"Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm..." - Həbsxanadan Vüsal Nəsirliyə məktub var


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Vüsal Nəsirli tərəfindən vəzifə verilən Fazil Musayevin həbsinə səbəb olduğu Nizam Mustafayev həbsxanadan saytımıza məktub göndərib.

Tribuna.az xəbər verir ki, N. Mustafayev Vüsal Nəsirlinin vəzifə verdiyi işçisinə görə həm pulundan, həm də azadlığından olduğunu qeyd edib.

V.Nəsirliyə həbsxanadan xitabən yazılmış məktubu təqdim edirik:

“Hörmətli Vüsal Nəsirli,

Bu məktubu Sizə azadlıqda olduğum vaxt deyil, həbsxanadan yazıram. Mənim üçün ən ağır olan isə təkcə burada olmağım deyil. Ağır olan odur ki, haqqımı tələb etdiyim, gördüyüm işin pulunu almaq istədiyim halda, bu gün həm maddi zərər çəkmişəm, həm də azadlığımdan məhrum olmuşam.

Mən azadlığımdam sizin əməkdaşlarınız üzündən məhrum olmuşam. Onlar sizə hər şeyin qaydasında olduğu ilə bağlı hesabat veriblər. Ancaq əməkdaşlarınız sizə yalan danışır, sizə yalan məlumat, yalan hesabat verirlər.

Sizin əməkdaşınız olan Fazil Musayev mənə faktiki olaraq 3900 manata qədər pul borcludur. Mən o adamdan fəhlələrin, maşınların pulunu ala bilməmişəm.

Mənim ailəm, övladlarım tək mənim qazancımla dolanırdı. İndi mən həbsxanadayam, onlar və siz isə övladlarınızın yanındasız, mənim övladlarım isə pərişan vəziyyətdədir.

Sizə sualım sadədir: mənim haqqımı ödəməyən, mənə olan borcunu qaytarmayan bir şəxsin vəzifəsinin yüksəldilməsi necə baş verir?

Söhbət rəhbərlik etdiyiniz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan “Bakı 4 №-li Yol İstismarı” MMC-nin rəhbəri Fazil Musayevdən gedir.

Mənə Yasamal rayonunda, “Royal Park”ın yaxınlığında yerləşən sosial evlərə gedən yolun çəkilişi üçün ağır tonnajlı maşın və material lazım olduğunu bildirdilər. Mən də əvvəlcədən razılaşdırılmış məbləğ qarşılığında maşını işə verdim. İş görüldü, amma bu günə qədər haqqımı ala bilməmişəm.

Mən haqqımı tələb etdim. AAYDA-ya müraciət etdim. Düşündüm ki, dövlət qurumunun tabeliyində çalışan və işçilərin pulunu ödəmədiyi iddia olunan rəhbər şəxslə bağlı məsələ araşdırılacaq və haqqım bərpa olunacaq.

Amma nəticədə mən özümü daha ağır vəziyyətdə gördüm.

Bu gün həbsxanadayam.

Mən baş verən hadisələr nəticəsində həm pulumdan olmuşam, həm də azadlığımdan. Bütün bunların fonunda isə mənim haqqımı ödəmədiyini bildirdiyim şəxsin vəzifəsinin yüksəldildiyini görürəm.

Vüsal müəllim, Siz AAYDA-nın rəhbərisiniz. Ona görə də Sizdən soruşuram: mənim səsimi kim eşidəcək?

Mənim də ailəm, övladlarım, öhdəliklərim, zəhmətim var. Mənim qazancım kiminsə mənə etdiyi yaxşılıq deyil. Mən gördüyüm işin, verdiyim maşının haqqını tələb edirəm.

Mən bu məktubu kiməsə böhtan atmaq üçün yazmıram. Mən istəyirəm ki, haqqımda, mənə olan borc barədə və baş verənlərin səbəbləri barədə araşdırma aparılsın. Əgər mənim dediklərim doğru deyilsə, bunun da ortaya qoyulmasını istəyirəm. Əgər doğrudursa, onda mənim haqqım niyə bu qədər müddətdir ödənilmir?

Sizdən xahişim budur: bu məsələyə bir daha baxın. Mənim kimi insanların səsini həbsxanadan yazılan məktubda eşitmək məcburiyyətində qoymayın.

Mən həm pulumu itirmişəm, həm azadlığımı.

İndi heç olmasa haqqımın araşdırılmasını istəyirəm.

