Yevlax Olimpiya Kompleksinə ayrılan pullarla “Hovers Group” daha neçə çoxmənzilli bina tikə bilərdi


Yevlax Olimpiya İdman Kompleksinin tikintisinə 2013-cü ildə Prezident Ilham Əliyevin Sərəncamı ilə ilkin maliyyə vəsaiti ayrılsa da, əsas tikinti işləri 2024-cü ilin yanvarında başlamış və qısa müddət ərzində başa çatdırılmışdır. Kompleksin açılış mərasimi isə 2025-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə baş tutmuşdur. Ümumi sahəsi 5.8 hektar olan bu obyekt ən müasir standartlara cavab verir və beynəlxalq tədbirlərin keçirilməsi üçün geniş imkanlara malikdir.

Qeyd edək ki, Yevlax Olimpiya İdman Kompleksinin açılşı 2025-ci il sentyabrın 27-də baş tutmasına baxmayaraq Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi sözügedən kompleksdə əlavə işlərin satın alınması üzrə hələ də vəsait ayırır.

Aktualinfo Gənclər və İdman Nazirliyi tərəfindən Yevlax Olimpiya İdman Kompleksinin tikintisinə ayrılan vəsaitlər ətrafında araşdırma aparıb. Satınalmalrın portalında yerləşdirilmiş məlumatlara görə Gənclər və İdman Nazirliyi 28.12.2023-cü ildən 04.06.2026-cı ilə qədər “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 7 satınalma müqaviləsi bağlayıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə malların (işlərin və xidmətlərin) satın alınması üzrə 18.197.058,59 manat məbləğində müqavilə 28.12.2023-cü ildə bağlanılıb.

MDB ölkələrinin lll Oyunlarının keçiriləcəyi Yevlax rayonunda Olimpiya İdman Kompleksinin ərazi daxili drenaj şəbəkəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə 186.576,14 manat məbləğində müqavilə 16.01.2025-ci ildə bağlanılıb.

Yevlax rayonunda Olimpiya İdman Kompleksinin tikintisi işlərinin davamının satın alınması üzrə 3.656.589,97 manat məbləğində müqavilə 07.03.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satın alınması üzrə 1.782.113,87 manat məbləğində müqavilə 30.07.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi işlərinin satınalınması üzrə 4.586.289,62 manat məbləğində müqavilə 24.09.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi üzrə əlavə işlərin satın alınması üzrə 1.661.317,76 manat məbləğində müqavilə 30.12.2025-ci ildə bağlanılıb.

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin elektrik təchizatı və əlavə işlərin satın alınması üzrə 1.462.266,24 manat məbləğində müqavilə 04.06.2026-cı ildə bağlanılıb.

Göründüyü kimi Gənclər və İdman Nazirliyi son iki il ərzində Yevlax Olimpiya İdman Kompleksinin tikintisi üzrə “Hovers Group”MMC ilə ümumi dəyəri 31 532 208 manat olan 7 satınalma müqaviləsi bağlayıb.

Burada qiymətlərin şişirdildiyi açıq aşkar görsənməkdədir. Müqayisə üçün qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsindlarının tikintisi ilə əlaqədar 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üzrə elə “Hovers Group”MMC ilə 13.07.2023-cü ildə 10.404.026 manat dəyərində müqavilə bağlayıb.

Göründüyü kimi MİDA eyni şirkətə on milyon manata 3 çoxmənzilli yaşayış binalarının tikintisinin sifarişini verib. Amma Gənclər və İdman Nazirliyi 32 milyon manata yaxın dövlət vəsaiti hesabına bir Olimpiya İdman Kompleksinin tikintisi başa çatdıra bilmir.

Maraqlıdır, “Hovers Group”MMC on milyon manat 3 çoxmənzilli yaşayış binaları tikirsə, 32 milyona neçə belə yaşayış binası tikə bilər? Ən azı 10 çoxmənzilli yaşayış binaları, yəni böyük bir yaşayış kompleksi.

Qeyd edək ki,Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestri məlumatlarında “HOVERS GROUP” (VÖEN: 1501843641) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.07.2011-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 345 720.00 manat olan MMC-nin hüquqi ünvanının , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBAS SƏHHƏT, ev 73, qanuni təmsilçisi kimi isə Zeynalov İlqar Adıgözəl oğlu qeyd olunub.

