“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər


Bakıda məişət tullantılarının idarə olunmasını həyata keçirən dövlət qurumu -“Təmiz Şəhər” ASC-nin 2025-ci il üzrə maliyyə hesabatı şirkətin maliyyə vəziyyəti ilə bağlı diqqətçəkən rəqəmlər ortaya qoyub.

Ötən il ASC-nin gəlirləri 4,8 milyon manat azalaraq 36 milyon 787 min manata düşüb. Bu, 2024-cü illə müqayisədə 11,5 faiz azalma deməkdir.

Lakin gəlirlər azalarkən hansı səbəbdən şirkətin xərcləri əksinə artıb?

Belə ki, 2025-ci ildə “Təmiz Şəhər”in ümumi xərcləri 41 milyon 630 min manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 5 milyon 772 min manat və ya 16,1 faiz çoxdur. Nəticədə ASC ili 5 milyon 666 min manat xalis zərərlə başa vurub. 2024-cü ildə isə şirkətin zərəri 1 milyon 667 min manat olub. Başqa sözlə, bir il ərzində zərər təxminən 4 milyon manat və ya 3,4 dəfə artıb.

Gəlir azalır, xərc artır?

Şirkətin maliyyə göstəricilərində diqqət çəkən əsas məqamlardan biri gəlirlə xərclərin əks istiqamətdə hərəkət etməsidir. Gəlirlər 11,5 faiz azaldığı halda xərclərin 16,1 faiz artması şirkətin xərclərinin idarə olunması məsələsini gündəmə gətirir.

Əlbəttə, xərclərin artması özlüyündə maliyyə pozuntusu demək deyil. Enerji tarifləri, əməkhaqqı, xidmətlərin qiyməti, inflyasiya, avadanlıqların istismarı və digər amillər dövlət şirkətinin xərclərinə təsir göstərə bilər. Lakin gəlirlər azalarkən xərclərin əhəmiyyətli dərəcədə artması idarəetmə və maliyyə səmərəliliyinin düzgün idarə olunmamaması böyük suallar yaradır.

3,8 milyon manatlıq “digər əməliyyat xərcləri” nədir?

Hesabatda ən çox diqqət çəkən məqamlardan biri isə “digər əməliyyat xərcləri”nin kəskin artmasıdır. Belə ki, bu xərc 2024-cü ildə cəmi 68 min manat olduğu halda, 2025-ci ildə 3 milyon 820 min manata yüksəlib. Yəni artım təxminən 3 milyon 756 min manat, başqa sözlə, təqribən 60 dəfə olub.

Məhz bu rəqəm bir sıra suallar yaradır. 3,82 milyon manat konkret olaraq hansı işlərə və xidmətlərə xərclənib?
Bu vəsait hansı şirkətlərə və ya podratçılara ödənilib?
Həmin xidmətlərin satın alınması üçün tender və ya kotirovka keçirilibmi?
Müqavilələrin predmeti nə olub?
Eyni xidmətlər əvvəlki illərdə həyata keçirilibsə, həmin işlərə nə qədər vəsait ödənilib?

Əsas xərclər-əməkhaqqı və elektrik

2025-ci ildə “Təmiz Şəhər” ASC əməkhaqqına 12 milyon 675 min manat, elektrik enerjisinə isə 11 milyon 770 min manat xərcləyib. Əməkhaqqı xərcləri 166 min manat və ya 1,3 faiz artıb. Elektrik enerjisinə çəkilən xərc isə 835 min manat və ya 7,6 faiz yüksəlib. Burada da şirkətin işçi sayının, orta əməkhaqqının, enerji sərfiyyatının və fəaliyyət həcminin əvvəlki illərlə müqayisəsi maraqlıdlr. Çünki yalnız xərclərin ümumi məbləğini bilmək onların səmərəli olub-olmadığını müəyyənləşdirməyə imkan vermir.

249 milyon manatlıq yığılmış zərər

Şirkətin maliyyə vəziyyətində daha ciddi məqam isə yığılmış zərərlə bağlıdır. 2025-ci ilin sonunda “Təmiz Şəhər” ASC-nin yığılmış zərəri 249 milyon 185 min manata yüksəlib. 2024-cü ilin sonunda bu göstərici 243,5 milyon manat olub.

Beləliklə, yalnız bir il ərzində yığılmış zərər təxminən 5,7 milyon manat artıb. Digər tərəfdən, şirkətə müxtəlif formalarda kapital kimi ayrılmış vəsaitin ümumi məbləği 291 milyon manat göstərilir. Bu rəqəmlər müqayisə ediləndə ortaya ciddi sual çıxır - dövlət tərəfindən şirkətə ayrılmış böyük həcmdə kapitalın hansı hissəsi faktiki olaraq şirkətin fəaliyyətinin maliyyələşdirilməsinə, hansı hissəsi isə illər ərzində yaranan zərərlərin bağlanmasına yönəlib?