Nizam Musayev
Həbsxanadan”.

Aftil Aydınovun tikinti şirkəti valyuta əməliyyatına görə CƏRİMƏLƏNDİ - TƏFƏRRÜAT



“İnşaat-Tərəqqi" Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən 17,6 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməlyatların aparılması qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələbinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “İnşaat-Tərəqqi" MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 3519 avro cərimə edilib.

Qeyd edək ki, “İnşaat-Tərəqqi" MMC 2004-cü ildən fəaliyyət göstərir. Nizamnamə kapitalı 10manat olan şirkətin rəhbəri Aftil Aydınovdur.

NDU-nun qovduğu etirazçı müəllimi Qlazqo Universiteti İŞƏ GÖTÜRDÜ... - BELƏ HARA GEDİRİK?


Əzilən tələbələri müdafiə etdiyi üçün NDU-dan qovulan müəllim Aysel Quliyeva Şotlandiyanın Qlazqo Universitetindən dəvət alıb. Yeni əmək müqaviləsinə əsasən, o, universitetdə tədqiqat fəaliyyəti ilə məşğul olacaq.
Bu barədə “Gündəlik Naxçıvan”a Aysel Quliyeva məlumat verib.
Quliyeva yaşadığı çətinliklərdən sonra əldə etdiyi yeni fürsəti belə qiymətləndirir:
“Xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıtdım ki, qazandığım bilikləri gənclərlə bölüşüm. NDU-da elmi fəaliyyətimə maneələr yaradıldı, təcrid və təzyiqlərlə üzləşdim. Buna baxmayaraq, elmi işimi dayandırmadım və hazırladığım nəzəriyyə üzərində çalışmağa davam etdim.
İndi Qlazqo Universitetində həmin nəzəriyyə üzrə tədqiqat aparacağam. Biliyimə və potensialıma dəyər verilən akademik mühitdə çalışacağım üçün çox sevinirəm”.
Etirazçı müəllim bundan sonra atacağı addımlara da aydınlıq gətirir:
“İstəyirdim ki, apardığım tədqiqat gələcəkdə Azərbaycana da fayda versin. Buna görə rektor Elbrus İsayevə müraciət edərək mübahisənin həllini və mənim NDU əməkdaşı kimi Qlazqo Universitetinə göndərilməyimi təklif etdim. Ancaq müraciətlərim qəbul olunmadı.
Hesab edirəm ki, buna rektorun mənə qarşı şəxsi qərəzi səbəb olub. Harada yaşamağımdan asılı olmayaraq, hüquqi mübarizəmi davam etdirəcəyəm. Çünki burada söhbət yalnız mənim işimdən deyil, müəllimin ləyaqətindən, akademik azadlıqdan, gənclərin təhsilindən və Azərbaycanın elmi potensialından gedir”.
Xatırladaq ki, NDU-nun Beynəlxalq Münasibətlər və Hüquq fakültəsinin bir qrup tələbəsi daha əvvəl “Gündəlik Naxçıvan”a müraciət edərək dekan müavini Abbas Əhmədovun zorakı davranışlarından şikayətlənmişdi. Onların sözlərinə görə, 2025-ci il mayın 8-də Əhmədov Aysel Quliyevanın tələbələrlə keçirdiyi görüşü zorla pozub, iştirakçıları təhqir edib, qapı və partaları təpikləyərək sındırıb. Tələbələr bildirirdilər ki, Quliyeva onları qorumaq üçün hadisə yerinə polis çağırıb.
Quliyevanın sözlərinə görə, universitet rəhbərliyi bundan sonra qisas almaq məqsədilə onu işdən çıxarıb. İşdən çıxarılmasını qanunsuz hesab edən müəllim məhkəməyə müraciət etsə də, universitetin qərarı qüvvədə saxlanılıb. Quliyeva məhkəmələri siyasi sifariş əsasında qərar verməkdə ittiham edir.

"Marketə gedəndə çeklərinizə diqqətlə baxın.." - YOXSA...


"Dünən yoldaşımla Bakı-Sumqayıt yolunda "Megastore" var.., ora girdik. İki-üç xırda şey aldıq, kassada 45 manat çıxdı. Aldıqlarıma baxıram, görürəm bu qiymət elə bil çoxdur..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Kəmalə Bədəlova yazıb.
O daha sonra bildirir: "Çekə baxan kimi gördüm ki, 400 ml elidor şampununu 9.99 manat vurublar.Kassirə deyirəm ay bala, bu şampunun öz qiyməti hər yerdə 6 manatdır, bu nə qiymətdir vurmusunuz. Deyir bonus kartınız yoxdur, ona görə endirimsiz vurmuşuq. Dedim nə endirim, bu şampun hər yerdə 6 manatadır da, qiyməti qaldırıb sonra kart bəhanəsi eləyirsiniz.

