Bərdə sakini öz qohumlarının TƏZYİQİ İLƏ ÜZ-ÜZƏ... - "İmkan vermirlər ki..."


Bərdə rayon sakini Şövqiyyə Piriyeva yaşadığı problemlə bağlı şikayətini dilə gətirib. "Dia-az"ın məlumatına görə, üç övlad anası olan və 26 ildir yaşadıqları ərazidə əkinçiliklə məşğul olduğunu bildirən vətəndaş iddia edir ki, qohumları onun torpaq sahəsindən istifadə etməsinə mane olurlar.;>
Şikayətçinin sözlərinə görə, ailənin yeganə gəlir mənbəyi əkinçilikdir. Lakin qayınatası Məzahir Piriyev, qayınanası Şöhrət Piriyeva və qayınının oğlu Şamo Piriyev tərəfindən əkin işlərinə maneələr yaradılması ailəni ciddi maddi çətinliklərlə üz-üzə qoyub.;>


Şövqiyyə Piriyeva bildirir ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, indiyədək problemin həllinə nail ola bilməyib. Onun sözlərinə görə, əkin aparmasına imkan verilmədiyindən aldığı toxumlar əlində qalıb və nəticədə məhv olub.Ailəsinin dolanışığının əkinçilikdən asılı olduğunu vurğulayan şikayətçi yaranmış problemin həlli, torpaq sahəsindən istifadə hüququnun təmin olunması və ailəsinin maddi vəziyyətinin daha da ağırlaşmaması üçün aidiyyəti qurumlardan kömək istəyir.;>


Peşə təhsil mərkəzində yeni təyinat - Avtomobil təmiri sexi, yeni adamlar...



Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyində dəyişikliklərdən sonra müəssisədə bir sıra kadr dəyişikliklərinin baş verdiyi bildirilir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı müvafiq əmrlə Yusif Axundovu Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsinə təyin edib. Bu təyinat oktyabrın 2-də edilsə də, rəsmi olaraq bu gün açıqlanıb. Qeyd edək ki, Mərkəzdə 10 gün təhvil-təslim işləri aparılıb və ciddi çatışmazlıqlar aşkar edilib.
Yusif Axundov 2001-ci ildə Bakı Dövlət Universitetinin “Beynəlxalq münasibətlər” ixtisası üzrə bakalavriat, 2003-cü ildə isə magistratura təhsilini başa vurub. O, müxtəlif illərdə “Azərenerji” ASC-də, “McDermott Caspian Contractors Inc” şirkətində, Koreya Respublikasının Azərbaycandakı səfirliyinin Kommersiya şöbəsində, “Gilan-Qəbələ Konserv Zavodu” MMC-də və “Mars FK LTD” MMC-də çalışıb. 2024-cü ildə isə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Daha bir maraqlı nüans ondan ibarətdir ki, Agentliyin məlumatında qeyd olunur ki, Yusif Axundov 2024-cü ildə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Məlumatdan belə görünür ki, Yusif Axundov məlum direktor vəzifəsinə qədər Agentlikdə şöbə müdiri kimi çalışıb. Amma Agentliyin rəsmi səhifəsində illərdir bu vəzifə ştatı və qəbullar zamanı bu şöbənin müdiri Nigar İsmayılzadə (Əsgərova) göstərilir. Maraqlıdır, Tərəfdaşlarla iş və kommunikasiya şöbəsinin müdiri Nigar İsmayılzadədir, yoxsa Yusif Axundov olub?
Həmçinin məlumata görə, yeni direktorun təyinatından sonra mərkəzdə kadr dəyişiklikləri də həyata keçirilib. İddialara əsasən, direktorun təsərrüfat məsələləri üzrə müavini Tapdıq Əhmədov və onun müavini Xanəli Mənsimov vəzifələrindən uzaqlaşdırılıblar. Onların yerinə isə yeni direktorun yaxın adamları təyin olunub.

