Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, yüksək səviyyədə mütəmadi görüşlərin və məsləhətləşmələrin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsində rolu qeyd edilib.

Baş nazir Şahbaz Şərif Pakistan xalqının Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük hörmət və ehtiram bəslədiyini bir daha vurğulayıb.

Söhbət zamanı siyasi sahədə mövcud yüksəksəviyyəli münasibətlərin iqtisadi, ticari və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi ilə müşayiət olunmasının vacibliyi qeyd edilib.

Pakistanın Baş naziri Azərbaycanın "ASAN xidmət" modeli əsasında İslamabadda yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu bildirib, bu təcrübənin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün Azərbaycan tərəfindən dəstəyin göstərilməsini xahiş edib.

Prezident İlham Əliyev bu istiqamətdə lazımi dəstəyin göstərilməsinə razılığını ifadə edib.

Pakistanın Baş naziri buna görə dövlət başçısına təşəkkür edərək, Azərbaycanın bu dəstəyini iki ölkə arasında dostluğun və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.

Telefon danışığı zamanı son dövrlərdə Pakistanın regional və beynəlxalq səviyyələrdə dialoqun təşviqi, vasitəçilik və gərginliyin azaldılması istiqamətində göstərdiyi diplomatik səylər təqdir olunub.

Dövlətimizin başçısı və Pakistanın Baş naziri ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlərə, həmçinin regional və beynəlxalq vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Sumqayıt Dövlət Universitetinin III korpusunda BİABIRÇI VƏZİYYƏT – Tələbələrdən sərt şikayət: “Bura universitetdən çox həbsxanaya bənzəyir!”




Sumqayıt Dövlət Universitetinin (SDU) III tədris korpusunda mövcud şəraitlə bağlı tələbələrin narazılığı getdikcə artır. Redaksiyamıza müraciət edən bir qrup tələbə ali təhsil müəssisəsinin tədris binasında ciddi problemlərin olduğunu, mövcud şəraitin normal təhsil almağa imkan vermədiyini bildirir.

Tələbələrin sözlərinə görə, universitetin III korpusu müasir ali təhsil müəssisəsinin tədris binasına qoyulan tələblərə cavab vermir. Binanın yerləşdiyi ərazidən tutmuş auditoriyaların vəziyyətinə, texniki təminatdan internet probleminə qədər çoxsaylı çatışmazlıqlar tədrisin keyfiyyətinə mənfi təsir göstərir.

Şikayətçilərdən biri binadakı vəziyyəti belə təsvir edir:

“Bina təhsil müəssisəsindən çox həbsxanaya bənzəyir. Məhəllənin içərisində yerləşir, həyəti çox kiçikdir, dəhlizlərdə iki nəfər yanaşı hərəkət etməkdə çətinlik çəkir. Tələbələrin sərbəst hərəkət etməsi, dərsarası fasilələrdə istirahəti üçün normal şərait yoxdur”.

Auditoriya çatışmazlığı: Müəllim və tələbələr dərs keçməyə otaq axtarır

Tələbələrin səsləndirdiyi ən ciddi problemlərdən biri auditoriya çatışmazlığıdır.

Bildirilir ki, əvvəllər “Tarix və Coğrafiya” fakültəsi kimi tanınan fakültənin III korpusa köçürülməsindən sonra vəziyyət daha da ağırlaşıb. Tələbə sayının artması onsuz da məhdud olan tədris sahəsində ciddi sıxlıq yaradıb.

İddialara görə, bəzi hallarda dərs saatı başlasa da, müəllim və tələbələr boş auditoriya tapmaq üçün dəhlizlərdə vaxt itirməli olurlar. Nəticədə dərsə ayrılmış vaxtın müəyyən hissəsi auditoriya axtarışına sərf edilir.

Ortaya haqlı sual çıxır: Universitet rəhbərliyi əlavə tələbə kontingentini III korpusa köçürərkən binanın tutumunu və auditoriya imkanlarını nəzərə alıbmı?

Əgər tələbə və müəllim dərs zamanı auditoriya axtarırsa, burada tədris prosesinin düzgün təşkilindən danışmaq nə dərəcədə mümkündür?

