13 minlik Boradigah qəsəbəsinin poçtu bağlanır? - Sakinlər Prezidentə müraciət etdi


Masallının Boradigah qəsəbə sakinləri poçt şöbəsinin sentyabr ayından ləğv ediləcəyi barədə məlumatdan narahatlıqlarını bildirərək Prezident İlham Əliyevə, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə və AZCON Holdinqin sədri Manaf Babayevə müraciət ediblər.

Sakinlər müraciətdə Boradigah poçt şöbəsinin fəaliyyətinin davam etdirilməsini xahiş ediblər.

Onların sözlərinə görə, qəsəbədə poçt-teleqraf xidmətinin əsası 1929-cu ildə qoyulub. Boradigah həmin dövrdə Lənkəran qəzasında müasir poçt-teleqraf xidmətinin göstərildiyi yaşayış məntəqələrindən biri olub.

Sakinlər qeyd ediblər ki, Boradigah tarixən bölgənin mədəni-maarif mərkəzlərindən biri olmaqla yanaşı, hazırda da ətraf yaşayış məntəqələri üçün mühüm mərkəz rolunu oynayır. Qəsəbədə 14 kəndə xidmət göstərən polis bölməsi və xəstəxana fəaliyyət göstərir.

Müraciətdə bildirilib ki, qonşu kəndlərin sakinləri də gündəlik ehtiyaclarını qarşılamaq, o cümlədən poçt xidmətlərindən istifadə etmək üçün Boradigaha gəlirlər.

Sakinlər texnologiyanın inkişafı nəticəsində poçt xidmətlərinə tələbatın müəyyən qədər azaldığını qəbul etsələr də, əhalinin, xüsusilə orta və yaşlı nəslin poçt şöbəsinin xidmətlərindən istifadə etməkdə davam etdiyini vurğulayıblar.

Onların sözlərinə görə, sakinlər kommunal ödənişlər də daxil olmaqla bir sıra xidmətlərdən poçt şöbəsi vasitəsilə yararlanırlar. Bəzən işıq və qaz kartlarına ödəniş zamanı yaranan bloklanmaların aradan qaldırılması üçün də poçt şöbəsinə müraciət edilir.

“Qəsəbəmizin on üç minə yaxın əhalisi var. Masallı şəhəri və Ərkivan qəsəbəsindən sonra rayonun üçüncü ən böyük yaşayış məntəqəsidir. Ətraf kəndlərin mərkəzində yerləşir”, – deyə müraciətdə qeyd olunub.

Sakinlər Boradigahın coğrafi və strateji mövqeyinin də nəzərə alınmasını istəyirlər. Bildirilib ki, qonşu kəndlərin sakinləri rayon mərkəzinə gedərkən Boradigahdan keçirlər.

Müraciət müəllifləri poçt şöbəsinin bağlanacağı təqdirdə onun əvəzinə Lənkəran istiqamətində yerləşən başqa bir kənddə poçt şöbəsinin yaradılmasının həm Boradigah sakinləri, həm də ətraf kəndlərin əhalisi üçün əlavə çətinlik yaradacağını bildiriblər.

“Sizdən Boradigah qəsəbə poçt şöbəsinin saxlanmasına köməklik göstərməyinizi xahiş edirik. İnanırıq ki, qəsəbə əhalisinin bu istəyini yerinə yetirəcəksiniz”, – müraciətdə vurğulanıb.

AzPost.az


AĞKÖYNƏKDƏ QARA İŞLƏR... - İTTİHAM VAR...


"Real Azərbaycan" redaksiyasına Qazax rayonu Şamoy Çobanov adına Ağköynək kənd tam orta ümumtəhsil məktəbinin 40 illik pedaqoji staja malik ingilis dili müəllimi Mansurova Nəzakət Bilal qızı tərəfindən geniş şikayət müraciəti daxil olub. Şikayətçi öz müraciətində məktəbin direktoru Rasimə Çarçıyevanın qanunsuz əməllərindən, təhsil ocağında yaranmış biabırçı idarəçilik mühitindən və aidiyyəti qurumların məsələyə göstərdiyi laqeydlikdən detalına qədər bəhs edir.