Dövlət Vergi Xidmətinin reyestrində edilmiş dəyişiklikdə isə “Hovers Group” MMC-nin BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AZADLIQ PR., ev 114, mənzil 76 ünvanında Səbuhi Knyaz oğlu Mehdizadə tərəfindən təsis edildiyi göstərilir. O 2015-ci ilin fevralına qədər MMC-nin qanuni təmsilçisi olub. Ondan sonra MMC-yə müxttəlif vaxtlarda Hümbətov Cəmşid Ellər oğlu, Rəhimov Şəhriyar Kamal oğlu qanuni təmsilçilik edib.

Şirkətin eyniadlı portalında yerləşdirilmiş məlumatlara görə MMC 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edilmişdir. Sürətlə inkişaf edən şirkət bərpa və tikinti, eləcə də dizayn layihələri xidmətlərinin həyata keçirilməsi ilə məşğul olur. Bir çox müxtəlif miqyaslı və mürəkkəb layihələrin arxasında Hovers Group adı vardır. Tikinti və bərpa işləri müasir tikinti texnologiyalarından və avadanlıqlarından istifadə edən yüksək ixtisaslı mütəxəssislər tərəfindən aparılır. Şirkət həmçinin Bakıda, Hovers Beton zavodunda hər növ markalı beton istehsalını, Metal zavodunda isə istənilən formalı metal tir istehsalını həyata keçirir və bu tikinti materiallarının lazımi istiqamətlərə çatdırılmasını təmin edir. Hovers Group kifayət sayda nəqliyyat vasitələrinə və professional sürücü potensialına malikdir və bunun sayəsində ölkə daxilində 80 ton ağırlığında böyük yüklərin daşınmasını həyata keçirə bilir. Hovers Group şirkətlər qrupu olub müxtəlif biznes sahələrinə yönəlmişdir və Bakı Enerji Tikinti ASC, Hovers İşıqlandırma MMC və Hovers Tikinti MMC şirkətlərindən ibarətdir.

Apardığımız daha ətraflı araşdırmalar zamanı məlum oldu ki, “Hovers Group” MMC-nin təsisçisi Səbuhi Knyaz oğlu Mehdizadə Prezident İlham Əliyevin 15 iyul tarixli sərəncamı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsinə təyin olunub.
Mediada yer alan məlumatlara görə sözügedən nümayəndəlikdə baş məsləhətçisi vəzifəsində çalışan Səbuhi Knyaz oğlu Mehdizadə xüsusi nümayəndənin müavini olub. Səbuhi Mehdizadə Xüsusi nümayəndəlikdən öncə bir sıra vəzifələrdə çalışıb. O, buna qədər kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru, Azərbaycan Stolüstü Tennis Federasiyasının Baş katibi, “Azərbaycan Respublikasının Ağır Atletika Federasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini vəzifələrində çalışıb. Hazırda o, Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir.
Göründüyü kimi Səbuhi Mehdizadə bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb. Təsisçisi olduğu “Hovers Group” MMC isə işlədiyi qurumlardan son beş ildə 70 milyon manata yaxın dövlət sifarişi alıb. Göründüyü kimi, şirkət 2011-ci ildə yaradılsa da milyonlarla manat dəyəri olan tenderləri son 5 ildə, Səbuhi Mehdizadə yüksək vəzifələrdə çalışdığı dövrlərdə əldə edib. Belə olmasaydı, şirkət hər il 10 milyonlarla dəyəri olan tenderi qazana bilərdimi?

Aktualinfo.net

“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı


“Dünyagöz” xəstəxanasının baş həkimi Kənan Yıldırım barəsində cinayət işi açılıb.

Məsələ 2024-cü ildə V.G. adlı şəxsin sol gözündə aparılan katarakt əməliyyatından sonra həmin gözün görmə qabiliyyətini itirməsi ilə bağlıdır.

V.G. iddia edir ki, əməliyyatdan sonra sol gözündə ciddi problemlər yaranıb. Onun sözlərinə görə, göz daxili təzyiq artıb, ağrılar isə dözülməz həddə çatıb. Pasiyent bununla əlaqədar Bakının müxtəlif tanınmış göz həkimlərinə müraciət edib.

Şikayətçinin bildirdiyinə görə, həkimlərin rəyi əsasında həmin dövrdə sol gözdə katarakt əməliyyatının aparılması məqsədəuyğun olmayıb. Belə ki, ilkin müayinə zamanı torlu qişada qanaxmalar müşahidə edilib və bu vəziyyət sonradan rubeozis iridis və qlaukoma xəstəliyinin yaranmasına səbəb olub. Kənan Yıldırımın yol verdiyi tibbi səhv nəticəsində onun sol gözü ömürlük görmə qabiliyyətini itirib.

Pasiyent daha əvvəl Kənan Yıldırımdan şikayət etsə də, araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunub.