Tapdıq Əhmədovun 100 min manatdan baha olduğu iddia edilən “Zeekr” markalı avtomobilə sahib olduğu bildirilir.
Mərkəzdə avtomobil təmiri sexinin fəaliyyəti ilə bağlı yeni məlumatlar var. Belə ki, iddialara görə, Şaban Cəərçiyevin rəhbərliyi dövründə təhsil müəssisəsinə məxsus avadanlıqlardan istifadə edilməklə avtomobil təmiri sexi şəxsi biznes məqsədilə fəaliyyət göstərib. Məsələ mətbuatda işıqlandırıldıqdan sonra sexin bağlandığı bildirilirdi.
Son məlumatlara əsasən, ötən gündən etibarən həmin sex yeni direktor Yusif Axundovun istifadəsində yenidən fəaliyyətə başlayıb. Dövlətə məxsus avadanlıqlardan istifadə indiyə kimi Şaban Cəərçiyevə gəlir gətirirdisə, bundan sonra Yusif Axundova gəlir gətirəcək.
Qeyd edək ki, qalmaqallı fəaliyyəti ilə tanınan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Şaban Cəərçiyev İlqar Bayramlının əmri ilə bu dəfə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsinə təyin edilib. Bu isə Peşə Təhsili üzrə Dövlət Agentliyində aparılan "kadr islahatları" kimi dəyərləndirlir.
Bizimesr Media

“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin müqavilə bağladığı iki MMC-nin bir VÖEN-i var - BU NƏDİ BELƏ?


“Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması işləri (1-ci mərhələ) üzrə müəllif və texniki nəzarət xidmətlərinin satın alınması bir mənbədən satınalma metodu tətbiq etməklə “Miras Engineering” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 73.088,02 manat dəyərində müqavilə bağlayıb. Məlumat satınaılmaların portalında 12.10.2026-cı ildə dərc edilib.
Xatırlatmaq istərdik ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə bir mənbədən satınalma metodu satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; satınalma predmetinə təcili tələbat yarandıqda.
Qeyd edək ki, bu “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə sözügedən şirkət arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ilk müqavilə 10.09.2021-ci ildə bağlanılıb. Suraxanı rayonunun inzibati ərazisində Zığ gölünün ətrafında yerləşən ərazilərdə yeni yaşıllıqların salınması və damcılı suvarma sisteminin qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə keçirilmiş tenderin dəyəri 148.000 manat təşkil edib. Müqavilə “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında isə “MİRAS ENGİNEERİNG” (VÖEN: 1000104731) Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.02.1995-ci ildə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. MMC-yə VÖEN 01.09.2004-cü ildə verilib. Reyestr məlumatlarında nizamnamə kapitalı 716.1 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, qanuni təmsilçisi kimi isə OMARIEVA EMINA KHANUM qeyd olunub.
MMC-nin qanuni təmsilçisi Emina Khanum Omariyeva kimdir?
İnternet üzərindən apardığımız araşdırma zamanı məlum oldiu ki, Oмариева Эмина-Ханум Магомедовна Rusiyada, Республика Дагестан, г Махачкала, Батырая ул, д. 11, помещ. 814 ünvanda qeydiyyata alınmış ООО “Гидротранспроект” -in təsisçidir. Bundan əlavə xanım həm də Maxaçkala şəhərində daşınmaz əmlakın icarəsi ilə də məşğul olur.
Bundan əlavə rusprofile.ru portalına yerləşdirilmiş məlumata görə 21.05.2025-ci ildə Moskva şəhərində fərdi sahibkar kimi qeydiyyata alınıb.
MMC-nin ilk hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, XIRDALAN QƏSƏBƏSİ, ev 31-Cİ MƏH, 1260-Cİ KEÇİD, mənzil 1, təsisçisi və ilk qanuni təmsilçisi Şirinov Mənaf İsbəndiyar oğlu olub. Daha sonra Əliyev Natiq Balabəy oğlu MMC-nin qanuni təmsilçisi olub.
Göründüyü kimi, “Miras Engineering” MMC 21.02.1995-ci ildə dövlət qeydiyyatına alınıb, 01.09.2004-cü ildə VÖEN verilib. Qeyd edək ki, “MİRAS ENGİNEERİNG” MMC-nin ünvanı həm də Əfəndi İsmiyevin sahibi olduğu Avro-Asiya İnşaat Korporasiyası EVRASCON Açıq Səhmdar Cəmiyyəti ilə eyni ünvanda yerləşir.
Sual yaranır. “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC 10.09.2021-ci ildə “Miras Engineering” MMC-yə məxsus VÖEN-lə “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” ilə necə müqavilə bağlayıb?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin dövlət qeydiyyatına alınması barədə məlumat yoxdur. MMC-nin saytında “HYDROTRANS – ENGİNEERİNG” su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi 1989-cu ildə körpü mühəndisi İsmiyev Əfəndi Muradoviç tərəfindən yaradıldığı göstərilir.
Qeyd edək ki, “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” “MİRAS ENGİNEERİNG” MMC-yə aid VÖEN-lə son illər bir çox dövlət quqrumları tərəfindən keçirilmiş onlarla tendeerin qalibi olub. Maraqlıdır, bu dövlət qurumları VÖEN-i olmayan MMC ilə necə müqavilə bağlaya bilib? Yaxud da müqavilə niyə elə “MİRAS ENGİNEERİNG” MMC ilə bağlanılmır?
Medianın 27 yanvar 2026-cı ildə yaydığı məlumata görə “HYDROTRANS ENGİNEERİNG MÜHƏNDİSLİK MƏRKƏZİ” MMC-nin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 94 500 manat vergi borcu mövcuddur.
Qeyd edək ki, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətin sədri Cavid Abdullayevdir. O, sözügedən vəzifəyə 2024-cü ilin yanvarında təyin edilib. C. Abdullayev daha əvvəl ASC-nin sədr müavini işləyib.
Aktualinfo.net