Universitetin yanında avtoyuma: Dərs zamanı motor səsləri eşidilir

Şikayətlərdə diqqət çəkən digər məsələ binanın yaxınlığında fəaliyyət göstərən avtoyuma məntəqəsidir.

Tələbələrin bildirdiyinə görə, avtoyuma istiqamətinə baxan auditoriyalarda dərs zamanı su motorlarının yüksək səsi eşidilir. Bu isə həm müəllimlərin dərsi izah etməsinə, həm də tələbələrin mövzunu mənimsəməsinə mane olur.

Ali təhsil müəssisəsində dərsin normal keçirilməsi üçün elementar akustik şəraitin təmin olunması vacib olduğu halda, universitet rəhbərliyinin bu problemin aradan qaldırılması istiqamətində hansı addımları atdığı məlum deyil.

Proyektorlar işləmir, internet yoxdur, elektron jurnal problemi yaşanır

Müasir universitetlərdə rəqəmsal tədris imkanlarının genişləndirilməsi prioritet hesab edilsə də, SDU-nun III korpusundan daxil olan şikayətlər tamamilə fərqli mənzərəni ortaya qoyur.

Tələbələrin iddiasına əsasən, auditoriyaların çox az hissəsində proyektor mövcuddur, onların da əksəriyyəti işlək vəziyyətdə deyil.

Bundan başqa, müəllimlərin istifadəsi üçün normal internet təminatının olmadığı, mobil rabitə və internet şəbəkəsinin binada zəif işlədiyi bildirilir.

Bu səbəbdən müəllimlər dərs zamanı elektron jurnalda tələbələrin davamiyyətini və qiymətlərini qeyd etməkdə çətinlik çəkirlər.

XXI əsrdə universitet binasında müəllimin elektron jurnala daxil ola bilməməsi, tələbənin isə normal texniki vasitələrlə tədrisdən yararlana bilməməsi universitet rəhbərliyi üçün ciddi siqnal olmalıdır.

Kiçik bufet, dar dəhlizlər və sıxlıq – tələbələr fasilədə harada dincəlsin?

Tələbələrin narazılığı təkcə auditoriyalarla məhdudlaşmır.

Müraciətdə qeyd edilir ki, yüzlərlə tələbənin istifadə etdiyi binanın bufetində cəmi 5-6 masa yerləşir. Bu səbəbdən dərsarası fasilələrdə tələbələrin əyləşməsinə, qidalanmasına və istirahətinə kifayət qədər yer tapılmır.

Binanın həyətinin kiçik olması da problemi daha da artırır.

Belə olan halda sual yaranır: Universitet rəhbərliyi tələbələrin yalnız dərs keçməli olduğunu düşünür, yoxsa onların təhlükəsizliyi, rahatlığı və normal sosial-məişət şəraiti də diqqətdə saxlanılmalıdır?

Təmir adı altında yalnız boya işləri aparılıb?

Tələbələrin daha bir ciddi narazılığı binada aparıldığı bildirilən təmir işləri ilə bağlıdır.

Şikayətçilər iddia edirlər ki, III korpusun təmiri barədə məlumatlar yayılsa da, görülən işlər əsasən boya işləri ilə məhdudlaşıb.

Onların fikrincə, binada ciddi yenilənməyə ehtiyac olduğu halda, kosmetik dəyişikliklər real problemləri aradan qaldırmayıb.

Tələbələr hətta bir çox orta məktəbin maddi-texniki və infrastruktur imkanlarının universitetin III korpusundan daha yaxşı olduğunu bildirirlər.

Burada əsas məsələ binanın divarlarının hansı rəngə boyanması deyil, həmin divarların arasında tələbələrə hansı keyfiyyətdə təhsil verilməsidir.

Universitet rəhbərliyi bu suallara cavab verməlidir!

Tələbələrin səsləndirdiyi iddialar Sumqayıt Dövlət Universitetinin rəhbərliyi qarşısında bir sıra ciddi suallar yaradır.