Nəzakət Mansurovanın redaksiyamıza ünvanladığı müraciətini olduğu kimi təqdim edirik:

"Mən, 40 il pedaqoji stajı olan bir müəllim kimi bildirirəm ki, 2020-ci ildə Rasimə Çarçıyeva məktəbimizə direktor təyin edildiyi gündən bu yana təhsil müəssisəsində qalmaqalların və qanunsuzluqların ardı-arası kəsilmir.

Məktəbdə tədris prosesi tamamilə iflic vəziyyətindədir. Xüsusilə yuxarı siniflərdə (9, 10 və 11-ci siniflər) davamiyyət sıfır dərəcəsindədir. Şagirdlər saat 3-dən (3-cü saatdan) sonra dərslərə qatılmayaraq məktəbi tərk edirlər. Müəllimlər isə məktəb binasında açıq-aşkar repititorluqla məşğul olurlar. Tədris proqramında nəzərdə tutulan dərnək və fakültativ məşğələlər isə ümumiyyətlə keçirilmir.

Bununla yanaşı, məktəbdə ciddi maliyyə pozuntuları və qanunsuz pul yığımları mövcuddur. Məktəbə gələn yoxlama heyətlərini 'yola salmaq' və ziyafət süfrələri təşkil etmək məqsədilə müəllimlərdən (o cümlədən şəxsən məndən) 20 AZN məbləğində məcburi pul toplanıb.

Direktor Rasimə Çarçıyeva sertifikasiyadan keçmədiyi, eləcə də müəllim əmri olmadığı halda özünə qanunsuz olaraq 12 saat dərs yükü götürüb. O, saat 9:00-dan 16:00-dək jurnalları yoxlamaq adı altında digər məktəblərə gedərək öz dərslərini başsız qoyur. Analıq məzuniyyətinə çıxan müəllimlərin vacib dərs saatlarının bölüşdürülməsində də gizli və şübhəli maliyyə əməliyyatlarına yol verilir.

Direktor kollektiv arasında mənəvi-psixoloji gərginlik yaradır. Hətta məktəbin musiqi müəllimi Samirə xanım haqqında ortaq wp-qrupunda xoşagəlməz, etikadan kənar sözlər yazaraq onu hamının gözü qarşısında danlayıb, müzakirəyə çıxarıb və digər müəllimlərdən də onun əleyhinə fikir bildirmələrini tələb edib.

Məktəbdə daxili intizam qaydaları tamamilə pozulub. Direktor və rəhbər heyət (müavinlər) arasında şagirdlərin və müəllim kollektivinin gözü qarşısında dəfələrlə biabırçı münaqişələr və dəhşətli davalar yaşanıb, dərslər təxirə düşüb. Hətta mənim 40 illik pedaqoji fəaliyyətimdən sonra təqaüdə yola salınma mərasimimdə belə məktəb rəhbərliyi və təhsil sektoru ibtidai etika qaydalarına zidd olaraq laqeydlik nümayiş etdirərək iştirak etməyiblər.

Bütün bu qanunsuzluqlarla bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə və Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəsmi şikayətlər ünvanlasam da, problemlər obyektiv araşdırılmayıb, mənə yalnız normativ aktların kopyasından ibarət şablon və laqeyd cavablar verilib."

Qeyd:

Şikayətçi Nəzakət Mansurova məktəb daxilində rəhbərlik və müəllimlər arasında baş verən qalmaqalları, etikadan kənar münaqişələri, musiqi müəlliminə və digər kollektiv üzvlərinə olunan təzyiqləri sübut edən səs yazılarını (audioyazıları) da redaksiyamıza təqdim etmişdir.

Qeyd edək ki, Nəzakət müəllimə redaksiyamıza bildirişində məktəbdə baş verən növbəti münaqişələrdən birində gərginlik fonunda iki müəllimin səhhətinin kəskin pisləşdiyini və ürəklərinin getdiyini, lakin məsələnin böyüyüb ictimailəşməməsi üçün direktor tərəfindən təcili tibbi yardımın çağırılmasına belə mane olunduğunu iddia etmişdir.

