Şuşada qayalara yazı yazmaq: ehtiram, yoxsa vandalizm? - ŞƏRH



Şuşa şəhəri zəngin tarixi-mədəni irsi, memarlıq abidələri və təbiət mənzərələri ilə seçilir. Şəhərin ərazisində yerləşən, xüsusilə Cıdır düzü və onun ətrafındakı qayalar Şuşanın tarixi simasının mühüm hissəsini təşkil edir. Bu ərazilərin qorunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilsə də, Şuşaya səfər edən bəzi turistlərin tarixi və mədəni əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması ictimai narazılığa səbəb olub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin məlumatına görə, şəhərə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərində əks etdirdiyi yazılar artıq silinib. Qeyd olunub ki, yazılar təmizləndikdən sonra Cıdır düzündəki qayalara xeyli ziyan dəyib.

Hadisə bir daha göstərir ki, tarixi və təbii səthlərə vurulan zərər mənəvi cəhətdən yolverilməz olmaqla yanaşı, bir sıra digər problemlər də yaradır. Sonradan onun aradan qaldırılması əlavə vaxt, maliyyə və resurs tələb etməklə yanaşı, xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan obyektlərdə təmizləmə və bərpa zamanı əlavə zədələnmə riski də yarada bilər. Buna görə belə ərazilərdə həm mühafizə, həm də profilaktik tədbirlərin daha güclü olması xüsusi əhəmiyyət daşıyır.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qayalara yazı yazan şəxslər müəyyən edilərək barələrində hüquqi məsuliyyət tədbirləri görülüb.

Belə hallarda məsuliyyət məsələsinin açıq şəkildə ortaya qoyulması da vacibdir. İctimai və ya şəxsi əmlaka, şəhər infrastrukturuna, bina və tikililərə, tarixi abidələrə və digər mədəniyyət nümunələrinə zərər vurulması şəxsi niyyətlə əsaslandırıla bilməz. Hər kəs müəyyən edilmiş qaydalara eyni dərəcədə əməl etməli, ictimai və milli sərvətə məsuliyyətlə yanaşmalıdır.

Bundan əvvəl Bakıda Nizami Kino Mərkəzinin binasında və digər məkanlarda da obyektlərin üzərinə yazıların yazılması ilə bağlı oxşar hallar baş verib. Belə əməllər vandalizm kimi qiymətləndirilib və aidiyyəti şəxslər barəsində hüquqi tədbirlər görülüb. Bu nümunələr göstərir ki, məsələ təkcə konkret bir məkanla məhdudlaşmır, ümumilikdə şəhər mədəniyyətinə, ictimai əmlaka və ortaq dəyərlərə münasibətlə bağlıdır.

Şuşada isə məsələnin başqa bir həssas tərəfi də var. Şəhərin hər daşı, hər qayası və hər divarı onun tarixi simasının, milli yaddaşın və mədəni irsin bir hissəsidir. Buna görə də Şuşada belə davranışlara münasibət adi şəhər mühitindəki qayda pozuntusundan daha geniş mənada qiymətləndirilir.

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi də təsadüfi və qeyri-peşəkar üsullarla həyata keçirilməməlidir. Azərbaycanda şəhidlərin xatirəsinə dövlət səviyyəsində yaradılmış abidələr, parklar, xiyabanlar, memorial komplekslər və digər rəsmi məkanlar kifayət qədərdir. Bu məkanlar şəhidlərin adlarının və xatirəsinin ləyaqətlə yaşadılması üçün peşəkar yanaşma əsasında yaradılıb.

Daşların, qayaların, divarların və digər səthlərin üzərinə adların yazılması isə xatirənin əbədiləşdirilməsi üsulu sayıla bilməz. Əksinə, belə müdaxilə həm həmin məkanın tarixi və estetik görünüşünə zərər vurur, həm də xatirəyə verilən mənanı arxa plana keçirir. Şəhid ailələri üçün övladlarının adının ehtiramla, layiqli və qorunan bir məkanda yaşadılması xüsusi mənəvi məna daşıdığından, onların adlarından istifadə etməklə tarixi məkanların zədələnməsi də həssas və qəbuledilməz davranış kimi qarşılanır.