III korpusda faktiki neçə tələbə təhsil alır və binanın layihə üzrə tutumu nə qədərdir? Fakültələrin bu korpusa köçürülməsi zamanı auditoriya çatışmazlığı niyə nəzərə alınmayıb? İşləməyən proyektorların, internet təminatının və digər texniki problemlərin aradan qaldırılması üçün hansı tədbirlər görülüb? Binada aparılan təmir işlərinin real həcmi nədən ibarət olub?

Ən əsası, universitet rəhbərliyi tələbələrin illərlə belə şəraitdə təhsil almasını normal hesab edirmi?

Ali təhsil yalnız diplom verməkdən ibarət deyil. Universitet tələbəyə müasir biliklə yanaşı, həmin biliyi mənimsəmək üçün təhlükəsiz, rahat və müasir tədris mühiti də yaratmalıdır.

Tələbələrin müraciətində əksini tapan problemlər təsdiqini taparsa, bu, III korpusda tədrisin təşkili və maddi-texniki təminatla bağlı ciddi idarəetmə çatışmazlıqlarının mövcudluğunu göstərə bilər.

Hesab edirik ki, Elm və Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin rəhbərliyi səsləndirilən iddiaları yerində araşdırmalı, tələbələrin narazılığına aydınlıq gətirməli və konkret tədbirlər barədə ictimaiyyətə məlumat verməlidir.

Çünki universitetin nüfuzu yalnız rəsmi hesabatlarla, təmir xəbərləri və təqdimatlarla deyil, auditoriyada dərs keçən müəllimin və həmin auditoriyada təhsil alan tələbənin real şəraiti ilə ölçülür.

Qeyd: Yazı redaksiyaya daxil olmuş tələbə şikayəti əsasında hazırlanıb. Səsləndirilən iddialar müstəqil qaydada təsdiqlənməyib. Sumqayıt Dövlət Universitetinin rəhbərliyinin və aidiyyəti qurumların məsələyə münasibətini dərc etməyə hazırıq.

BNTV.AZ

Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur


Azərbaycanda LGBT təbliğatının qadağan edilməsi haqqında qanun qəbul olunacaq.
Globalinfo.az xəbər verir ki, yeni qanunla LGBT mövzusunun ictimai məkanlarda, mediada və digər informasiya kanallarında təbliği ilə bağlı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.
Yeni qanunun qəbulu və tətbiqi ilə bağlı aşağıdakı kateqoriyalar üzrə müvafiq addımlar atılacaq:
Media və internet: LGBT münasibətlərini təşviq etdiyi hesab olunan məlumatların yayılması məhdudlaşdırılacaq.
Reklam və kino: Müvafiq məzmunun reklam və filmlərdə yayılması, təbliği qadan ediləcək.
Təhsil: Məktəblərdə qeyri-ənənəvi seksual orientasiyaları təbliğ edəcək məzmun birmənalı olaraq məqbul hesab edilməyəcək.
Hüquqi məsuliyyət: qanun pozulması hallarında cərimə və digər inzibati tədbirlər tətbiq olunacaq.
Qeyd etmək lazımdır ki, müvafiq qanunun tətbiqi ilə bağlı əsaslandırma ilk növbədə uşaqların sağlamlıq və inkişafına zərərli hesab edilə biləcək informasiyalardan qorunması ilə bağlıdır. Sözügedən qanunla “qeyri-ənənəvi seksual orientasiyanın” və pedofiliyanın təbliği uşaqlar üçün qadağan olunmuş informasiya kateqoriyasına daxil ediləcək. Müvafiq kateqoriyaya aid məlumatların yetkinlik yaşına çatmayan şəxslərə yayılması qadağan olunacaq.
Müvafiq proses eyni zamanda kütləvi informasiya vasitələrinə də şamil olunacaq. Pozuntu aşkarlandıqda media qurumlarının fəaliyyətinin dayandırılması, xarici media üçün isə ölkədə fəaliyyət icazəsinin ləğvi kimi tədbirlər nəzərdə tutulacaq. Media qurumunun sahibi və media rəhbəri üçün də məsuliyyət qaçılmaz olacaq.
Təbii ki, informasiya məkanının sürətlə genişlənməsi fonunda sözügedən qanunun tətbiqi telekommunikasiya şəbəkələri və onlayn platformalar üçün də eyni dərəcədə əhəmiyyətli olacaq. Buna görə internetdə paylaşım, video, bloq yazısı və ictimai çağırışlar qanunun tətbiq dairəsinə düşə bilər.
Eyni zamanda reklam və kino sahəsində də qanunun tətbiqi böyük həssaslıq tələb edəcək.
Qeyd edək ki, qanunun tətbiqi ilə eyni zamanda hüquqi məsuliyyət də ortaya çıxır. Belə ki, qanun pozuntusunun xarakterindən asılı olaraq cərimələr, təkrar xətaya yol verdikdə inzibati həbs tətbiqi mümkündür.
Media və internet resurslarına qarşı tənbeh tətbirləri də müvafiq hüquqi prosedurlar çərçivəsində həyata keçiriləcək.