Sözümüz çəp gəldi, nəisə kassada düzəltdilər, guya endirim eləyib 4 manatımı qaytardılar. Amma nə qədər adam var ki, çekə heç baxmır, ya da kartı yoxdur deyib sakitcə o pulu verib çıxır.
Marketə gedəndə çeklərinizə diqqətlə baxın, yoxsa belə-belə adamı aldadırlar..."

“Azərtexnika” səkini zəbt edərək texnikaların dayanacağına çevrib: "AzBelşin” sahibləri nədən qanunları tanımır? –FOTOFAKT


Abşeron rayon Saray qəsəbəsində yerləşən "AzBelşin” MMC qanunsuz olaqraq səkini zəbt edilərək genişləndirib. Bu qanunsuzluq da avtomobillər üçün nəzərdə tutulan ərazidə hərəkətin qarşısı kəsib. Həmçinin qanunsuz zəbt olunaraq genişləndirilən səkidə ağır texnikalar yerləşdirilib. Qanunsuz genişləndirilən səki avtomobillərin yolda dönüşünə də ciddi təhlükə yaratmaqdadır. Yaxınlıqda yaşayan vətəndaşlar da avtomobilləri ilə ərazidə hərəkət edə bilməmələrindən şikayətçidirlər. Demək olar ki, qanunsuz səki genişlədirilməsi həm avtomobil həm də yaxınlıqda yaşayan insanların hərəkətini ciddi formada məhdudlaşdırıb. Bəs görəsən "Azərtexnika Belşin” MMC sahibləri vətəndaşların sərbəst hərəkət hüququnu, yol təhlükəsizliyini və qanunvericiliyin tələblərini nədən görməzdən gəir!?

Redaksiyamıza müraciət edən Vətən Müharibəsi Qazisinin şikayətinə görə, Abşeron rayonunun Saray qəsəbəsində, Bakı-Sumqayıt şosesinin 21-ci kilometrliyində yerləşən "Azərtexnika Belşin” MMC-nin sahiblərinin ərazidə həyata keçirdikləri qanunsuzluqlar ciddi narahatlıqlar doğurub. Beləki, ərazidə yerləşən obyektin qarşısında insanların gündəlik istifadə etdiyi səki boyunca hərəkət imkanlarının məhdudlaşdırıldığı, üstəlik, piyada hərəkəti üçün nəzərdə tutulan sahədə ağır texnikaların yerləşdirilməsi vətəndaşlara ciddi təhlükə sayıla bilər. Söhbət istənilən bir ərazidən deyil, avtomobil və xüsusi təyinatlı texnikalarla bağlı fəaliyyət göstərən kommersiya obyektinin qarşısından gedir. Belə bir şəraitdə ortaya haqlı sual çıxır ki, sahibkar hansı əsasla insanların ümumi istifadəsində olan ərazidə səkini qanunsuz olaraq zəbt edib genişləndirib?

Səki kiminsə şəxsi anbarı, satış meydançası və ya ağır texnikaların nümayiş etdirildiyi dayanacaq deyil. Bu ərazi ilk növbədə piyadaların təhlükəsiz və maneəsiz hərəkəti üçün nəzərdə tutulub. Onu ağır texnikalarla tutmaq isə vətəndaşları ya daralmış sahədən keçməyə, ya da vəziyyətdən asılı olaraq avtomobil yoluna çıxmağa məcbur edir. Bu da xüsusilə uşaqlar, yaşlılar, hərəkət məhdudiyyətli şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün əlavə risk yaradır.

Əgər obyektin ərazisi genişləndirilərkən səkinin sərhədləri dəyişdirilibsə, bunun hansı layihə və hüquqi əsasla həyata keçirildiyi açıqlanmalıdır. Əgər səki ictimai istifadədə qalırsa, onun üzərində ağır texnikaların yerləşdirilməsinə kim icazə verib? Yoxsa heç bir icazə olmadan ictimai ərazi faktiki olaraq kommersiya məqsədləri üçün istifadə edilir?