Lakin V.G.-nin şikayəti əsasında işə yenidən Bakı Şəhəri Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsinə və materialların əlavə araşdırma aparılması üçün aidiyyəti orqana göndərilməsinə qərar verib.

Qeyd edək ki, məhkəmənin qərarı Kənan Yıldırımın təqsirli bilinməsi anlamına gəlmir və məsələ ilə bağlı araşdırma davam etdiriləcək.(Xalq.online)

Sabunçu Tibb Mərkəzində ağır xəstə ölümə göndərilir – DETALLAR



Təcili Tibbi Yardım həkimi Sabunçu Tibb Mərkəzində insilt keçirən xəstəyə göstərilən laqeyd münasibəti ictimailəşdirib.

Həkim Pərvanə Fətullayevanın sözlərinə görə, ağır vəziyyətdə olan xəstənin müayinəsini sözügedən xəstəxana sabaha saxlamağı məsləhət görüb:

“Təcili yardım həkimi olaraq kəskin insult (beyin qan dövranı pozğunluğu) şübhəsi olan bir xəstəni Sabunçu Tibb Mərkəzinə hospitalizasiya etdim. Xəstəxanadakı növbətçi həkim bizə “xəstəni o biri korpusa aparın, Beyin MRT-si etdirin” dedi. Müayinə olundu və bildirildi ki, “MRT cavabını oxuyan mütəxəssis hazırda yoxdur, sabah səhər saat 10-da gələcək…”

​Dəhşətli xəta da məhz buradadır! İnsult zamanı hər dəqiqədə 1.9 milyon beyin hüceyrəsi (neyron) ölür və həyat qurtarmaq üçün cəmi 4.5 saatlıq bir “terapevtik pəncərə” var. Xəstəni növbəti günün səhərinə qədər gözlətmək, onu birbaşa əlilliyə və ya ölümə tərk etmək deməkdir.

​Bəs DOĞRUSU nədir? (Beynəlxalq Protokol nə deyir?)
Amerika Ürək və İnsult Assosiasiyasının (AHA/ASA) rəsmi təlimatına əsasən, kəskin insult şübhəsi olan xəstə xəstəxanaya girən andan etibarən İLK ADDIM olaraq MRT yox, Kontrastsız Beyin KT-si (Kompüter Tomoqrafiyası) olunmalıdır!

​Niyə KT?
Sürət: KT müayinəsi cəmi 2-3 dəqiqə çəkir, MRT isə 25-30 dəqiqə (kəskin xəstə üçün bu böyük vaxtdır).

Məqsəd: İlk dəqiqələrdə məqsəd beyindəki zədənin böyüklüyünü görmək yox, xəstəyə tromb əridici müalicə vermək üçün əks-göstəriş olan QANAXMANI (Hemorragiyanı) istisna etməkdir. KT qanaxmanı təyin etmək üçün QIZIL STANDARTDIR.
Mütəxəssis asılılığı yoxdur: KT-də qanaxmanı təcili yardım həkimi və ya növbətçi həkim də xüsusi radioloq olmadan dərhal görə bilir. MRT-ni oxumaq isə mütəxəssis tələb edir (və bizim keysdəki kimi xəstə ortada qalır).

​”MRT etdirin, cavab sabah çıxacaq” yanaşması həm tibbi, həm də hüquqi baxımdan böyük bir xətadır. Tibb müəssisələrində daxili insult alqoritmləri mütləq yenilənməlidir. Xəstəxanaya gələn insult xəstəsi birbaşa və təcili olaraq KT-yə yönləndirilməlidir!”.(Xalq.online)

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin memorandum şousu:nəticəsiz "uğur" təqdim edilir/FOTOLAR


QHT-lərə Dövlət Dəstəyi Agentliyində görünür, əsas fəaliyyət istiqaməti problemlərin həlli deyil, memorandum imzalamaq və bunun fonunda təntənəli fotoşəkillər çəkdirməkdir. Son illərdə bir-birinin ardınca imzalanan, lakin real nəticəsi görünməyən memorandumlar artıq ayrıca bir janra çevrilib.

Araşdırmalarımızla məlum olur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2024-cü ilin noyabr ayında Keniyanın "SMACHS" adlı qeyri-hökumət təşkilatı ilə memorandum imzalayıb. İmzalanma mərasiminin fotolarına baxanda elə təsəvvür yaranır ki, guya Azərbaycanla Keniya arasında qlobal miqyaslı əməkdaşlığın əsası qoyulur və yaxın gələcəkdə misli görünməmiş layihələr həyata keçiriləcək.