Elnur Əliyev ARTİ ilə vidalaşır? - İDDİA


Azərbaycan Respublikasının Təhsil İnstitutunda(ARTİ) rəhbər dəyişikliyinin baş verəcəyi gözlənilir.

Editor.az məlumatlı mənbələrə istinadən xəbər verir ki, 2023-cü ildən institutun direktoru vəzifəsini müvəqqəti icra edən Elnur Əliyevin yaxın vaxtlarda vəzifəsindən azad ediləcəyi gözlənilir.

İddialara əsasən, Elnur Əliyev üçillik sınaq müddətindən uğurla keçə bilməyib. Bu səbəbdən onun vəzifəsindən uzaqlaşdırılması məsələsinin gündəmdə olduğu bildirilir.

İnstitutun rəhbərliyinə mümkün namizəd kimi isə Elm və Təhsil naziri Emin Əmrullayevə yaxın kadr hesab edilən, nazirliyin daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılovun adı çəkilir. Məlumatlara görə, onun bu vəzifəyə təyin olunması yaxın vaxtlarda reallaşa bilər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutu ölkənin təhsil sistemində mühüm əhəmiyyət daşıyan qurumlardan biridir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin inkişafı və təhsil məzmununun təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərən institutun rəhbərliyində mümkün dəyişiklik diqqət çəkir.

Editor.az xatırladır ki, hələlik Elnur Əliyevin vəzifədən ayrılması və Kamran İsmayılovun mümkün təyinatı ilə bağlı rəsmi açıqlama verilməyib.

“ŞaurmaN1”dən çıxdı nazirlikdə yüksək vəzifəyə təyin olundu - ƏMR


Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərsilah" Müdafiə Sənayesi Holdinqinə yeni Baş mühasib təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifə Azər Səmədova həvalə olunub.

A.Səmədov 2024-cü ildən yeni təyinata qədər “ŞaurmaN1” restoranlar şəbəkəsində direktor müavini vəzifəsində çalışıb.

O, 2023-2024-cü illərdə "Minera Group"da maliyyə meneceri, 2019-2023-cü illərdə "Azersun" Kağız ve Karton İstehsalat Korporasiyasında baş mühasib, 2016-2019-cu illərdə "Bazaragro"da baş mühasib vəzifələrində çalışıb.

BŞTİ-dən QANUNSUZLUQ: Saxta şəkildə... - Məhkəməyə müraciət olunacaq...


Az qala hər gün mediada qalmaqallı hadisələrlə xatırlanan BŞTİ-nin adı daha çox məhkəmə çəkişmələrində, müxtəlif kriminal olaylarda hallandırılır. Adam bilmir nə desin, paytaxtın qosqoca təhsil idarəsi zamanın nəbzini tutaraq gündəmdə qalmağı bacarır. “Filan məktəb direktoru BŞTİ-ni məhkəməyə verdi”, “ Məhkəmə BŞTİ-nin hesablarına həbs qoydu”, “Paytaxt məktəbində əlbəyaxa dava” kimi xəbərləri oxuduqca təhsilimizin kosmik sürətlə irəlilədiyinin şahidi oluruq. Amma hara irəliləyir, bu artıq başqa söhbətin mövzusudur.