Sahibkarlıq fəaliyyəti qanunla qorunur, lakin bu hüquq başqalarının hüquqlarını məhdudlaşdırmaq, piyadaların hərəkətinə mane olmaq və ictimai ərazini özbaşına zəbt etmək imkanı vermir.

Qanunvericilik nə deyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsi avtomobil yollarında, prospektlərdə, küçələrdə və səkilərdə yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasına dair tələbləri müəyyən edir. Məcəllənin 354.0.1-ci maddəsi müvafiq icazə olmadan və ya icazənin şərtləri pozulmaqla yolun hərəkət hissəsində və səkilərdə materialların yığılmasını, predmetlərin saxlanılmasını, eləcə də yol hərəkətinin təhlükəsizliyinə maneə yaradılmasını əhatə edir. 354.0.4-cü maddə isə avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasını nəzərdə tutur. Maddənin müvafiq hissələrində nəzərdə tutulan əməllərin hüquqi tərkibi təsdiqlənərsə, fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər isə 3 000 manatdan 4 000 manatadək cərimə edilə bilərlər. .

Burada əsas məsələ yalnız cərimənin məbləği deyil. Əsas məsələ ictimai istifadədə olan səkinin hansı hüquqi əsasla bu vəziyyətə salınması, ağır texnikaların yerləşdirilməsi üçün hər hansı icazənin mövcudluğu və piyadaların təhlükəsizliyinin təmin edilib-edilməməsidir. Səlahiyyətli qurumlar əraziyə baxış keçirməli, səkinin faktiki sərhədlərini və mülkiyyət statusunu müəyyənləşdirməli, icazə sənədlərini yoxlamalı və qanun pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlər görməlidirlər.

Araşdırma zamanı obyektin kommersiya fəaliyyəti və ərazidən istifadə qaydaları ilə yanaşı, reklam qanunvericiliyinin tələbləri də ayrıca yoxlanılmalıdır.

“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, açıq məkanda reklam yerləşdirilməsi üçün qanunla nəzərdə tutulan icazə proseduru və müvafiq müqavilə tələbləri yerinə yetirilməlidir. Qanunun 26.9-cu maddəsi isə yol hərəkəti iştirakçılarına maneə törədən, onların həyat və sağlamlığı üçün təhlükə yarada bilən reklam daşıyıcılarının yerləşdirilməsini qadağan edir. .Amma, “Azərtexnika” bu qadağalara mhəl qoymamaqdadır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 428.7-ci maddəsi açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət müəyyən edir. Müvafiq pozuntu təsdiqlənərsə, fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 500 manatadək, hüquqi şəxslər isə 5 000 manatdan 10 000 manatadək cərimə edilə bilərlər. .

Bununla belə, mühüm bir məqamı vurğulamaq lazımdır ki, obyektin qarşısında şinlərin və ya texnikaların yerləşdirilməsi öz-özlüyündə avtomatik olaraq reklam qanunvericiliyinin pozulması demək deyil. Reklamla bağlı məsuliyyət məsələsi konkret reklam qurğusunun, lövhənin və ya digər reklam daşıyıcısının mövcudluğu, onun yerləşdirilmə qaydası və tələb olunan icazələrin olub-olmaması əsasında qiymətləndirilməlidir.

Demək ki, aidiyyəti qurumlar yalnız səkiyə müdaxilə faktını deyil, ərazidəki reklam vasitələrinin qanunauyğunluğunu da araşdırmalıdırlar.

Araşdırma zamanı şirkətlə bağlı daha bir məqama rast gəldik. Belə ki, 2024-cü il fevralın 8-də yerli mətbuatda yayılan xəbərlərdə “AzBelşin” MMC barəsində gömrük qaydaları əleyhinə inzibati xəta protokolu tərtib edildiyi bildirilib. Məlumatlarda protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə əlaqəli olduğu qeyd olunub.

Həmin maddəyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 000 manat, hüquqi şəxslər isə 1 500 manat məbləğində cərimə edilə bilərlər.

Lakin apardığımız araşdırma zamanı sözügedən protokolun sonrakı taleyi, iş üzrə yekun qərarın qəbul edilib-edilməməsi və şirkətin məsuliyyətə cəlb olunub-olunmaması barədə əlavə məlumat əldə edə bilmədik.