Dönərçi “Halal Food”u ifşa etdi – Foto


Dönər ustası Yusif Qardaşzadə “Halal Food” MMC-nin hazırladığı dönər ətinin vəziyyəti ilə bağlı şikayətini ictimailəşdirib.

Tribuna.az xəbər verir ki, dönər ustasının sözlərinə görə, “Halal Food” MMC xüsusilə toyuq dönəri üçün nəzərdə tutulan əti bərbad vəziyyətdə hazırlayır.

Onun paylaşdığı fotolardan aydın olur ki, dönər ətinə toyuğun hətta tüklü, qığırdaqlı və yeyilməyən hissələri də əlavə olunur.

Yusif Qardaşzadə bildirib:

“‘Halal Food’ MMC-nin istehsal etdiyi toyuq dönəri ilə bağlı dəfələrlə eyni problem yaşanıb. Bildirəndə də yola verirlər. Rəsmi qaydada AQTA-ya şikayət olunacaq.

MMC dəymiş zərəri qarşılamaqdan imtina edir.

Paylaşdığım şəkillər fərqli-fərqli zamanlarda çəkilib. Mən bir sahibkar kimi bu əti müştəriyə verə bilmərəm”.

Qeyd edək ki, “Halal Food” MMC Azərbaycanda soyudulmuş və dondurulmuş ət və toyuq məhsullarının idxalı və satışı ilə məşğul olan şirkətdir.

“Halal Food” MMC-nin qanuni təmsilçisi Əhmədov Sadiq Əhməd oğludur.

SOCAR-ın mərkəzi ofisində QANUNDANKƏNAR ŞÖBƏ RƏİSİ... - Əgər araşdıran olarsa...