Nəticə olaraq hesabat idarəetmənin səmərəliliyi ilə bağlı ciddi araşdırma üçün kifayət qədər əsas yaradır.

Xüsusilə gəlirlərin azalmasına baxmayaraq xərclərin artması, “digər əməliyyat xərcləri”nin bir ildə 60 dəfəyə yaxın yüksəlməsi, yığılmış zərərin 249 milyon manata çatması, aktivlərin və kapitalın azalması diqqətdən kənarda qala bilməz. Burada ən vacib məsələ 3 milyon 820 min manatlıq “digər əməliyyat xərclərinin” mahiyyətinin açıqlanmasıdır.

Maraqlıdır, bu vəsait nəyə xərclənib? Bakının tullantılarını idarə edən dövlət şirkəti niyə hər il zərər edir və dövlətin ayırdığı yüz milyonlarla manat vəsait fonunda bu zərərin qarşısını almaq mümkün olmur?

Qeyd edək ki, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasovdur. ASC Azərbaycan İnvestisiya Holdinqi-nin tabeçiliyində fəaliyyət göstərir.(Bizimesr.media)




Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!


Sosial şəbəkələrdə qarşıma bir video çıxdı... Bir qazimizin, bu torpaq üçün canından keçən, bir gözünü səngərdə qoyub gələn bir Vətən oğlunun fəryadı idi.
Sözlərin hər cümləsi adamın boğazında düyünlənir, adamın içini göynədir. Amma bir məqam var ki, bax o, sadəcə göynətmir — insanı yandırır, qanını dondurur!
Gözünün birini itirmiş, o biri gözü isə cəmi 8 faiz görən, linza və əməliyyatlarla ayaqda durmağa çalışan bir qaziyə 2-ci qrup əlillik verilibmiş. Növbəti komissiyada nə baş verib?
Heç bir izahat verilmədən, rəy dəyişdirilib, haqqı əlindən alınıb. Qazi haqqını tələb etmək üçün komissiya sədri Aygün Məmmədbəylinin qapısına gedib. Və görün orada nə eşidib:
"Sizin əgər qeyrətiniz olsaydı, siz erməniyə güllə atmazdınız."Əgər iddia olunan kimi bu cür fikir səsləndirilibsə, o zaman aidiyyatı qurumlar Aygün Məmmədbəylinin ailə kökünü araşdırsa daha gözəl olar.Soykökündə ermənilərlə bağlılıqı var ya yox bilinməlidir.
Bu sözü deyən bir həkimdir! Bu ölkədə sülh içində yaşasın, rahat kresloda oturub qərar versin deyə sağlamlığını səngərdə qoyub gələn qaziyə deyilir bu sözlər!
İnsan adama nə deyəcəyini, vicdanı harada axtaracağını bilmir. Bu necə bir həddini aşmaqdır? Bu necə bir məmur özbaşınalığıdır?
Kreslo Qanunundan Hündür Deyil!
Aygün Məmmədbəyli kimdir?
O kabinetdə oturub özünü qanundan, dövlətdən, xalqdan üstün görən kimdir?
"Mənim oğlum cənab prezidentin yanında oturur, istəsəm səni bir dəqiqəyə məhv elətdirərəm", "Mən nə istəyirəm onu eləyə bilərəm" deyərək hansı gücə, hansı özbaşınalığa arxalanır? Əgər bir məmur dövlət rəhbərinin adını öz qanunsuzluğuna, öz kobudluğuna sipər edirsə, bu təkcə qaziyə deyil, dövlətin özünə atılan daşdır!
Qazi deyir: “Biz pulun acgözü deyilik. Biz onunla fəxr eləyirik ki, erməniyə güllə atmışıq!” Bax budur ləyaqət, budur mərdlik! 4 övlad atası olan, kəllə-beyin travması ilə 16 dəfə əməliyyat olunan bir adamı o dərəcəyə çatdırıblar ki, "Mən 3-cü qrupumdan da imtina eləyirəm, təki bu təhqiri götürməyim" deyir.
Bir Vətən oğluna "qeyrətsiz" damğası vurmaq üçün gərək insanın içindəki bütün vicdan, bütün insaf ölmüş ola. O kabinetdə oturan həkim də, komissiya sədri də unutmamalıdır ki, bu gün orada rahat nəfəs alırlarsa, o gözünü itirən, canını fəda edən oğulların sayəsindədir!
Ədalət Bərpa Olunmalıdır!
Qazi fəryad edir, deyir ki, o otaqda kamera var, səs yazan var. Çıxarın o səs yazılarını ortalığa! Görünsün kim kimdir! Biz buradan aidiyyəti qurumlara, Ali Baş Komandana, İnsan Hüquqları Müvəkkilliyinə və bütün vicdanlı insanlara səslənirik: Bu məsələ bir qazinin fərdi problemi deyil. Bu, bu millətin namus, ləyaqət məsələsidir.
Qazisini kabinetlərdə təhqir etdirən bir cəmiyyət gələcəyinə dik baxa bilməz!
Aygün Məmmədbəyli kimi məmurlar anlamaq məcburiyyətindədirlər ki, o kreslo onlara insanları əzmək üçün verilməyib. O zabitlərin, o qazilərin tökdüyü qanın hesabını heç kim heç kimə bağışlamayacaq.
Qeyd (Redaksiyadan): Yazıda adı çəkilən qarşı tərəfin (Aygün Məmmədbəyli və ya müvafiq komissiyanın) da mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Sima Babayeva

Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!


İyulun 8-də Adil Əliyevin Suraxanı rayonuna icra başçısı təyin edilməsinin iki ili tamam oldu. Anaxeber.info.az yazır ki, bu 2 il müddətində Suraxanı rayonunda köklü şəkildə heç nə dəyişməyib və problemlər olduğu kimi qalıb. Yerli sakinlərin, sosial şəbəkələrdə şikayətini yazanların, mətbuatın yaydığı videoların əsasında belə qənaətə gəlmək olar ki, Suraxanı Adil Əliyevin rəhbərliyi dövründən əvvəl necə idisə, elə bu gün də eyni vəziyyətdədir. Hətta ən kiçik problemlər belə həllini tapmayıb. Xüsusən də Yeni Günəşli, eləcə də Köhnə Günəşli, həmçinin, Qaraçuxur və Yeni Suraxanı ərazilərində sakinlər üçün hər hansı bir abadlıq işi görülməyib. Məsələn, Yeni Günəşlidə yaşayanlar deyirlər ki, yollar dağınıq, asfalt vurulmur, dəfələrlə şikayət olunsa da heç bir tədbir görülməyib. İcra başçısı Adil Əliyevə olan müraciətlər də nəticəsiz qalıb. Hər gün işə gedib-gələn icra başçısı Yeni Günəşlinin yollarından xəbərsizdirmi? Öz xidməti avtomobili bu yolların bərbad vəziyyətdə olduğunu nasaz olanda görmürmü? Necə ola bilər ki, 2 il ərzində bir dəfə bu yollara bir maşın asfalt tökülməyib. Konkret olaraq şir heykəli olan ərazidən axıra qədər yollar çala-çuxurdur. Həmçinin, digər küçələr də o vəziyyətdədir. Ən dəhşətlisi odur ki, işıqlanma yoxdur. Gecələr göz gözü görmür və istənilən an qəza riski, piyada vurulması təhlükəsi yaşanır. Necə olur ki, Bakının digər rayonlarında pis-yaxşı yollar düzəldilib, işıqlanma var, amma Adil Əliyevin rəhbəri olduğu rayon zülmətə qərq olub, küçələri bərbad gündədir?!
Bir icra başçısı kimi onun özünə təsir etmirmi? Yəni 2 il ərzində Yeni Günəşlini həqiqətən də günəşli bir yerə, cənnətə çevirmək olardı.
Amma təkcə yol və işıq məsələsi deyil, həm də yaşıllıqların məhvi, yerində binalar, obyektlər tikilməsi vətəndaşları narazı salır. Bu günlərdə SPACE telekanalında ağacların kəsilməsi barədə süjet verildi. Məlum oldu ki, Suraxanı rayonunda bir iş adamı ağac kəsib tikinti aparır. Bəs ictimai istifadədə olan ərazidə tikintiyə icazəni kim verir? - Suraxanı İH.

Belə çıxır ki, Adil Əliyevin başçılıq etdiyi rayonda istənilən qanunsuzluğa yol vermək olar. Ümumiyyətlə, paytaxtda ən geridə qalan, abadlığı, yolu, işığı olmayan yer bu ərazilərdir. Bütün bunların nəticəsidir ki, Adil Əliyevə BŞİH rəhbəri Eldar Əzizov töhmət verib. Bəli, Bakıda iki icra başçısı töhmət alıbsa, biri də Adil Əliyevdir. Yəni 2 il ərzində icra başçısı həm də bu neqativ rəylə yadda qaldı. Töhmət isə əsaslı idi.
A.Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikintilərin sayının çoxluğu olub.

Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan “seçildiyi” vurğulanıb.

Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı da icra başçısına irad tutulub.
Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib. Amma üstündən aylar keçib, heç nə dəyişməyib. Doğrudur, icra başçısı şəhid ailələrinə və qazilərə münasibətdə diqqətlidir, belə də olmalıdır, amma rayonun problemlərini başdı başına buraxıb...