Digər tərəfdən, 2025-ci ildə yerli mətbuatda yayılan məlumatlarda Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikovun açıqlamasına istinadən, Bakıda keçirilən Azərbaycan-Belarus biznes forumunda ümumi dəyəri 18,9 milyon dollar olan müqavilələrin imzalandığı bildirilib. İmzalanan razılaşmalar arasında 2025-2026-cı illərdə regiona şin tədarükü ilə bağlı “Belşina” ASC, “Azərtexnika” MMC və “AzBelşin” MMC arasında əməkdaşlıq memorandumu da yer alıb.

Hazırda Saray qəsəbəsində, Bakı-Sumqayıt şosesinin 21-ci kilometrliyində qeydə alınan vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə, “AzBelşin” MMC-yə və “Azərtexnika” MMC-yə sorğular ünvanlamışıq. Sorğularda ərazidə səkinin zəbt edilməsi iddiası, ağır texnikaların yerləşdirilməsinin hüquqi əsasları və mümkün qanun pozuntuları ilə bağlı məsələlərə aydınlıq gətirilməsi istənilib.

Qurumların və şirkətlərin cavabları daxil olduğu təqdirdə, onların mövqeyini dərc etməyə hazırıq.

Bildirək ki, mövzu ilə bağlı geniş videoreportaj təqdim edəcəyik.(paytaxt.org)

Aysel






Naxçıvanda TİBB İŞÇİLƏRİ MAAŞLARINI ALA BİLMİR - "Oktyabrın 13-dür, hələ də..."


Naxçıvan Muxtar Respublikası Xəstəxanasının əməkdaşları hələ də ötən ayın əməkhaqqını ala bilmədikləri üçün ciddi çətinliklərlə üzləşiblər. Bu barədə məlumat sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı tanınmış jurnalist Heydər Oğuz sosial şəbəkə hesabında paylaşım edərək tibb işçilərinin müraciətinə diqqət çəkib. O qeyd edib ki, oktyabrın 13-ü olmasına baxmayaraq, xəstəxana əməkdaşları hələ də sentyabr ayının maaşını ala bilməyiblər:
"Naxçıvanda Respublika xəstəxanasının əməkdaşları mənə müraciət edərək bildiriblər ki, oktyabrın 13-ü olmasına baxmayaraq, hələ də ötən ayın maaşını ala bilməyiblər. Buna baxmayaraq, banklardan götürdükləri kreditlərin üzərinə faiz gəlir, bu da insanların sosial vəziyyətini daha da ağırlaşdırır."
Paylaşımda həmçinin tibb işçilərinin gecikmə ilə bağlı narahatlıqları və ehtimalları da yer alıb. Məsələ ictimaiyyətdə haqlı narazılıq doğurub və aidiyyəti qurumların məsələyə operativ reaksiya verməsi gözlənilir.

Laçın rayonu “Qoç ət” şirkətinə PEŞKƏŞ EDİLİB? - sakinlər HARAY ÇƏKİR



Laçın rayon sakini Elman Kərimov doğma yurda qayıdarkən böyük təsərrüfat qurmaq, heyvandarlıqla məşğul olmaq və ailəsinin dolanışığını təmin etmək ümidi ilə yaşadığını deyir. "Dia-az" bildirir ki, sən saydığını say, gör fələk nə sayır...;>

Onun sözlərinə görə, bu arzuların qarşısına “Qoç ət” şirkətinin fəaliyyəti maneə yaradıb.;>
Şikayətçi iddia edir ki, şirkət kəndin əkin və otlaq sahələrinin böyük hissəsini zəbt edib. Nəticədə sakinlər heyvanlarını otarmaq üçün ərazi tapa bilmirlər. Onun sözlərinə görə, kənd əhalisinin əsas dolanışıq mənbələrindən biri olan heyvandarlıq indi ciddi çətinliklərlə üz-üzə qalıb.;>

Elman Kərimov bildirir ki, sakinlər dövlətə mütəmadi olaraq müvafiq ödənişlər etsələr də, heyvanlarını otarmaq üçün ərazidən istifadə edə bilmirlər. O hesab edir ki, mövcud vəziyyət kənd sakinlərinin həm təsərrüfatına, həm də gündəlik dolanışığına mənfi təsir göstərir.;>
Şikayətçi aidiyyatı qurumlara səslənərək yaranmış vəziyyətin araşdırılmasını, otlaq sahələrindən istifadə məsələsinə aydınlıq gətirilməsini və kənd sakinlərinin probleminin həlli üçün müvafiq tədbirlər görülməsini xahiş edir.;> (Dia-az)

“BTB Bank”ın rəhbər kadrları hara keçib? - TƏYİNATLAR


Azərbaycanda ləğv olunmuş "Bank BTB”-nin kadrları ölkənin aparıcı banklarına təyinat alır.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Bank BTB”nin Satış Departamentinin direktoru Bahruz Kazımlı "Expressbank"da Pərakəndə Bankçılıq Departamentinin direktoru təyin olunub.