Lakin həmin səs yazılarında işlədilən bəzi ifadə və sözlər mətbuat etikasına və cəmiyyət normalarına uyğun olmadığı üçün yayımlanmasını məqsədəuyğun hesab etmirik.

"Real Azərbaycan" redaksiyası olaraq qərəzsizlik və media etikası prinsiplərinə sadıq qalaraq, məsələdə adı çəkilən qarşı tərəfin — məktəb direktoru Rasimə Çarçıyevanın və aidiyyəti təhsil qurumlarının (Qazax-Tovuz Regional Təhsil İdarəsinin) mövqeyini dinləməyə, onların da cavab haqqını dərc etməyə hazır olduğumuzu bildiririk.

Müğənni Könül Kərimovanın adı hallanan məhkəmədə YENİLİK - TƏFƏRRÜAT


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə vətəndaşa qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elçin Bağırov və Mübariz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Cinayət işində müğənni Könül Kərimovanın da adı hallanır.

Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibinin dəyişməsi ilə əlaqədar məhkəmə istintaqının yeniləndiyi bildirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

Elçin Bağırov və Mübariz Məmmədov onlara qarşı irəli sürülən ittihamlar üzrə özlərini təqsirli bilmədiklərini bildiriblər.

Belə ki, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovu tapıb onunla ofisdə görüşüblər.

Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra onlar saxta və qanunsuz sənəd hazırlayıb həmin mənzili 245 min manata sataraq təkrar dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər məhkəməyə bir neçə vəsatət təqdim ediblər. Məhkəmə tərkibi qısa müşavirədən sonra həmin vəsatətlərin sənədlərin tədqiqi mərhələsində müzakirə olunacağını açıqlayıb.

Növbəti məhkəmə prosesi sentyabrın 16-sı saat 10:45-ə təyin edilib.

Xatırladaq ki, istintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.

İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib.

Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.

İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib.

Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.

Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır.

İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib.

İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.

Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.

Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.

Qeyd edək ki, cinayət işi üzrə ittiham aktında müğənni Könül Kərimovanın da adı hallanır.

Bakıda doğulan erməni kral ailəsinin Tiflisdəki məşhur otelini və bankını satın alır - DETALLAR


Tbilisinin mərkəzində, Rustaveli prospektində yerləşən məşhur “Biltmore” otelinin yeni sahibi erməni iş adamı Karen Safaryanın rəhbərlik etdiyi “Arins Group” ola bilər.
Yeniavaz.com xəbər verir ki, Karen Safaryan 1963-cü ildə Bakı şəhərində anadan olub.
O, 1985-ci ildə Bakıda Politexnik İnstitutunu bitirib. 1989-cu ildə Ermənistana köçüb. Safaryan hazırda Ermənistanın iri maliyyə qruplarından biri olan “Arins Group”un əsas simalarındandır və “Ardshinbank”ın Müşahidə Şurasının sədridir.
Qeyd edək ki, “Biltmore” oteli daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin kral ailəsinin üzvü Şeyx Nəhyan Mübarak Əl Nəhyana məxsus olub. Biznes reyestrindəki məlumatlara görə, o, otelin sahibi olan şirkətin 66%-nə sahibdir. Şeyx Məhəmməd bin Butti bin Həməd Əl Həməd şirkətdə 20%, Şeyx Suroor bin Məhəmməd bin Xəlifə Əl Nəhyan isə 13,5% paya malikdir.
Rustaveli prospektində yerləşən kompleks 9 121 kvadratmetr torpaq sahəsini, tarixi İmeli binasını və 2016-cı ildə inşa edilmiş 36 mərtəbəli, 138 metr hündürlüyündə qülləni əhatə edir.
Oteldə 216 otaq, tədbir və görüş məkanları, spa və sağlamlıq kompleksi, restoranlar və kazino fəaliyyət göstərir.
“Biltmore” otelinin mümkün satışından başqa, “Arins Group” Gürcüstanın “Terrabank”ını da Şeyx Nəhyan Mübarak Əl Nəhyanın investisiya holdinqindən almaq barədə razılığa gəlib.
Sövdələşmənin tamamlanması üçün Gürcüstan Milli Bankının təsdiqi tələb olunur. “Arins Group” açıqlamasında “Terrabank”ın alınmasının qrupun beynəlxalq genişlənmə strategiyasının mühüm hissəsi olduğunu bildirib.