Dövlət müəssisəsi əməkdaşının hərbi xidmətdən yayınması faktının araşdırılması ilə bağlı işçilər adından SOCAR rəhbərliyinə və müvafiq dövlət qurumlarına müraciət ünvanlanıb. Bir nüsxəsi də "Dia-az"a daxil olan müraciətdə deyilir:

"SOCAR-ın Baş Ofisinin Qazma xidmətlərinin idarə edilməsi şöbəsinin rəisi Kamran Quluzadənin qanunsuz olaraq hərbi xidmətdən və hərbi mükəlləfiyyətdən yayındığı faktı var.

Hər halda strateji dövlət müəssisəsində cavabdeh vəzifə tutan şəxsin bu əməli Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin və Cinayət Məcəlləsinin 321-ci maddəsinin (Hərbi xidmət keçməkdən yayınma) tələblərinə ziddir..."

Bu məqama diqqət yönəldən müraciət müəllifləri əlaqədar qurumların rəhjbərliyindən və əlaqədar şəxslərdən təcili tədbir görülməsini istəyirlər. Müraciətdə daha sonra bildirilir: "Sizdən xahiş edirik:

1. Kamran Quluzadənin hərbi xidmətə çağırışdan azad olunma və ya möhlət hüququnun qanuniliyi hərtərəfli araşdırılsın.

2. Hərbi xidmətdən yayınma və ya vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi) faktı təsdiqini taparsa, barəsində cinayət işi başlanılsın və tutduğu vəzifəyə uyğunluğuna baxılsın..."

Məsələ diqqətimizdədir...

Aparat rəhbəri vəzifəsindən getdi - BUNDAN SONRA...


"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə aparat rəhbəri Yuliya Pasternak vəzifəsindən ayrılıb.

Xitab24.az-ın əldə etdiyi özəl məlumata görə, o, öz ərizəsi ilə işdən çıxıb.

Pasternakın ərizəsi qəbul edilib. Onun hansı səbəbdən işdən ayrıldığı hələlik bəlli deyil.

Rəhbər vəzifələrdə başqa dəyişikliklərin də olacağı gözlənilir.

Qeyd edək ki, Y.Pasternak bu vəzifəyə ötən ilin oktyabrında təyin olunmuşdu.

Şagirdlər bu məktəbdən QAÇAQ DÜŞÜB - NƏ BAŞ VERİR?


278 nömrəli məktəbə aid olan şagirdlərin digər məktəblərə üz tutmasının səbəbi və ya səbəbləri nədir?
Yeni tədris ilinin başlamasına az qalmış, bir sıra orta məktəblərdən valideynlər uşaqlarını çıxardıb başqa təhsil müəissələrinə yerləşdiriblər.Bu hal Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki orta məktəblərdə ötən illərə nəzərən daha çox qeydə alınıb.

Faktinfo.az xəbər verir ki, Suraxanı rayonunda yerləşən Bakı şəhəri Pərviz İsmayılov adına 278 nömrəli tam orta ümumtəhsil məktəbindən də şəxsi işi götürülən məktəblilərin sayı az olmayıb.

Bəs ərazi qeydiyyatı məktəbə aid olan şagirdlərin digər təhsil müəissələrinə üz tutmalarının səbəbi və ya səbəbləri nədir?

Sualımıza cavab almaq üçün 278 nömrəli tam orta ümumtəhsil məktəbi ilə əlaqə yaratmaq istəsək də zəngimizə cavab verilmədi.Qarşı tərəf mövqeyini bildirə bilər.

Sosial Xidmətlər Agentliyi bir ildə eyni adama üç tender verib: Natiq Əlisoy kimdir? - ARAŞDIRMA


Sosial Xidmətlər Agentliyi (SXA) növbəti tenderinin nəticəsini açıqlayıb. Tribuna.az xəbər verir ki, qurum Astara rayonunda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün 37 ədəd ikiotaqlı və 37 ədəd birotaqlı mənzilin satın alınmasını həyata keçirəcək.

Məlumatda qeyd edilir ki, tenderin qalibi fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy olub. Onunla 3 milyon 428 min 932 manatlıq müqavilə imzalanıb.