Anaxeber.info.az

Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır


“Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi dövlət satınalmalarının vahid internet portalında keçirilmədən əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə “Prima Trading” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.718.673,84 manat dəyərində birbaşa müqavilə bağlayıb. Məlumay satınalmaların portalında 24.08.2026-cı ildə dərc edilib.

Qeyd edək ki, Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzinin 17 milyon manat civarında müqavilə bağladığı “Prima Trading” MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “PRIMA TRADING” (VÖEN 1506779251) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.05.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, SABİT RƏHMAN, ev.76, m.252, qanuni təmsilçisinin isə Rövşənzadə Ziya Mirzə oğlu olduğu göstərilir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi İbayeva Ülviyyə Ramiz qızı olub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi MMC 03.05.2024-cü il tarixdə dövlət qeydiyyatına alınıb. MMC dövlət qeydiyyatına alındığı tarixdən iki il keçməsinə baxmayaraq Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi analoji işlərdə heç bir təcrübəsi olmayan “Prima Trading” MMC ilə 17 milyon manat civarında birbaşa müqavilə bağlayıb.

Apardığımız daha ətraflı araşdırma zamanı məlum oldu ki, “Prima Trading” MMC-nin adı dövlət satınalmalarında ilk dəfə keçsədə qanuni təmsilçisi Rövşənzadə Ziya Mirzə oğlu ilə Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi ilə daha əvvəllər işbirliyində olub. Belə ki, Rövşənzadə Ziya Mirzə oğlu həm də “LOTUS CO” Qapalı Səhmdar Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “LOTUS CO” (VÖEN 2904468381) Məhdud Məsuliyyətli Cəmiyyətinin 01.08.2017 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MİR CƏLAL , ev.60, m.89, qanuni təmsilçisinin isə Rövşənzadə Ziya Mirzə oğlu olduğu göstərilir. MMC-ninilk hüquqi ünvanı SUMQAYIT ŞƏHƏRİ, 17 MKR, ev 65, mənzil 47, təsisçisi və ilk qanuni təmsilçisi Qasımova Sevda Babaxan qızı olub. Dadaşov İkram Hüseynağa oğlu, Allahverdiyev Rahib Tofiq oğlu, Cəfərov Seymur Məmməd oğlu müxtəlif vaxtlarda QSC-nin qanuni təmsilçiləri olub. 2022-ci ilin yanvarından QSC-nin qanuni təmsilçisi Rövşənzadə Ziya Mirzə oğludur.

Qeyd edək ki, “LOTUS CO” QSC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumlarla 2019-2023-cü illərdə ümumi dətəri milyonlarla ölçülən 70-ə yaxın satınalma müqaciləri bağlayıb.

Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli Dövlət Məşğulluq Agentliyi 15.05.2023-cü ildə İsmayıllı “DOST EVİ” Yaradıcılıq, Sərgi və Satış Mərkəzi üçün malların alınması və quraşdırılması işlərinin satın alınması üzrə 985.898,26 manat, Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi 06.12.2022-ci ildə protez-ortez məmulatları və ortopedik ayaqqabı istehsalında istifadə olunan digər köməkçi materiallar üzrə 200.486,54 manat, açıq məkan üçün velo-arabalar üzrə 178.180 manat, Dövlət Məşğulluq Agentliyi 09.08.2022-ci ildə maşın və avadanlıqların satın alınması üzrə 1.827.226,96 manat, Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi 03.08.2022-ci ildə serebral-iflic xəstələri üçün kreslo-arabalar üzrə 392.940 manat, Dövlət Sosial Müdafiə Fondu 14.06.2022-ci ildə təsərrüfat mallarının satınalınması üzrə 227.791,57 manat, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 18.05.2022-ci ildə “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC üçün texnoloji avadanlıqlar və proqram təminatının satın alınması üzrə 263.848,58 manat, “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC üçün mal, material və avadanlıqların satın alınması üzrə 290.314,75 manat dəyərində müqavilələri “LOTUS CO” QSC ilə bağlayıb.

Göründüyü kimi Ziya Rövşənzadənin qanuni təmsiçisi olduğu “LOTUS CO” QSC Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumlarla 2023-cü ilə qədər işbirliyində olub. Həmin vaxtdan QSC-nin adı heç ir satınalmadan keçməyib. Maraqlıdır ki, üç il sonra Ziya Rövşənzadənin qanuni təmsiçisi olduğu “PRIMA TRADING” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi ilə yenidən işbirliyinə başlayıb, nə az, nə də çox 17 milyon manat civarında birbaşa müqavilə bağlayıb.