“Təkcə qınamaqla bu problemin qarşısını almaq mümkün deyil”

Kulturoloq Fuad Məmmədov APA-ya açıqlamasında bildirib ki, Şuşada tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazı yazılması kimi halların qarşısını almaq üçün cəmiyyətdə mədəniyyət səviyyəsinin daha da yüksəldilməsinə ehtiyac var:

“Bu hadisəni törədən şəxslər bunu düşmənçilik məqsədilə etməyib, öz emosiyalarını ifadə etməyə çalışıblar. Lakin onların təfəkkür səviyyəsinin kifayət qədər yüksək olmaması belə bir davranışa yol vermələrinə səbəb olub. Bu cür halların qarşısının alınması üçün Azərbaycanda ziyalılar, jurnalistlər, alimlər, müəllimlər və mədəniyyət xadimləri birgə fəaliyyət göstərməlidirlər”.

O qeyd edib ki, bu istiqamətdə sistemli kulturoloji biliklərin yayılması və maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir:

““Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas məqsədlərindən biri də yüksək mədəniyyətli Azərbaycan vətəndaşlarının formalaşdırılması və onların daim inkişaf etdirilməsidir. Təhsil, elm və maarifləndirmə yüksək səviyyədə inkişaf etdikcə, cəmiyyətdə yüksək mədəniyyətli insanların sayı da artacaq. İnsanların davranış mədəniyyəti onların ümumi mədəniyyətinin dəyişməsi ilə formalaşır. Ona görə də biz yüksək mədəniyyətli Azərbaycan vətəndaşının formalaşdırılması və inkişafı istiqamətində hamımız öz töhfəmizi artırmalıyıq”.

Kulturoloq vurğulayıb ki, bu cür hallara görə insanları yalnız qınamaqla problemi həll etmək mümkün deyil:

“Əsas məsələ cəmiyyətin sistemli şəkildə maarifləndirilməsi və kulturoloji təfəkkürün inkişaf etdirilməsidir. Mədəniyyət və davranışla bağlı maarifləndirmə işlərinə uşaqlıqdan, ailədən və məktəbəqədər təhsil müəssisələrindən başlanılmalıdır”.

Maarifləndirmə ilə yanaşı, cəmiyyətin belə hallara aydın münasibət bildirməsi də vacibdir. Tarixi və ictimai məkanların zədələnməsinin adi davranış kimi qəbul edilməsi zamanla daha böyük problemlərə yol aça bilər. Dünyanın müxtəlif şəhərlərində, o cümlədən Avropanın bir sıra ölkələrində binaların, yaşayış məhəllələrinin və şəhər infrastrukturunun qraffiti və digər yazılarla zədələnməsi uzun müddətdir ciddi şəhər problemlərindən biri kimi qalır. Belə izlərin təmizlənməsi isə bələdiyyələr və mülkiyyətçilər üçün əlavə xərc yaradır, bəzi hallarda obyektlərin ilkin görünüşünün bərpasını da çətinləşdirir.

Bu səbəbdən ictimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, tikililərə və mədəniyyət nümunələrinə məsuliyyətli münasibətin formalaşdırılması yalnız estetik məsələ deyil, həm də vətəndaş məsuliyyətinin tərkib hissəsidir.

“Burada söhbət həm də milli irsə münasibətdən gedir”

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova bildirib ki, Şuşada tarixi məkanlara münasibət adi ictimai davranış qaydası ilə ölçülə bilməz:

“Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biri olmaqla yanaşı, milli yaddaşımızın, tariximizin, mədəniyyətimizin və mənəvi kimliyimizin daşıyıcısıdır. Bu şəhərdə hər daşın, hər küçənin, hər tarixi binanın arxasında bir tarix, bir insan taleyi, bir mədəniyyət izi dayanır. Ona görə Şuşada tarixi və milli əhəmiyyətli məkanlara münasibət adi ictimai davranış qaydası ilə ölçülə bilməz. Burada söhbət həm də tarixə, şəhidlərin və qurucuların xatirəsinə, milli irsə münasibətdən gedir.