Tribuna.az məsələ ilə bağlı açıq mənbələr üzərindən bəzi areaşdırmalar aparıb. Məlum olub ki, SXA ilə Natiq Əlisoy arasında bu, ilk tender anlaşması deyil. Belə ki, 07.08.2026-cı il tarixdə də analoji razılaşma əldə olunub. Həmin vaxt Agentlik Əlisoya Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzilin alınmasını sifariş edib. Bu zaman tərəflər 1 milyon 444 min 840 manata anlaşıblar.

Amma buna qədər də tərəflərin yolları kəsişib. Tribuna.az xəbər verir ki, Natiq Əlisoy 07.03.2025-ci il tarixdə də SXA-nın tenderinin qalibi olub. Həmin tenderə asasən sözügedən şəxs Agentlik üçün Salyan rayonunda 32 ədəd üçotaqlı mənzil satın alıb. Həmin anlaşmanın dəyəri isə 2 milyon 197 min 760 manat təşkil edib.

Həmçinin 2023-cü ilə qədər də tərəflər heç də az olmayan məbləğli tenderlərdə anlaşma əldə ediblər. Məsələn, 23 avqust 2023-cü ildə bağlanmış 8 milyon 149 min 930 manatlıq müqavilə Bakı, Gəncə, Mingəçevir və Şəki şəhərlərində, eləcə də bir sıra rayonlarda mənzillərin alınmasını əhatə edib.

Bundan başqa, 30 dekabr 2023-cü ildə eyni məqsədlə 1 milyon 554 min 240 manatlıq müqavilə də bağlanıb. Əlisoyun əvvəlki tenderləri arasında 2022-ci ildə imzalanmış 3 milyon 291 min 150 manatlıq mənzil satınalması da yer alır.

Bəs, Natiq Əlisoy kimdir?

Natiq Əlisoyun dövlət satınalmalarındakı fəaliyyəti təkcə fiziki şəxs kimi qazandığı sifarişlərlə məhdudlaşmır. O, 2016-cı ildə yaradılmış “Gulay-Food” MMC-nin qanuni təmsilçisi kimi də tanınır. Ötən il dərc olunan araşdırmada şirkətin nizamnamə kapitalının cəmi 1 manat olduğu bildirilirdi.

Buna baxmayaraq, şirkət milyonlarla manatlıq dövlət sifarişləri qazanıb. “Gulay-Food” MMC 2024-cü ildə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının naharla təmin edilməsi üzrə 6 milyon 120 min 881 manatlıq tenderin qalibi olub. Satınalma çərçivəsində 583 min yemək porsiyasının nəzərdə tutulduğu qeyd edilib.

Şirkət 2023-cü ilin noyabrında eyni istiqamətdə 12 min 250 porsiya naharın təmin edilməsi üçün 43 min 365 manatlıq sifariş də qazanıb. Beləliklə, şirkətin göstərilən tenderlərinin ümumi dəyəri 6 milyon 164 min 881 manat təşkil edib.

SAXTA REKLAMLA MÜŞTƏRİ TOPLAYIRLAR... - VƏ...