Maraqlıdır, Ziya Rövşənzadənin qanuni təmsiçisi olduğu, barəsində olan bir çox şübhəli məlumatlarla diqqət çəkən bu şirkətlərə dövlət satınalmalarında belə şəraiti kimlər yaradır? Şirkət niyə ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli qurumların satınalmalarının qalibi olur? Bunu zənnimizcə elə sözügedən nazirlikdə axtarmaq lazımdı.

Qeyd edək ki, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevdir. O, Prezidentin 7 fevral 2025-ci il tarixli Sərəncamı ilə sözügedən vəzifəyə təyin olunub. Anar Əliyev 30 oktyabr 2018-ci ilədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri olub. Həmin vaxtdan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çoxdan yüksək vəzifə tutduğunu nəzərə alsaq Ziya Rövşənzadənin qanuni təmsiçisi olduğu şirkətlərə sözügedən nazirlikdə kimlərin şərait yaratdığını Anar Əliyev daha yaxşı bilmiş olar.

Aktualinfo.net

“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?


Ölkənin tanınmış elektronika mağazalar şəbəkələrindən olan “İrşad Electronics” ətrafında ciddi iddialar səslənib. Şirkətin keçmiş əməkdaşı Ruslan Hüseynov rəhbərlik tərəfindən ona qarşı təzyiqlər və hədə-qorxular olduğunu iddia edib.

Bnun sözlərinə görə, onu maliyyə departamentinin rəhbərinin otağına aparıblar: "Orada şirkət idarə heyətinin üzvləri hamısı birləşib məni sorğu-sual, hədə-qorxu əsasında, necə desək, nələrisə mənim boyunuma qoymağa çalışırdılar".

R.Hüseynov bildirib ki, 2025-ci ilin mart ayında Abdülkərimli Mehrap adlı müştəri ilə tanış olub və həm nəğd, həm də köçürmə üsulu ilə alışlar başlayıb: "Həmin şəxsin 240 min manat borcu var idi.

Abdülkərimli Mehrabla noyabr ayının 27-də görüşməli idik. Sadəcə, görüşə az qalmış əlaqə kəsildi, zəng çatmadı. Apardığım araşdırmaya görə öyrəndim ki, həmin şəxs ölkəni tərk edib".

O, bunu öz yuxarı rəhbərinə bildirdiyini qeyd edib. Şikayətçi iddia edir ki, şirkət rəhbərliyi onu daim hədələyib, borcun ödənilməsini tələb edib və əks təqdirdə onu həbs etdirəcəkləri ilə hədə-qorxu gəliblər. Buna görə də məcburi şəkildə evini onların adına keçirdiyini iddia edib.

Məsələ ilə bağlı “İrşad Electronics”ə sorğu ünvanlanıb. Şirkət bildirib ki, Ruslan Hüseynova hər hansı qanunsuz təzyiq göstərilməsi barədə iddiaları qəbul etmirlər. Şirkət tərəfindən R.Hüseynovun əmək fəaliyyəti ilə bağlı yaranan məsələlər üzrə daxili araşdırma aparılıb. Araşdırma zamanı şirkətə külli miqdarda maddi zərər vurulmasına dair əsaslı şübhələr yarandığından materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

“İrşad Electronics” ev məsələsini təkzib etsə də, Ruslan Hüseynov evin şirkətin satınalma və tikinti departamentinin rəhbəri Elnur Kərimovun adına keçirildiyini göstərən sənədləri təqdim edib. Faktla bağlı araşdırmalar davam etdirilir.(NOCOMMENT.az )

VİDEO LİNKDƏ: https://nocomment.az/cemiyyet/meni-otaga-aparib-hede-qorxu-geldiler-ve-irsad-electronics-de-ne-bas-verir-530864

AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyində olan "54№-li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinin də dövlət büdcəsinə külli miqdarda borcu yığılıb.

32gun.az yazır ki, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan idarənin vergi borcu hazırda 2.973.544,66 AZN təşkil edir.
MMC-nin qanuni təmsilçisi, rəisi Məzahir Yaqub oğlu Səlimovdur.

Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar


“Quba Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi müxtəlif maşın və avadanlıqların satın alınması ilə bağlı 51 133,83 AZN dəyərində açıq tender elan edib.

Keçirilən satınalmanın qalibi isə 1402018961 VÖEN nömrəli “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti seçilib. Lakin satınalma şərtlərində və tarixlərində diqqət çəkən bəzi sətiraltı və şübhəli məqamlar suallar doğurur.