Şuşanın işğaldan azad edilməsindən sonra şəhərdə bərpa və quruculuqla yanaşı, tarixi-mədəni irsin qorunması istiqamətində də ciddi işlər görülür. Tarixi abidələrin mühafizəsi, onların bərpası və ətraf mühitin qorunması dövlət səviyyəsində həyata keçirilən kompleks siyasətin tərkib hissəsidir. Şəhərdə insanların davranışına nəzarətin gücləndirilməsi, maarifləndirmə tədbirlərinin aparılması və müəyyən hallarda inzibati məsuliyyət mexanizmlərinin tətbiqi də məhz bu məqsədə xidmət edir. Çünki tarixi məkanın qorunması yalnız onu bərpa edib yenidən ayağa qaldırmaqla bitmir. Onu gündəlik davranışımızla yaşatmaq da lazımdır. Sosial şəbəkədə paylaşılacaq bir görüntü naminə tarixi abidənin toxunulmazlığına xələl gətirmək müasirlik deyil. Qaydalar ilk növbədə, tarixi abidəyə toxunmamaq, onun divarlarına yazı yazmamaq, üzərinə çıxmamaq, ərazini zibilləndirməmək, qorunan obyektlərin görünüşünü və bütövlüyünü pozmamaq, müəyyən edilmiş ziyarət və davranış rejiminə əməl etməyi tələb edir.

Ən vacibi isə insanın özündə bir daxili sərhəd yaratmasıdır. Hər gözəl mənzərə qarşısında foto çəkmək olar, amma hər məkanda istənilən hərəkətə yol vermək olmaz. Sosial şəbəkədə paylaşılacaq bir görüntü naminə tarixi abidənin toxunulmazlığına xələl gətirmək nə müasirlikdir, nə də azadlıq.

Bəzən insanın etdiyi hərəkətin nəticəsini düşünməməsi çox ağır nəticələr doğura bilir. Divara yazılan bir ad, çəkilən bir şəkil, atılan bir zibil parçası bir neçə saniyənin işidir, amma həmin iz tarixi irsin üzərində illərlə qala bilər. Bu səbəbdən cərimə yalnız cəza vasitəsi kimi qəbul edilməməlidir. Cərimənin arxasında cəmiyyətə verilən daha böyük mesaj dayanır: milli irs toxunulmazdır və heç kimin şəxsi davranışına görə onun tarixi siması zədələnə bilməz”.

Tarixi və memarlıq əhəmiyyətli binalara, abidələrə və digər mədəniyyət nümunələrinə münasibətdə xüsusi həssaslıq tələb olunur. Şuşa kimi unikal tarixi şəhərdə isə bu məsuliyyət daha böyükdür. Burada kiçik görünən müdaxilə belə şəhərin bütöv tarixi simasına təsir edə bilər.

Üstəlik, yazıların sonradan silinməsi hər zaman əvvəlki vəziyyəti tam bərpa etmir. Təmizləyici maddələrdən, mexaniki müdaxilədən və digər üsullardan istifadə tarixi daşın və ya səthin strukturuna əlavə zərər vura bilər. Bu isə problemin qarşısının əvvəlcədən alınmasını, ziyarətçilərin məlumatlandırılmasını və nəzarətin gücləndirilməsini daha vacib edir.

Cərimə ilə mədəni davranış formalaşdırmaq mümkün deyil

Elnarə Akimova bildirib ki, insan tarixi məkana polis nəzarətindən qorxduğu üçün deyil, ona hörmət etdiyi üçün toxunmamalıdır: “Qanun nə qədər sərt olsa da, yalnız cərimə ilə mədəni davranış formalaşdırmaq mümkün deyil. Şuşaya gedən hər bir insan özünü sadəcə turist kimi yox, milli irsin müvəqqəti əmanətçisi kimi hiss etməlidir. Çünki biz Şuşanın sahibi olduğumuzu söyləməklə yanaşı, ona layiq davranmağı da bacarmalıyıq.