B.Kazımlının bank sektorunda 8 ildən artıq iş təcrübəsi var. O, peşəkar fəaliyyətinə 2018-ci ilin noyabrında "Yelo Bank"da başlayıb və burada 2020-ci ilin martınadək Bölmə rəhbəri vəzifəsində çalışıb.

2020-ci ilin martından 2022-ci ilin fevralınadək "Bank of Baku" ASC-də Məhsulların Satışı bölməsinin rəhbəri vəzifəsini tutub.

2022-ci ilin fevralından 2024-cü ilin fevralınadək "TuranBank" ASC-də Pərakəndə Bankçılıq Departamentinin direktoru kimi fəaliyyət göstərib.

2024-cü ilin martından 2026-cı ilin martınadək isə “Bank BTB” ASC-də Satış Departamentinin direktoru vəzifəsində çalışıb.

“Bank BTB”nin maliyyə direktoru olmuş Vüqar Rəfiyev isə "FINCA Azerbaijan"da baş mühasib vəzifəsinə təyin olunub.

Peşəkar fəaliyyətinə 1999-cu ildə başlayan Vüqar Rəfiyev maliyyə, mühasibatlıq və büdcə nəzarəti sahəsində 25 ildən artıq iş təcrübəsinə malikdir.

O, 1999–2010-cu illərdə Azərbaycan Beynəlxalq Bankında Büdcə nəzarəti və mühasibatlıq departamentində çalışıb.

2010-cu ilin martından 2014-cü ilin dekabrınadək “Bank BTB” ASC-də Büdcə nəzarəti və mühasibatlıq departamentinin direktoru və İdarə Heyətinin üzvü olub.

2015-ci ilin yanvarından 2020-ci ilin avqustunadək “Ziraat Bank Azərbaycan” ASC-də İdarə Heyətinin üzvü, Büdcə nəzarəti və mühasibatlıq departamentinin direktoru vəzifəsində fəaliyyət göstərib.

2020-ci ilin oktyabrından 2026-cı ilin oktyabrınadək isə “Bank BTB” ASC-də Maliyyə direktoru vəzifəsini tutub.

Başçının dövlət torpaqları ilə qanunsuz biznesi və 24 min əhalinin yol problemi


Neftçalanın Xol zonasının sakinləri iddia edirlər ki, onlar başçının dövlət torpaqlarını özünün qanunsuz biznesinə çevirməsinin qurbanına çevriliblər