Elə bu yaxınlarda BŞTİ-nin bank hesablarına məhkəmənin qərarı ilə həbs qoyulması xəbəri günlərlə medyanın manşet xəbəri oldu. Direktorların , müavinlərin işə qəbulu bir tamaşadırsa, işdən çıxarılması başqa tamaşadır. 288 saylı məktəbdə baş verənlər əslində paytaxtın təhsil sistemi üçün bir utanc idi. Məktəbin direktor müavini qanunsuz olaraq işdən azad olunmuş, nəticədə iş Ali Məhkəməyə qədər gedib çıxmış və hüquqları pozulan müəllim işinə bərpa olunmuşdu. Hətta məhkəmə BŞTİ-nin bank hesablarına da həbs qoymuşdu. Düşünmək olardı ki, bəlkə bundan sonra paytaxtın təhsil sistemində yüksək mövqe tutan cənablar öz işlərində dönüş yaradarlar. Amma “BŞTİ-nin sözü bir olar” prinsipi ilə işləyənlər növbəti fiaskoya imza atıblar. Bu dəfə 98 saylı uşaq baxçasında baş verənlər tamaşanın növbəti pərdəsidir.
Yəqin ki, bir müddət öncə bağça tərbiyəçilərinin nəzarətində olan azyaşlılardan birinin qanında psixotrop maddə aşkarlandığı barədə məlumatları xatırlayırsınız. O zaman bu hadisəsosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Lakin aidiyyatlı qurumlar, polis orqanları tərəfindən aparılan araşdırmalarda bu hadisə öz təsdiqini tapmadı. Düşünmək olardı ki, yalan informasiyadır, çünki günümüzdə belə hadisələr tez-tez baş verir. Amma sən saydığını say, gör BŞTİ nə sayır. Yaranmış fürsəti dərhal dəyərləndirən BŞTİ yetkililəri, konkret olaraq Nərminə Hüseynova , Anar Qədimalıyev və baxçalardan yetkili olan Rəna xanım növbəti direktor ovuna start verdilər. Baxçanın direktoru Elnurə Əliyeva heç bir əsas olmadan vəzifəsindən azad olundu.
Verilən məlumatlarda bildirilir ki, BŞTİ rəhbərliyi 98 saylı baxçanı lap çoxdan gözaltı edibmiş. Bir kiçik bəhanə lazımmış ki, direktorla haqq-hesabı çürütsünlər. Baxçanın 2 hektara yaxın ərazisi var. Rəvadırmı bu boyda ərazini uşaqlara verəsən. Hər sotu milyonlar olan bu boyda ərazidə nələr etmək olmaz? Heç boşalan direktor yerinə yeni təyinatdan danışmırıq. Məşədi İbad demişkən bunun bir ambar toy xərci də var hələ...

Beləcə baş verənlərdən heç bir nəticə çıxarmayan BŞTİ növbəti “direktor əməliyyatı” keçirərək yeni bir qanunsuzluğa imza atıb. Baxmayaraq ki, 98 saylı körpələr evi-uşaq baxçasının ilk həmkarlar təşkilatı məsələni müzakirə edərək qərara etiraz edib. Eyni qərar ETİHİ Yasamal rayon Komitəsi tərəfindən də qəbul edilmiş, Elnurə Əliyevanın qüsursuz işləməsi, heç bir xəbərdarlıq, şiddətli töhmət almadan bir başa işdən azad olunması düzgün hesab edilməyib. Bildirilib ki, baş verən pozuntu baxça müdiri məzuniyyətdə olduğu dövrdə işçilər tərəfindən törədilib və E.Əliyeva həmin işçilərə töhmət verib və sistemdən kənar uşaqlar baxçadan kənarlaşdırılıb. Nəticədə ETİHİ Yasamal rayon Komitəsi E.Əliyeva ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddısinin “Ç” bəndinə əsasən xitam verilməsinə etirazını bildirib. Amma bütün bu etirazların heç bir nəticəsi olmayıb, nədən ki, “BŞTİ-nin sözü bir olar” prinsipi dəyişməzdir. Baxmayaraq ki, qərarın heç bir hüququ əsası yoxdur, E.Əliyevanın təqsiri sübut olunmayıb, o məzuniyyətdə olub, yenə də heç nə dəyişməyib. BŞTİ qanunlara məhəl qoymur, əməllərinə saxta don geyindirməklə öz bildiyini edir. Guya nöqsanlara qarşı tədbir görüldü görüntüsü yaratmaq adıyla daha böyük nöqsana yol verilir. Görünür BŞTİ artıq məhkəmə çəkişmələrinə bir növ adətkar olub. Yəqin bu dəfə məhkəmənin qərarı ilə İdarənin bütün hesabları dondurular. Ta o zamana qədər ki, onların qaranlıq əməllərinə gün işığı düşər, çox mətləblər aydınlığa çıxar....
MÖVZU DİQQƏTİMİZDƏDİR