Burada ailənin, məktəbin, medianın və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür. Uşağa abidənin yanında necə davranmağı öyrətmək, gəncə milli irsin mahiyyətini anlatmaq, sosial şəbəkələrdə məsuliyyətsiz davranışı normallaşdırmamaq ən azı inzibati tədbirlər qədər əhəmiyyətlidir.

Şuşa uzun illər düşmən işğalında qaldı, onun tarixi simasına ağır zərbələr vuruldu, abidələrimiz dağıdıldı, mədəni yaddaşımıza qarşı vandalizm törədildi. Bu gün həmin şəhərin yenidən dirçəlməsini görərkən öz əlimizlə, düşünülməmiş davranışımızla onun hər hansı tarixi izinə zərər vurmaq xüsusilə ağrılı və qəbuledilməzdir. Başqasının dağıtdığını bərpa edən bir dövlətin və xalqın öz əli ilə qoruduğu dəyəri zədələməsi heç bir halda bağışlanmamalıdır.

Biz Şuşanı yalnız azad etməmişik, onu gələcək nəsillərə salamat çatdırmaq məsuliyyəti də götürmüşük. Bu məsuliyyət yalnız dövlət qurumlarının deyil, Şuşanın küçələrinə qədəm qoyan hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Çünki Şuşanın daşına vurulan hər bir iz tariximizə vurulan izdir. Şuşaya göstərilən hər bir hörmət isə gələcəyə qoyulan imzadır. Hər bir halda, Şuşanın qəhrəman oğullarımızın hansı əziyyət hesabına azad etməsinin unutmaq sadəcə məsuliyyətsizlik deyil, tərbiyəsizlikdir”.( APA)

Əli Vəliyev təhqirə görə cəzalandırıldı: 9 ay...


Bakı şəhəri Xətai Rayon Məhkəməsində Əli Vəliyev barəsində məhkəmə prosesi başa çatıb.

Bu barədə Axar.az-a vəkil Səbinə Əliyeva məlumat verib.

O bildirib ki, hakim Fuad Axundovun sədrliyi ilə keçirilən iclasda Əli Vəliyevin əməkdar jurnalist, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızını (Quliyeva) təhqir etdiyi və ona böhtan atdığı sübuta yetirilib.

Məhkəmənin hökmü ilə Ə.Vəliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) və 148-ci (Təhqir) maddələri ilə təqsirli bilinib. O, qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

Bundan əlavə, məhkəmə tərəfindən təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

Müdafiə Nazirliyinin sabiq idarə rəisinə cinayət işi açıldı


Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarənin daha üç əməkdaşı haqda cinayət işi başlanılıb.

Eks-nazirlik əməkdaşları 1 milyon manatdan artıq mənimsəmədə ittiham olunurlar.

Elnur Süleymanovdan əlavə, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev və idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib.

Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib.

Ziyan ödənilməsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Süleymanov hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib. Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.

Qafqazinfo

“Bantik” Kosmetika işə satıcı götürür, yoxsa hambal? - İşçidən şikayət


“Bantik” kosmetika mağazalarında satıcıların əmək şəraiti ilə bağlı şikayət olunub.

Bizimesr.media bildirir ki, satıcı xanım əməkdaşlardan vəzifələrinə aid olmayan işlərin görülməsi tələb olunduğunu deyib. "Satıcılar bütün gün ayaq üstə dayanmalı, mağazada müştəri olmadığı vaxtlarda belə otura bilməzlər. Satıcılara mağazanın təmizlik işləri də gördürülür".

Maraqlıdır, “Bantik” kosmetika satıcısı işə götürür, yoxsa bir neçə vəzifəni bir işçiyə gördürür?

VİDEO LİNKDƏ: https://bizimesr.media/az/post/bantik-kosmetika-isesatici-goturur-yoxsa-hambal---isciden-sikayet-23184

Binəqədidə TİKİNTİ XAOUSU... DAVAM EDİR...