Tenderin rəsmi dərc edilmə tarixi 24.08.2026 göstərildiyi halda, satınalmanın başlama tarixinin 20.08.2026 kimi qeyd olunması – yəni tenderin elan olunmazdan 4 gün əvvəl başladılması – prosesin şəffaflığına dair ciddi şübhələr yaradır. Bundan əlavə, adi avadanlıq alışı üçün bitmə tarixinin 18.03.2027-ci ilə qədər, yəni təxminən 7 aylıq uzun bir müddətə uzadılması da ayrılan dövlət vəsaitinin mənimsənilməsi və ya icranın süni şəkildə gecikdirilməsi ehtimallarını gündəmə gətirir. Qalib şirkətin seçilmə meyarları və bu cür tarix uyğunsuzluqları fonunda 51 min manatdan çox büdcə vəsaitinin hansı şərtlər daxilində xərclənəcəyi hüquq-mühafizə və nəzarət orqanlarının diqqətində olmalıdır.

Qarşı tərəfin cavab haqqını tanıyırq.
Faktum.az

Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT


“Expressbank” ASC 2025-ci ilin nəticələri üzrə səhmdarlarına 19 milyon 774 min manat dividend elan edib.

Plat.az-ın əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 6,2 dəfə çoxdur.

Məlumata görə, bank 2024-cü ildə 3 milyon 202 min manat dividend elan etmişdi. Beləliklə, 2024-2025-ci illər üzrə elan edilmiş dividendlərin ümumi məbləği 22 milyon 976 min manat təşkil edib.

Bundan başqa, 2024-cü ildə bank səhmdarlarına faktiki olaraq 8,664 milyon manat dividend ödəmişdi. Bu məbləğin 5,462 milyon manatı əvvəlki dövrlərdən 2024-cü ilin əvvəlinə qalmış dividend öhdəliyi, 3,202 milyon manatı isə həmin il elan edilmiş dividend olub.

Beləliklə, 2024-cü ilin əvvəlindən 2026-cı ildə son qalıq ödənilənədək səhmdarlara faktiki olaraq ümumilikdə 28 milyon 438 min manat dividend ödənilib. Bunun 5,462 milyon manatı əvvəlki dövrlərdən qalan borc, 22,976 milyon manatı isə 2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlərdir.

“Expressbank”ın ən böyük səhmdarı 48,78% payla “AZENCO Group” MMC-dir. Bankın 30,85%-i “Enerqoservis” MMC-yə, 19,99%-i Hafiz Seyidova, 0,38%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

Səhmdarların paylarına uyğun hesablandıqda, 2025-ci il üzrə 19,774 milyon manat dividendin təxminən 9 milyon 646 min manatı “AZENCO Group”un, 6 milyon 100 min manatı “Enerqoservis”in, 3 milyon 953 min manatı Hafiz Seyidovun, 75 min manatı isə AYNA-nın payına düşüb.

2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlər birlikdə götürüldükdə isə “AZENCO Group”un payına təxminən 11 milyon 208 min manat, “Enerqoservis”in payına 7 milyon 88 min manat, Hafiz Seyidovun payına 4 milyon 593 min manat, AYNA-nın payına isə 87 min manat düşür.

Qeyd edək ki, mediada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “AZENCO Group”un “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir. Qarşı tərəf isə bunu indiyə kimi təkzib etməyib.

Xatırladaq ki, “Expressbank” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 112,545 milyon manatdır.

Plat.az

Peşə mətkbələrində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi, görə bilmir?


Hər il olduğu kimi Peşə Təhsili üzrə Dövlət Agentliyinin sifarişi ilə Təhsil İnstitutu tərəfindən keçirilən müəllim və istehsalat təlimi ustaları üzrə imtahanlar artıq geridə qalıb. Bu il əvvəlki illərdən fərqli olaraq imtahanlar bir qədər fərqli vəziyyətdə keçirilib, yəni, əvvəlki Agentlik direktoru Ceyhun Kərəmov olmadığı üçün Təhsil İnstitunun direktoru Elnur Əliev bu il daha rahat istədiklərini edə bilib.

Kiçik bir haşiyə... İşə qəbul prosessində müsabiqə mərhələsi artıq başlayıb. Amma diqqət ediriksə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi sosial şəbəkə hesabında bu barədə bir cümlə də yoxdur. Agentliyin hesabındakı məlumatlara diqqət edin - hansısa layihə bitib, hansısa peşədə açıq qapı günü keçirilib və sairə... Bu layihələrə də böyük vəsaitlər ayrılır, yəni əsas məqsəd başqadır. Layihılər, tenderlər, qazanmalar və maddi maraqlar.

Burdan da görünür ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi üçün müəllimlərin işə qəbulu müsabiqəsi, imtahanlar formaldır və gözə kül üfürmək üçündür. Yəni, Elnir Əliyevlə İlqar Bayramlının oxuduğu Quran deyil...

Məlumata görə, bu il imtahanlarda iştirak etmək üçün portal.edu.az elektron müraciət portalı vasitəsilə 4885 nəfər qeydiyyatdan keçib. Onlardan müsabiqənin şərtlərinə (bu il staj və ixtisas uyğunluğu tamamilə fərqli formada həyata keçirilib) uyğun gələn 1731 nəfər test imtahanında iştirak etmək hüququ qazanıb. Onlardan 1364 nəfəri imtahanda iştirak edib.