Nicat Mahmudov

“Retro Holding”də milyon yarımlıq yeyinti: Həbs edilən var - TƏFƏRRÜAT


Azərbaycanda bir çox sahədə, o cümlədən diri heyvan bazarında idxalçı kimi fəaliyyət göstərən “Retro Holding” MMC-nin vəzifəli şəxsi həbs edilib.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin baş mütəxəssisi Rüfət Qalib oğlu Səfiyev böyük məbləğdə mənimsəmədə təqsirləndirilir.


Cinayət işi həvalə qərarı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən istintaq olunub.


İstintaqla müəyyən edilib ki, “Retro Holding”in məsul əməkdaşı Rüfət Səfiyev xarici ölkələrdən diri heyvanların satın alınması üçün nəzərdə tutulan 1 milyon 500 min manat vəsaiti mənimsəyib. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.


İş üzrə ilkin istintaq tamamlanıb, yaxında məhkəmə başlayacaq. Təqsirli bilinəcəyi halda Səfiyevə 14 ilə kimi həbs cəzası verilə bilər.

Mübariz Mənsimovun Azərbaycandakı şirkəti bağlandı - FOTO


"Palmali Holdinq" şirkətlər qrupuna daxil olan və məşhur "PalSüd" süd və süd məhsulları brendinin sahibi olan "Palfood" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandırıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, vergi ödəyicisi kimi passiv statusa malik olan müəssisənin borcu artaraq 133249,95 AZN təşkil edib.

Lənkəran rayonu, Bakı-Astara magistralı ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 4 457 867,58 AZN, qanuni təmsilçisi isə Firdovsi Cahangirov Aslan oğludur.
Xatırladaq ki, qanuni təmsilçi Firdovsi Cahangirov bir müddət əvvəl "Palmali" Holdinqin sahibi Mübariz Mənsimova kirayə həyatından qurtulmaq üçün evlə təmin olunması məqsədilə etdiyi müraciətlə ictimaiyyətdə gündəmə gəlmişdi. Milyonlarla manatlıq nizamnamə kapitalı olan şirkətin külli miqdarda vergi borcu ilə bağlanması diqqət çəkir.

Bu instutun rəhbərliyinə 110 min manatlıq avtomobil alınır - FOTO


"Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" Publik Hüquqi Şəxsi tərəfindən yeni xidməti minik avtomobilinin satın alınması həyata keçirilir.

32gun.az-ın verdiyi məlumata görə, sözügedən satınalma üzrə "Okean Avto 2011" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlana bilər və tenderin qiyməti 108.500 AZN təşkil edir.