Binəqədi rayonunda aparılan qanunsuz tikinti sakinlərin narazılığına səbəb olub.

Tribuna.az-a bu barədə yazan sakinlər bildirib ki, rayonun Mədən 1 kimi tanınan ərazisində dəmir kostruksiyalı böyük obyekt inşa edilir.

Sakinlər bildirib ki, tikinti ilə bağlı heç bir məlumat lövhəsi vurulmayıb. İşi jansı şirkət aparır, icazəni hansı qurum verib, ərazidə nə tikilir məlum deyil.

Sakinlər bununla bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət də ediblər. Lakin sakinlərin müraciətinə heç bir cavab verilməyib.

VİDEO LİNKDƏ: https://diaaz.info/ana-xeber/489709-bineqedide-tikinti-xaousu.html

Ağsuda sahibkara işıq da “qadağan” edildi? – 3-4 metrlik məsafə bəhanəsi ilə sayğac məsələsi gündəmdə



Ağsu şəhərində sahibkarın elektrik enerjisinə qoşulmaqla bağlı müraciəti ətrafında ciddi suallar yaranıb. Şikayətçi bildirir ki, ətrafdakı obyektlərin elektrik enerjisi ilə təmin olunmasına baxmayaraq, onun obyektinə sayğac quraşdırılması müxtəlif səbəblərlə mümkün sayılmır.

Ağsu şəhəri, Üzeyir Hacıbəyov küçəsində bərbərxana işlədən Nəbiyev Rüstəm Zaid oğlu məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etdiyini bildirir. Onun sözlərinə görə, obyektin elektrik enerjisi ilə təmin olunması üçün portal üzərindən müraciət edib. Müraciət EQTSA17851651031888 nömrəsi ilə qeydə alınıb, obyektə aid qeydiyyat nömrəsinin isə 2917000018, reyestr nömrəsinin 409013039579-06301 olduğunu qeyd edir.

Şikayətçinin iddiasına görə, müraciətdən sonra telefonuna qeydiyyatdan keçmə ilə bağlı SMS daxil olsa da, sonradan obyektlə elektrik xətti arasında cəmi 3-4 metr məsafə olduğu halda, xəttin mühafizə zonasının pozulması əsas gətirilərək elektrik enerjisinin verilməsindən imtina edilib.

Burada isə əsas sual ortaya çıxır: əgər sözügedən obyekt həqiqətən elektrik xəttinin mühafizə zonasına düşürsə, həmin ərazidə yerləşən digər obyektlər hansı əsasla elektrik enerjisi ilə təmin olunub?

Rüstəm Nəbiyev bildirir ki, ətrafındakı obyektlərə sayğaclar quraşdırılıb və onlar elektrik enerjisindən istifadə edirlər. Onun obyektinə münasibətdə isə eyni imkanın yaradılmaması sahibkar üçün anlaşılmaz olaraq qalır.

Şikayətçinin narazılığı təkcə elektrik enerjisinin verilməməsi ilə bağlı deyil. O, xüsusilə aidiyyəti qurumların bir-birinə zidd görünən mövqeyinə diqqət çəkir. Əgər obyektin fəaliyyətinə və sənədlərinə müvafiq qurumlar tərəfindən icazələr verilibsə, elektrik enerjisi ilə təminat məsələsində hansı hüquqi və texniki əsasla imtina edildiyi açıq şəkildə izah edilməlidir.

Məsələnin digər diqqətçəkən tərəfi isə sahibkarın sosial vəziyyətlə bağlı müraciətidir. O bildirir ki, obyektinin işıqla təmin olunmaması nəticəsində dolanışıq mənbəyindən məhrum vəziyyətdə qalır və bu vəziyyət ailəsinin maddi durumuna da təsir edir.

“Cənab Prezident dəfələrlə çıxışlarında sahibkarları incitməməyə çağırıb. Amma mən səbəbsiz yerə incidilirəm”, – deyə sahibkar müraciətində bildirir.