Sürücünün gülüşü,Masallı rayonu icra başçısı Araz Əhmədovun şeiri: Masallının acı həqiqəti! VİDEO


Sosial şəbəkələrdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun bir məclisdə Məmməd Arazın şeirini dediyi bir video çarxa rast gəldik. Həmin anlarda sürücünün gülməsi diqqətdən qaçmır.
Sürücü Məmməd Arazın ruhuna sayğısızlıq edib şeirə gülür, yoxsa öz rəhbərinin hərəkətlərini şou kimi qiymətləndirib gülür — bunu ən yaxşı onun öz vicdanı bilər.
Biz Araz müəllimin şeir həvəsinə, öz aləmindəki bu "sadəliyinə" söz demirik. Şeir sevmək pis şey deyil. Amma məsələ burasındadır ki, Masallı sakininin bu gün şeirdən daha çox öz dərdinə əlac edən icra başçısına ehtiyacı var!
Hörmətli Araz müəllim, o kameralar qarşısında şeirə ayırdığınız qiymətli vaxtı, kaş ki, Masallı rayonunda illərdir dağ kimi qalan, toz basmış problemlərə ayırasınız.
Məsələn, Əmlak Komitəsindəki Sultan və Eynulla adlı əməkdaşların Masallı bələdiyyəsi ilə əlbir olub kənd sakininin torpağını saxta yolla satmasına vaxt ayırın! Neçə-neçə vətəndaşın pay torpağının qanunsuz yolla mənimsənilib başqalarına peşkəş edilməsi faktlarını araşdırmağa vaxt ayırın!
Qapınıza gələn çarəsiz vətəndaşa "buna biz baxmırıq" deyib başından eləmək ən rahat yoldur. Amma siz oraya rahatlıq üçün yox, Prezidentin yerli nümayəndəsi olaraq xalqın problemini öz probleminiz kimi həll etmək üçün təyin olunmusunuz.
Masallı camaatı sizdən kamera qarşısında şeir demək yox, haqsızlığın, qanunsuzluğun kökünü kəsəcək sərt tapşırıqlar və real iş gözləyir.
Şeiri şairlər də deyər, Araz müəllim... Siz icra başçısısınız, icraat görün! Torpağı əlindən alınan, qapılarda qalan masallıların ahı şeir qafiyəsinə sığmır!
Sima Babayeva

VİDEO LİNKDƏ: https://teref.net/manset/422090-surucunun-gulusumasalli-rayonu-icra-bascisi-araz-ehmedovun-seiri-masallinin-aci-heqiqeti.html

 Qızıldaş Mədəniyyət Mərkəzindəki “bağça biznesi”... - Şöbə müdiri Elçin Nəcəfovun qanunsuz himayədarlığı



Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində fəaliyyət göstərmiş qanunsuz bağça və onun arxasındakı idarəçilik mexanizmləri ətrafında qalmaqal böyüməkdədir. Əldə edilən məlumatlara görə, rəsmi dövlət qurumlarının qərarları ilə mərkəzdə fəaliyyəti 6 mart 2026-cı ildə dayandırılmış bağça biznesinin arxasında birbaşa Mədəniyyət Nazirliyinin ümumi şöbə müdiri və eyni zamanda aparat rəhbərinin müavini Elçin Nəcəfov dayanır.

Vətən müharibəsi iştirakçısı Mənsur Həsənovun sözlərinə görə, Elçin Nəcəfov vəzifə səlahiyyətlərindən istifadə edərək Qızıldaş Mədəniyyət Mərkəzində direktor vəzifəsini icra edən Gülnar Abbasovanı qanunsuz olaraq vəzifədə saxlayır:

“Qızıldaşda açılan qanunsuz bağça ilə bağlı nazirliyə ərizələr yazdım. Həmin ərizələr birbaşa olaraq Elçin Nəcəfovun ümumi şöbəsinə yönəldiyi üçün aylarla şikayətlərimə cavab verilmədi. Hesablama Palatası bağçanı bağlayıb, yazdı ki, çatışmazlıqlar var. Aylar sonra mən Milli Məclisə müraciət etdikdən sonra Elçin Nəcəfovdan məktub aldım ki, Gülnar Abbasovanın fəaliyyəti ilə bağlı heç bir nöqsan aşkarlanmadı. Bütün Azərbaycan bağçanın qanunsuz olduğunu və bağlandığını gördü, amma Elçin Nəcəfov görmədi. Belə çıxır ki, Hesablama Palatasının aşkar edib mənə məktubda yazdığı çatışmazlıqlar da yalandır? Elçin Nəcəfov bu cavabı mənimlə bərabər Prezident Administrasiyasına və digər qurumlara da göndərib. Bu adam bütün qurumları aldatmağa çalışır. Gülnar Abbasovaya Elçin Nəcəfov tərəfindən aşkar şəkildə dəstək verilir”.

Şöbə müdirinin imzası ilə göndərilən həmin məktubda qeyd olunub ki, mərkəzdə aylarla qanunsuz bağça fəaliyyəti ilə məşğul olmuş Gülnar Abbasovanın fəaliyyətində heç bir nöqsan aşkar edilməyib. Dövlətin ali audit orqanının qanunsuzluq taparaq bağladığı müəssisə barədə nazirlik rəsmisinin bu cür “bəraət” məktubu verməsi, Elçin Nəcəfovun bu biznesdə birbaşa maraqlı tərəf olduğunu və Gülnar Abbasovanı himayə etdiyini açıq şəkildə nümayiş etdirir.

Mənsur Həsənovun sözlərinə görə, Elçin Nəcəfovun digər qurumlara göndərdiyi məktublarda Mənsur Həsənova əvvəlki tarixlərdə Mədəniyyət Nazirliyindən cavab göndərilməsi ilə bağlı yalan məlumatlar yer alır:

“Elçin Nəcəfovun Hesablama Palatasına göndərdiyi cavabda mənə 10 aprel tarixində Gülnar Abbasova ilə bağlı şikayətimlə bağlı cavab verilməsi qeyd olunub. Halbuki mənə bu tarixdə heç bir məktub göndərilməyib.

Prezident Administrasiyasına müraciət olunduqdan sonra isə nədənsə aprel ayında mənə göndərdikləri məktubların sayı artaraq iki oldu. Guya 1 aprel tarixində də cavab göndərilib. Görünən odur ki, bu insanlar sənəd saxtalaşdırması edərək hamını aldatmağa çalışırlar. Bütün bunları etməkdə də Elçin Nəcəfovun məqsədi Gülnar xanımı vəzifədə saxlamaqdır.

Cənab Prezidentdən xahiş edirəm ki, bu cür məmurlarla bağlı təcili tədbir görsün. Sənədlər əvvəlki tarixə saxtalaşdırılır. Bu, ona işarədir ki, Elçin Nəcəfov qanundan qorxmur. Amma körpə uşaqlarımızın həyatının alver predmetinə çevrilməsi onu göstərir ki, bu adamlar Allahdan da qorxmurlar.

Qanunsuz fəaliyyətə göz yumanlar gec-tez cavab verəcəklər. Bütün varlığımla buna inanıram. Gülnar Abbasovanın qanunsuz fəaliyyətinə himayədarlıq edənlər nə qədər yüksək vəzifələrdə oturub vətəndaşın səsini boğmağa çalışsalar da, Allahdan böyük deyillər. Cənab Prezident həmişə xalqa müraciət edərək deyir ki, hansı məmurlar harınlayıb xalqa kəm gözlə baxırsa, mənə müraciət edin. Mən də məhz ona müraciət edirəm ki, bu insanlarla bağlı tədbir görsün”.

Qeyd edək ki, Elçin Nəcəfov əvvəllər Gənclər və İdman Nazirliyində çalışıb. Oradan işdən çıxdıqdan sonra 2021-ci ildə keçmiş nazir Anar Kərimovun əmri ilə İsmayıllı Regional Mədəniyyət İdarəsinə rəis, daha sonra isə nazirliyə ümumi şöbə müdiri təyin olunub. Hazırkı nazir Adil Kərimli onun vəzifəsini daha da artıraraq, eyni zamanda aparat rəhbərinin müavini təyin edib.