Tender şərtlərinə əsasən, 2025-ci il və ya daha yeni istehsal ili olan, yeni, istismar olunmamış, iri ölçülü SUV/krossover tipli, minimum 6 oturacaqlı, qara rəngli plug-in hibrid xidməti minik avtomobili satın alınır. Avtomobilin uzunluğu 5000-5350 mm, eni 1900-2050 mm, hündürlüyü 1700-1900 mm, təkər bazası 2950-3250 mm, yerdən hündürlüyü (klirensi) isə 150-240 mm aralığında olmalıdır.
Güc qurğusu minimum 1,5 litr həcmli benzin mühərriki və elektrik mühərrikindən ibarət olan hibrid sistemin ümumi maksimal gücü minimum 250 kVt, dartı batareyasının tutumu minimum 30 kVt·saat, tam elektrik rejimində yürüş məsafəsi isə minimum 120 km təşkil etməlidir. Avtomobil ABS, ESP, 360° kamera, adaptiv kruiz-kontrol, panoramik şüşə dam, dəri üzlüklü və isitmə-havalandırma funksiyalı oturacaqlar, eləcə də digər müasir təhlükəsizlik və komfort sistemləri ilə təchiz olunmalıdır.

Nizamnamə kapitalı cəmi 10 AZN olan və qanuni təmsilçisi Malik Qubadov Elxan oğlu olan "Okean Avto 2011" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirəli Qaşqay küçəsi, ev 28, mənzil 3 ünvanında yerləşir. Qurğunun qeydiyyatı, nömrələnməsi və digər sənədləşmə işləri də daxil olmaqla təchizatçı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində fəaliyyət göstərən Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu PHŞ-nin İdarə Heyətinin sədri (rəhbəri) Elbrus Paşayevdir.

Qəriblər meşəbəyliyində ölüm hadisəsi: ağac kəsintisi zamanı insan həyatını itirdi – Prokurorluq araşdırır