"Badamdarda yerləşən "Olive garden" restoranına üz tutarkən insanın gözləntisi yalnız dadlı yemək deyil, eyni zamanda keyfiyyətli xidmət, dürüst təqdimat və müştəriyə hörmət görməkdir..." Bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən Aynur Məmmədzadə adlıistifadəçi gileylənir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Ailəvi səhər yeməyi üçün bu restoranı seçməzdən əvvəl onların Instagram səhifəsində paylaşılan səhər yeməyi süfrələrinə nəzər saldıq. Təqdim olunan zəngin çeşid, fərqli təamlar və cəlbedici süfrə görüntüləri bizdə müsbət təəssürat yaratdı və məhz bu səbəbdən ailəlikcə səhər yeməyi etmək üçün həmin məkana gəlməyə qərar verdik.
Lakin restorana gəldikdə, sosial şəbəkələrdə təqdim olunan görüntülərlə real xidmət arasında ciddi fərq olduğunu gördük. Məsələni xidmət əməkdaşına bildirdikdə isə bizə həmin səhər yeməyi menyusunun artıq ləğv olunduğu deyildi.
Bu məqamda haqlı olaraq belə bir sual yaranır: Əgər qeyd olunan təklif artıq qüvvədə deyilsə, nə üçün restoranın rəsmi Instagram səhifəsində hələ də paylaşılır? Müştərilərin məhz həmin təqdimata əsaslanaraq restorana gəlməsi nəzərə alınmırmı?
Əməkdaş məsələni administratora çatdıracağını və onun bizə yaxınlaşacağını bildirdi. Təəssüf ki, nə bizimlə maraqlanan oldu, nə də hər hansı izahat verildi. Beləliklə, səsləndirdiyimiz irad cavabsız qaldı.
Bizim narazılığımız yalnız səhər yeməyinin çeşidi ilə bağlı deyil. Əsas məsələ reklam olunan xidmətlə faktiki təqdim olunan xidmətin uyğunluğu və müştəri müraciətinə göstərilən münasibətdir.
Müasir xidmət mədəniyyəti yalnız gözəl şəkillər paylaşmaqdan ibarət deyil. Bu, eyni zamanda müştəridə yaradılan gözləntiyə hörmət etmək, məlumatları vaxtında yeniləmək və narazılıqlara məsuliyyətlə yanaşmaq deməkdir.
Ümid edirik ki, restoran rəhbərliyi bu rəyi konstruktiv şəkildə qəbul edəcək və gələcəkdə digər müştərilərin də oxşar vəziyyətlə üzləşməməsi üçün müvafiq tədbirlər görəcək.
Çünki müştəri məmnuniyyəti sadəcə reklam şüarı deyil, xidmət keyfiyyətinin əsas göstəricisidir..."(Dia-az)





Prezidentin "yaşıl işıq" tapşırığı Qəbələdə niyə sönür? -İcra Hakimiyyətinin "qırmızı işığı"nda qalan sahibkarlar


Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühitinin stimullaşdırılması regionlarda yeni müəssisələrin, hotel, restoran və anbarların tikilməsi ilə birbaşa bağlıdır. Dövlət başçısı səviyyəsində sahibkarlara "yaşıl işıq" yandırılması və sənədləşmə proseslərinin tamamilə rəqəmsallaşdırılması barədə verilən kəskin tapşırıqlara baxmayaraq, bəzi rayonlarda yerli məmurlar hələ də köhnə idarəetmə üsullarından və bürokratik əngəllərdən əl çəkə bilmirlər.

Redaksiyamıza daxil olan son şikayətlər göstərir ki, bölgələrdə kommersiya obyekti tikmək istəyən investorlar, qanunvericiliklə dəqiq çərçivəyə salınmış prosedurların yerlərdə süni şəkildə tormozlanması ilə üzləşirlər. Bu problemlərin mərkəzində dayanan son ünvanlardan biri isə regional turizm və biznes potensialı ilə seçilən Qəbələ rayonudur.

Qəbələdə fəaliyyət göstərən bir qrup sahibkar, tikinti ilə bağlı sənədlərin razılaşdırılması prosesində ciddi əsassız gecikmələrlə üzləşdiklərini bildirirlər. Onların sözlərinə görə, obyektlərin layihə sənədləri müvafiq qaydada Qəbələ Rayon İcra Hakimiyyətinə təqdim edilsə də, aylarla heç bir hərəkət olmadan saxlanılır və nəticədə qanunvericiliklə nəzərdə tutulan növbəti mərhələlərin icrasına ciddi əngəllər yaranır.

Redaksiyamıza müraciət edən iş adamları vurğulayırlar ki, əsas problem sənədlərin ilkin qəbulunda deyil, məhz onların yerli icra hakimiyyəti daxilində sonrakı mərhələlərə ötürülməsində yaşanır. İddialara görə, sənədlərin yerli qurumda səbəbsiz yerə yubadılması obyektlərin şəhərsalma baxımından ali nəzarətçi orqan olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması prosesini tormozlayır.