Başqa bir iddiaya görə, Gənclər və İdman Nazirliyindən işdən çıxarılan kadrlar Elçin Nəcəfovun himayədarlığı ilə Mədəniyyət Nazirliyində işə düzəlirlər.

"DİA-AZ"


Onkologiya Mərkəzinin TENDER HOQQASI - Eyni şirkətə axan milyonlar...


Milli Onkologiya Mərkəzi “Azəri Med” MMC ilə 50 milyon 320 min manatlıq satınalma müqaviləsi imzalayıb. "Dia-az" xəbər verir ki, müqaviləyə əsasən, şirkət Mərkəzə müayinə aparatları, kondisionerlər, çarpayılar, əməliyyat masaları və s. avadanlıqlar satmalıdır.
Bu, Milli Onkologiya Mərkəzi ilə “Azəri Med” arasında təkcə son iki ayda ikinci belə irihəcmli satınalma müqaviləsidir. İyulda tərəflər arasında 34 milyon 961 min manatlıq müqavilə imzalanıb. Bu satınalma müqaviləsinə əsasən, şirkət Mərkəzi həkim xalatından tutmuş, laboratoriya materialları, sarğı ləvazimatları, yod, spirt, dərman preparatlarına qədər müxtəlif məhsul və ləvazimatlarla təmin etməlidir.
Azərbaycanda onkologiya sahəsində statistik göstəricilər dəyişir, bu xəstəliyə tutulanlar və ölənlərin sayı ilbəil artır. İllərdir dəyişməyən isə bu Mərkəzin onmilyonlarla dəyərində tenderlərinin qalibinin “Azəri Med” şirkətinin olmasıdır.
Son iki ayda Milli Onkologiya Mərkəzi ilə 85 milyon manatlıq iki müqavilə bağlayan şirkət 2025-ci ilin mayında da elə bu qurumun 36 milyon manatlıq tenderini qazanmışdı. Bundan düz bir il öncə - 2024-cü ilin mayında da Milli Onkologiya Mərkəzi 29 milyon 829 min manatlıq tenderi “Azəri Med”ə verib.
Bununla bağlı daha geniş araşdırma materialımız olacaq... Bizi izləməyə davam edin...


Dia-az

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO



Sosial şəbəkələrdə "Tamstore" supermarketlər şəbəkəsinin keçirdiyi endirim və hədiyyə kampaniyası ilə bağlı yayılan görüntülər ciddi narazılıq və müzakirələrə səbəb olub. Belə ki, mağazanın 100-cü filialının açılışı münasibətilə elan edilən "100 məhsulda 1-i alana 2-cisi pulsuz", həmçinin müxtəlif endirim və hədiyyə kampaniyaları zamanı böyük sıxlıq və xaos yaşanıb.

Lakin videonu çəkən və kampaniyada iştirak edən vətəndaşlar sosial şəbəkələrdə iddia edirlər ki, reklam edilən şərtlər reallığı əks etdirmir və bu, sadəcə aldadıcı addımdır.

Vətəndaşların sözlərinə görə, səhər saat 09:00-da mağazalara üz tutan alıcılara endirimli və ya hədiyyəli məhsulların artıq bitdiyi bildirilib. İnsanlar kampaniyanın qısa müddət ərzində bitdiyini və ya əslində heç bir real güzəştin tətbiq olunmadığını qeyd edərək narazılıqlarını ifadə ediblər.

Görüntülərdə marketin daxilində və girişində yaranan böyük basabas, eləcə də vətəndaşların narazı səsləri açıq şəkildə əks olunub.(Nocomment.az)

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

VİDEO LİNKDƏ: https://nocomment.az/sosial/tamstore-da-novbe-ve-sikayet-skandali-vetendaslar-kampaniyanin-yalan-oldugunu-iddia-edirler-video-531299

Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI


Azərbaycan təhsil sistemində həyata keçirilən kadr siyasəti və aparılan təyinatlar hər zaman ictimaiyyətin, eləcə də medianın diqqət mərkəzində olub. Son dövrlər isə elm və təhsil naziri Emin Əmrullayevin yaxın ətrafını – dostlarını, qohumlarını, əsgər və sinif yoldaşlarını nazirliyin ən strateji, eləcə də maliyyə dövriyyəsi yüksək olan postlarına təyin etməsi ilə bağlı ciddi iddialar səsləndirilir.