Meşə dolayında baş verən faciə bir sıra ciddi suallar doğurur
Masallı rayonunun Qəriblər meşəbəyliyində baş verdiyi bildirilən faciəli hadisə meşələrin mühafizəsi və dövlət meşə fondu ərazilərində nəzarətin necə həyata keçirilməsi məsələsini yenidən gündəmə gətirib. Məlumata görə, hadisə 2 oktyabr 2026-cı il tarixində 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Qəriblər meşəbəyliyinin 7 saylı meşə dolayında baş verib.
Bildirilir ki, vətəndaş Abbas adlı şəxs həmin ərazidə qanunsuz ağac kəsintisi zamanı hadisə nəticəsində həyatını itirib. İlkin məlumata görə, ağacın budaqlarından biri qırılaraq onun baş nahiyəsinə dəyib və şəxs aldığı xəsarətdən hadisə yerində vəfat edib. Hadisənin ən mühüm və araşdırılmalı tərəfi isə bundan ibarətdir ki, söhbət sadəcə bədbəxt hadisədən deyil, meşə ərazisində qanunsuz ağac kəsintisi ilə bağlı olduğu bildirilən hadisədən gedir.
Hazırda faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıldığı və hadisənin bütün hallarının araşdırıldığı bildirilir.
Mühafizə əməkdaşları prokurorluğa çağırılıb
Hadisədən sonra 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin bir sıra mühafizə əməkdaşlarının Masallı Rayon Prokurorluğuna dəvət olunması da diqqət çəkir.
Məlumata əsasən, meşə təsərrüfatı sistemində mühafizə işlərinə cavabdeh şəxslərdən izahatlar alınır. Prokurorluğa dəvət olunanlar arasında meşələrin mühafizəsi və qorunması üzrə baş mühəndis Emin Əhədovun da olduğu bildirilir.
Təbii ki, əməkdaşların prokurorluğa çağırılması onların hər hansı cinayət əməlində təqsirli olması anlamına gəlmir. Bu, istintaqın hadisənin bütün təfərrüatlarını, o cümlədən həmin ərazidə nəzarətin necə təşkil edildiyini, ağac kəsintisinin qanuni olub-olmadığını və məsul şəxslərin üzərinə düşən vəzifələri yerinə yetirib-yetirmədiyini müəyyənləşdirməsi baxımından mühüm mərhələdir.
Əsas sual: meşə dolayında qanunsuz ağac kəsintisi necə baş verib?
Hadisə ilə bağlı ən ciddi suallardan biri budur:
Əgər ağac kəsintisi həqiqətən qanunsuz olubsa, dövlət meşə fondunda belə işə kim və necə nəzarət edib?
Meşə mühafizəçilərinin əsas vəzifələrindən biri dövlət meşə fondunun qorunması, qanunsuz ağac kəsintilərinin qarşısının alınması və bu kimi halların vaxtında aşkarlanaraq aidiyyəti qurumlara bildirilməsidir.
Bu baxımdan prokurorluğun araşdırması yalnız insan ölümünün səbəbləri ilə məhdudlaşmamalı, hadisəyə gətirib çıxaran şərait də hərtərəfli araşdırılmalıdır.
Bütün bunlar istintaqın cavablandırmalı olduğu mühüm suallardır.
Bu, ilk narahatlıq deyil
Məsələnin başqa bir tərəfi də var.
11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarətində olan meşə ərazilərində qanunsuz ağac kəsintiləri ilə bağlı əvvəlki dövrlərdə də mediada müxtəlif məlumatlar yayılıb. Məsələn, 2026-cı ilin aprelində Masallı meşələrində yaş ağacların kəsilməsi ilə bağlı iddialar dərc olunmuş, həmin ərazilərin 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin nəzarət zonasında olduğu bildirilmişdi.
2025-ci ildə isə Qəriblər meşəbəyliyinin 8 saylı meşə dolayında dövlət meşə fondu torpaqlarının istifadəsi və ağacların vəziyyəti ilə bağlı mediada ciddi iddialar səsləndirilmişdi.
Bunlar həmin iddiaların doğru olduğu anlamına gəlmir. Lakin yeni faciə fonunda əvvəlki məlumatların da hüquq-mühafizə və aidiyyəti qurumlar tərəfindən nəzərdən keçirilməsi, meşə mühafizəsi sistemində nəzarətin effektivliyinin qiymətləndirilməsi ictimai baxımdan əhəmiyyətli görünür.
İndi əsas məsələ obyektiv istintaqdır
Hadisənin insan ölümü ilə nəticələnməsi məsələni daha da həssas edir. Bir insan həyatını itirib. Ona görə də istintaqın əsas məqsədi yalnız hadisəni hüquqi baxımdan qiymətləndirmək deyil, faciəyə səbəb olan bütün halları üzə çıxarmaq olmalıdır. Əgər ölüm ağac kəsintisi zamanı baş veribsə, ağacın hansı şəraitdə kəsildiyi, kəsintinin qanuni və ya qanunsuz olması, təhlükəsizlik qaydalarına əməl edilib-edilməməsi, hadisə yerində kimlərin olduğu və meşə təsərrüfatının məsul əməkdaşlarının öz vəzifələrini necə icra etdiyi müəyyənləşdirilməlidir. Eyni zamanda, heç bir vəzifəli şəxsin yalnız vəzifəsinə görə əvvəlcədən təqsirli elan edilməsi də yolverilməzdir. Konkret məsuliyyət yalnız istintaq və məhkəmə tərəfindən müəyyən edilə bilər.
Məsələ artıq təkcə bir ağacın kəsilməsi məsələsi deyil. Burada insan həyatının itirilməsi, dövlət meşə fondunun mühafizəsi və vəzifəli şəxslərin qanun qarşısında məsuliyyəti məsələsi dayanır.
İctimaiyyətin gözləntisi də məhz budur: Masallı Rayon Prokurorluğunun apardığı araşdırma tam, obyektiv və hərtərəfli olsun, hadisənin bütün iştirakçıları və səbəbləri müəyyənləşdirilsin, günahı olan şəxs və ya şəxslərdən asılı olmayaraq qanun qarşısında cavab versin.
Hazırda 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə Nəsimi Nəsibovun rəhbərlik etdiyi barədə mediada məlumatlar yayılıb. Hadisə ilə bağlı mərkəzin rəhbərliyinin mövqeyinin də açıqlanması, xüsusilə 7 saylı meşə dolayında baş verən hadisənin hansı şəraitdə və nəzarət altında olduğu barədə ictimaiyyətə məlumat verilməsi məqsədəuyğun olardı.
Araşdırmanın nəticəsi gözlənilir.
BİA.az

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56