Lakin üzərindən 1 il 7 ay keçməsinə baxmayaraq, ortada nə layihə var, nə təşəbbüs, nə də hər hansı ölçülə bilən nəticə. Sanki memorandum imzalandığı gün öz missiyasını tamamlayıb və arxiv rəfinə göndərilib.

Bəs bu qədər təmtərağın səbəbi nə idi?

SMACHS təşkilatını araşdırdıq... Məlum oldu ki, təşkilat əsasən kənd təsərrüfatı və iqlim dəyişiklikləri istiqamətində fəaliyyət göstərir. Amma görünən odur ki, Agentliyi daha çox təşkilatın fəaliyyəti deyil, onun rəhbərinin kimliyi maraqlandırıb. Çünki təşkilatın rəhbəri Keniya prezidentinin qızıdır.

Belə çıxır ki, əsas məqsəd əməkdaşlıqdan nəticə əldə etmək yox, hesabatlarda nümayiş etdirmək üçün növbəti "beynəlxalq memorandum" əldə etmək olub. Yəni nəticə olmasa da, memorandum olsun. Layihə olmasa da, foto olsun. Faydası olmasa da, hesabatda sətir sayı artsın.

"Yenixeberorg" olaraq müəyyən etdik ki, nə həmin təşkilatın rəsmi resurslarında, nə də Keniya mediasında QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə imzalanmış memorandum barədə hər hansı məlumat tapmaq mümkün deyil. Təşkilatın saytında Azərbaycanla əməkdaşlığa dair ən kiçik qeyd belə yoxdur. Bu əməkdaşlıqdan xəbərdar olan yeganə tərəf, görünür, Azərbaycan mediasıdır. Burada isə memorandumun imzalanması böyük uğur kimi təqdim olunub.

Bu vəziyyət ciddi sual yaradır: nəticəsi olmayan, davamı olmayan, qarşı tərəfin belə xatırlamadığı memorandumların imzalanmasının ölkəyə və vətəndaş cəmiyyətinə nə faydası var?

Bu fəaliyyət iş görüntüsü yarada bilər, amma real iş deyil. Azərbaycanda QHT-lərin dəstək gözlədiyi yüzlərlə sosial problem, ictimai təşəbbüs və həllini gözləyən məsələ var. Agentliyin vəzifəsi formal mərasimlər keçirmək deyil, vətəndaş cəmiyyətinin potensialını gücləndirmək, real layihələrə dəstək vermək və konkret nəticələr ortaya qoymaqdır.

Təəssüf ki, fəaliyyətin məzmunu yox, görüntüsü ön plana çıxarılıb. Memorandumlar imzalanır, şəkillər çəkdirilir, xəbərlər yayılır, amma cəmiyyətə təsir edən nəticələr görünmür.

Ən təhlükəli məqam isə odur ki, bu görüntü siyasəti yuxarı instansiyalara da uğur kimi təqdim edilir. Kağız üzərində aktivlik var, mediada təmtəraq var, amma reallıqda ortada nə əməkdaşlığın izi görünür, nə də onun ölkəyə gətirdiyi fayda.

Sual isə hələ də açıq qalır: QHT-lərə Dövlət Dəstəyi Agentliyi memorandum kolleksiyası yığır, yoxsa ölkənin vətəndaş cəmiyyətinin inkişafı üçün çalışır? (Yenixeberorg.com)

Qarşı tərəfin cavab haqqını tanıyırıq.

Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!