Əlbəttə, burada məqsəd hər hansı qurumu əvvəlcədən günahlandırmaq deyil. Əsas məsələ elektrik enerjisinə qoşulmadan imtinanın hüquqi və texniki əsaslarının ictimaiyyətə açıqlanmasıdır. Əgər mühafizə zonası tələbi varsa, bunun konkret ölçüləri, tətbiq qaydası və həmin ərazidə digər obyektlərin necə elektriklə təmin edildiyi izah olunmalıdır.

Çünki “qanun belədir” deməklə məsələ bitmir. Qanun hamıya eyni tətbiq olunmalıdır. Bir obyekt üçün təhlükə və ya mühafizə zonası məsələsi əsas gətirilirsə, eyni ərazidə yerləşən digər obyektlərə münasibətdə bunun necə tətbiq edildiyi də araşdırılmalıdır.

“Özgəyə çatan işıq niyə bu sahibkara çatmır?” sualına isə xüsusilə Energetika Nazirliyi və “Azərişıq” ASC tərəfindən aydın cavab verilməsi gözlənilir.

BNTV olaraq bildiririk ki, sahibkarın səsləndirdiyi iddiaların obyektiv araşdırılması və məsələyə aidiyyəti qurumların münasibətinin öyrənilməsi vacibdir. Əgər imtinanın qanuni əsası varsa, həmin əsas ictimaiyyətə açıqlanmalıdır. Əks halda, sahibkarın iddia etdiyi kimi, eyni ərazidə fəaliyyət göstərən obyektlər arasında fərqli münasibətin səbəbləri ciddi suallar doğurur.

Çünki bir məsələni unutmaq olmaz: “Qanun hamı üçün birdirsə, işıq da hamıya eyni meyarla verilməlidir.”

BnTv.az

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir....



QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.