Neftçaladan daxil olan məlumata görə, icra başçısı Mirhəsən Seyidov bir müddət Xol zonasında əhali ilə səyyar görüşlər keçirib.
Görüşlərdə sakinlərin əsas şikayəti isə yolla bağlı olub. Lakin onlar öz şikayətlərini başçıya çatdıra bilməyiblər. Çünki yerli ərazi nümayəndələri onlardan xahiş ediblər ki, yolla bağlı məsələni onlar özləri başçıya çatdıracaqlar.
Qeyd edək ki, Neftçalanın Xol zonası adlanan ərazisində 8 səkkiz kənd yerləşir və bu kəndlərdə ümumi 24 mindən artıq əhali yaşayır. Rayonun əsas yaşayış məntəqələrindən kənarda yerləşən ərazi Salyanın Şorsulu kəndindən başlayıb Masallıya və Xəzər dənizinə qədər uzanır.
Şikayətdə qeyd olunur ki, istər Salyana, istərsə də Neftçalaya gedən yollar hazırda bərbad vəziyyətdədir və yerli əhalinin əsas sosial problemlərindən biridir. Bu yollar 5 il əvvəl AAYDA tərəfindən təmir olunsa da hazırda keçilməz vəziyyətdədir. Sakinlər isə yolların bərbad vəziyyətdə olmasını daha çox icra başçısı ilə əlaqələndirilər.
“Əvvala bu yollar başdan-sovdu təmir olunur. Sonuncu dəfə gəlib yolları qırlayıb gediblər. Normalda biz qırlanmış yollarla da idarə edə bilərik. Amma yay və payız aylarında ağır tonnajlı maşınlar yolları bərbad hala salırlar. Məsələ ondadır ki, Xolla Aşqğı Qaramanlı kəndi arasında 30 min hektarlıq qış otlaq sahəsi yerləşir. Hələ sovet dönəmində bu ərazilərdə heyvan otarırıdılar. Amma indi həmin qış otlaq torpaqlarını başçı Mirhəsən Seyidov rayondan olmayan adamlara pulla satıb. Onlar isə sənəddə heyvan saxlasalarda, əslində heç birinin heyvanları yoxdur. Bu adamlar qış otlaq sahələrində qanunsuz olaraq taxıl əkirlər və həmin taxılı daşıyan ağır tonnajlı maşınlar da yolları dağıdırlar. Eə başçının özü də həmin ərazilərdə taxıl əkir. Yəni biz başçının dövlət torpaqlarını özünün qanunsuz biznesinə çevirməsinin qurbanına çevrilmişik”, deyə sakinlərdən biri Poliqon-a bildirib.
Sakin qeyd edib ki, başçıyla görüşdən əvvəl yerli icra nümayəndələri onlardan yolla bağlı məsələni qaldırmamağı xahiş ediblər:
“Nümayəndələr bizə dedilər ki, başçı elə dağılmış yolla görüşə gəlir. Özü hər şeyi görəcək. Biz də sizlərin narazılığını başçıya çatdıracağıq”.
Nümayəndələrin əslində başçıya yarınmağa, həm də özlərini qorumağa çalışdıqlarını vurğulayan başqa bir sakin bildirib, görüşdən sonra nümayəndələr yol problemi ilə bağlı sualalra cavab vermək istəmirlər, sadəcə məsələni başçıya çatdırdıqlarını deyirlər.
Digər bir sakin də bildirib ki, heç olmasa başçı rayon yol idarəsinin imkanları ilə yollarda yaranmış çalaları doldurub yola “yamaq” vurdura bilər.
“Amma bizə deyirlər ki, yol idarəsinin bu işləri görməyə pulu yoxdur. Onda başçı bu ərazidən qazandığı pullarla yolu təmir eləsin. Axı yolu dağıdan da odur”, deyə sakin qeyd edib.
Xatırladaq ki, Poliqon Neftçalanın Xol zonasında dövlət torpaqlarının qanunsuz istismarı ilə bağlı dəfələrlə yazıb, lakin əlaqədar qurumlar bu problemə hələ də sükutla cavab verirlər.
Vətəndaşların haqlı şikayətləri ilə bağlı Neftşala rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək üçün Poliqon sorğu göndərsə də, aradan keçən müddətdə sorğya cavab alınmayıb. Bütün halalrda Neftçala rayon İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.
Onu da qeyd edək ki, son zamanlar Neftçaladan sosial problemlərlə bağlı şikayətlər çox artıb. Bu şikayətlərə əsaslanaraq Neftçalanın sosial problemlərini növbəti yazılarımızda təqdim edəcəyik.(Poliqon)


















Xəbər lenti

"Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
12:03
“İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
11:19
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
10:36
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
09:59
ŞƏMKİR SUVARMA İDARƏSİNDƏ QALMAQAL: İDARƏ RƏİSİNİN DAVRANIŞI SUAL DOĞURUR
09:33
"Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
18:16
Qaradağda sakinlərin narazılığı böyüyür – Video
17:48
Ramiz Mehdiyev YAP-dan xaric edildi
17:19
Yasamalda qanunsuz tikinti narazılıq yaratdı-FOTO
16:34
Qaraşov Lənkəran sakinlərinin şikayətlərini niyə eşitmir? - Küçə zibilliyə çevrilib
16:05
“ART-PROJE” MMC-ni universal edən kimlərdir – Antiinhisar Agentliyi, yoxsa…
15:24
ŞOK! “ATİLLA TRANS SERVICES A” MMC ƏTRAFINDAKI İDDİALAR MEDİANIN DİQQƏTİNİ ÇƏKİB: BƏS AİDİYYƏTİ QURUMLAR NİYƏ SUSUR?
14:00
Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib
13:23
Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
13:06
İlham Əliyev Hindistanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
12:56
Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
12:25
Azərbaycan əhalisinin sayı 10 milyon 279 min 796 nəfərə çatıb
11:52
"Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
11:14