Vətəndaşın haqqını, hüququnu rüşvət torağına çevirənlər, dövlətin məhkəmə qərarını idarə ambisiyalarından aşağı tutanlar bu gün İmişli təhsilini rəsmən bataqlığa sürükləyir.
Redaksiyamıza müraciət edən İmişli rayonu, Hacımuradlı kənd sakinləri — Həsənov İmaməddin və Tarverdiyev Vahid tərəfindən daxil olan şikayət, rayondakı təhsil ocaqlarının necə şəxsi "biznes strukturuna" çevrildiyinin və bu rəzalətin yuxarı instansiyalar tərəfindən necə himayə olunduğunun bariz nümunəsidir.
​Şikayətçi Həsənov İmaməddin 2017-ci ildən Qoşqar Tarverdiyev adına Hacımuradlı kənd orta məktəbində dalandar vəzifəsində çalışıb.
İşlədiyi müddət ərzində heç bir töhməti, xəbərdarlığı, nöqsanı olmayan bir vətəndaş heç bir qanuni əsas göstərilmədən qəfildən işindən kənarlaşdırılıb.
Eyni qanunsuzluqla məktəbin təsərrüfat şöbəsinin əməkdaşı Tarverdiyev Vahid də üzləşib.
​bəs bu qanunsuzluğun kökündə nə dayanır?
Səbəb təhsil keyfiyyəti yox, birbaşa maddi maraqlardır!
​2023-cü ildə sözügedən məktəbə Ruslan adlı şəxs direktor təyin olunur. İddialara görə, yeni direktor işə başlayan kimi işçiləri otağına yığaraq rəsmən şərt kəsir:
"Kim işləmək istəyirsə, hər ay mənə 20 manat verməlidir". Zaman keçdikcə bu "aylıq xəracın" məbləği rəsmən artaraq 50 manata çatır. Bu rüsumu ödəməyən vətəndaşlar isə dərhal qapının arxasına qoyulur.
​Hacımuradlı kənd məktəbinin direktoru Ruslanın keçmişinə və fəaliyyətinə nəzər salanda acınacaqlı mənzərə yaranır.
Təhsil sahəsinə heç bir aidiyyatı olmayan, tutarlı bir diplomu belə tapılmayan bu şəxs, rayonda daha çox təhsil mütəxəssisi kimi yox, işlətdiyi kafeyə görə "qəlyançı" kimi tanınır.
​İndi sual olunur:
Təhsildən uzaq bir qəlyançını məktəbə kimlər və hansı maraqlar çərçivəsində direktor təyin etdirib? Belə çıxır ki, İmişli rayonunda kim istəsə məktəb direktoru ola bilər və təhsil şöbəsi də müəyyən "qarşılıqlar" müqabilində buna göz yummağı çox gözəl bacarır.
​Bu məqamda İmişli Rayon Təhsil Şöbəsinin sektor müdiri Elşad müəllimin rolu ortaya çıxır. Elşad müəllim, rəhbərlik etdiyi sahədə qanunun icrasını təmin etmək əvəzinə, bu "qəlyançı" direktoru niyə bu qədər canfəşanlıqla müdafiə edir?
Bu müdafiənin arxasında hansı maddi bağlar dayanır? Görünən odur ki, sektor müdiri üçün işin icrası və təhsilin gələcəyi yox, maddiyyat daha üstün və cəlbedicidir.
​İşdən çıxarılan vətəndaşlar haqqını axtarmaq üçün ilk növbədə Əmək Müfəttişliyinə müraciət ediblər və qurum vətəndaşın tam haqlı olduğunu təsdiqləyib. Daha sonra məsələ rayon məhkəməsinə daşınıb. Rayon məhkəməsi də faktları araşdıraraq vətəndaşın xeyrinə ədalətli qərar çıxarıb.
​Amma rəzalət bununla bitmir. Dövlətin məhkəməsinin çıxardığı qərarı icra etmək əvəzinə, Mil-Muğan Regional Təhsil İdarəsi apelyasiya şikayəti verir.
Məsələ ilə bağlı regional idarənin müdir müavini Ramil müəllimlə əlaqə saxlanılarkən onun verdiyi cavab rəsmi bir dövlət məmurunun yox, sanki bir qisasçının leksikonundan götürülüb:
"Əgər məhkəməyə verilməsəydi, bir şey fikirləşmək olardı..."
​Bu nə yanaşmadır, Ramil müəllim?
Bir vətəndaş öz haqqını arayırsa və dövlətin ali məhkəmə orqanı da onun haqlı olduğunu təsdiqləyirsə, Mil-Muğan Regional Təhsil İdarəsi hansı maraqlar daxilində vətəndaşın hüququnu təmin etmir?
​Regional idarənin və rayon təhsil sektorunun bu qədər inadkarlıqla məhkəmə qərarından qaçmasının və vətəndaşı sıxışdırmasının arxasında tək bir səbəb dayanır:
Məktəbdəki pul yığımının və digər qanunsuz işlərin üstünü ört-basdır etmək, bu çirkin zəncirin gün işığına çıxmasının qarşısını almaq! Çünki yaxşı bilirlər ki, o işçilər geri qayıtsa, məktəbdəki qaranlıq otaqlarda qurulan "aylıq xərac" sisteminin bütün detalları ifşa olunacaq.
​Biz buradan Elm və Təhsil Nazirliyinə və hüquq-mühafizə orqanlarına səslənirik: İmişli təhsilini idarə edən bu üçlük — direktor Ruslan, sektor müdiri Elşad və regional idarənin müavini Ramil — dövlətin qanunlarını və məhkəmə qərarlarını hansı cəsarətlə heçə sayırlar?
Vətəndaşın çörəyinə bais olan, məktəbi kafeyə çevirənlərin əməllərinə nə vaxt hüquqi qiymət veriləcək?
​Mövzunu diqqətdə saxlayacağıq və qarşı tərəfin də (əgər deyəcək qanuni bir sözləri varsa) mövqeyini dərc etməyə hazırıq.
Sima Babayeva
TEREF

Mingəçevirdə NƏ BAŞ VERİR: Xəbərdarlıq edildi ki... - BU NƏDİ BELƏ?


