi işə qəbul məsələsi ilə bağlıdır.

Nicat Fərzəliyev bildirir ki, həyat yoldaşının 322 nömrəli məktəbdə işə qəbul edilməsi zamanı əvvəlcə 200 manat, daha sonra isə direktor üçün 500 manat verilməsinin vacib olduğu onlara bildirilib. O, ümumilikdə 700 manat verdiyini iddia edir.

Bu, təsdiqlənəcəyi halda, artıq sadəcə valideynlərdən pul yığılması məsələsi deyil, işə qəbul prosesində qeyri-qanuni ödəniş tələb edilməsi barədə ciddi ittihamdır.

Nicat Fərzəliyev bütün bu məsələləri açıq şəkildə sosiallaşdırdığını, konkret adlar çəkdiyini, yazışmalar təqdim etdiyini və aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etdiyini bildirir.

Onun sözlərinə görə, məsələləri gündəmə gətirdikdən sonra isə təzyiqlərlə üzləşib. Şikayətçi Mehriban xanımın oğulları tərəfindən ona hədə-qorxu gəldiyini və müxtəlif formalarda təzyiq göstərildiyini iddia edir.

Əgər vətəndaş öz adı və soyadı ilə ortaya çıxır, işə qəbul zamanı pul verildiyini bildirir, pul yığımında iştirak etdiyini iddia etdiyi şəxslərin adlarını açıqlayır, yazışmalar təqdim edir və dövlət qurumlarına rəsmi müraciətlər göndərirsə, aidiyyəti qurumların məsələyə münasibəti daha ciddi olmalıdır.

Nicat Fərzəliyev bildirir ki, Elm və Təhsil Nazirliyinə məsələ ilə bağlı rəsmi müraciət edib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun rəhbərlik etdiyi qurum ümumi təhsil müəssisələrində proseslərə nəzarət edən dövlət strukturlarından biridir. Belə olan halda haqlı sual yaranır:

- Vətəndaşın dəfələrlə etdiyi müraciət niyə nəticəli və şəffaf araşdırma ilə yekunlaşmayıb?

- Əgər Elm və Təhsil Nazirliyinə daxil olan müraciət aidiyyəti üzrə MÜTDA-ya və ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinə göndərilibsə, araşdırmanın nəticəsi haradadır?

- İddialarda adı çəkilən şəxslərdən izahat alınıbmı?

- Valideyn qruplarındakı yazışmalar araşdırılıbmı?

- Pul yığılması ilə bağlı valideynlərdən açıqlama alınıbmı?

- Vəsaitlərin kim tərəfindən toplandığı və kimə təqdim edildiyi müəyyənləşdirilibmi?

- İşə qəbul zamanı 700 manat verilməsi barədə iddia yoxlanılıbmı?

- Şikayətçiyə qarşı hədə-qorxu iddiası aidiyyəti hüquq-mühafizə orqanlarına təqdim edilibmi?

Məsələdə daha bir ciddi ziddiyyət də mövcuddur.

Nicat Fərzəliyevin sözlərinə görə, ona verilən rəsmi cavabların birində yığılan pulların geri qaytarıldığı bildirilib. Şikayətçi isə bu məlumatı qəti şəkildə təkzib edir və pulların geri qaytarılmadığını deyir.

- Əgər qurum vətəndaşa “pul qaytarılıb” cavabı veribsə, bu məlumat hansı sənədə əsaslanır?

- Pulları geri alan valideynlərin siyahısı varmı?

- Hansı tarixdə, hansı məbləğlər, kim tərəfindən və kimlərə qaytarılıb?

- Təhvil-təslim aktı, qəbz, imza və ya başqa təsdiqedici sənəd mövcuddurmu?

- Əgər belə sənədlər yoxdursa, vətəndaşa “vəsait geri qaytarılıb” məzmunlu cavab hansı araşdırmanın nəticəsində təqdim olunub?

Ortada artıq yalnız 10 və ya 30 manatlıq “sinif yığımı” söhbəti yoxdur.

Söhbət cəmi iki bayram üzrə 128 840 manatlıq ehtimal olunan yığımdan, şikayətçinin iddiasına əsasən faktiki şagird sayı götürüldükdə isə 160 min manatı keçə biləcək məbləğdən, işə qəbul zamanı 700 manat verilməsi iddiasından, konkret şəxslərin adlarının çəkilməsindən, hədə-qorxu iddialarından və bütün bunlarla bağlı dövlət qurumlarına edilmiş rəsmi müraciətlərdən gedir.

İddiaların doğru olub-olmamasına hüquqi qiyməti jurnalist deyil, səlahiyyətli dövlət qurumları verməlidir. Lakin məsələ bu qədər açıq şəkildə ictimailəşdirilir, şəxslərin adları çəkilir və vətəndaş rəsmi müraciət etdiyini bildirirsə, qurumların susması və ya formal cavabla kifayətlənməsi yeni suallar yaradır.

Vətəndaş daha nə etməlidir ki, onun müraciəti tam, şəffaf və nəticəli şəkildə araşdırılsın?

322 nömrəli məktəbin direktoru Taleh Şahbaxovun, Nuranə Abbasovanın, Mehriban xanımın, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Səsləndirilən iddiaların hər biri araşdırılmalı, nəticə isə ümumi ifadələrlə deyil, konkret faktlar və sənədlərlə ictimaiyyətə açıqlanmalıdır. /BakuNews.az/

“Neptun”dakı endirim narazılıq yaratdı – Foto


“Neptun” marketlərindəki endirim alıcıları narazı salıb.

Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:

“Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq” Valio” yağlarının endirimdə olduğu deyilir.

Alarkən isə həm satıcılar, həm kassadakılar bu barədə məlumatı olmadıqlarını bildirirlər”.

Alıcı hesab edir ki, bu müştərini aldatmaq və yalan məlumat verməkdir.

Qarşı tərəfi dinləməyə hazırıq.




Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56