Bu isə sahibkarların fəaliyyətinə ağır zərbə vuraraq tikinti qrafiklərinin pozulmasına, investisiya planlarının alt-üst olmasına və obyektlərin istifadəyə verilmə tarixinin qeyri-müəyyən müddətə təxirə düşməsinə səbəb olur.

Halbuki qanunvericilik bu prosesi tamamilə şəffaf və günbəgün hesablana bilən rəqəmsal bir sistemə bağlayıb.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, Bakı şəhərindən kənarda kommersiya təyinatlı tikintiyə icazə üçün müraciətlər birbaşa yerli icra hakimiyyəti orqanlarına e-tikinti.gov.az portalı vasitəsilə ünvanlanmalıdır.

Prosesin ilkin mərhələsində torpağın sənədləri və kateqoriyası yoxlanıldıqdan sonra İcra Hakimiyyəti sahibkara şəhərsalma şərtlərini əks etdirən Memarlıq-Planlaşdırma Tapşırığını təqdim etməlidir. Bundan sonra hazırlanan layihə sənədləri sistemə yüklənir və məhz bu nöqtədə məmur süründürməçiliyinin qarşısını almaq üçün qanun sərt müddətlər qoyur.

Məcəllənin 75-ci maddəsinə əsasən, təqdim olunan sənədlərin tamlığı ekspertizası tələb olunan layihələr üzrə üç iş günü, ekspertizası tələb olunmayan kiçik kommersiya obyektləri üzrə isə cəmi iki iş günü ərzində yoxlanılmalı və çatışmazlıq aşkarlanarsa, ərizəçiyə dərhal rəsmi məlumat verilməlidir.

Sənədlərin tamlığı təmin edildikdən sonra layihə aidiyyəti qurumların rəyinə göndərilir və yerli icra hakimiyyətinin sorğusu əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də cəmi beş iş günü müddətində layihənin rayonun Baş Planına uyğunluğuna dair rəyini sistemə yükləməlidir.

Bütün bu rəylərin toplanması və yekun tikinti icazəsinin verilməsi üçün qanun yerli icra orqanlarına maksimum otuz gün vaxt tanıyır.

Lakin Qəbələ rayonunda bu müddət aylarla uzanır. Redaksiyamıza daxil olan müraciətdə isə artıq 3 aydır ki, heç bir cavab verilmədiyi bildirilir.

Göründüyü kimi, dövlətin müəyyən etdiyi hüquqi çərçivə ilə Qəbələ Rayon İcra Hakimiyyətinin real təcrübəsi arasında kəskin təzadlar mövcuddur. Sahibkarların narazılığı sadəcə növbə gözləməkdən deyil, qanunvericiliklə təsbit edilmiş bu dəqiq müddətlərin yerli məmurlar tərəfindən kobud şəkildə pozulmasından qaynaqlanır.

Yaranmış vəziyyətlə bağlı Qəbələ Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, qarşı tərəflə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Belə ki, RİH-in rəsmi saytındakı aidiyyəti şəxslərin telefon nömrələrinə etdiyimiz zənglər, eyni zamanda saytda göstərilən rəsmi e-mail ünvanına yazdığımız məktub cavabsız qaldı. Hər bir halda qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Qeyd edək ki, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevdir. O, bu vəzifəyə 2010-cu ilin martında təyin edilib.

Azərbaycanın internet resurslarında S.Abdullayev haqda heç də xoş olmayan məlumatlar kifayət qədərdir. Ümid edirik ki, hörmətli icra başçısı daha bir qalmaqalda adının detallarla hallanmasına razı olmayacaq və 3 aydır rəhbərlik etdiyi qurumda ləngidilən tikintiyə icazə müraciətlərinin cavablandırılmasını təmin edəcək.(Afn.az)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56