"İş yerlərindəki ixtisarların səbəbi nədir? Bir cavab verəcək qurum varmı soruşaq?
Mingəçevirdə bu ayın sonuna kimi
İş yerlərində kütləvi ixtisarlar niyə baş verəcək?" "Dia-az" xəbər verir ki, bunu ölkə rəhbərliyinə ünvanlanmış müraciətində Mingəçevir şəhər sakini Elçin Həsənzadə qeyd edib.
O daha sonra etiraz dolu müraciətində belə davam edir: “Mingəçevir Şəhər Yaşillaşdirma və Sanitar-Təmizlik İdarəsi,
Mənzil-Kommunal İstismar Sahəsinin (MKİS), Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində işləyən nəzarətçilər dalandar və fəhlələr bu ayın sonuna kimi məcburi şəkildə ixtisar adıyla işdən çıxarılacaq..."
Bu barədə müraciət yayan nəzarətçi fəhlə Elçin Həsənzadə bildirir ki, işçilərə May ayının 25- nə kimi könüllü formada işdən çıxmaq haqqında ərizə yazmaq təklif olunur.
Bunu qanunsuz adlandıran narazı vətəndaş nəticədə yüzlərlə insanın çətinliklərlə üz-üzə qalacağını deyir.

Daha ətraflı aşağıdakı videoda:

Dia-az

Saleh Məmmədov "İNKİR-MİNKİR SORĞUSU"NDA... - İDDİA


Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri vəzifəsindən kənarlaşdırıldıqdan sonra qurumda genişmiqyaslı yoxlamalar davam etdirilir.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalar zamanı bir sıra qanun pozuntularının aşkar edildiyi bildirilir.
Hazırda Saleh Məmmədovun rəhbərliyi dövründə müqavilə əsasında fəaliyyət göstərən asfalt zavodlarında da maliyyə yoxlamaları həyata keçirilir.
Məlumata əsasən, yoxlamaların gedişi və yekun nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Yolların Mühafizə Xidmətində aparılan yoxlamalar nəticəsində cinayət işi başlanılıb, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.(Bakıvaxtı.az)

“Binəqədi Mall”da qanunsuz əlavə tikinti işlərinə hansı şərtlərlə icazə verilib?


Binəqədi rayonu ərazisində qanunsuz tikinti işləri davam etdirilir.

Bu barədə XALQ-a daxil olan məlumatlarda bildirilir ki, sözügedən tikililər əsasən sənədsiz şəkildə inşa edilir.

İddialara görə, Binqəqədi rayonu “Sentralnı” deyilən ərazidə Binəqədi Mall bitişik qanunsuz tikinti işlərinə başlanılıb.

VİDEO LİNKDƏ: https://xalq.online/bineqedi-mall-da-qanunsuz-elave-tikinti-islerine-hansi-sertlerle-icaze-verilib

Qeyd olunur ki, belə qanunsuz tikililərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin heç bir icazə verirci sənədi olmada icra hakimiyyətinin səlahiyyətli şəxsləri ilə “anlaşma” əsasında icra olunur

Qeyd edək ki, Binəqədi rayonu paytaxt ərazisində qanunsuz tikililərin daha çox yolduğu ərazilərdən biri hesab olunduğu iddia olunur.

Bildirir ki,Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında bu tikinti ilə bağlı heç bir qeyd yoxdur.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, tikinti ərazisinin qarşısında iri gövdəli agac kəsilməsi ilə bağlı sosial platormada məlumat yayıldığı iddia olunur.



Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.

Aidiyyatı qurumların və yazıda adları keçən şəxslərində fikilərini yayımlamağa hazırıq. Mövzu diqqətdə saxlanılır.(Xalq.online)

Həmin görüntüləri təqdim edirik:





“Flora Holland” MMC-yə satınalmalarda belə geniş şəriti kimlər yaradır - İLGİNC FAKTLAR...


Dövlət satınalmalarında yol verilən qanunsuzluqlar, şübhəli tenderlərlə bağlı mediada kifayət qədər geniş məlumatlar var. Satınalan təşkilat olaraq dövlət qurumlarının qalib seçdiyi təchizatçıların profili, maddi texniki bazası və bir çox uyğunluq göstəriciləri qanunun tələblərinə cavab verməsə belə, bəzi şirkətlər daim öndədirlər. Nəzarət orqanları isə bəzi şirkətlərin uyğunluq göstəricilərindəki çatışmazlıqlara göz yumur, qanun çərçivəsində tədbirlər görmək əvəzinə onlara satınalmalarda geniş şərait yaradırlar.