Dövlət qurumlarının mühafizəsi məsələsi ilk baxışdan sıradan təhlükəsizlik proseduru kimi görünə bilər. Hansısa idarənin qarşısında polis əməkdaşlarının dayanması çoxları üçün adi mənzərədir. Lakin söhbət hər hansı obyektin qapısında post saxlamaqdan deyil, bunun nə üçün edildiyindən və dövlət büdcəsinə hansı qiymətə başa gəldiyindən gedəndə məsələ artıq tamam başqa məna kəsb edir.
Çünki dövlət büdcəsi sonsuz resurs deyil. Büdcədən ayrılan hər manatın arxasında cəmiyyətin ödədiyi vergilər, dövlətin gəlirləri və nəticə etibarilə vətəndaşın pulu dayanır. Buna görə də dövlət qurumlarında həyata keçirilən hər bir xərc yalnız “qanunidirmi?” sualı ilə deyil, həm də “zəruridirmi və səmərəlidirmi?” sualı ilə qiymətləndirilməlidir.
Məhz bu prizmadan baxanda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin silahlı polis mühafizəsi ilə bağlı ortaya çıxan məlumatlar ciddi suallar doğurur.
Bu istiqamətdə "Yenixeberorg.com"a daxil olan məlumata görə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin mühafizəsinin təmin olunması üçün hər il təxminən 80 min manata yaxın vəsait ödənilir. Bu ödənişin Baş Mühafizə İdarəsinin Yasamal Mühafizə Şöbəsinə həyata keçirildiyi bildirilir.
80 min manat isə sadəcə mühasibat sənədindəki rəqəm deyil. Bu, bir il ərzində dövlət büdcəsindən konkret bir təhlükəsizlik xidmətinə yönəldilən kifayət qədər ciddi vəsaitdir.
Burada istər-istəməz ən sadə, eyni zamanda ən narahatedici sual meydana çıxır:
QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar?
Bu sualın ortaya çıxması üçün heç bir sensasiya yaratmağa ehtiyac yoxdur. Sadəcə qurumun statusuna və fəaliyyətinə nəzər salmaq kifayətdir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi strateji enerji obyekti deyil, hərbi müəssisə deyil, kritik infrastruktur obyekti deyil. Qapısından hər gün böyük insan kütlələrinin keçdiyi nəhəng ictimai xidmət mərkəzi də deyil. Qurumun əsas fəaliyyət istiqaməti qeyri-hökumət təşkilatlarına qrant paylamaq və forumlar keçirməklə bağlıdır.
Üstəlik, dövlət idarəçiliyinin sürətlə elektronlaşdığı bir dövrdə əvvəlki illərlə müqayisədə dövlət qurumlarına fiziki müraciətlərin də azalması qaçılmazdır. QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis postunun saxlanılmasının zəruriliyi ayrıca izah tələb edir.
Əgər burada xüsusi təhlükə varsa buyurub açıqlasınlar. Əgər konkret təhlükəsizlik riski mövcuddursa, bu riskin hansı meyarlarla müəyyənləşdirildiyi və silahlı mühafizənin niyə məhz ən uyğun vasitə hesab edildiyi izah edilsin.
Əgər belə bir təhlükə yoxdursa, onda dövlət büdcəsindən hər il 80 min manatın bu məqsədlə xərclənməsinə nə ehtiyac var?
Məsələni daha maraqlı edən başqa bir müqayisə də var.
Ölkədə külli miqdarda maddi sərvətin saxlanıldığı və kommersiya baxımından daha böyük risklərlə üzləşə bilən obyektlər - o cümlədən bahalı mağazalar, qızıl-zinət əşyaları satılan obyektlər və bəzi banklar - müxtəlif texniki təhlükəsizlik sistemlərindən istifadə edir. Siqnalizasiya, mərkəzləşdirilmiş mühafizə sistemləri və digər texnoloji həllər belə obyektlərin təhlükəsizliyinin təmin edilməsində geniş tətbiq olunur.
Belə olan halda təbii sual yaranır:
Əgər yüksək maddi dəyərə malik kommersiya obyektlərinin təhlükəsizliyinin təmin olunmasında texniki vasitələr yetərli hesab edilirsə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qapısında silahlı polisə hansı xüsusi təhlükə səbəb olur?
Bəlkə də ictimaiyyətin bilmədiyi ciddi təhlükə var. Əgər belədirsə, məsələ daha da ciddidir.
Yox, əgər ortada xüsusi təhlükə yoxdursa, onda bu mühafizənin illərlə davam etməsi artıq dövlət vəsaitlərinin səmərəliliyi baxımından araşdırılmalı məsələdir.
Çünki söhbət təkcə bir qurumun girişində dayanan bir-iki polis əməkdaşından getmir. Söhbət bir ildə 80 min manat, bir neçə ildə isə yüz minlərlə manat vəsaitin hansı əsasla xərclənməsindən gedir.
Daha böyük problem isə odur ki, bu yanaşma yalnız bir qurumla məhdudlaşmaya bilər. Müxtəlif dövlət və digər qurumların polis mühafizəsinə götürülməsi praktikası geniş yayılıbsa, artıq ayrı-ayrı obyektlərin deyil, bütövlükdə bu sistemin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi zərurəti yaranır.
Məhz burada Maliyyə Nazirliyinin və digər aidiyyəti qurumların üzərinə ciddi məsuliyyət düşür.
Dövlət vəsaitinin qənaətlə və məqsədyönlü xərclənməsi yalnız maliyyə intizamı məsələsi deyil. Bu, dövlət idarəçiliyinin keyfiyyət göstəricisidir.
Çünki büdcə vəsaiti hər hansı qurumun “xərcləyə biləcəyi pul” deyil. Bu, cəmiyyətin puludur və cəmiyyətin həmin pul barədə sual vermək haqqı var:
QHT-lərə Dövlət Dəstəyi Agentliyi hara, silahlı polis mühafizəsi hara?
QHT-lərə Dövlət Dəstəyi Agentliyini kimdən qoruyurlar və bu qorunmanın qiyməti niyə hər il 80 min manatdır?("Yenixeberorg.com")
Qarşı tərəfin cavab haqqını tanıyırıq.