Şərtlərə görə, 40 balı keçən namizədlər müsabiqə mərhələsinə buraxılıb. Lakin nə Peşə Təhsili üzrə Dövlət Agentliyi, nə də Təhsil İnstitutu 40 balı neçə namizədin keçdiyini açıqlamır və daha doğrusu, bu rəqəmi gizli saxlayır.

Məlumata görə, imtahanda iştirak edən 1364 nəfərdən cəmi 450 nəfəri 40 balı keçərək müsabiqəyə buraxılıb.

Artıq müsabiqə mərhələsi başlayıb və məlumata görə, prosses olduqca primitiv və qeyri-ciddi, nəzarətsiz və əhəmiyyətsiz bir formada keçirilir. Çünki bu mərhələ və ümumiyyətlə, imtahanın özü, sualların tamamilə sistemsiz və proqramdan kənar hazırlanması və əsasən də Təhsil İnstitutunun direktoru Elnur Əliyevin şəxsən nəzarəti altında müzakirəyə çıxarılmasına, sualların açıqlanmasına imkan verilmədən aparılması bu imtahanı əhəmiyyətsiz edir.

Bildiyimiz kimi, peşə məktəblərində keçirilən müəllim və usta imtahanlarının sualları nə açıqlanır, nə də müzakirəyə çıxarılır.

Beləliklə, bu imtahanlarda 40 balı keçən və müsabiqəyə buraxılan təxminən 450 nəfərə yaxın namizədin çox az faizi peşə məktəblərinə müəllim və usta kimi düşə biləcək.

Elə isə sual olunur, bəs bu qədər boş ştat yerləri necə doldurulacaq?

Cavab çox sadə və aydındır. Əvvəlki illərdə olduğu kimi, direktorlar Peşə Agentliyi rəhbərliyi ilə razılaşıb müqavilə ilə işçiləri işə qəbul edəcəklər.

Elə isə müqavilə ilə işə qəbul olan insanlar kimlər olacaq?

Bu isə yenə əvvəlki təcrübələrdən qaynaqlanaraq söyləmək olar ki, müqavilə ilə işə qəbul olunan şəxslər direktorlara yaxın olan, ağzı bütöv, peşə problemlərini gizlədə bilən, dinməz duran və ən əsası, ixtisası bilməyən şəxslər olmalıdır. Yəni bu adamları idarə etmək daha rahat və istədikləri zaman işdən çıxara da biləcəkləri adamlardır.

Burada bəzi məqamlar da var ki, onlar barədə dəqiq faktlarla məlumat verəcəyik.

Daha bir gülməli məqam isə imtahanda iştirak etmək üçün portal.edu.az-a müraciət edən adamlara staj və digər səbəblər əsas gətirilərək imtahanda iştiraka buraxmayıblar. Amma müqavilə ilə işə götürülən şəxslərdə bu şərtlər yoxdur.

Gülməli yanaşmadır.

Təsəvvür edin, hansısa peşəkar bərbər, aşpaz və texnoloq, mütəxəssis imtahanda iştirak etmək istədiyi zaman ona staj və ya digər texniki problemlər yaradılıb. Hansı ki, onlar peşəkardır, illərin təcrübəsinə malikdirlər. Amma sonradan bəlli olur ki, müqavilə ilə işə qəbul edilən şəxslərin ixtisas barədə nəinki təcrübələri var, bir il də bu sahədə fəaliyyət göstərməyiblər. Niyə təcrübəli və peşəkarlarda deyil, təcrübəsiz və stajsız şəxslərlə müqaavilə ilə işləmək istəyirlər? Cavab bəllidir, onlara belələri sərf edir...

Hazırda ölkənin bütün peşə məktəblərində sentyabrın 10-15-dən sonra müqavilə ilə sürətli işə qəbul başlayacaq.

Hər peşə mərkəzi və məktəbi azı 15–20 şəxsi müqavilə ilə 1 illik "işə qəbul" edəcək və faktiki olaraq bununla da imtahan və onun legitimliyi gorbagor olacaq.

Müqavilə ilə işə qəbul Peşə Agentliyini tamamilə nəzarətə götürən və direktorların dayağı sayılan şəxslərlə razılaşdırılacaq və ya artıq razılaşdırılıb.

Bu proses çərçivəsində müqavilə ilə işə qəbul olunan şəxslərin adlarını və sahə üzrə təcrübələrini, ixtisaslarını faktlarla, tək-tək təqdim edəcəyik.