Jurnalist Samir Feyruzovun araşdırmasına görə, sosial şəbəkələrdə və mediada müzakirə olunan bir foto məsələnin kölgə qalan tərəflərini üzə çıxarıb. Belə ki, 2017-ci il dekabrın 18-də çəkilmiş həmin fotoda Emin Əmrullayev və dostlarının məclisi əks olunub. Təbii ki, hər kəsin dostları ilə yığışıb məclis təşkil etməsində və ya dostluq əlaqələrində qeyri-adi heç nə yoxdur – həmin vaxt E.Əmrullayev hələ nazir deyildi, şöbə müdiri vəzifəsində çalışırdı. (Fotodakı şəxslərin içərisində dünyasını dəyişənlər də var, Allah rəhmət eləsin).
Lakin cəmiyyəti və mətbuatı narahat edən əsas məqam odur ki, E.Əmrullayev nazir postuna gəldikdən sonra həmin fotoda yer alan dostlarının və yaxın ətrafının hamısına yüksək vəzifələr verib. Bəs görəsən, nazirliyin maliyyə axınlarını və əsas mexanizmlərini idarə edən bu şəxslər kimlərdir? Nazir öz səlahiyyətlərindən istifadə edərək kimləri milyonçuya çevirib və təhsil sistemini hansı maraqların mərkəzinə gətirib?

E.Əmrullayevin nazirlikdə yerləşdirdiyi həmin şəxslərin siyahısını təqdim edirik:

* Nicat Zalanov – Nazirin əsgər yoldaşı, Nazirliyin Ərazi Tikinti Təchizat İdarəsində şöbə müdiri.

* Valeh Mirzalıyev (fotoda selfini çəkən şəxs) – Nazirin yaxın dostu, Nazirliyin Ərazi Tikinti Təchizat İdarəsinin rəisi.

* Tural Ayvazlı – Nazirin dostu, nazirliyin maliyyə məsələləri üzrə müşaviri.

* Zamiq Məmmədov – Nazirin sinif yoldaşı, "İSTEAM" MMC-nin nominal direktoru. Şirkətin faktiki rəhbəri olaraq isə E.Əmrullayevin qaynı Nihad Həifəyevin adı çəkilir.

* Elnur Əliyev – Nazirin dostu, eyni zamanda müşaviri və Təhsil İnstitutunun direktoru.

* Anar Qarayev – Bankir, Nazirliyin idarə rəisi Valeh Mirzalıyevin kürəkəni. İddialara görə, onun əsas funksiyası bu qruplaşma üçün tez bazar və uyğun şərtlərlə bankdan çoxmilyonluq kredit xətlərinin açılmasını təmin etməkdir.

Məsələ bununla da bitmir.

Araşdırmalar göstərir ki, şəbəkə bununla məhdudlaşmır; adıçəkilən şəxslərin yaxınları, qohumları və ailə üzvləri də təhsil sisteminin müxtəlif struktur bölmələrində isti yerlərə təyin olunublar. Buna əyani misal olaraq, maliyyə məsələləri üzrə müşavir Tural Ayvazlının bacısı Xəyalə Əhmədzadənin Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini postuna gətirilməsini göstərmək olar.

Təhsil kimi həssas bir sahədə bu cür qohumbazlıq və dost-tanış prinsiplərinə əsaslanan kadr təyinatları ictimaiyyətdə haqlı olaraq sərt etirazlara və suallara yol açır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sara,
NOCOMMENT.az

YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC


Şikayətçi Aynurə Abdullayeva YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədovun oğlu, Pirallahı Rayon YAP Təşkilatının sədr müavini Məcid Əhmədovun onun 65 min manatını mənimsədiyini iddia edib.
Abdullayeva bu barədə Facebook paylaşımında Məcid Əhmədovla tibbi və texniki avadanlıqların Türkiyədən gətirilməsi və satışı ilə bağlı iş birliyi qurduğunu bildirib.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində külli miqdarda vəsait yatırıb və hazırda hesablamalarına əsasən, təxminən 65 min manat məbləğində vəsaitlə bağlı açıq qalan məsələ var.
Abdullayeva iddia edib ki, əməkdaşlığın başlanğıcında Məcid Əhmədov atasının, eləcə də Türkiyədə beyin cərrahı kimi fəaliyyət göstərən qardaşı Ramizin adından və nüfuzundan istifadə edərək layihənin etibarlı olduğuna onu inandırıb.
“Qardaşının Türkiyədə olması, tibbi sahədə çalışması və avadanlıqların həmin istiqamətdən gətirilməsi barədə verilən məlumatlar da əməkdaşlığa qərar verməyimdə əsas amillərdən olub”, – deyə o qeyd edib.
Abdullayevanın sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə əlaqə saxlamağa, izahat almağa və hesablaşma aparmağa çalışıb.
Ona əvvəlcə “narahat olmayın, ödəniləcək” deyilib, daha sonra isə münasibət dəyişib.
Şikayətçi Aynurə Abdullayeva bildirib ki, Məcid Əhmədovun anası ilə telefon danışığı zamanı ona məsələnin həll olunacağı bildirilib və bu gün onunla yenidən əlaqə saxlanılacağı deyilib.
Lakin Abdullayevanın sözlərinə görə, bu gün ona “gedin, nə istəyirsiniz edin” cavabı verilib.
Aynurə Abdullayeva bildirib ki, paylaşımı kimisə əsassız şəkildə ittiham etmək məqsədi daşımır:
“Əsas məqsədim vəsaitin taleyinə aydınlıq gətirilməsi və mənə məxsus pulun qaytarılmasıdır.
Məcid Əhmədovdan açıq şəkildə tələb edirəm: mənimlə əlaqə saxlasın, bütün maliyyə məsələlərinə aydınlıq gətirsin və öhdəliyini yerinə yetirsin”.
Abdullayeva həmçinin bildirib ki, məsələ həll olunmadığı təqdirdə əlində olan ödəniş sənədləri, yazışmalar və digər sübutlarla aidiyyəti qurumlara müraciət edəcək.(Tribuna.az)



Xəbər lenti

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir
17:33
Peşə təhsilinin görünməyən üzü: Pul xərclənir, bəs nəticə haradadır?
17:14
Elnur Əliyevin layihə imperiyası: Dövlət vəsaiti hara getdi, nəticə nə oldu?
16:32
Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar
15:53
22 minlik rüşvət QALMAQALI - İcra hakimiyyətinin rəsmiləri aldıqları pulu sənədlə təsdiqləyiblər
15:37
BU NƏDİ BELƏ: Məşğulluq Agentliyi vətəndaşlara xaricdə "xəstə baxıcısı" işi təklif etdi - ŞOK!!!
14:55
İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib
14:18
Sertifikatı olmasa da, özünü plastik cərrah kimi reklam edir: Elnur Mehrəli qanunu saymır? - DƏLİXANADIR, VALLAH...
14:00
Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq
13:29
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant imperiyası ifşa olunur! -Dövlətin milyonları necə yoxa çıxır?
13:03
İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib
12:09
İran tənqidçilərinə qarşı əcnəbi cinayətkarlardan istifadə edir - Aralarında azərbaycanlılar da var
11:53
Tağı İbrahimova məxsus olduğu bildirilən "Bakı" ASC-nin dövlətə olan borcu artdı - Özü həbsdə olsa da...
11:11
Daha bir araşdırma: 11,5 milyon manatlıq tender: Nazirin qaynı, müşaviri və dostları - Elm və Təhsil Nazirliyində nə baş verir?
10:38
Gecə saatlarında Bakıda biabırçı mənzərə: - şəhəri necə xilas edək?
09:55
“Uca İnşaat” şirkəti şefinin BAŞI DƏRDDƏ - İDDİA
09:14
Goranboyda yol qəzası - Yaralılar var
17:35
"Tenderlər kralının" Azərbaycandan çıxışına QADAĞA - TƏFƏRRÜAT
17:05