“Kayu” bağçasında 2 yaşlı uşağa şiddət iddiası – Foto


2 yaş 2 aylıq oğlum hər dəfə bədəni göyərmiş halda bağçadan evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim.

Tribuna.az xəbər verir ki, bu barədə azyaşlının atası Elnur Əliyev sosial şəbəkədə bu barədə yazıb. O bildirib ki, övladı “Kayu” uşaq bağçasında şiddətə məruz qalıb:

“2 yaş 2 aylıq oğlum “Kayu” uşaq bağçası sayəsində “danışmağa” başladı. İlk sözü də “bolnıy sadik” oldu! Oğlum dil açdı, əli ilə alnını göstərib “bolnıy sadik” dedi. Bilmədim sevinim, yoxsa əsəbləşim…

Hər dəfə bədəni göyərmiş halda uşağı evə gətirəndə bağçadan deyirdilər ki, narahat olmayın, yıxılıb. Bir dəfə poposunda çimdik izləri görəndə artıq şübhələndim. 2-3 saat baxçada kameraya baxsaq da, yıxılma anını tapa bilmədik. Narazılıq edəndə də deyirdilər ki, “xoşunuz gəlmir, çıxarın”. Bağça evə yaxın olduğu üçün dəyişmək istəmirdim deyə, yenə göz yumdum. Bir gün uşağın gözünü partlatdılar, bir ay sifətinin göyü çəkilmədi. Gah ayağı, gah poposu, gah əli göyərirdi uşağın.

3 ay yayı bağçaya qoymadım. Dünən tətilindən sonra ilk gün yenə “Kayu” bağçaya apardım. Axşam uşağı götürəndə gördüm ki, bu dəfə də uşağın alnı göm-göydür və şişib. Soruşuram ki, “bu nədir, ilk gündən yenə uşağın alnı göyərib?” Artıq sizdən şikayət edəcəm dedim. Və o məşhur sözü dedilər: “Gedin, hara istəyirsiz şikayət edin.”

Ən dəhşətlisi isə evə gələndə üzə çıxdı, uşaq boynuna qədər nəcis içində idi. Səhər evdən çıxanda geyindirdiyimiz pampersi 7 saat ərzində bir dəfə də olsun dəyişməyiblər, uşağı 7 saat sidik və nəcis içində saxlayıblar.

Zəng edib deyirəm ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəm, belə bağça olmaz, lisenziyanız ləğv olunmalıdır. Gülə-gülə deyir ki, “Allah köməyiniz olsun, hara istəyirsiz şikayət edin”.

Kayu uşaq bağçasına aylıq 300-400 manat xərcləməyə dəyməz. Əgər övladınızdan bezməmisinizsə, qətiyyən məsləhətli yer deyil. Təhsil nazirliyində adamları olmasa, bu cür bağçalar bir gün belə fəaliyyət göstərə bilməzdi”.

Məsələ ilə bağlı “Kayu” uşaq bağçası ilə əlaqə yaratmağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfi dinləməyə hazırıq.

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

İlham Əliyev Corcia Melonini ən uzun müddət Baş nazir vəzifəsində olması münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Corcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.

Bu barədə İlham Əliyevin "X" sosial media hesabında paylaşım edilib.

"İtaliya Respublikasının tarixində ən uzun müddət Baş nazir vəzifəsində çalışan şəxs olması münasibətilə İtaliyanın Baş naziri Corcia Meloniyə səmimi təbriklərimi çatdırıram.

Bu tarixi nailiyyət onun güclü liderliyini, siyasi qətiyyətini və İtaliya xalqının ona olan etimadını əks etdirir.

Baş nazir Meloninin Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsində şəxsi rolunu və dəyərli töhfəsini yüksək qiymətləndirirəm.

Əminəm ki, dostluğumuz və qarşılıqlı faydalı əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşəcək və genişlənəcək", - təbrikdə deyilir.

Xəbər lenti

“İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
14:25
Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
13:18
Zaur Mikayılovun rəis təyin etdiyi Zeynalovdan "tarixi" fənd:Tender bitəndən sonra elan olundu!
12:58
"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56