İlkin məlumata görə, müqavilə ilə işə qəbul olmaq istəyən şəxslər artıq direktorlarla razılaşma mərhələsindədir və hər birinə sentyabrın 15-nə kimi gözləyin cavabı verilib.

Hətta ötən il müqavilə ilə işə qəbul olmuş şəxslərlə yenidən müqavilələrin bağlanması üçün danışıqlar aparılır və müəyyən sövdələşmələr həyata keçirilir deyə məlumatda qeyd olunur.

Məlumat üçün bildirək ki, müqavilə ilə işə qəbul prosesini direktorlar Peşə Agentliyinin direktor müavini Simnar Mamedov, Keyfiyyət Təminatı şöbəsinin müdiri Kənan Həsənli və əsasən İnsan resursları sektorunun müdiri Murad Məmmədovla razılaşdırırlar. Agentliyin direktoru İlqar Bayramlı isə hələ də nə baş verdiyini anlamır. Çünki onun fəaliyyəti Agentlikdəki məmurlar və direktorlar tərəfindən tamamilə bloklanıb.

Müəllif: Ədil Hüseynov
Bizimesr.media

7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO


7A avtobusunda sərnişin yağış altında qalıb: “1 saat yarımlıq yolu saçım və üstüm islanaraq gəldim”. Bakıda 7A marşrut avtobusundan istifadə edən sərnişin avtobusun vəziyyəti ilə bağlı narazılığını bildirib.

Bizimesr.media bildirir ki, vətəndaşın sözlərinə görə, hadisə Əhmədlidən Bakı Dəmiryol Vağzalı istiqamətində hərəkət edən 7A avtobusunda baş verib. O, avtobusda pəncərə kənarında əyləşib və yol boyu üzərinə su axıb.

Şikayətçi bildirib ki, təxminən 1 saat yarımlıq yol ərzində aldığı kitabın klyokunu başının üzərində tutmağa məcbur olub: “Saçım, üstüm islanaraq gəldim. Kondisionerin suyu idi, ya moykadan çıxmışdı, bilinmir”.

Vətəndaş hesab edir ki, suyun haradan axmasından asılı olmayaraq, avtobusun texniki vəziyyətinə nəzarət edən qurum məsuliyyət daşımalıdır.

Şikayətçi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edərək sərnişinlər üçün daha normal və təhlükəsiz nəqliyyat şəraitinin yaradılmasını istəyib.

“Onsuz da bərbad nəqliyyat sisteminizlə söyülürsünüz. Heç olmasa, yığdığınız pullara normal nəqliyyat vasitəsi təqdim edin”, – deyə vətəndaş bildirib.

Bizimesr.media


Xəbər lenti

"Tamstore"da növbə və şikayət SKANDALI: Vətəndaşlar kampaniyanın yalan olduğunu iddia edirlər — VİDEO
19:01
Nazirlikdə harda pullu sahə varsa, Emin Əmrullayev dostlarını ora təyin edib - SİYAHI
18:22
YAP rayon təşkilatı sədrinin oğlu ilə bağlı 65 min manatlıq İDDİA - İLGİNC
17:31
Quşencənin içməli su böhranı ETİRAF OLUNDU - Sakinlər hələ də çıxış yolu gözləyir
17:12
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
16:52
9 yaşlı qıza ögey anası zorakılıq edir?
16:26
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
15:57
Sağikən ev sıxıntısı, öləndə mənzil qiymətinə məzar: Sumqayıtda “Lüks Ölüm” reallığı!
15:29
Sələmçilərə pis xəbər - Ali Məhkəmə xəbərdarlıq etdi
14:55
Sumqayıtda bina fasadı dağıdıldı, təhlükə saçan özbaşınalıq – FHN və İH HARA BAXIR?
14:14
“Təmiz Şəhər” ASC niyə çökür? - 3,8 milyon manatlıq xərc və 249 milyon manatlıq zərər
13:30
Vətən üçün bir gözünü itirən Vətən oğluna "Qeyrətiniz olsaydı güllə atmazdınız" deyən məmur vicdanı!
13:01
Adil Əliyevin 2 ili: icra başçısına töhmət, bərbad yollar, zülmət küçələr... - FAKT BUDUR!
12:22
Əvvəl “LOTUS CO”, indi də “PRIMA TRADING” – ƏƏSMN-də Ziya Rövşənzadəyə bu şəraiti kimlər yaradır
11:26
“Məni otağa aparıb hədə-qorxu gəldilər və…” – “İrşad Electronics”də nə baş verir?
10:39
AAYDA-nın daha bir qurumunun külli miqdarda vergi borcu üzə çıxdı - DETALLAR
10:01
Quba Rayon Mərkəzi Xəstəxanasının 51 minlik tenderində şübhəli məqamlar
19:16
Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır? - TƏFƏRRÜAT
18:31