Məsələn, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi tərəfindən ərazilərin yaşıllaşdırılması üçün ağac və kolları üzrə 21.04.2026-cı ildə başlanılmış kotirovka sorğusuna 02.06.2026-cı ildə yekun vurulub. Müsabiqənin qalibi “FLORA HOLLAND” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 20.502,5 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 08.06.2026-cı ildə dərc edilib.

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti də 19.05.2026-cı ildə DSX-nin hərbi hissələrinin ərazisinin abadlaşdırılması xidməti üzrə “FLORA HOLLAND” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 74.576 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Göründüyü kimi adıçəkilən dövlət qurumları son 15 gün ərzində “Flora Holland” MMC ilə ümumi dəyəri 95 078 manat olan iki satınalam müqaviləsi bağlayıblar. İndi gəlin görək “Flora Holland” MMC bu dövlət sifarişlərini yerinə yetirmək iqtidarındadırmı və açıq mənbələrdə şirkət haqqında rəsmi və qeyri rəsmi nə kimi məlumatlar var.

Rəsmi, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FLORA HOLLAND” (VÖEN:1405674931) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20.09.2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev.102, m.38 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Seyidzadə Rəhim Vaqif oğludur.

Qeyd edək ki, rəsmi mənbələrdə yuxarıda adlarını çəkdiyimiz dövlət qurumlarının qalib seçdiyi “FLORA HOLLAND” MMC-nin adı bir sıra şübhəli satınalmalarda hallanır. Həmçinin MMC-nin adı müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırmasında da hallanır.

Belə ki, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən 02.06.2026-ci ildə satınalmaların portalında bildiriş yerləşdirilmişdir. Bildirişdə qeyd edilir ki, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin tələbatına uyğun olaraq, “Xüsusi dövlət tədbirləri üçün güllər, əklillər və gül səbətləri”nin satınalınması ilə bağlı 07.05.2026-cı il tarixdə təklif zərflərinin açılışı həyata keçirilmişdir.

“Flora Holland” MMC Qanunun 35.1.1-ci (şərtlər toplusunun uyğunluq tələbləri üzrə xüsusi tələblərin meyarlarına uyğun gəlmədiyindən – Şərtlər toplusunun tələblərini pozaraq peşəkarlıq və təcrübə meyarı üzrə satınalma müqaviləsini və təhvil təslim aktlarını təqdim etmədiyindən, yerləşdirilmiş elektron qaimələr tərəflər arasında təsdiq edilmədiyindən) və Qanunun 35.1.11-ci (xüsusi tələblərin maliyyə imkanları meyarları üzrə maddi vəsaitə çıxışla bağlı saxta sənəd təqdim etdiyindən Qanunun 7.1-ci maddəsi ( Satınalma komissiyası satınalmalarla bağlı təchizatçının saxta sənəd və (və ya) məlumat verdiyini müəyyənləşdirdikdə, həmin təchizatçını bu Qanunun 35-ci maddəsinə uyğun olaraq satınalmadan kənarlaşdırır və bu barədə məlumatları (sənədləri) aidiyyəti üzrə göndərir.) əsas tutulmaqla) maddələrinin tələbləri əsas tutularaq satınalmadan kənarlaşdırılmışdır.

Bundan əlavə “FLORA HOLLAND” MMC -nin müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi də məlum olmuşdur. Bu elə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kimi bir ciddi bir dövlət qurumunun keçirdiyi satınalma prosedurunda öz əksini tapıb. Sözügedən qurumun 29.07.2025 -ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə deyilir:

“FLORA HOLLAND” MMC-yə portal vasitəsilə 09.05.2025-ci il və 19.05.2025-ci il tarixlərdədə müqvilənin üzürsüz səbəblərdən icra edilməməsi səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərilmişdir. Sorğulardan uyğun olaraq 2(iki) ay 20(iyirmi) gün və 2(iki) ay 10(on) gün müddət keçməsinə baxmayaraq cavab gəlməmişdir. “FLORA HOLLAND” MMC ilə bağlanılmış 17 aprel 2025-ci il tarixli 03 nömrəli müqavilənin xüsusi şərtlərinin 23-cü maddəsinin 23.1-ci bəndinə əsasən “Gecikdirilmiş malların və ya göstərilməmiş xidmətlərə görə cərimənin maksimum faiz həddini keçməsi, həmçinin bu müqavilənin ümumi şərtlərinin 30- cu maddəsinin 30.1 bəndinin 30.1.1, 30.1.1.1, 30.1.1.2 yarımbəndlərinə əsasən müqavilə şərtlərinin pozulması və portal üzərindən yazılanlara cavab verilməməsinə görə “FLORA HOLLAND” ilə bağlanılmış müqaviləyə xitam verilir və xitam 29.07.2025-ci il tarixdən etibarən qüvvəyə minir.

Bütün bu rəsmi məlumatlardan da göründüyü kimi “Flora Holland” MMC-nin adı müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırması kimi ciddi qanun pozuntularında hallanır. Amma buna baxmayaraq Daxili Qoşunların Baş İdarəsi və Dövlət Sərhəd Xidməti kimi ciddi dövlət qurumları sözügedən şirkəti qalib seçirlər. Nəzarət orqanı olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi isə “FLORA HOLLAND” MMC tərəfindən yol verilən müqavilələrin şərtlərindən irəli gələn tələbləri yerinə yetirə bilməməsi və sənəd saxtalaşdırması kimi hallara göz yumur, dolayısı ilə geniş şərait yaradır.

Aktualinfo.net

Bu torpaqlar xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə biləcək


Dövlət mülkiyyətində olan əmlakın dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.


Bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.


Layihəyə əsasən, dövlət mülkiyyətində olan əmlakın (o cümlədən dövlət torpaqlarının) qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla, o cümlədən torpaq sahələri ilə dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır.


Belə ki, özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı (dövlət torpaqları), dövlətin müstəsna mülkiyyətində olan və ya dövlət ehtiyacları üçün nəzərdə tutulan torpaq sahələri dəyişdirmənin predmeti ola bilməz.


Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi əmlakların (torpaq sahələrinin) alqı-satqısı zamanı təşəkkül tapan bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçiriləcək. Həmçinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliklə dövlət orqanları (qurumları) və bələdiyyələr də qiymətləndirmə fəaliyyəti üzrə sifarişçi statusu əldə edirlər.


Qanun qəbul edildikdən sonra dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsinin qaydası təsdiq ediləcək.


Dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadəyə, torpaq bazarında dövriyyənin aktivləşməsinə, iqtisadi fəallığın yüksəlməsinə, dövlət və vətəndaşlar arasında qarşılıqlı razılıq əsasında daha çevik əmlak mübadiləsi imkanlarının yaranmasına, mülki dövriyyədə dövlətin digər mülki hüquq subyektləri ilə bərabər şərtlərlə iştirakının təmin edilməsinə xidmət edəcək.

Xəbər lenti

"Ceylan MMC" fırıldağının pərdəarxası: Günay Rzayevanın şikayəti nələri üzə çıxardı? -İDDİA (VİDEO)
09:55
Naxçıvan Şəhər İstilik Təsərrüfatı İdarəsinə rəis təyin edilib - ƏMR
18:14
Anar Bayramov İsmayıllı Xəstəxanasının direktoru Vidadi Rəhimovu vəzifəsində nə qədər saxlayacaq
17:05
Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?
16:33
Məşhur iş adamı ilə vəkil arasındakı qalmaqal böyüyür: - "Heç bir vəkil mantiyası qanunsuzluğu gizlədə bilməz"
16:07
Dövlət büdcəsini DƏDƏ MALI ilə qarışdırır... - BUNUN BAŞQA ADI YOXDUR...
11:55
Keçmiş köçkünü “Prior Leasing” MMC aldadıb
11:35
Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI
10:44
Simnar Mamedovun adı rəsmi saytdan silindi - Peşə Təhsili Agentliyində nə baş verir?
10:16
Bakının Avtobus İşgəncəsi: Kağız Üzərində İşləyən AYNA!
09:45
Teymur Musayevin səhiyyəsi çöküb - Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu ilə birlikdə...
09:11
Rektor Rüfət Əzizov 200 min manata avtomobil alır
18:57
Adil Kərimli kitabxanalaçılara qarşı "səlib yürüşü"nə başlayır - Kütləvi ixtisarlar olacaq
18:33
SOCAR ərazisində tikinti aparan Rövşən kimdir? VİDEO
18:08
"Bu bədbəxt insanlar hara şikayət etsin?" - İşçilər SOCAR prezidentinə SUAL EDİR...
17:38
Ceyhun Əşrəfovun 10 il 6 ay həbsi tələb edildi - TƏFƏRRÜAT
17:05
“Bravo”da xarab kolbasa məhsulları satılır?
15:28
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
14:17